Yuxarı

Çovdarov keçmiş şefini hədəfə gətirdi

Çovdarov keçmiş şefini hədəfə gətirdi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs olunan üzlərinin məhkəməsi davam edir. Məhkəmə prosesləri zamanı həbs olunan MTN-çilərin verdiyi ifadlərdə bir çox diqqət çəkən məqamlar var. Belə ki, məhkəmə prosesi davam edən MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə son söz deyib. 

A.Çovdarov çıxışında məhkəmədən bəraət istəyib:

"Əgər məhkəmə mənə bəraət yox, cəza verəcəksə, onda təkcə mənə cəza verin, digər şəxsləri azad edin. Siz bir nəfəri tutmaq istəyirdiniz, onu da tuta bilmədiniz.Bizi gətirdiniz bura”.Çovdarovun bu şəkildə ifadə verməsi hələ də MTN işində bir sıra qaranlıq məqamların olduğuna işarədir.Təbii ki, MTN olayları zamanı da hər kəs ilk növbədə sabiq MTN şefi Eldar Mahmudovun istintaqa cəlb olunacağını gözləyirdi.Ancaq gözlənilənlər baş vermədi.Eldar Mahmudov hələ də azadlıqdadır.Onun rəhbərlik etdiyi qurumun bir çox üzvləri isə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

Ehtimal edilir ki, Akif Çovdarovun "son sözü” də birbaşa Eldar Mahmudova hesablanıb.Təbii ki, Eldar Mahmudovun bu günə qədər niyə cinayət məsuliyyətinə cəlb olunmaması sual yaradan amillərdən biridir.Hələ MTN olayları başlayan zamanda da diqqətlər məhz Eldar Mahmudova yönəlmişdi.Səslənən bütün ittihamlarda da məhz sabiq MTN şefinin adı hallanırdı. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında baş verən hadisələrdə də Eldar Mahmudovun müəyyən qədər "əli” olduğu haqda məlumatlar səslənirdi. ABB-nin həbs olunan rəhbəri Cahangir Hacıyevin məhz qudası Eldar Mahmudovun "köməyi” ilə 10 milyard dollar civarında vəsaiti ölkədən qanunsuz çıxardığı iddia olunurdu. Təbii ki, bu iddialar öz rəsmi təsdiqini tapmadı.

Sabiq MTN şefinin istintaqa cəlb olunmamasında da səbəb kimi məhz bu amillər göstərilir.Digər tərəfdən, hal-hazırda həbs olunan Akif Çovdarovun istintaq müddətində Eldar Mahmudovun adını çəkəcəyi və gördüyü qanunsuz işlər haqqında məlumat verəcəyi gözlənilirdi.Hətta hesab olunurdu ki, Akif Çovdarov Eldar Mahmudovu "ələ” verərsə, bu onun azadlığa çıxması üçün böyük şans yarada bilərdi.Ancaq artıq məhkəmə Akif Çovdarov haqqında hökm verməyə hazırlaşsa da, hələ ki, ifadələrində Eldar Mahmudovun adını çəkmir.
Akif Çovdarovun "son sözü”ndə Eldar Mahmudovu işarə verməsinin səbəbini isə yəqin ki, özü və sabiq MTN şefi bilir.Bütün hallarda prosesin necə yekunlaşacağı hələ də məlum deyil.Bunun üçün məhkəmənin son qərarını gözləmək lazımdır.Ancaq ehtimal olunur ki, Akif Çovdarovun Eldar Mahmudovu işarə verməsi və bəraət istəməsi növbəti məhkəmə prosesinə "marağı” artırır.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları