Yuxarı

"Elçibəy tapşırmışdı ki, ordu şəhərə girəcək...”

Məmməd Əlizadə: "Dövlət  Təhlükəsizliyi Komitəsinin təşəbbüsü ilə  Elmlər Akademiyasında "Gənc Alimlər Klubu” yaradıldı”

Keçmiş SSRİ ordusu tərəfindən Bakıda törədilmiş 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Qanlı qırğınından  28 il ötməsinə baxmayaraq, hələ müəyyən məqamlar qaranlıq qalır. O zaman hakimiyyətdə olmuş Moskvaya bağlı kommunistlər Azərbaycan Xalq Cəbhəsi  (AXC) liderlərini, hərəkatçılar isə partokratları ittiham edir. Bu günlərdə keçmiş prezident, hadisələr baş verən zaman Azərbaycan Nazirlər Sovetinin sədri işləmiş Ayaz Mütəllibov yenə də 20 Yanvar qırğınına görə hərəkat liderlərini suçlandırıb. Müsahibimiz  Milli Azadlıq Hərəkatının əsas simalarından biri Məmməd Əlizadədir.

-Məmməd bəy, qanlı yanvar  günlərində AXC Müdafiə Komitəsinin üzvləri harada olub?

-AXC Milli Müdafiə Şurası və Milli Müdafiə Komitəsi fərqli qurumlar idi. Milli Müdafiə Şurası 1990-cı il yanvar ayının 13-də yaradılıb. Bu quruma  Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı və başqaları daxil olub. Milli Müdafiə Komitəsi isə Milli Azadlıq Hərəkatında 1988-ci ildə- Meydan Hərəkatı dövündə yaranıb. O zaman İdarə Heyətinin qərarı ilə Milli Müdafiə Komitəsi Azərbaycan Xalq Cəbhəsinin tərkibə daxil oldu. Yanvarın19-dan 20-sinə keçən gecə biz meydanlarda olmuşuq. Çünki AXC lideri Əbülfəz Elçibəyin tapşırığı var idi. Meydana yığışan əhaliyə məlumatlandırıcı vərəqələr paylanırdı. Elçibəy  tapşırmışdı  ki, ordu şəhərə daxil olacaq, əhalini məlumatlandırın, geri çəkilsinlər. Yəni, demək olar ki, bütün AXC Müdafiə Komitəsinin üzvləri xalqla birlikdə barrikadalarda iştirak edirdi. Bizim sıramızda olan adamlar rus qoşunlarının Bakıya girməsini istəməyən, Azərbaycanı müstəqil görmək istəyən qüvvələr idi. 20 Yanvar hadisələrini  qəhrəmanlıq dastanı kimi dəyərləndirmək lazımdır. Çünki o zaman şəhid olan, yaralan insanlar Azərbaycanı müstəqil etmək üçün meydanlara çıxmışdılar.

-Hansısa yollarla rus qoşunlarının Bakıya girişinin qarşısını almaq olardımı?

-Yox, olmazdı. Mən, Məhəmməd Hatəmi və Xəlil Rza Ulutürk yanvarın 23-də Moskvada həbs olunaraq, Lefortovo həbsxanasında saxlanılmışıq. İstintaq materiallarında bir məsələnin şahidi oldum ki, bizə yanvar ayının 13-də, hələ hadisələr başlamamışdan Moskva prokurorunun sanksiyası ilə cinayət işi açılıb. Deməli, bütün bu proseslər öncədən hazırlanırdı. Digər tərəfdən Sərhəd Hərəkatı və digər proseslər təsadüfi deyildi. Bir tərəfdən heç bir qüvvəyə tabe olmayan insanlar bütöv Azərbaycan sevdası ilə yaşayırdı. Digər tərəfdən buna  hökumət mane olmurdu ki, qırğınlar törədiləndə itkin düşənlərə "sərhəddi keçib” deyə bilsinlər. Bunlar bizim heç vaxt dilə gətirmək istəmədiyimiz məqamlardır. Buna görə də sualınıza cavab olaraq deyə bilərəm ki, bu hadisələrdən qaçmaq qeyri-mümkün idi. Çünki bu qırğını əvvəlcədən hazırlamışdılar.

-İddia olunur ki, Azərbaycan Xalq Cəbhəsini Sovet rəhbərliyi, konkret Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) yaradıb. Bu iddialarla razısınız?

-Zaman-zaman mən də bu məsələlərə münasibət bildirmişəm. Milli Azadlıq Hərəkatı dövründə Xalq Cəbhəsi kimi bir qurumun yaranması vacib idi. Çünki artıq Pribaltikada və digər yerlərdə Xalq Cəbhəsi yaranırdı. Sadəcə olaraq o zaman Dövlət  Təhlükəsizliyi Komitəsinin və digər dövlət qurumlarının bilavasitə təşəbbüsü, iştirakı ilə Elmlər Akademiyasında "Gənc Alimlər Klubu” yaradıldı. Bu quruma da öz adamlarını daxil etdilər. Sonradan Xalq Cəbhəsi formalaşanda "Gənc Alimlər Klubu”ndan bir sıra ziyalılar prosesə daxil oldular. Xalq Cəbhəsinin müəyyən yerlərə sürüklənməsində də onların diktəsi oldu. Ancaq sonralar müstəqillik uğrunda konkret savaş başlayanda həmin şəxslər DTK-ya deyil,  xalqa xidmət edirdilər. Bu faktdır, bunu danmaq olmaz. "Gənc Alimlər Klubu” sonradan Azərbaycanın müstəqilliyi uğrundan düşünmədən, əyilmədən mübarizə apardı.

-Ayaz Mütəllibov deyir ki, xalqı 20 Yanvarda tankların qarşısına AXC çıxarıb...

-Bu hadisələrin tədqiqata ehtiyacı var. Belə bir sual ortaya çıxır ki, o dövrdə gücü olmayan bir təşkilat  barrikadaları yaranda yolları iri maşınlarla bağlayan kimlər idi? Kim bunu təşkil edirdi? Bunu təşkil edən qüvvələrə hökumət təkan verirdi. Birbaşa olaraq Ayaz Mütəllibovun, Mərkəzi Komitənin göstərişi ilə gəlib barrikalar yaradırdılar. Meydanda olan qüvvələri isə iki hissəyə bölmək olar. Birincisi heç bir yerdən göstəriş almayaraq tankın qarşısına çıxanlar, ikincisi isə müəyyən qüvvələrin göstərişi isə daha çox qan axmasına şərait yaradan qüvvələr. Bütün bunlar araşdırılmalıdır.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları