Prezident seçkilərinə az müddət qalsa da, ənənəvi müxalifət düşərgəsində ciddi fəallıq hiss edilmir. Əslində, həmin düşərgənin seçkiyə münasibəti başa düşüləndir.Uzun illərdir siyasi səhnədə olmalarına baxmayaraq, heç bir nəticə əldə etməyən qüvvələrin xalq qarşısında deyəcək sözü yoxdur.Ənənəvi müxalifət həm xalqın etibarını, həm də siyasi nüfuzunu itirib. Bu baxımdan 2018-ci il prezident seçkiləri haqqında fəaliyyət göstərənlər ancaq yeni qüvvələrdir. Maraqlıdır, ənənəvi müxalifətin passivliyi nədən qaynaqlanır? Çıxış yolu kimi yeni qüvvələrin və liderlərin dəstəklənməsi ola bilərmi?
"Meydan yenə boş qaldı”
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev "Cümhuriyət” qəzetinə açıqlamasında yeni qüvvələrə xalqın dəstək verəcəyinə inandığını deyib:
"Milli Şura, "Yurd”un təşkil etdiyi sonuncu mitinq yenə köhnə tezislər, pafoslu çıxışlar, xalqı maraqlandırmayan şüarlarla yadda qaldı. Seçkiqabağı belə mitinqlər konkret olaraq ənənəvi müxalifət liderlərinin şəxsi maraqlarına xidmət edir. Onlar üçün sosial problemlər, xalq anlayışı çoxdan bitib. Sadəcə, siyasi səhnədə varlıqlarını göstərmək məqsədilə ara-sıra belə mitinqlər keçirirlər. Bu səbəbdən xalq yenə da Milli Şuranın mitinqinə dəstək vermədi. Meydan həmişəki kimi boş qaldı. Bu gün insanların mitinqlərə maraq göstərməməsinin əsas səbəbi dəfələrlə ənənəvi müxalifət tərəfindən yalan vədlərlə aldadılmalarıdır. Xalq artıq onlara inanmır. 20 ildən çoxdur ki, bu taktika öz nəticəsini vermir. Günü-gündən cəmiyyət geriləyir. İnsanlarda daha da inamsızlıq və ümidsizlik yaranır. Bu atmosferi dəyişə biləcək qüvvələrin də qarşısı alınır. İnanıram ki, 2018-ci ildə siyasi fəallıq əvvəlki illərə nisbətən xeyli artacaq. Meydanda yeni simalar, yeni siyasi qruplar görünəcək. Düzdür, indiki şərtlər altında dəyişiklik çox çətindir. Hakimiyyətin vətəndaş cəmiyyətinə, azad sözə müdaxiləsi səmimi və dürüst liderlərin də fəaliyyətinə təsir edir. Amma biz AXCP olaraq bu təsirə qarşı öz fəaliyyətimizlə cavab veririk. Bildiyiniz kimi, artıq partiyamız 2 il əvvəl 2018- ci ili seçki ili elan edib və bu istiqamətdə fəaliyyətini aparırdı. Regionlarda təşkilatlanma siyasətini gücləndirən AXCP xalqı siyasi proseslərə cəlb etməklə seçkilərdə müxalifətin əsas gücü olacaq. Məhz xalq yeni siyasi qüvvələrə etimad edir. Yalnız bu halda siyasi dəyişilik labüddür”.
Ağ Partiyanın sədri Tural Abbaslı da yeni qüvvələrin uğur qazanması üçün xalqın dəstəyinə ehtiyac olduğunu deyib:
"Ənənəvi, köhnə müxalifət terminlərinin yerinə əslində uğursuz müxalifət ifadəsini işlətmək daha uyğundur. Yeni müxalifətin əvəzinə fərqli üsullarla mübarizə aparıb müsbət nəticələrə doğru irəliləyən siyasi təşkilat demək lazımdır. Dünyada o, qədər köhnə müxalifətlər var ki, müəyyən zamanlarda uğur qazanırlar. Amma Azərbaycanda 25 ildir ki, uğursuz müxalifət sindromu var. Yenilərin isə uğur qazanması xalqın inamını, etimadını qazanmaqdan asılıdır. Əgər yeni müxalifət xalqdan dəstək almasa və ya ala bilməsə bu mövcud hakimiyyətin daha da möhkəmlənməsinə səbəb olacaq. Düşünürəm ki, burada hakimiyyət də müəyyən rol oynamalı və müzakirə, rəqabət mühitinin yaranmasına səbəb olmalıdır”.
V.Muxtar