Yuxarı

İranda xalq yenə küçələrdə

İranda xalq yenə küçələrdə

Ölkəni iqtisadi partlayış gözləyir

İranda  kütləvi etiraz aksiyaları başlayıb. Buna səbəb İran rialının ABŞ dollarına nisbətdə devalvasiyaya  uğramasıdır.

Milli valyutanın sürətlə dəyərdən düşməsi ölkə iqtisadiyyatında  böhrana səbəb olub.  Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə 1 ABŞ dolları 3200 tümənə bərabər idisə, hazırda bu göstərici üç dəfəyə qədər artıb.  May ayının sonlarında dolların məzənnəsi 65 min tümənə ( 65 rial) qədər  yüksəlmişdisə, son günlər bu proses daha sürətli xarakter alıb.  Belə ki,  iyunun 23-də 8 min tümənə qədər bahalaşan ABŞ dolları iyunun 24-də 9 min tümənə  yüksəlib.  Nəticədə, yaranmış  Tehranda bir sıra ticarət obkektləri sahiblərinin kütləvi etirazına səbəb olub.

İyunun 24-də Tehranda mobil telefonlarının əsas satış mərkəzləri olan "Əlaəddin” və "Çarsu” ticarət mərkəzlərindəki mağaza sahibləri dükanlarını bağlayaraq bazarda qiymətlərin qeyri-sabitliyinə, rejimin xarici siyasətinə və milli valyutanın sürətlə dəyərdən düşməsinə etiraz bildiriblər.  Tehranın Cümhuri küçəsindən Baharistan meydanına qədər yürüş keçirən ticarət obyektlərinin sahibləri "Suriyanı burax, bizim halımıza yan”, "Biqeyrətlər, mağazalarınızı bağlayıb bizə qoşulun”, "Hamımız birlikdə tətilə başlayırıq” kimi  şüarlar səsləndirib.  Aksiyaçılar əhalini ölkənin acınacaqlı iqtisadi durumuna və rəsmilərin bununla bağlı səriştəsizliyinə qarşı etirazlara qoşulmağa çağırıblar. 

Aksiyada mümkün həbslərin olub-olmadığı barədə hər hansı bir məlumat yayılmayıb. 

İyunun 25-də isə etiraz aksiyaları ölkənin digər şəhərlərinə də yayılıb.  BBC-nin məlumatına görə,   Kərəc, Məşhəd, Bəndər-Abbas şəhərlərində və Kəşm adasında da etirazlar baş qaldırıb. Sosial şəbəkələrdə aksiya iştirakçılarının saxlanıldığına dair xəbərlər var.  Hökumət valyuta bazarında vəziyyətin normallaşdırılması üçün tədbirlər görmək üçün fövqəladə toplantı keçirib.  

Rialın dəyərdən düşməsinin başlıca səbəbi kimi  ABŞ-ın  son vaxtlar sanksiyaları gücləndirməsi və İranın nüvə proqramına dair Vyana sazişindən  çıxması göstərilir. 

İranda devalvasiya ABŞ dolları ilə yanaşı, Azərbaycan manatına nisbətdə də özünü ciddi şəkildə göstərir.  Belə ki, rialın dəyərdən düşməsi  İranda  Azərbaycan manatına tələbatı artırıb.  Nəticədə manatın məzənnəsi  İran rialına nisbətdə son günlər ən yüksək həddə çatıb.  İyunun 24-də səhər saatlarında 1 AZN 4310 tümənə bərabər idisə, iyunun 25-də bu göstərici 5000 tümən təşkil edib.  İran vətəndaşları bu hadisəni iqtisadi şok hesab edir.

Qeyd edək ki, həm ABŞ dolları, həm də Azərbaycan manatı İran rialına təzyiqi əvvəllər də  yüksək olub.  Məsələn,  2013 və 2014-cü illərdə 1 ABŞ dolları 3200-3500 tümənə  konvertasiya edilirdi.  Həmin illərdə 1 AZN  4500 tümənə bərabər idi.  Lakin 2015-ci ilin iyul ayında  "Altılıq” ölkələrinin İranın nüvə proqramının dayandırılmasına dair Geniş və Hərtərəfli Fəlaiyyət proqramını imzalamasından sonra  ABŞ  Tehrana qarşı bir sıra sanksiyaları aradan qaldırdı.  Barak Obama administrasiyasının İranın xarici banklarda dondurulmuş  32 milyard dollar vəsaitini  qaytarması rialın məzənnəsinin  yüksəlməsinə  səbəb oldu.  Nəticədə 1 dollar valyuta bazarında  2800-2900 tümənə  qədər  endi.  Bu həm də ölkədə riala tələbatın artması ilə müşahidə olunurdu.  

2015-ci ildə paralel olaraq, dünya bazarında neftin dəyərdən düşməsi, Azərbaycanda iki dəfə devalvasiyanın baş  verməsi manatın 2000 tümənə  qədər ucuzlaşmasına səbəb oldu. 

 Nəticədə yaranmış iqtisadi problemlər Azərbaycan vətəndaşları ticarət, maliyyə və xidmət sektorunda yüksək qiymət artımı ilə üzləşdi.  İndi isə vəziyyət yenidən  əvvəlki  istiqamətə dönüb.  Azərbaycan valyutası 2,5  dəfə bahalaşıb və bu prosesin hələ davam edəcəyi gözlənilir.  İranda baş verən devalvasiya maliyyə -bank sektoru ilə yanaşı, real sektora da  mənfi təsir göstərib.  Ölkədə işsizlik kütləvi şəkil alıb. Ticarət və xidmət  sahələrində təklifin artması qiymətlərin 30-40 faiz aşağı düşməsinə səbəb olub.  

Qeyd edək ki, yaranmış iqtisadi böhranın əsas səbəblərindən biri də İran rejiminin  ABŞ-ın qaytardığı vəsaitləri  Suriyada, Yəməndə hərbi əməliyyatların aparılmasına,  muzdlulardan ibarət silahlı dəstələrin və təşkilatların maliyyələşdirilməsinə, uzaq mənzilli raket proqramının inkişafına sərf etməsi olub. Nəticədə, ölkənin gəlirləri  əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına deyil, silahlanmaya və müharibələrə xərclənib. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları