Yuxarı

Gürcüstanda seçkilər: İki xalqı üz-üzə gətirən kimlərdir?

Gürcüstanda seçkilər: İki xalqı üz-üzə gətirən kimlərdir?

Gürcüstanda seçkiqabağı vəziyyət gərginləşib. Oktyabrın 19-da Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində bələdiyyə üzvlüyünə namizəd güllələnib. Yaralanan şəxs "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur. Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib. Qeyd edək ki, bu gün Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçiriləcək. Bu seçkilərdə həm bələdiyyə sədri və üzvləri, eyni zamanda, icra başçıları seçiləcək. Gürcüstanda seçkilər proporsional və majoritar qaydada seçilir. Hər bir partiya bələdiyyə üzvlüyünə proporsional qaydada 15 namizəd irəli sürür.

Ekspertlər deyir ki, əvvəlki seçkilərlə müqayisədə, hazırkı seçkilərdə aktivlik aşağıdır. Ümumilikdə, seçkilərdə 10-dan çox partiya və seçki bloku mübarizə aparacaq. Amma əsas mübarizə hakim "Gürcü arzusu”, "Vahid Milli Hərəkat” və "Avropalı Gürcüstan” partiyaları arasında gedəcək. Seçkiöncəsi Azərbaycan və Gürcüstan arasındakı münasibəti pozmaq istəyən qüvvələr var. Bu qüvvələrin proses zamanı müəyyən gərginliklər yaratmaqla diqqəti əsl tərəfdən yayındırmağa çalışırlar. Məhz azərbaycanlı namizədin güllələnməsi də sözügedən münasibətlərə xələl gətirməyə hesablanıb. 

"Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Marneuli rayonu kövrək bir regiondur və orada bu hadisənin baş verməsi xoş deyil: "Azərbaycanla Gürcüstanın münasibətlərini gərginləşdirmək istəyən kifayət qədər qüvvələr, hətta dövlətlər var. Bu qüvvələr Gürcüstanın içərisindəndir. Mənim Gürcüstana girişimin yasaqlanması, bölgədə barış və sülh mövqeyi tutan "Borçalı” Cəmiyyətinə qarşı aqressiv münasibət həmin zehniyyətin işidir. Eyni zamanda İranın, Rusiyanın maraqları fərqlidir. Cənubi Qafqazda Azərbaycanla Gürcüstan arasında münasibətləri gərginləşdirmək həm də qonşu Ermənistanın hədəflərindən biridir. Burada bir qədər kürd faktoru da var. Seçki zamanı belə bir şeyin baş verməsi təəssüf doğururu və araşdırılmalıdır. Bilinməlidir ki, bu sırf kriminal hadisədir, milli məsələdir, yoxsa şəxsi ədavət zəminində baş verən məsələdir. Hüquq-mühafizə orqanları tərəfindən məsələnin ictimai-nəzarət təmin olunmaqla araşdırılmasını istəyirik. İstintaq prosesində medinanın, eləcə də ictimai qurumların iştirakı çox əhəmiyyətlidir”. 

Seçki zamanı ayrı-ayrı namizədlərə qarşı qara piar aparıldığını xatırladan Zəlimxan Məmmədli deyib ki, bu kimi hallaqaı dilə gətirmək, soydaşlarımızı dəstəkləmək vacibdir: "Bəzən bizi haqsız yerə qınayırlar. Bu yanlışdır. Orda yaşayanlar, problemlə üzləşənlər bizim soydaşlarımızdır, türk millətinin nümayəndələridir, azərbaycanlıdırlar. Onları dilə gətirmək normal bir haldır. Biz bu işin içində olmalı və soyuqbaşla prosesin aparılmasını nəzarətə götürməliyik. Obyektiv və qərəzsiz olsun, seçki prosesinin pozulmasına və yaxud da insanlarımızın məyus olmasına əsas verməsin. Hər halda bu gün seçkidir və bütün soydaşlarımızı da biz o hadisəyə baxmadan seçki hüququndan maksimum bəhrələnməyə dəvət edirik. Çünki onların talelərinin müəyyən olunmasında öz şərtləri qədər onlara yaxın ikinci bir əl yoxdur”.

Zəlimxan Məmmədlinin sözlərinə görə, Qızılhacılı kəndi ötən parlament seçkilərində də hədəfdə olub. Görünür, burada müəyyən qüvvələr var və onlar üzə çıxmalıdır. Həm də o qüvvələr ifşa olunmalıdır: "Marneulidə ciddi bir siyasi dəyişiklik ola bilər. Bu siyasi dəyişiklik də iki xalq arasında etimad mühitini daha da artıra bilər. Nəhayət arzulayardıq ki, seçkilər azad-ədalətli keçsin və Gürcüstan dövlətinə bütün varlığı ilə xidmət edəcək namizəd yerli hakimiyyətin rəhbəri olsun. İndiyədək keçirilən seçkilərdə seçilən adamların Gürcüstan dövlətçiliyinə sədaqətindən danışa bilmərik. Biz bu seçkilərdə yeniliyi görmək istəyirik və bu yenilik də xalqın iradəsi ilə formalaşacaq yerli hakimiyyət nümayəndəsi ola bilər. Xalqın iradəsi varsa, o dövlətə də, xalqın özünə də, regiona da fayda verər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları