Yuxarı

"İran hakimiyyəti türkmən kəndlərini boşaldır”

Danyal Babayani:  "Yüzlərlə balıqçı türkmən hökumət məmurları tərəfindən həbs olunub, yaralanıb, hətta öldürülüb. 100-dən çox uşaq atasız qalıb”

"Türkmənlər mübarizələrində təkdirlər. Heç bir yerdən dəstəyimiz yoxdur”.

Danyal Babayani İrandakı hakim molla rejiminin zülmündən qurtulmaq üçün qardaş Türkiyəyə sığınmış gənc türkmən fəalıdır. 
İranın türkmənlərin kompakt yaşadıqları Türkmənsəhra bölgəsindəki Günbed-e Kavuus şəhərindəndir.  Atası Behnam Babayani şair olduğu üçün uşaqlığından poeziyaya  meyl edib. 15 yaşından şeirlər yazmağa başlayıb. Liseydə oxuyarkən türkmənlərin tarixi və mədəniyyətinə dair araşdırmalar aparıb, yazılar yazırmış. 2009-ci ildən etibarən yazılarını feyzbuk və digər sosial şəbəkələrdə paylaşmağa başlayır. Artıq 17 yaşlı gənc Danyal sosial şəbəkələrdə bir neçə türkmən səhifəsinin idarəçisi idi. Onun bu fəallığı ETTELLAT-ın diqqətindən kənarda qalmır. 18 yaşında ETTELLAT-ın  Gülüstan şöbəsi tərəfindən həbs olunur. Həbsi barədə ailəsinə və yaxınlarına məlumat verilmir, başqa sözlə desək, oğurlanır.  Araşdırmaları və yazdıqları İran hakimiyyəti əleyhinə təbliğat kimi qiymətləndirilir: "Araşdırmalarımın və yazdıqlarımın İrana qarşı təbliğat  olduğunu söylədilər. Məni ali dini lideri təhqir etməkdə suçlu bilib  23 aylıq həbs etdilər”. 

Həbsdən sonra İran kəşfiyyat idarəsi ona əməkdaşlıq təklif edib: "Bu iyrənc təklifi rədd etdim. Sonra BMT-nin Türkiyədəki nümayəndəliyinə müraciət edərək beynəlxalq qoruma istədim. İndi müvəqqəti olaraq Türkiyədə yaşayıram”. 

Danyal bəy fəaliyyətini Türkiyədə davam etdirir. TUHRA(Turkmen Human Rights Activists) adlı insan haqları təşkilatı qurub və bu quruma rəhbərlik edir. "Təəssüf ki, İran türkmənlərini müdafiə edəcək insan haqları qurumu yox idi” deyən gənc müsahibimiz soydaşlarının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. Məqsədi İran türkmənlərinin normal vətəndaş hüquqlarını əldə etməsidir:

"Əslində çox böyük  iddiamız, istəyimiz də yoxdur. İran türkmənləri çox təvazökardırlar. İrandakı türkmənlərin ilk istəyi hökumətin onları normal vətəndaş kimi qəbul etməsidir. İstəyirik ki, normal vətəndaş kimi məzhəb ayrı-seçkiliyinə məruz qalmayaq,  öz ana dilimizdə məktəb və universitetimiz olsun.  Pəhləvilər dövründə türkmənlərdən alınmış dədə-baba torpaqlarımızın geri qaytarılmasını istəyirik. Təəssüf ki, Pəhləvilərin antitürk, antitürkmən siyasəti İran İslam Respublikası zamanında da davam etdirilir. Türkmən fəallarının istəyi yaşadıqları bölgənin, ərazilərin idarəçiliyində iştirak etməkdir. Türkmənlər yaşayan bölgələrdə, şəhər və kəndlərdə türkmənləri tanımayan, onların adət-ənənələrinə, psixologiyasına bələd olmayan adamlar göndərilir. Belə idarəçilər türkmənlərin problemlərini anlayıb həll etməkdə çətinlik çəkirlər. 

- Pəhləvilərin türkmənlərə qarşı siyasətinin indi də davam etdiyini söyləyirsiniz. 

- Bəli. 1980-ci illərdə- İslam Cumhuriyyətinin qurulduğu ilk illərdə türkmənlər sıx yaşadıqları bölgələrdə özünüidarə hüququ istədilər. Zatən, Xomeyni də inqilab zamanı etnik azlıqların bütün hüquqlarının təmin olunacağını vəd etmişdi.  İran hakimiyyəti türkmənlərin bu istəyinə qarşı çıxdığı azmış kimi, 150 türkmən aktivisti edam edərək türkmənlərə göz dağı vermək istədi. Xeyli türkmən yeni İran hökumətinin cəzalarından yaxa qurtarmaq üçün mühacirətə getmək zorunda qaldı. İran dövləti hər zaman qeyri-farslara, özəlliklə türk əsillilərə, o cümlədən türkmənlərə qarşı basqı siyasəti yürüdür. Bir neçə həftə öncə altı  türkmən aktivisti ETTELAAT-a çağrılaraq onlardan fəaliyyətlərinin dayandırılması tələb olunub. Əks təqdirdə, həbs olunacaqları ilə hədələniblər.  

- İran türkmənlərinin yaşadıqları bölgələrdə iqtisadi durum necədir? Başqa bölgələrdən fərqlidirmi? 

- Türkmənlər Gülüstan ve Quzey Xorasan bölgəsində, yəni İranın quzey-doğusunda yaşayırlar ki, bildiyiniz kimi, bu region Türkmənsəhra olaraq tanınır.  Türkmənsəhra Türkmənistan Respublikası ilə həmsərhəddir.  Tarixi, mədəniyyəti, daşıdıqları dəyərlər eynidir.

Xəzər gölü ətrafında yaşayan türkmənlər əsasən balıqçıdırlar. Dolanışıqlarını dənizdən çıxarırlar. Torpaqlar əkinə yararlı deyil. Balıqçılıqdan başqa dolanışıq yerləri yoxdur. Lakin hökumətin məmurları onların yeganə çörək yerlərini kəsməkdə israrlıdır. Yüzlərlə balıqçı türkmən hökumət məmurları tərəfindən həbs olunub, yaralanıb, hətta öldürülüb. 100-dən çox uşaq atasız qalıb. Başqa dolanışıq yeri olmayan türkmənlər də həmin bölgələri tərk etmək zorunda qalırlar. Beləliklə, türkmən kəndləri tədricən boşalır. Hökumətin də məqsədi buna nail olmaq, qaz ehtiyatları ilə zəngin olan bölgəni türklərdən təmizləmək, ümumiyyətlə, bütün İranda türklərin assimilyasiya edilməsidir.  

- Yəni məqsədyönlü siyasət yürüdüldüyünü iddia edirsiniz. 

-Əlbəttə. Pəhləvilər zamanında əsası qoyulmuş farslarşdırma siyasəti bu gün də davam etdirilir. Pəhləvi dövründə türkmənlərin qovulduğu, əllərindən alındığı ərazilər sistanilərə satılır, bağışlanılır. Lakin bu torpaqların türkmənlərə satılması yasaqdır. Son illər türkmənlərə məxsus torpaqlarda sistanilərin yaşadıqları 500 kəndi rəsmiləşdirmək üçün kod adları verildi, lakin bir türkmən kəndinə belə, kod verilmədi. Türkmən kənd adları farslaşdırılır. Türkmənlərin yaşadıqları kəndlərin adları xəritələrdən çıxarılır. Mən sizə basqıların çox az bir qismini anladıram. 

- Hazırda İrandakı türkmənlərin mübarizəsinə rəhbərlik edən bir təşkilat, ya lider varmı? 

- Əslində İran türkmənləri, yaxud Türkmənsəhra əhalisi nə yazıq ki, Türkiyə və Azərbaycan cümhuriyyətindəki soydaşlarımız tərəfindən çox da tanınmır. Türkmənlər mübarizələrində təkdirlər. Heç bir yerdən dəstəyimiz yoxdur. İran hökumətinin basqı və təpkiləri üzündən orada təşkilat yaratmaq mümkünsüzdür. Türkmənlər mübarizələrini təkbaşına, heç bir yerdən dəstək almadan mübarizə aparır, İran hökumətindən milli və insani haqlarını  tələb  edirlər. Türkmənlərin 1980-ci il olaylarından sonra heç bir təşkilatı olmayıb. Yalnız keçən illərdə gənc türkmən fəalların əməyi  sayəsində insan haqları təşkilatları və xəbər agentliyi quruldu. Onlardan biri də yuxarıda qeyd etdiyim kimi, TUHRAdır. Məqsədi İranda türkmənlərə qarşı hər cür dini və etnik ayrı-seçkiliyi ortadan qaldırmaq,  hökumətin onların haqlarını tanımasına nail olmaqdır. Təşkilatımız Türkmənsəhra bölgəsində insan hüquqlarının vəziyyəti barədə hesabatlar hazırlayaraq BMT-yə təqdim edir. Həbs olunan, ya da ədalətsiz şəkildə ittiham olunan türkmən varsa, onun hüquqlarının müdafiəsi üçün imzatoplama kampaniyası aparırıq. Tuhra.org bizim xəbər saytımızdır.  Biz bu saytda  İran hökumətinin türkmənlərə qarşı ardıcıl həyata keçirdiyi  basqıları paylaşırıq. Bu sayt sayəsində xaricdəki  soydaşlarımız  Türkmənsəhra ilə bağlı son olaylar barədə bilgi ala bilirlər.

Azər Sarıoğlu 





Həftənin ən çox oxunanları