Yuxarı

Fidel Kastronun öldürdüyü əfsanəvi inqilabçı

Fidel Kastronun öldürdüyü əfsanəvi inqilabçı

Çe Gevara ona oğlunun adını vermişdi

99 yaşlı Uber Matos Benitez ABŞ-ın Mayami şəhərində yaşayır. 1950-ci illərdə Kuba inqilabında Fidel Kastro və Ernesto çe Gevara ilə birlikdə döyüşsə də sonradan onlarla yollarını ayırdı. Fidellə münasibətləri pozulmuşdu. Kastro 1953-cü ildə Batista rejimini devirmək üçün kiçik qrup yaratmışdı. Lakin Santyaqoda həbs edildi. 16 il həbs cəzası alan Fidel Kastro Yuvendud adasındakı həbsxanaya göndərildi. 21 aydan sonra azad edildi. Həmin dönəmdə Benitez Fidelin liderliyindəki qrupa qoşuldu. İnqilab liderinin ən yaxın adamı çe Gevara onun dostu idi. Lakin inqilab uğurla başa çatsa da o, Fidel Kastronun Kuba xalqına istədiyi demokratiyanı vermədiyini əsas gətirərək ondan uzaqlaşdı. O, Fidel Kastronun özünü diktator kimi apardığını deyir.

"Fidel məni tutmaq üçün Kamilonu göndərdi”

İnqilabi hökumətdən ayrıldıqdan sonran Fidel onu "xain” elan etdi və tutularaq edam edilməsinə əmr verdi:

"Fidel Kastro və adamları bütün Batista tərəfdarlarını öldürürdülər. Heç bir demokratik addım atılmadı. Kubada yenə də diktator rejimi hökm sürürdü. Kommunizm hökumət daxilində dərinə kök atmağa başlamışdı və mən bu dönəmdə xalqa həqiqətləri danışmaq qərarı verdim. Kastroya iki dəfə istefa məktubu göndərdim. İkinci məktubu təqdim edəndə məni "xain” elan etdi. İki gün sonra inqilabçı kadrlarından biri, keçmiş ortaq dostumuz Kamilo Senfueqosu məni tutmaq üçün göndərdi. Mən Kamilonun da Fidel tərəfindən öldürüldüyünə inanıram.  Kamilo məni tutmağa gələndə "Bu, çox böyük səhv olar”, dedi. Fidelə zəng edərək onunla danışmaq istədi. Fidelə qulaq asarkən Kamilonun üzü ağarmışdı. Kamilo məni saxladı və bu hadisədən bir həftə sonra təyyarə qəzasında öldü. Müəmmalı şəkildə yox oldu”.

Şəkillərdəki qısa səssizlik

Fidel Kastro, Raul Kastro, Ernesto çe Gevara, Vilma Espin, Mario Quttierres, Tanya (Hayden Tamara Bunk Bider), Çeliya Sançez - Kuba inqilabından bəhs olunarkən daha çox bu adlar yada düşür. Lakin həmişə inqilabın ən qaynar nöqtəsində və inqilab başlayandan çe Gevara və Fidel Kastronun sağ tərəfində dayanan bir qəhrəman da var ki, ondan ya az danışılır, bir çox hallarda isə ümumiyyətlə, danışılmır. Fotoşəkillərdə də onu - Kamilo Senfueqosu həmişə çe və Fidelin yanında görmək olar. Lakin o, hər iki liderin yanında kölgə, qısa bir səssizlik kimi qalır. Bu, tarixin, bəlkə də Benitezin də dediyi kimi özünü diktator kimi aparan Fidelə qarşı dəyişməyə başlayan düşüncəsinin ona kəsdiyi "cəza” idi ki, Kamilo Senfueqosu tarixin arxivində gizlətməyə cəhd edirlər. Halbuki paytaxt Havanada yerləşən "İnqilab” meydanında (Plaza de la Revolucion) 3 inqilab liderinin nəhəng şəkili var: Fidel Kastro, Ernesto çe Gevara və Kamilo Senfueqosun. Kamilonun şəklinin alt hissəsində bu sözlər yazılıb: "Çox yaxşı gedirsən, Fidel” ("Vas Bien Fidel”). 

