Yuxarı

Xərçəngin müalicəsi ucuzlaşacaq

Xərçəngin müalicəsi ucuzlaşacaq

xerceng

İnfarkt və iflicin qarşısını alması sübut edilmiş aspirinin ağır növ xərçəng xəstəliyinin məhv edilməsində təsiri olub-olmayacağı barədə araşdırmalar aparılır.

Alimlər onun möcüzəsini sübut edir

“The Daily Telegraph” qəzetinin yayımladığı bir məqalədə deyilir ki, ingilis alimlər aspirinin hər gün qəbul ediləcəyi təqdirdə xərçəng xəstəliyinin qarşısını ala biləcəyi barədə araşdırmalar edir. Bunun üçün lazımi araşdırmalara başlanıb, laborator analizlər aparılır. Əgər aspirinin daha ağır növ xərçəng xəstəliklərrinin qarşısını almaq gücünə malik olduğu sübut edilsə, o zaman bəşəriyyətin qorxulu yuxusu olan bu xəstəlik tamamilə yox edilə bilər. Araşdırmalar başlanarkən 11 min xərçəng xəstəsi bir araya yığılıb, onların bəziləri bağırsaq, bəziləri qida borusu, bir qismi isə prostat və mədə xərçəngindən müalicə alır. Qəzet yazır ki, İngiltərədə 100-dən çox laboratoriyada aparılacaq bu araşdırma 12 ay davam edəcək. Araşdırma üçün könüllülər 3 yerə ayrılıb, 1-ci qrup 300, 2-ci qrup 200, 3-cü qrup 100 milliqram aspirin tətbiqinə başlanıb. Aspirinin bilinən faydaları infarkt və iflicin qarşısının alması kimi faktlardan sonra bu xeyri də aşkarlansa, onda əsrimizin bəlası olan xərçəng xəstəliyinin müalicəsində olduqca müsbət irəliləyişlər əldə ediləcək. Nəzərə alsaq ki, daha öncəki araşdırmalar zamanı aspirinin bəzi xərçəng növlərinin qarşısını aldığı aşkarlanmışdı, bu dəfə daha ağır növlər hesab edilən qida borusu, bağırsaq, prostat və mədə xərçənglərinə qarşı effektiv olub-olmaması araşdırılacaq.

Tədqiqatın rəhbəri professor Ruf Lanqley bildirib ki, əgər aspirinin  xərçəngin yayılmasını dayandırdığı müəyyən edilsə, bütün xərçəng müalicə formaları dəyişəcək, insanların həyatda qalmasına yardım edən aspirinli müalicə metodları yaradılacaq: “Biz sübut edəcəyik ki, xərçəng əslində bahalı dərmanlarla, zərərli kimyaterapiya ilə yox, çox ucuz və sadə dərman olan aspirinlə müalicə edilir. Amma bir müraciət etmək istəyirəm, bu araşdırmadan xəbər tutan xərçəng xəstələri özbaşlarına aspirin qəbul etməsinlər, çünki bu dərmanın düzgün qəbul edilmədikdə ciddi zərərləri ola bilər”.

İngiltərənin Xərçəng Araşdırma İnstitutunun elmi doktoru Fiona Reddinqton isə araşdırma haqqında deyib ki, aspirinin xərçəng üzərindəki mümkün təsirləri sübut edilərsə, dünyada xərçəng xəstəliyinin müalicəsi üçün dərman istehsal edən qlobal güclər bundan razı qalmayacaq, çünki milyardlarla gəliri olan o dərmanları sata bilməyəcəklər.

O necə kəşf edildi?

Aspirin hər növ ağrını kəsən möcüzəli ağrıkəsici hesab edilir. Həkimlər hər gün 1 aspirin qəbul etməyin orqanizmə faydası olduğunu iddia edir. Həm qızdırma salır, həm ağrı kəsir, ürək, qan-damar xəstəliklərinə faydası var, bu, klinik təcrübələrlə sınanıb. Xərçəngi, AİDS-i müalicə gücünə malik aspirinin kəşfi XVIII əsrə təsadüf eləsə də Hippokrat öz yazılarında söyüd ağacı qabığının xeyirlərindən bəhs edərək ağrıkəsici kimi istifadə etdiyini deyir. İngiltərəsində isə bir kənd keşişinin söyüd ağacının qabığını qurudaraq dərman kimi istifadə etməsindən sonra  aspirin istehsalına başlandı. 1918-1919-cu illərdə yaşanan böyük qrip epidemiyası zamanı ölənlərin sayı II Dünya Müharibəsində ölənlərin sayından 5 dəfə çox idi, aspirin müahiribə zamanı möcüzəvi gücü ilə milyonlarla insanın həyatını xilas etdi. Aspirinlə bağlı ən maraqlı fakt da müharibə zamanı xəstəlikdən, güllə yarasından əziyyət çəkən döyüşçülərin bu dərmanla müalicə edilməsidir.

Aspirinin ilk istehsalı kimyagər Feliks Hofmanın adı ilə bağlıdır.1897-ci ildə Hofman salisilik turşusu istehsalına başlayanda aspirini ağrıkəsici və qızdırmasalıcı kimi yaratdı və ilk dəfə öz revmatizmli babasının müalicəsində tətbiq edərək müsbət nəticə əldə etdi.  Aspirinin tərkibi isə çox sadədir, bu hamımızın tanıdığı söyüd ağacıdır, “salik” latınca söyüd mənasını verir. İnfarktın, iflicin, xərçəngin, AİDS-in belə müalicəsində istifadə edilən bu kiçik ağ həblərin müsbət təsirləri elm tərəfindən də sübut edilib.  Aspirin qan laxtalanmasının qarşısını alır. Həkimsiz istifadəsi hər il yüzlərlə insanın ölümünə səbəb olsa da, həkimlər onun faydalarını inkar etmir.

Xərçəngin düşməni

İngilis alimlər hesab edir ki, gündə bir ədəd aspirin qəbul etmək orta yaşlı insanlarda xərçəng riskini ciddi nisbətdə azaldır. Hətta 50-60 yaşlı insanlar 10 il boyunca hər gün bir aspirin qəbul edərsə və daha sonra dərmanı içməyi dayandırarsa xərçəngdən ömürlük sığortalanmış olurlar. Londonun Queen Mary universitetinin xərçəngin qarşısını alma mərkəzinin professoru Jek Cuzikin rəhbərlik etdiyi araşdırma bunu təsdiq edib. Hər gün 75 milliqramlıq aspirin qəbul edən insanlarda xərçəng riski görülmədi. Siqaret və piylənməni azaldaraq xərçəngi müalicə etməyə çalışan alimlər aspirinin bu istiqamətdə mühüm rol oynadığını deyir. Həkim-farmasept Firuzə Bağırova deyir ki, bu möcüzə dərman iltihablanmanın da qarşısını alır: “Qanı durulaşdırıcı gücü var, yüngül  vazadiliatatordur. Oynaq ağrılarına, soyuqdəyməyə faydası çoxdur. Qızdırma salıcı, ağırıkəsici kimi təyin edilir, iltihab əleyhinə təsiri böyükdür.  Son illər xərçəngin müalicəsində faydalı olması barədə çoxlu araşdırmalar aparılıb, faydaları sübut edilib”. Aspirinin zərərinə gəlincə isə, həkimlər dozası yüksək  olan hər bir dərman qəbulunun mədəyə zərər verdiyini deyir, yüksək doza ilə qəbul edilən aspirin də buna daxildir. Milliqramı çox olan aspirin qəbulu  mədə qanaması yarada bilər, buna görə də qəbulundan öncə mütləq dozası ilə əlaqədar həkimlə məsləhətləşmək lazımdır.

Hər gün aspirin qəbul edilməsi xərçəngdən qorumaqla yanaşı, yoluxucu xəstəliklərdən də qoruyur. Amma dərmanın dozası düzgün təyin edilməlidir, hər gün 300 milloqram aspirin qəbul edərərk xərçəngdən qorunmaq istəyiniz əvəzinə mədə xəstəliyi qazana bilərsiniz, həkimlər daha çox 75 milliqram məsləhət görür. Özəllikə qripin çox yayıldığı soyuq havalarda həkim təyini ilə hər gün 1 aspirin həbi qəbul etmək qripə yoluxmaqdan sığortalayır. Ənənəvi aspirini apteklərdən cəmi 10 qəpiyə əldə edə bilərsiniz.

Lalə Mehralı