Yuxarı

Afrin Ərdoğanı hədəfə çıxarır

Afrin Ərdoğanı hədəfə çıxarır

Bir neçə gün əvvəl PKK/PYD/YPG terror təşkilatlarının Suriyanın Afrin bölgəsindəki mövqelərinə qarşı hərbi əməliyyatlara başlayan Türkiyə Silahlı Qüvvələri sürətlə bölgənin mərkəzinə doğru irəliləyir. Keçən qısa zaman ərzində kürd terror təşkilatlarına ağır zərbələr endirən Türkiyənin əməliyyatlar uğurla başa çatacağı halda, regionun mütləq gücünə çevriləcəyinə də şübhə yoxdur. O da yüksək ehtimaldır ki, uğurlu Afrin əməliyyatları bölgədə ciddi regional dəyişikliklərə gətirib çıxaracaq. Bu baxımdan, Türkiyənin Qərbdəki bir sıra mütəfiqləri və bölgə dövlətləri türk ordusunun bu əməliyyatlarından narahatdırlar. Hesab edilir ki, Türkiyəni əngəlləmək istəyən bu siyasi qüvvələr təxribatlara əl ata bilərlər.

Politoloq Vüqar Zifəroğlu "Cümhuriyət” qəzetinə müsahibəsində mövzu ilə əlaqədar sualları cavablandırıb.

- Bir neçə gündür Afrində hərbi əməliyyatları davam etdirən Türkiyəyə qarşı hansı addımlar atıla bilər?

- Artıq Qərb, yaxud ABŞ-dan Türkiyəyə Afrində keçirdiyi əməliyyatları dayandımaq barədə çağırışlar edilir. Amma inanmıram ki, bunlar konkret təzyiq vasitələrinə çevriləcək. Sadəcə olaraq, əməliyyatların keçirildiyi Afrin bölgəsində Türkiyə üçün müəyyən problemlər yarada bilərlər. Ən az türk ordusunun irəliləməsinin qarşısını almağa hesablanmış cəhdlər ediləcək. Türkiyə isə qısa müddət ərzində böyük uğurlara imza atıb, ordu sürətlə hədəfə doğru irəliləyir. Əlbəttə, Türkiyənin qarşısını almaq istəyən və bölgədə maraqları olan qüvvələr müəyyən cəhdlər edəcəklər.

- Türkiyə əməliyyatlarda uğur qazansa, bu, regionda hansı dəyişikliklərə gətirib çıxaracaq?
Hesab edirəm ki, Türkiyə məqsədinə nail olsa, bu, bölgədə ciddi dəyişikliklərə səbəb olacaq. Bu eyni zamanda regiondakı separatçı qruplaşmaların neytrallaşdırılmasına gətirib çıxara bilər. Əməliyyatların uğurla başa çatdırılması, Türkiyəni dövlət olaraq regionda mövqelərini gücləndirəcək, bunun da Türkiyənin öz daxilindəki terrorçu və separatçı qruplaşmaların zərərsizləşdirilməsi işində müsbət nəticələr verəcəyinə inanıram. Türkiyə 40 ilə yaxındır ki, terrorizmdən əziyyət çəkir. Şübhəsiz ki, Türkiyə Afrindəki əməliyyatlarla öz daxilində bölücülük etmək istəyən qruplaşmaları kifayət qədər zərərsizləşdirəcək. Digər yandan, Suriyanın şəkillənməsində Türkiyənin rolu artacaq. Yəni, bununla Türkiyə Suriyanın gələcək taleyinin müəyyən edilməsində söz sahibi ola bilər. Hesab edirəm ki, Rusiya və bir sıra ərəb dövlətlərinin Türkiyənin bu əməliyyatlarına loyal münasibət göstərmələri də Türkiyənin bu hüququnu qəbul etmələrindən irəli gəlir. Bu baxımdan, Afrin əməliyyatları çoxşaxəli və çoxqütblüdür. Nəticələri də olacaq.

- Vüqar bəy, Afrin əməliyyatları kürd planını arxa fona ata bilərmi?
- Kürd qruplaşmalarının Türkiyəyə qarşı müqavimət göstərmələri də kürdlərlə bağlı planın arxa fona keçəcəyi narahatlığından qaynaqlanır. Bu baxımdan, Afrinin ciddi əhəmiyyəti var. Bölgə son zamanlarda müstəqillik iddiasında olan kürd qruplaşmalarının hərəkat mərkəzinə çevrilmişdi. Afrinin Türkiyə ilə sərhəddə yerləşməsi də bu ölkə üçün əlavə təhdid meydanı yaradır. Türkiyənin əsas məqsədi terrorizmlə mübarizə və özünə qarşı olan təhdidləri aradan qaldırmaqdır. Türkiyə bu təhlükələrdən sığortalanmaq üçün separatçı və terrorçu qruplaşmaları zərərsizləşdirib təhlükəsizlik zolağı yaratmaq niyyətindədir. "Fərat Qalxanı” əməliyyatlarından sonra başladığı növbəti hərəkatla bu zolağı genişləndirməyə çalışır.

- Pentaqondan bildirildi ki, əgər peşmərgələr Afrinə doğru irəliləsələr YPG-yə verilən dəstək kəsiləcək. Sizcə, ABŞ-ın bu xəbərdarlığın arxasında hansı məqamlar var?
- ABŞ artıq proseslərin gedişatı ilə bağlı Türkiyə ilə danışıqlar aparmağa hazırdır. Hesab edirəm ki, Afrin əməliyyatlarına görə nə Amerika, nə də digər dövlətlər Türkiyə ilə münasibətlərini gərginləşdirməkdə maraqlı deyil. Hətta, son Astana görüşündə Tehran və Ankara arasında da Afrin əməliyyatları ilə bağlı razılaşma əldə edilmişdi. Bu baxımdan, ABŞ da açıq formada Türkiyə ilə üz-üzə gəlmək istəmir. Əslində görüntü xatirinə olsa da ABŞ-ın PYD və YPG-yə xəbərdarlıq edəcəyi, gözlənilən idi.

- Rusiya niyə etiraz etmədi? Halbuki, Rusiya da bir müddət YPG-yə dəstək vermişdi.
- Suriyanın öz ərazisində hərbi bazaları olsa da Türkiyə Afrində əməliyyatlara başlayan kimi bu bölgədəki qoşunlarını geri çəkdi. Astanada İranla yanaşı, Türkiyə və Rusiya arasında da Afrinlə bağlı razılaşma əldə edilmişdi. Bu baxımdan, Rusiyanın özü də Türkiyə vasitəsilə bir sıra terror qruplaşmalarının neytrallaşdırılmasında maraqlıdır. İranın da burada müəyyən maraqları var. Ən önəmli məsələ budur ki, Rusiya artıq Suriya proseslərində iştirak edən tərəfləri bir masa arxasında oturtmaq gücündədir. Moskva Astanada bir araya gələn "üçbucaq”ın daha da güclənməsində maraqlıdır. Rusiya bu prosesdə Qərbə qarşı özünə Türkiyə kimi müttəfiq qazandı. Buna görə də öz maraqları naminə də olsa, Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlara etiraz etmir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları