Yuxarı

İrəvandan yeni blef: "İndi artıq gecdir, şansları sıfıra bərabərdir” - Tofiq Zülfüqarov

İrəvandan yeni blef:

İrəvandan yeni blef:

Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu və məqsədli hərbi əməliyyatların qarşısında aciz qalan, öz acizliyini mülki əhalini qətlə yetirməklə göstərən Ermənistan rəhbərliyi bu dəfə ölkəmizə qondarma rejimi tanımaqla "hədə-qorxu” gəlmək yolunu seçib.

Belə ki, Ermənistan Prezidenti Armen Sarkisyan Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində ultimativ bəyanat verməyə üstünlük verib:

"Əgər məlum olsa ki, Türkiyənin dəstəklədiyi Bakı danışıqlar yolu ilə getməyəcək, onda Yerevan Qarabağın müstəqilliyini tanıyacaq".

Göründüyü kimi, mövcud durumda Ermənistan rəhbərliyində olan şəxslərin bəyanatları həm də bir-birini təkzib etməsi ilə seçilir. Məlumdur ki, ölkənin Baş naziri Nikol Paşinyan aylar öncə "Qarabağ Ermənistandır” deyirdi.

30 ilə yaxın bir müddətdə ərazilərimizi zəbt etmələrinə baxmayaraq, qondarma rejimin tanınmasına cəsarət etməyən Ermənistanın indi bu fikri ortaya atması vəziyyəti dəyişəcəkmi? Məsələnin digər maraqlı tərəfi isə ondan ibarətdir ki, əgər Ermənistan bu addımı atarsa, bu zaman dünya dövlətlərindən ona dəstək gələ bilərmi, qondarma rejimi tanımağa digərləri də cəhd edə bilərmi?

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan indiyədək belə bir addımı ona görə atmayıb ki, o, "sülh prosesinə sadiqlik nümayiş etdirir” - bu ilk növbədə onun ziyanına işləyən bir məsələdir:

"Onların indiki mərhələdə bu addımı atacağı təqdirdə, orada olan ermənilər üçün hansısa imtiyazların, muxtariyyatın verilməsi məsələsi tamamilə gündəmdən çıxacaq. İndi də artıq hərbi əməliyyatlardan sonra bu barədə fikirləşən də yoxdur, amma bu addımı atsalar, bizim tamamilə haqqımız olacaq ki, ümumiyyətlə, bu məsələyə baxmayaq. Burda təxribat, spekulyasiya həmişə olub və olacaq. Bizim əsgərimiz üçün heç bir fərqi yoxdur, onlar tanıyırlar və ya yox… Belə deyək … deyib, deyib də…”

Ermənistan bu addımı atarsa, ona başqa dövlət tərəfindən dəstək gələ bilərmi? Politoloq bildirir ki, bunun baş verəcəyinə inanmır:

"Ola bilsin ki, hansısa ekzotik ölkələrdən hansısa mənası olmayan siyasi addımlar olsun, amma bunun real vəziyyətdə heç bir ciddi təsiri olmayacaq. Əgər belə bir addım atmaq niyyətində idilərsə, 30 il əvvəl bunu edərdilər. İndi artıq gecdir, şansları sıfıra bərabərdir. Azərbaycan ordusu işğalçı ordunun sonuncu müqavimət göstərən hissəsini məhv edir. Hesab edirəm ki, 5-10 günə bu məsələ bitəcək”. Ermənipərəst mövqeyi ilə daim seçilən, indiki məqamda da Azərbaycana təzyiq göstərməyə çəkinməyən Fransadan bu addımı gözləmək mümkündürmü? Tofiq Zülfüqarov indiki halda bunu Fransanın deyil, Prezident Emanuel Makronun dəstəyi hesab etdiyini bildirdi: "Makron öz daxili siyasətə dair məqsədlərinə görə bunu edir. O, ölkədə erməni diasporunun səslərini qazanmaq üçün vasitəçiyə aid olmayan bəyanatlar verib. Artıq Emanuel Makron gördü ki, bu siyasi spekulyasiyanın ömrü çox qısa oldu. Belə bir vəziyyətdə o, qəzetlərdə məqalə yaza bilər, amma bundan artıq heç nə edən deyil. Ən azı ona görə ki, Fransanın bölgədə imkanları çox məhduddur. İnanmıram ki, Makronun nə istəməsindən asılı olmayaraq, Fransa seçiciləri öz daxili məsələlərini atıb, ermənilərin problemləri ilə məşğul olsun. Təbii ki, bu mümkün deyil. Siyasət realıq üzərində qurulur”. Qeyd edək ki, əslən Ermənistandan olan Azərbaycan müxalifət lideri İlqar Məmmədov mətbuata açıqlamasında bildirib ki, bu halda Azərbaycan da qaçqın təşkilatlarından birini dövlət olaraq tanıya bilər: "Ermənistan bizi "Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə hədələməsin. Bu tanınmaya Azərbaycanın ən yaxşı cavabı Zəngəzur və digər Ermənistan qaçqınları adından danışan qurumlardan birini və ya onların ittifaqını müstəqil dövlət kimi tanıması olardı. Hazırda davam edən müharibənin əvvəlində Zəngəzurda Dağlıq Qarabağdakı ermənilərdən çox azərbaycanlı yaşayırdı”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları