Yuxarı

Dünya vərəm təbili çalır

Dünya vərəm təbili çalır

veremHər il dünyada 2 milyona yaxın insan bu xəstəlikdən dünyasını dəyişir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki gün öncə yayımladığı son hesabatında 2014-cü il üzrə vərəm statistikası yer alıb. Təşkilatın bildirdiyinə görə, ötən il dünyada 1.5 milyon insan tuberkulyoz xəstəliyindən ölüb. Xəstəliyin əvvəlki illərlə müqayisədə ciddi formada artdığı, bu ilin ilk 8 ayında da vərəmdən ölənlərin çox olduğu bildirilir. Vərəm xəstəliyindən ölənlərin 50 faizi Çin, Hindistan, Nigeriya və Pakistanda olduğunu bildirən ÜST xəstəliyin əslində, müalicə oluna bilən olduğunu, amma etinasız yanaşıldığı təqdirdə ölümlə nəticələndiyini da diqqətə çatdırır.

Vərəm statistikası gerçəyi əks etdirir?

2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəm xəstələrin sayı cəmi 4384 nəfərdir. Onlardan 3164 nəfəri kişi, 1220 nəfəri isə qadındır. Bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində məlumat verilib. Statistik rəqəmlər 2014-cü ildə Azərbaycanda vərəm xəstələrinin sayında azalma müşahidə olunduğunu göstərir. Çünki  2000-ci ildə ölkəmizdə ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəmli xəstələrin sayı 5113 nəfər olub. Rəqəmlər göstərir ki, yaşı 13-ə qədər olan uşaqlarda da bu xəstəliyə rast gəlinib. Həmin xəstələrin ümumi sayı 147 nəfərdir. Onların 95 nəfəri oğlan, 52-si isə qızdır. Xəstəlik daşıyıcılarından 65 və yuxarı yaşda olanlar cəmi 198 nəfərdir ki, onlardan 133-ü kişi, 65-i isə qadındır. Rəsmi nəşrdə o da bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstələrinin sayı 9757 olub. 2000-ci ildə isə bu rəqəm 14274 nəfər təşkil edib.

Erkən aşkarlanma faizinin yüksək olduğu iddia edilir

Azərbaycanda vərəm xəstəliyinin erkən aşkarlanması müşahidə olunur. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov deyir ki, ÜST-nin aşkarlanma üzrə indikatoru 75 faiz olduğu halda, Azərbaycanda bu göstərici 79 faizdir. Məmmədbəyovun sözlərinə görə, ölkədə qeydiyyata alınan vərəm xəstələrinin sayı artır. 2011-ci ildə Azərbaycanda 2045 vərəmə yoluxma halı aşkarlanıb. 2010-cu ildə bu rəqəm 1997, 2009-cu ildə 1487 olub.

Vərəm xəstələrinin müalicəsinə nəzarət sistemi güclənir, müalicə nəticələri qiymətləndirilməyən xəstələrin sayı azalır. Məmmədbəyov bildirib ki, ÜST-nin müalicə nəticələri üzrə indikatoru 80-85 faiz olduğu halda, Azərbaycanda bu göstərici 77,6 faizdir.

Stiqma xəstəliyin gizli yayılmasına səbəb olur

Mütəxəssislərin fikrincə, normal qidalanmamaq, havası təmiz olmayan, gün düşməyən evlərdə yaşamaq, qapalı ofislərdə işləmək insanda bu xəstəliyin yaranmasına səbəb olur. İnsanlar arasında daha çox ağciyər vərəmi yayılıb. Vərəmin insana yoluxması isə hava-damcı yolu ilə baş verir. Elə bu səbəbdən də vərəm stiqması digər yoluxucu xəstəliklərə  nisbətən daha geniş yayılıb. Stiqma hər hansı bir xəstəliyə görə cəmiyyətin sərt qınağı, fərdi xəstəliyinə görə damğalaması deməkdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hər il 9-10 milyon insan vərəm xəstəliyinə tutulur və orta hesabla 1.5-2 milyon insan bu xəstəlikdən vəfat edir. Müalicə olunmayan bir vərəm xəstəsi 1 ildə 10-15 insanı yoluxdurur. Stiqmanın bu xəstəliyin gizlədilməsindəki rolu olduqca böyüdür, dolayısı ilə vərəmin yayılmasında cəmiyyət özü günahkardır, insanlar vərəmli xəstəyə qarşı inanılmaz dərəcədə aqressiv davranırlar. Bu cür xəstələrlə əl verib görüşmək, söhbətləşmək xəstəliyin yayıla biləcəyi ehtimalını artırdığı üçün cəmiyyət vərəmli xəstə ilə münasibət yaratmaq istəmir.

Rəsmi prosedur da xəstələri ürkdürür

Vərəmli xəstələr təyinatlı dispanserdə qeydiyyata da düşmək istəmirlər, çünki qanunlara görə, qeydiyyata düşən xəstənin iş yerinə bildiriş göndərilir və bu da xəstəyə qarşı stiqmanın iş yerində yayılmasına səbəb olur. Ekspertlər deyir ki, vərəmin tolerant formasına görə, Azərbaycanın dünyada lider olmasının bir səbəbi də məhz stiqmadır. Qınaqdan, tənədən, cəmiyyətin ləkəsindən qorxan vərəmli xəstə həkimə getmir, müalicə almır və xəstəlik irəliləyərək daha təhlükəli hal almağa, tolerant vərəmə çevrilməyə başlayır. Qeyd edək ki, tolerant vərəm xəstəliyin dərmanlara tabe olmayan növüdür.

Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan bildirdilər ki, vərəmli xəstələrə qarşı münasibətdə çox böyük stiqma olduğundan ölkəmizdə vərəm xəstələri öz xəstəliklərini aşkarlamağa, müalicə olunmağa qorxur. İnstitut rəsmisinin sözlərinə görə, vərəmə yoluxmuş insanlar daha çox öz xəstəliklərini qapalı saxlamağa üstünlük verirlər. Bu hal cavanlar, xüsusilə də qızlar arasında geniş yayılıb.

Azərbaycan vərəmlə necə mübarizə aparır?

Ölkəmizdə vərəm xəstəliyi ilə mübarizə məqsədi ilə bir sıra normativ sənədlər hazırlanıb və ÜST tərəfindən tövsiyə edilən strategiyalar qəbul edilib. Bundan əlavə, Nazirlər Kabineti “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nı təsdiq edib. O cümlədən “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunda qeyd olunur ki, vərəm xəstəliyinə tutulmuş şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər. Amma təəssüflər olsun ki, onların azadlığını, hüququnu stiqmanı genişləndirən şəxslər əlindən alır. Qeyd etmək vacibdir ki, vərəmli xəstələr dispanserdə qeydiyyata düşdüyü təqdirdə lazımi dərman preparatları ilə təmin edilirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da vərəmin tolerant formasının əhali sayına görə Azərbaycanda lider olmasını deyir. Onun sözlərinə görə, bu növ vərəm Rusiya həbsxanalarından yayılıb və yarımçıq və düzgün aparılmayan müalicənin sayəsində yaranıb: “Bizim əhali arasında bu növ vərəm məhz miqrantların gediş-gəlişi zamanı yayıldı. Elə bu səbəbdən də əhalinin stiqması, narahatlığı böyükdür. Əslində, çox ciddi bir situasiyadır. Mən hesab edirəm ki, stiqma yaradan xəstəliklərin çoxusu dövlət proqramına daxil olmalıdır. Bu cür xəstəliklərin müalicəsində çox ciddi şəkildə sosial müdafiə elementləri olmalıdır”.

“Sağlam Həyat Mədəniyyəti” İctimai Birliyinin sədri, Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə isə, yoluxucu xəstəliyi olan insanlara qarşı cəmiyyətdə davranış mədəniyyəti aşılamaq lazımdır: “Əgər biz insanlara desək ki, xəstəliyi olan insanlara əhəmiyyət verməyin, bu da doğru olmaz, çünki xəstəlik yoluxucudur. Onlarla ehtiyatlı davranmaq lazımdır, amma bunu hiss etdirmədən. Ölkəmizdə sağlamlıq mədəniyyətinin özünü kompleks inkişaf etdirməyə ehtiyac var. İnzibati yollarla bu məsələdə irəliləyiş əldə etmək olmur, bunu görürük, konkret olaraq mövcud təfəkkürü dəyişmək, sağlamlıq mədəniyyətini yaymaq lazımdır. Bizim əhali nəinki xəstə insana stiqma ilə yanaşır, heç öz sağlamlığını qorumur”. Ümumiyyətlə, vərəm də daxil olmaqla bütün yoluxucu xəstəliklərdən qorunmağın ən vacib şərti immun sistemini yüksək saxlamaqdır. Qidalanmada təbii qidalara, bol vitaminli meyvələrə üstünlük verməklə immuniteti qaydasında saxlamaq mümkündür.

Lalə Mehralı