Kamilo Senfueqos

1932-ci ildə fevral ayının 6-da Kubanın Çalabazar da Saqua şəhərində doğulan Kamilo Senfueqos Havanada yerləşən İncəsənət Akademiyasında təhsil alıb. Maddi problemlərə görə təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalıb. 1950-ci illərdə işləmək məqsədilə Amerikaya getdi. Lakin ağır iş şərtləri onu yenidən Kubaya qaytardı. Ölkəsindəki vəziyyət getdikcə pisləşdiyinə görə siyasi aksiyalarda iştirak etməyə başladı və ABŞ-dan dəstək alan Fulxensiyo Batista rejiminə qarşı mübarizəyə qatıldı. İnqilab liderlərindən biri Antoni Makeyonun başçılıq etdiyi mitinqlərin birində - 1955-ci ildə polis onu ayağından vurdu. Kamilo bu hadisədən sonra Batistaya qarşı başlamış inqilaba qoşuldu və Kuba üçün döyüşmək qərarı verdi. 1956-cı ildə Nyu-Yorkdan Meksikaya keçən və burada Fidel Kastro ilə görüşən Kamilo Senfueqos həmin il Meksikadan "Qranma” gəmisi ilə yola çıxaraq bir həftə sonra Kubaya çatan və inqilabı başlatmaq arzusunda olan 82 nəfərdən biri idi. Lakin Batista ordusunun əsgərləri onları silahla qarşıladılar və əksəriyyəti həlak oldu. Cəmi 12 nəfər qalmışdılar. Kamilo Senfueqos, Ernesto çe Gevara və Fidel Kastronun da olduğu 12 nəfər Sierra Maestra dağlarına çatmağı bacardı. Bu hadisə Kamilo və Fidel arasında yaxın dostluğun başlanğıcı oldu.

26 yaşlı komandante

1957-ci ildə mübarizə davam edərkən artıq Kamilo böyük bir birliyə başçılıq edirdi. Santa Klara döyüşlərindən yalnız çe Gevara və Kamilonun bölükləri uğurla çıxa bildi. İnqilabçılar döyüşə 3 bölüklə qatılmışdılar. Lakin yalnız 2 bölük Santa Klaranı ələ keçirə bilmişdi. Qalibiyyətin qazanılmasında universitetə aid kənd təsərrüfatı texnikaları və qatar relsləri ətrafında qurulmuş canlı barrikadalar və bu formada relsdən çıxarılmış qatardakı rejim hərbçilərinin təslim olmaları əsas rol oynamışdı. Paytaxt Havananın təhlükəsizliyindən məsul olan Santa Klara və digər iri şəhərlərin ələ keçirilməsindən sonra Fulxensiyo Batista ölkədən qaçdı. Üsyan məqsədinə çatmış, inqilab reallaşmışdı. Rejimin "La Coubre” nəhəng silah gəmisinin partladılması hadisəsində də Kamilo orada idi. O, 1959-cu ildə İnqilab Ordusunun komandanı təyin edildi. Həmin dönəmdə - Batistanın diktatura rejiminin son günlərində 4 nəfərin inqilab etdiyini və onların xalqı bu inqilaba necə cəlb etmələrindən danışılırdı: Fidel və Raul Katsrolar, Ernesto çe Gevara və Kamilo Senfueqos...
Kamilo 1958-ci ildə Fidel Kastro tərəfindən komandan (komandante) təyin edildi və kənd təsərrüfatı islahatlarının həyata keçirilməsində əsas rollardan birini aldı. İnqilabın qələbə qazanması ilə o, Fidel və Raul Kastrodan sonra Kubanın ən güclü 3 şəxsiyyətindən biri postunadək qalxmışdı. Peşəkar hərbçi olan Kamilonun uğur pilləsində sürətlə qalxmasında sahib olduğu intellektin də rolu böyük idi.

"Yaxşı gedirsən, Fidel”

1959-cu ilin yanvar ayının 8-də keçirilən mitinqlərdən birində Fidel Kastro ilə yanaşı durmuşdu. Yanında dayanmış Fidel Kamiloya tərəf çevrilərək "Yaxşı gedirəm, Kamilo?”, deyə soruşur. O an Kamilo Senfueqos ən məşhur sözünü səsləndirir: "Yaxşı gedirsən, Fidel”. Cavabı mitinqdə iştirak edən insanlar tərəfindən eşidilir və inqilabın əsas şüarlarından birinə çevrilir.

Müəmmalı ölüm

Kamilo çox erkən öldü. Həlak olarkən 27 yaşı vardı. İnqilabdan bir il sonra - 1959-cu ilin oktyabr ayının 28-də təyyarə qəzasında həyatını itirdi. "Cesna-310” tipli təyyarəsi okean üzərindən Kamagey - Havana reysini həyata keçirərkən yoxa çıxdı. Çe Gevara və digər nüfuzlu şəxslərin qatıldığı araşdırmalar da nəticə vermədi. Nə cəsədi, nə də təyyarəni tapmaq mümkün oldu. Bu hadisə ilə bağlı bir sıra nəzəriyyələr olsa da konkret nəticə yoxdur. Bir sıra mənbələr bunun qəza olduğunu, digər mənbələr isə Fidel Kastronun qısqanclıq səbəbi ilə onu öldürdüyünü iddia edirlər. Məhdud sayda mənbələr isə Kamilonun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən öldürüldüyünü bildirirlər. Lakin ölüm müəmmasının arxasında Fidelin dayandığı iddiası da konkret cavab deyil. Çe Gevaranın özü oğluna Kamilonun adını verməsi, onunla inqilab liderləri  arasında böyük bir bağın olmasından xəbər verir. Cəsədindən belə bir iz qalmayan 27 yaşlı komandante kubalılar tərəfindən çox sevilir. Peşəkar partizan və bəzilərinə görə çe Gevaradan da bacarıqlı komandan və zarafatcıl bir insan olan Kamilo kubalılar üçün xalq qəhrəmanıdır. Kamilonun çe Gevara və Fidel Kastrodan daha humanist bir insan olduğu deyilir.

"Kamilo üçün bir çiçək”

Kamilo Senfueqosun ölüm günündə - oktyabr ayının 28-də hər il Kubadakı bütün məktəblərdə bayraqlar yarıyadək aşağı endirilir. Kubalılar "Kamilo üçün bir çiçək”, deyərək okeana çiçəklər atırlar. Matanzas Universitetinə "Kamilo Senfueqos” adı verilib. 20 Kuba pesosunun üzərində Kamilonun şəkli var. Santa Klaradakı "Çe Gevara” muzeyində böyük heykəli qoyulub. "İnqilab” meydanında nəhəng şəkli və barelyefi qoyulub. Kubanın iri şəhərlərdin biri onun adını (Senfueqos) daşıyır. Yaquay şəhərində Kamilonun adı verilmiş muzey fəaliyyət göstərir. Muzey ölümündən sonra tikilib. 27 yaşlı komandantenin xüsusi əşyaları, mübarizəsindən bəhs edən panaroma və böyük heykəlinin olduğu muzey vaxtilə Batista ordusu tərəfindən mühafizə edilən kazarmaların yerləşdiyi yerdədir. Ernesto çe Gevara "Partizan müharibəsi” adlı kitabını ona ithaf edib.

Son söz

Kuba xalq qəhrəmanı Antonio Makeyonun təşkil etdiyi yürüş-mitinqdə polis tərəfindən yaralananda onu tələbə xəstəxanasına apardılar. Kamilo o gün haqqında belə yazırdı: "Məni tələbə xəstəxanasına apardılar. Orada həyatımın ən dərin hisslərini yaşadım. Yüzdən çox insan binanın qarşısında toplaşmışdı. Məni əlləri üzərində havaya qaldıranda alqış səsləri göyə ucaldı. Elə bir hissə qapıldım ki, özümü ağlamamaq üçün çətinliklə saxladım və qışqırdım: "Yaşasın Kuba!”. Bundan dəqiqliklə əmin idim, nəyin bahasına olursa olsun, Kuba azad olmalıydı. Fikirləşirəm ki, bu günki vəziyyəti dəyişdirmək üçün tək qürurlu yol var: Fidelin mübarizəsinə qatılmaq”.

Ernesto çe Gevara öz oğluna Kamilonun adını verib. Çe "Partizan müharibəsi” kitabında yazırdı: "Çox az insan girdiyi hər mübarizədə özünəxas bir iz qoymağı bacara bilib. Kamilo minlərlə insan arasında intellekti və oxşarı olmayan sadiqliyi ilə seçilirdi və o, xalqın gözündə xüsusi yeri olan bir qəhrəmandır. Kamilo sədaqəti dindir”. Kamilo Senfueqos onu ölümə aparan uçuşdan əvvəl son çıxışında inqilaba qəlbən inandığını göstərən dediyi son sözlərini belə dilə gətirmişdi: "Səma başımıza düşsə də kənd təsərrüfatı islahatları davam edəcək”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları