Yuxarı

“Həkim-firma” işbirliyindən  “aptek-firma” işbirliynə keçid

“Həkim-firma” işbirliyindən  “aptek-firma” işbirliynə keçid

dermanDərman bazarında qiymətlərin ucuzlaşması və bununla əlaqədar apteklərdə yaranan dərman qıtlığının qarşının alınması üçün yeni qaydalar hazırlanır. Səhiyyə Nazirliyinin hazırladığı yeni qaydalara əsasən, həkimlər tərəfindən yazılan reseptlərdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, təsiredici maddəsi qeyd olunacaq. Səhiyyə Nazirliyinin məlumatına görə, "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” haqqında yeni qaydalara əsasən dərman bazarındakı vəziyyətin tənzimlənməsi nəzərdə tutulur.

Dərman qıtlığına yeni çarə, yoxsa yeni işbirliyinin əsası?

Nazirlikdə belə hesab edirlər ki, yeni qaydalar təsdiqlənərək qüvvəyə mindikdən sonra apteklərdə dərman qıtlığı aradan qaldırılacaq. Başqa sözlə desək, həkimlərin yazdığı bahalı dərmanları tapmayan xəstələr ciblərinə uyğun dərman tapmaqda çətinlik çəkməyəcəklər. Bu isə həkimləri daha məsuliyyətli olmağa sövq edəcək və həkim-firma əməkdaşlığına son qoyacaq. Xəstə aptekdə müəyyən adda dərmanı yox, onun təsiredici maddəsini axtaracaq. Həmin təsiredici maddə adı altında isə aptekdə müxtəlif  dərmanlar satıldığından seçim imkanı da çox olacaq. Prosesin çətinliklə müşayiət olunacağına gəlincə isə, nazirlikdən bildirirlər ki, bu, iddia edildiyi kimi, çətin proses olmayacaq. Çünki dərmanlar qeydiyyatdan keçərkən təkcə patentləşdirilmiş adı deyil, təsiredici maddəsi də göstərilir. Təsiredici maddə barədə məlumatlı olan əczaçı üçün tələb olunan dərmanı tapmaq asan olacaq.

Dövlət diplomla verdiyi hüququ həkimdən alır

Ancaq mütəxəssislər dərman qıtlığı probleminin aradan qaldırlmasına bu tədbirin əhəmiyyəti barədə nazirlik nümayəndələri qədər əminlikə danışmırlar. Məsələn, tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, qaydalar təsdiqlənəcəyi təqdirdə müvəqqəti xarakter daşıyır. Həkimlərin hamısına nəzarət imkanının məhdud olması onların reseptdə dərmanın patentləşdirilmiş adını yazmasına şərait yaradacaq. Üstəlik, bəzi xəstələr də bunu həkimdən tələb edəcəklər: “Bəzi dərman preparatları qiymət endirimindən sonra yoxa çıxıb. Mütəxəssislər həmin dərmanları uzun müddət axtarmalı olur. Dərmanın yazılışı, müalicənin məsuliyyəti həkimin üzərindədir. Hansısa dərman vasitəsinin seçilməsi həkimə aiddir, çünki dövlət diplomla bərabər bu hüququ da ona verir”.

“Xəstələr aptekə yox, həkimin reseptinə inanır”

