Yuxarı

Yağı 18 manata satdıran kimlərdir?

Yağı 18 manata satdıran kimlərdir?

Millət vəkili Çingiz Qənizadə  parlamentin ilk sessiyasında kərə yağının bahalaşması məsələsinə toxunandan bəri bu məsələ gündəmdən düşmür. 

Sirr deyil ki, bu gün ölkədə bütün sahələrdə bahalaşma müşahidə edilir.  Bahalaşmanın başlıca səbəbi inflyasiyadır. İnflyasiya isə gizlədilir. Hər halda bunu ekspertlər deyir. 
Devalvasiyalardan sonra yağın qiymətində az da olsa artım olmuşdu. Zaman-zaman bu artım mərhələli şəkildə sürətlə davam etməyə başladı və indi yağın qiyməti pik həddədir. 
Qeyd edək ki, "Westgold” və "Ancor” kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, "President” yağı 18.50, "Pınar” kərə yağı isə 24.35 AZN, "Doyaruşka” kərə yağı isə 23 AZN-ə satılır. Kərə yağları ilə yanaşı duru yağların da qiymətində 5-10 faizlik artım müşahidə olunur.

Məlum olduğu kimi, artıq Dövlət Gömrük Komitəsi də artımla bağlı ittihamlara cavab verib. Komitə məsuliyyəti üzərindən atıb. Bildirib ki, kərə yağının qiymətində artımın baş verdiyi dövrdə bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb.

Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə, DGK-dən deyiblər ki, ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur: "Belə ki, 2016-cı ildə Azərbaycana 22 ölkədən 51 şirkət 28 377 938.84 ABŞ dolları dəyərində 8 357 095.43 kq, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35 998 149.22 ABŞ dolları dəyərində 8 391 526.17 kq yağ idxal edib ki, bu da iddiaların əksini sübut edir. Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağın bahalaşması ilə əlaqədardır. O cümlədən, 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiyadan 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib.

Daxili bazarda formalaşan qiymətlərlə bağlı məsələyə gəlincə,  Dövlət Gömrük Komitəsi bunun səlahiyyətlərinə aid olmadığını qeyd edib. 

Ümumdünya Ərzaq Təşkilatının (FAO) verdiyi son məlumata görə, 2017-ci ilin sentyabr ayında  dünya bazarında süd məhsullarının, o cümlədən kərə yağının qiymətində ötən illin müvafiq dövrü ilə müqayisədə 27, 4 faiz artım müşahidə olunur. Sentyabr ayında baş vermiş bahalaşma avqust ayına nisbətən 224,2 bənd  təşkil edib ki, bu da 2,1 fazi artım deməkdir. Süd məhsularının, kərə yağının qiyməti 2014-cü ilin fevral ayı ilə müqayisədə 18,6 faiz azalıb. Sentyabr ayında baş vermiş bahalaşma isə Avstraliyanın, Yeni Zelandiya və Avropa Birliyinin tədarükü məhdud səviyyədə saxlaması, həmçinin ABŞ-da təklifin cüzi artması ilə izah olunur. 

Bir günə qalxan qiymətlər...

Maraqlıdır ki, İqtisadiyyat Nazirliyi də kərə yağının qiymətlərinin dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilmədiyini deyərək, əslində məsələyə hər hansı şəkildə müdaxilə edə bilmədiklərini ifadə edib. 

Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanov Cebhe.info-ya bildirib ki, bazar iqtisadiyyatında  dövlətin inzibati yolla qiymət siyasətinə qarışmağa ixtiyarı yoxdur:

"İqtisadi yolla isə buna müdaxilə edə bilərlər. Amma etmirlər. Söhbət təkcə yağdan getmir. Bütün məhsulların qiyməti qalxıb.  Söhbət ondan gedir ki, Azərbaycanda monopolist qüvvələr var. Bu gün bir sahibkar 4-5 adamın adına məhsul gətirir və bu, monopolist sayılmır. Həmin kərə yağın qiyməti 5 manatdan tutmuş 25 manata qədər gəlir. Bu qiymət fərqi nə olan şeydir? Hamısında yağlılıq faizi 75, 80, 82-dir. İlk növbədə bu yağlar yoxlanılmalıdır. Doğurdanmı bu, kərə yağdır? Yəni, bunun tərkibində su və ya başqa maddələr yoxdur. Bu gün İqtisadiyyat Nazirliyi məsələni boynundan atır. Amma söhbət ondan gedir ki, ticarət qanunu olmadığına görə hökumət iqtisadi yolla bunları tənzimləyə bilmir. Necə ki, bir müddət əvvəl ajotaj yarandı ki, çörəyin qiyməti qalxıb. Nə oldu, nə etdilər?  İndi çörəyin qiyməti 50 qəpiyədir. Qiymətin qalxmasında ayrı-ayrı qurumların  rolu var. Bir neçə ay əvvəl benzinin qiyməti qalxdı. Rusiya yanvarın 1-dən benzinin qiymətini qaldırmaq üçün  indidən xəbər verir. Hətta açıqlama da verir ki, hansı səbəbə və neçə faiz qalxacaq. Azərbaycanda isə axşam yatırsan, səhər durursan ki, qiymət qalxıb. Bu bir günün işi deyil axı... İqtisadiyyat Nazirliyində xüsusi olaraq bununla bağlı şura var. Həmin şuraya ən azı 10-15 gün, bir ay əvvəl kimlər tərəfindənsə müraciət edilir.  Yenə də dövlət bu məsələdə öz siyasətini yürüdür”.

Ekspertin sözlərinə görə, qiymətlərin bahalaşmasının səbəbləri çoxdur. Amma onunla mübarizə inzibati deyil, yalnız iqtisadi yolla aparılmalıdır:

"Azərbaycan hökuməti ilin sonunda inflyasiyaya daxil olan məhsulları 300 adda verir. O məhsullar ki, onlaırn qiyməti heç 10 ildə bir dəfə qalxmayıb. Gündəlik, aylıq qiyməti qalxan məhsulları faizə böləndə inflyasiya 2-3 faizə yüksəlir. Söhbət gündəlik tələbat mallarından gedir. Hər gün insan çörək, duz, çay, şəkər tozu, yağ, qənd alır. Onlar bu məhsullara baxsalar, ilin əvvəlindəki qiymətlə ilin sonundakı qiymətin müqayisəsi ilə  faizi hesablamaq olar. Məgər hər gün palto alırıq? Hər gün kostyum, bəlkə paltaryuyan maşın alırıq? Gündəlik tələbat mallarını  götürəndə faiz çox böyük rəqəm alınır. Amma hökumətin hesabladığı qiymətlərlə götürəndə çox cüzi faizlər ortaya çıxır. Məsələn, təqaüdləri 5-7 faiz qaldıranda, bu 2-3 manat qalxma deməkdir. Dollar bahalaşmazdan əvvəl 200 manat pensiya 250 dollar idi. İndi də həmin pensiyaçı 200 manat alır. Amma onun pensiyası 125 dollar edir. Birdən birə 100 faiz aşağı düşdü. Amma bugünkü malların qiyməti əvvəlki məhsulların qiyməti ilə uyğun deyil. Bu məhsulların qiyməti dollara nisbətən qalxır. Əslində qalxmalıdır. Çünki sahibkarlar idxal olunan malları avro və dollarla alırlar. Təbii ki, məhsulu baha qiymətə alıb, ucuz satmayacaq. Azərbaycanın isə öz istehsalı hələlik ehtiyacı qədər deyil”. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları