Yuxarı

Özünüzü botulizm zəhərlənmələrindən qoruyun

Özünüzü botulizm zəhərlənmələrindən qoruyun

botulism-botulizm-gelarabul Evdə konservləri hazırlayanda və istifadə edəndə maksimum diqqətli olun 2015-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu, ötən ilin yanvar-iyun aylarına nisbətən zəhərlənmə hallarının 36,5 faiz azaldığını göstərir. Qida zəhərlənməsi hadisələrindən bu ilin birinci yarısında 418 nəfər zərər çəkib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 577 nəfər olub. Azalmanı botulizm xəstəliyi ilə bağlı statistikadan da görmək mümkündür. Belə ki, 2015-ci ilin ilk 6 ayı ərzində ölkə üzrə əhali arasında 14 botulizm hadisəsi baş verib, lakin 2014-cü ilin müvafiq dövründə bu rəqəm 17 olub. Botulizm nədir? Məlumat üçün bildirək ki, botulizm ev şəraitində hazırlanan müxtəlif turşular, mürəbbələr və kompotların istehlakı nəticəsində baş verən zəhərlənmələrdir. Botulizm zəhərlənməsi bəzən o qədər təhlükəli olur ki, ölümə belə səbəb ola bilir. Yaxın illər ərzində botulizm hadisələri zamanı müxtəlif yaş qurpunda olan insanlar vəfat edib, 2010-cu ildə pomidor turşusundan Kürdəmirdə 46 yaşlı qadın zəhərlənərək vəfat edib, 2011-ci ildə Qazaxın Daş Salahlı kəndində 11 yaşlı uşaq dünyasını dəyişib, 2012-ci ilin fevralında Göygöldə 52 yaşlı qadın ölüb,  həmin ilin aprelində Salyan rayonunda yas mərasimində 31 nəfər də məhz pomidor və xiyar turşusu, may ayında isə Beyləqanda 5 nəfər pomidor zəhərlənməsi ilə bağlı xəstəxanaya çatdırılıb. Elə həmin il Gürcüstanda yaşayan 15 soydaşımız pomidor turşusundan zəhərlənmişdi, onlardan 3-ü dünyasını dəyişdi. Botulizm zəhərlənməsini yaradan bakteriya “clostridium botulinum” adlandırılır. Əslində, bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar   tərəfindən əmələ gətirilən toksin - botulotoksin dünyada ən güclü bioloji zəhərlərdən biri hesab edilir. Məlumat üçün qeyd edək ki, “clostridium botulinum” bakteriyası torpaqda yaşayır, tərəvəzlərə, meyvələrə bu vasitə ilə keçə bilir. Ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr üçün hazırlanan xammal  kifayət qədər gigyenik şəraitdə yuyulmadığı üçün düzgün sterilizasiya olunmur. Bundan sonra konservləşdirilmiş məhsullar uyğun temperatirda saxlanılmır və bu qidalardan qəbul edən insan botulizm xəstəliyinə tutulur. Daha təhlükəlisi isə odur ki, “clostridium botulinum” bakteriyası məhz oksigen olmayan yerlərdə daha fəal şəkildə çoxalır və botulotoksin ifraz edir. Oksigeni olmayan kip qapalı konserv bankaları bu bakteriyalar üçün ən “münbit” şəraitdir. Botulotoksin bizə neyləyir? Həkim Sülhiyyə Mürsəlova bildirir ki, botulotoksin insan orqanizminə düşdükdən sonra qan axınına qoşularaq dərhal bütün orqanizmə yayılır, bunun nəticəsində əzələlərdə ifliclər yaranır: “Təxminən, 6-7, bəzən isə 9-10 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal yaranır, getdikcə görməsi zəifləyir, səsi xırıldayır, udması çətinləşir, tənginəfəslik yaranır, yerişini itirir. Zəhərləndiyini ehtimal edən insanlar ev şəraitində qatıq, ayran içərək özünü sağaltmağa çalışır. Doğru hərəkət deyil, botulizm zəhərlənməsi qatıqla təmizlənən zəhərlənmə deyil. Xəstəyə mütləq peşəkar tibbi yardım göstərilməlidir, əks halda qana yayılan toksik maddə insanı öldürə bilər”. Bəzən zəhərlənən insanın yaxınlıqdakı poliklinikaya müraciət etməsi də zəhərlənmənin qana yayılmasına rəvac verir. Həkim deyir ki, poliklinikada botulizm xəstələri üçün uyğun şərait yoxdur: “Orada uzaqbaşı bir sistem qoyulur, bir iynə vurulur, deyirlər get, daha yaxşısan, arxayın evə gələn xəstə qəfildən dünyasını dəyişir. Əgər zəhərləndiyinizdən şübhələnirsinizsə qeyd etdiyimiz əlamətləri hiss edən kimi təcili yardım maşını çağırın, təyinatlı xəstəxanaya gedin”. Necə sığortalanaq? Qeyd edək ki, mövsümü zəhərlənmələrə zamansız satışa çıxarılan meyvələr, keyfiyyətsiz dondurmalar, uyğun şəraitdə saxlanmayan şokaladlar, tortlar, balıq, ət və tərəvəz konservləri, hazır təklif edilən qidalar, habelə sərinləşdirici içkilər də səbəb ola bilər. Odur ki, balıq və ət konservlərini aldıqdan və istifadə etdikdən sonra yerdə qalanını öz qabında deyil, şüşə bir qaba boşaltmaq lazımdır,  unutmayın ki, yalnız evdə hazırlanan konservlər zəhərlənmə yaratmır,  mağazalarda təklif edilən müxtəlif sənaye konservləri də botulizm xəstəliyinə səbəb ola bilər. Tərəvəz, balıq, ət konservləri aldıqda qablaşdırılmasına, xüsusilə də istifadə müddətinə diqqət edin. Qapağı şişmiş konservlər təhlükəlidir. Özünüzü qida zəhərlənmələrindən sığortalamaq üçün ev şəraitində hazırladığınız turşuları, mürəbbələri yalnız təzə və keyfiyyətli meyvə və tərəvəzlərdən hazırlayın, yaxşı olar ki, meyvə-tərəvəzi yuyarkən suya bir az sirkə əlavə edəsiniz. Konserv hazırlayarkən bankaları 1 saatdan az olmayaraq sterilizasiya edin. Botulizmi törədən mikroblar yalnız güclü və düzgün sterilizasiya zamanı məhv olur.   Altay Bayramlı