Aptek sahibləri isə yeni qaydaların tətbiq ediləcəyi təqdirdə bəzi problemlərlə üzləşəcəklərini bildirirlər. Əsas problem aptekdə çalışanların bilik səviyyəsidir ki, bu da yeni qayda ilə yazılan reseptə əsasən dərmanların seçilməsində özünü göstərəcək. Yəni aptek işçisi o qədər savadlı olmalıdır ki, əvvəl adı ilə axtarıb tapdığı dərmanı indi tərkibinə görə müəyyən edə bilsin. Elə aptek müdirləri də bu fikirdədir. Aptek müdiri Əzizağa Məmmədovun sözlərinə görə, hələlik əməkdaşlarından heç bir narazılığı yoxdur: “İndi reseptə baxıb orda yazılan dərmanı verirlər, yəni köhnə qayda ilə işləyirlər. Elə əməkdaş var ki, reseptdəki dərman olmayanda onun əvəzedicisini təklif edir. Amma elə işçi də var ki, elə ancaq reseptdəki dərmanla kifayətlənir, çünki əvəzedici barədə məlumata malik deyil. Müştərilər əsasən reseptdə yazılan dərmana üstünlük verirlər, bəzən hətta daha yaxşı əvəzedici təklif edilməsinə baxmayaraq, bununla razılaşmırlar. Onlara başa salmağa çalışanda ki, hər iki dərman, yaxud iynə eyni tərkiblidir, eyni müalicə kursu üçün  nəzərdə tutulub, buna inanmır. Çünki həkimin yazdığı reseptə inanır. Elə xəstələr var ki, dərmanın keyfiyyətini onun qiyməti ilə müəyyən edir.  Əgər bahalıdırsa, deməli yaxşıdır. 20 qəpiyə olan ağrıkəsicini 3 manata olan ağrıkəsicidən üstün tutmur. Əgər bu qaydalar təsdiqlənsə, həmin müştəriləri nə ilə razı salacağımızı bilmirəm. Eyni tərkibdə bir neçə dərman var və onun istehsal olunduğu ölkədən asılı olaraq keyfiyyəti də fərqlidir. Hindistan istehsalı olan dərmanla Fransa istehsalı olan dərman eyni keyfiyyətdə deyil. Xəstələr bunu belə qəbul edir. Elə adamlar var ki, övladına peyvənd vurulanda poliklinikanın verdiyi pulsuz peyvəndi istəmir, eyni tərkibdə Avropa ölkələrinin istehsalı olan peyvəndi alıb aparır”.

Qazanan yenə dərman firmaları olacaq

Həmsöhbətimin əsas narahatlığı isə indiyə qədər həkimlərə ünvanlanan “firmalarla işbirliyi” ittihamının bundan sonra apteklərə yönələcəyidir: “İndiyə qədər deyirdilər ki, həkimlər dərman fimalarından faiz alaraq işbirliyi qurur. Bundan sonra aptekləri bunda günahlandıracaqlar.İndiyə qədər həkimlərin yanına gedən firmalar bundan sonra bizim yanımıza gələcək. Hər kəs öz malını təklif edəcək, müalicə effekt verməyəndə isə resepti yazan həkim bir tərəfdə qalacaq, hamı dərmanı verən aptekin üstünə düşəcək. Əslində apteklərin həmin dərman firmaları ilə işbirliyinin olmayacağını da demək olmaz. Bəyəm həkimlər fimalardan imtina edirdi ki, apteklər də imtina etsin? Yəqin ki, apteklərdə də artıq gəlir əldə etmək istəyənlər olacaq. Əslində dərman firmaları burda uduzmayacaq, onlar hər iki halda mallarını reklam edib pul qazanırlar. Əvvəl həkimlərlə bunu edirdilər, indi apteklərlə edəcəklər”.

Firmaların aptek ziyarəti başlayır

Dərman firmalarının apteklərə getməsinə gəlincə, Əzizağa Məmmədov bunu da istisna etmir: “Şəxsən mənim aptekimə hələ gəlməyiblər. Gələnlər əvvəl əməkdaşlıq etdiyimiz firmalardır ki, onlarla da bu mövzuda söhbət olmayıb. Amma bu sahədə işləyən tanışlarım var, onlardan bəzilərinin aptekinə artıq dərman firmaları əməkdaşlarını göndərib. Yəqin ki, hələ böyük apteklərdən başlayıblar. Mənim aptekim kiçikdir, ona görə yəqin hələ gəlmirlər. Amma qaydaların təsdiqlənməsini də gözləyə bilərlər, ondan sonra yəqin ki, gəlməyə başlayacaqlar”.

Aptek müdiri həmkarları arasında dərman firmaları ilə işbirliyinə gedərək insanların maddi durumunun, səhhətinin nəzərə alınmaması kimi halların olacağını istisna etmir: “Hər kəs eyni olmur, daha çox qazanmaq istəyənlər ola bilər. Amma mən özüm günün az hissəsini burda oluram. Görürəm ki, insanlar necə çarəsizdir, bəzən manatları üst-üstə toplayırlar, amma bir dərmanı almağa pulu çatmayanlar olur. Amma deyəndə ki, gəl daha ucuzunu verək, bununla razılaşmırlar ki, yox, mütləq həkim yazan dərmanı almalıyam. Qaydalar dəyişsə, bu insanlarla rəftar necə olacaq? Apteklər də dərman firmaları ilə işləməyə üstünlük verəcək”. Maraqlıdır ki, məsələ ilə bağlı maraqlı olan digər tərəf-həkimlər susmağa üstünlük verir. Həkimlərlə söhbət zamanı onların daha çox gözləmək tərəfdarı olduqları məlum olub.

Sevil Ağazadə