Yuxarı

Avropadan təcavüzkara güzəşt

Avropadan təcavüzkara güzəşt

Azərbaycan beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fəalliyyətindən narazıdır. Bu günə qədər Birləşmiş Millətlər Təşkilatının (BMT) məlum Azərbaycan rayonlarının işğalı ilə bağlı qəbul etdiyi 4 qətnamə icra olunmur. Digər tərəfdən, Avropa Şurasına üzv qəbul edilərkən Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair götürdüyü öhdəliyi yerinə yetirmir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi səfir Zoltan Hernyesilə görüşü zamanı da bu barədə danışıb. 

Həmçinin, görüşdə Nazir "Çıraqov və digərləri Ermənistana qarşı” işinə diqqət çəkərək Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının müvafiq hökmünün təmin edilməməsinə toxunub. 

Avropa Şurası üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək üçün işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq edə bilərmi?

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, politoloq Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında bunun inandırıcı olmadığını deyib: "Təəssüflər olsun ki, Avropa Şurası, digər beynəlxalq qurumların Azərbaycana qarşı ikili standartlardan yanaşdığının şahidi oluruq. Azərbaycana qarşı baxışlar fərqlidir. Adıçəkilən qurumlar özlərini Ermənistana daha yaxın hesab edirlər. Bu baxımdan Ermənistan bir çox hallarda beynəlxalq ictimaiyyətin təzyiqlərindən kənarda qala bilir. Ermənistanda parlament güllə-baran edilir, namizədlər döyülür, oğurlanır, terror dövlət siyasətinə çevrilib, amma Avropa Şurası bununla bağlı hər hansı sərt reaksiya vermir. Çox istərdik ki, Avropa institutları ikili standarlardan əl çəksin, yanaşmalar düzgün olsun.

Məhz bunun nəticəsidir ki, bu gün Avropanın özünü separatizm dalğası bürüyüb. Zamanında qarşısı alınsaydı, indi nə Kataloniya, nə də Şimali İraq məsələsi ortaya çıxardı. Ermənistanın sanksiyalardan kənarda qalmasını Rusiya faktoru ilə əlaqələndirmək olmaz. Çünki Rusiyanın özü bu gün Avropa ailəsi ilə çox ciddi problemlər yaşayır. Bu sadəcə olaraq Avropa dövlətlərinin özünün yanaşma problemidir. Məsələn, Fransa Ermənistanın ən güclü dayaqlarından biridir. Hətta keçmiş prezidenti Nikola Sarkozi Ermənistanı Fransanın kiçik bacısı adlandırıb. Burada dini təəssübkeşliyi də nəzərdən qaçırmamalıyıq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi-şərhçi Məhəmməd Əsədullazadə də həmçinin Avropa Şurasının Ermənistana sanksiya tətbiq etdəcəyini gözləmədiyini deyib: "20 ildir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu müddət ərzində BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində Ermənistana qarşı qətnamələr qəbul edilib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ən ali hüquqi sənəd olduğundan dərhal işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxmasını tələb edir. Təəssüf ki, BMT qətnamələri bu ölkə tərəfindən həyata keçirilmir, həmçinin BMT qətnamələrini icra etmədiyinə görə Ermənistana qarşı heç bir təzyiq göstərmir. Bu, əlbəttə ki,təəssüf doğuran bir haldır. BMT ədaləti təmin etməyə çalışmır.

Azərbaycan Avropa Şurasına qəbul ediləndə, qurumun Qarabağda sülhün əldə olunmasına töhfə verəcəyi qeyd edilirdi. Düzdür, bu müddət ərzində Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etsə də, işğalçıya qarşı hüquqi prosedur qaydaları tətbiq edilmir. Avropa Şurası Ermənistanı cəzalandırmır. Hesab edirəm ki, Avropa Şurası bundan sonra da Ermənistana heç bir təzyiq göstərməyəcək. Göründüyü kimi, Ermənistan Avropa Şurasının və Avropa İnsan Haqları Məhkəməsinin qərar və qətnamələrini yerinə yetirməməsinə rəğmən sanksiyalar tətbiq etməməsi ikili standartlardan cavab verir. Həmçinin Fransada güclü erməni lobbisi bu ölkəyə qarşı hər hansı sanksiyaları önləyir. 

Hesab edirəm ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bu ölkənin bir milyona yaxın vətəndaşının hüquqlarını kobud surətdə pozub. Avropa Şurasının buna münasibət bildirlməməsi də ədalətsiz bir yanaşmadır. Bu gün Ermənistan Rusiyadan asılı olsa da, Avropa Şurasının üzvüdür. Avropa Şurasının Ermənistana qarşı kəskin mövqe tutması vacib idi. Çünki, Rusiyanın forpostu olaraq Moskva ilə birgə Qərbə qarşıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları