Yuxarı

“Əgər Türkiyə Əbülfəz Elçibəyə yardım etsəydi...”

“Əgər Türkiyə Əbülfəz Elçibəyə yardım etsəydi...”

“Əsgər Akayev Ermənistana gedib erməni abidəsinin qarşısında diz çökərək “Bir türk olaraq üzr istəyirəm”, - dedi”

Cebhe.info Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri, jurnalist Turqut Ərin “Yeni düşüncə” jurnalına müsahibəsini təqdim edir. Qeyd edək ki, 1993-2000 illərdə Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat katibi olan Turqut Ər “Azadlıqtan Tiranlığa” kitabının müəllifidir.

- Sovet İmperiyası dağılan kimi ortaya çıxan müstəqil türksoylu və muxtar dövlətlərlə Türkiyənin münasibəti necə idi? Gələcəklə bağlı hansı siyasəti reallaşdırırdı?

- Əvvəlcə Sovet imperiyasının nə vaxt dağıldığına toxunmaq istəyirəm. Sovet imperiyasını 71 il yaşadan kommunizm idi. Mərkəzi dövlət Rusiyaydı. 1917- ci ildən II Dünya Müharibəsinə qədər Ukrayna daxil olmaqla, Rusiyanın hegemonluğunda bir çox xalq birliyi və dövlət vardı. II Dünya Müharibəsi bitdikdən sonra Rusiyanın qərbində bir çox dövlət Rusiyanın təsiri altına düşdü. 1945-ci ilə qədər rus kommunizminin pəncəsində qalanların çoxu şərq və cənubdakı türksoylu dövlət və birlikləri idi. Qərbdəykən döyüş qəniməti kimi Rusiyanın daxilində qalanların əksəriyyəti vaxt keçdikdən sonra rus şovinizminin kürəyində yükə çevrilməyə başlamışdı. Çünki heç biri təbii sərvətlərə sahib deyildi. Bundan əlavə onlar Avropa ölkələri idi. Azadlığın nə olduğunu yaxşı bilirdilər. Ənənələri bir idi, mədəniyyətləri zəngin idi, bir-birilərinə qohum ölkələr idilər.Vaxt keçdikdən sonra rus faşizminə dözmədilər. Hər cür təbii sərvətə sahib idilər. Çalışqan və itaətli xalqlardı. Müharibələrdə öndə gedirdilər. Neft, qaz, qızıl, gümüş, uran, titan, mis və daha bir çox qiymətli yeraltı sərvətin sahibiydilər. Geniş və səmərəli yaylaları, hər cür kənd təsərrüfatı məhsulunun yetişdirilməsi üçün münbit torpaq sahələri var idi. İmperiyadan kənar ölkələr, xüsusilə Qərb dünyası sürətlə inkişaf edirdi. Keyfiyyətli mallar istehsal edilərək dünya bazarına çıxarılırdı. Kommunizmin pəncəsində inləyən insanlar bu inkişaflardan o dəqiqə xəbər tutur, görür, qibtəylə izləyirdilər. Azad dünyada bu inkişaf olarkən kommunizm dünyası silah sənayesi istisna olmaqla, heç bir sahədə insanların xeyrinə istehsal, istehlak və marketinq texnologiyalarını inkişaf etdirmirdi. Bir qabyuyan maşın, bir telefon kommunizm insanı üçün fövqəladə idi. Kommunizm dünyası üstəlik demokratiya, liberal iqtisadiyyat kimi insanları cəzb edəcək təməl sistemlərdən də uzaq idi. Buna görə rus şovinizmi bu təzyiqlərə dözə bilmədi. Yükü kürəyindən atmaq üçün Qorbaçov kimi bir aktyoru meydana çıxardı. Müstəqil dünya Qorbaçovu alqışlayanda o, Şərqdəki və Qafqazdakı geniş torpaqlarda yaşayan, çoxu türk və müsəlman olan dövlət və birlikləri kommunizm bənzəri bir sistem içində yenidən formalaşdırıb idarəetmə yolunu seçdi. Moskvada da Qorbaçovun bu yalanı başa düşüldü. Rus xalqı üsyana başladı. Başda Azərbaycan olmaq üzrə türkköklü dövlətlərdə azadlıq hərəkatları başladı. Daxili qarışıqlıqlar Kremlin divarlarına qədər gedib çıxdı. Uçqun kimi böyüyən hadisələrin qarşısında bir başqa kommunist lider olan Yeltsin tankların üzərinə çıxaraq dayandı. İnkişaf edən bu hadisələr Ermənistan və Gürcüstan daxil olmaqla türk dünyasındakı dövlətlərin müstəqilliklərini elan etməsiylə sona çatdı.

- Türk dünyasında müstəqilliyini qazanan bu yeni dövlətlərə qarşı Türkiyə Respublikasının rəftarı necə oldu?

- Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ermənistan, Gürcüstanın müstəqilliyini əvvəlcə Türkiyə Respublikası tanıdı. Qırğızıstan istisna olmaqla, bu dövlətlərin çoxunda köhnə kommunist birinci katiblər prezident oldular. Qafqaz ölkələri və Orta Asiyadakı türk dövlət və icmalarının kilidi olan Azərbaycanda qarışıqlıq dayanmadı. Çünki kommunizmin tarixi boyunca ruslara qarşı çıxan insanları Azərbaycanın vətənpərvər, milliyyətçi, çoxu gənc qabaqcılları 1967-ci ildən bəri hazırladıqları “Xalq Cəbhəsi” təşkilatı böyük mübarizə adamı, türk elm xadimi Əbülfəz Elçibəyin liderliyində Bakının Azadlıq Meydanında hərəkətə keçirdi. Rusiyaya bağlı kommunist birinci katib, prezident Ayaz Mütəllibov devrildi. Demokratik seçkiylə Əbülfəz Elçibəyi prezident seçdilər. Qafqazda Krasnodardan Dərbəndə qədər 6 muxtar respublika vardı. Bunların çoxu türksoylu idi. Bir neçəsində müstəqillik hərəkatları başlamışdı. Xüsusilə Çeçenistandakı mitinqlər dünya gündəmində idi. Kommunizm dövrünün general, Qarabulaq türkü olan Gövhər Dudayev Çeçenistanda müstəqillik elan etmişdi. Digər muxtariyyatlar da Dudayevi təqib edirdilər. Qafqaz və Orta Asiyada bunlar yaşanarkən, hadisələr sürətlə inkişaf edərkən bunları ilk tanıyan Türkiyə əslində türksoylu, türkdilli dövlətlər və digərləri haqqında ətraflı məlumat və sənədə sahib deyildi. Bu barədə məlumatı yox idi. Yalnız qulaqdan qulağa gəzən, ya da yanlış məlumatlara sahib idi. Onlar da nədənsə oralarda vəzifələndirilən məmurlara verilmirdi. Xarici siyasət gələcəyə yönəlik hazırlanmırdı. Gündəlik və anlıq tətbiqlərlə ötəri işlər görülürdü. Sovet imperiyası dağılmış, rus dövləti daxili qarışıqlıqlarla qarşı-qarşıya idi. Rusiyanın bütün çarxları çökmüş və dayanmışdı. İnfliyasiya milləti yoxsullaşdırmış, primitiv texnologiyalara əsaslanan istehsallar də dayanmışdı. Xalq aclıq içində idi. Rusiya və Qafqazdakı, yeni müstəqilliyini qazanmış Azərbaycan, Gürcüstan və Ermənistanda xalqın əlində qarınını doyuracaq nə pul var idi, nə də bir imkan.

- Azərbaycanda da eyni vəziyyət mövcud idi?

- Azərbaycan bir az şanslı idi. Çünki Türkiyə əlindən gəldiyi, gücü yetdiyi qədər Azərbaycana bəzi köməklər göstərirdi. Rus silahlı qüvvələri Gürcüstan, Ermənistan və Azərbaycandan hələ çəkilməmişdi. Hədə ünsürü olaraq hələ oralardaydılar. Elçibəyin iqtidara gəlməsiylə birlikdə ilk işi rusların Azərbaycandakı silahlı güclərini dəniz, hava və quru qüvvələrini ölkədən çıxarmaq oldu. Rus qüvvələri yalnız Gürcüstan və Ermənistanda qalmışdı. Rus gücləri bu gün hələ də oradadır. O gücsüz halına baxmayaraq, Rusya dövləti Azərbaycandakı hamilərinin köməyilə Qarabağı ermənilərə işğal etdirdi. On minlərlə Azərbaycan türkünü qırdırdı. 9 rayonu işğal etdi. 1 milyon 200 min Azərbaycan türkü öz vətənində “qaçqın”, yəni sığınacaq axtaran şəxs oldu. Mən Azərbaycana gedəndə oraların vəziyyəti belə idi. Neft qoxusunu alan Qərb müstəmləkəçilər yeni gəlirdi. Azərbaycanda səfirlikləri belə yox idi. Amma bizim səfirlik vardı. Minlərlə vətəndaşımız Qafqaz və Azərbaycana getmişdi. 3 mindən çox tələbəmiz Azərbaycan və Gürcüstan universitetlərində oxumağa başlamışdı. Rusiya və İran Azərbaycana iqtisadi embarqo tətbiq edirdi.

- Türk dünyasında müstəqilliklərini elan edən dövlətləri ilk tanıyan və kömək edən Türkiyə Respublikası olaraq oralarda nə üçün Rusiya və İran qədər təsirli ola bilmirik? Sözümüz keçmir, gücümüz yoxdur? Bu vəziyyətdən niyə istifadə edə bilmədik?

- Sizin bu sualınızı iki cümləylə və mənim yazdığım “Azadlıqtan Tiranlığa” kitabımdan cavab verim. Ruslar oraları 71 il kommunizmlə idarə etdilər. Dilini, dinini, adət-ənənələrini zəiflədərək nəzərdə tutduqları sistemləri yerləşdirib özlərinə bağlı nəsillər yetişdirdilər. Vətənpərvərləri yaşatmayıb, vətənlərindən sürgün və ya qətl etdilər. Daha da vacibi özlərinə bağlı inanmış və millətinə xəyanət edən kadrların vəzifədə qalmasını təmin etdilər. Türkiyə isə tarix boyunca bir az tərəqqi dövrü, bir az Atatürk dövrü istisna olmaqla məlumat və təcrübə toplamadı. Bu səbəbdən türk dünyasının formalaşdığı dövrə türk dövləti olaraq hazırlıqsız girdi. O dövrdən bu günə qədər buralarla əlaqələrimiz, dövlətdən dövlətə yox, fərddən fərdə, səthi və saxta, köksüz şəkildə icra edilir. İlk zamanlar (1991-1996) səhvlər olmasına baxmayaraq, baş verənlərə türkdilli dövlətlərin liderləri, Parlament Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və TÜRKSOY olaraq liderlik etdik. Bəzən milli məsələlər görməzdən gəlindi. Məsələn, qırğız prezidenti Əsgər Akayev Ermənistana gedib erməni abidəsinin qarşısında diz çökərək “Bir türk olaraq üzr istəyirəm”, - dedi. Türkiyəni idarə edənlər gündəlik siyasəti, papaq geyinməyi, qılınc gəzdirməyi, ata minməyi, bu günlərə və gələcəyə hesablanan əsas milli siyasəti təsbit edib mühafizə edə bilmədilər. Halbuki türk dünyası milləti, mədəniyyət və inanclarıyla buna hazır idi.

- Bu barədə çox haqlısınız. Çünki Elçibəy prezident olduqdan dərhal sonra ilk ziyarət etdiyi ölkə Türkiyə oldu…

- Bəli. Elçibəy ilk ziyarət etdiyi Türkiyədə, yadınızdadırsa, TBMM tarixi çıxış etdi və belə dedi: “Biz türklər demokratiya ənənəsindən gələn bir millətik. İmperatorluqlar dağıldıqdan sonra bütün türk xalqları bu demokratiyaya gedəcək. Avropa və Asiyanı birləşdirən Türkiyə türklüyü bu məsələdə bir nümunədir. Bunu görməmək olmaz. Bu bir mübarizədir. Biz bu yolda gedəcəyik. Parlament sistemini Türkiyədən nümunə olaraq alacağıq. Özgürlüyümüzlə kifayətlənməyib azad olmaq uğrunda mübarizə aparan türk xalqlarına, müsəlman dünyasına əlimizdən gələn köməyi təmin edəcəyik”. Türkiyə Rusiyanın ən gücsüz zamanında Qafqaz ölkələrini, İranı, Orta Asiyanı xüsusilə Azərbaycanı kifayət qədər qiymətləndirəcək siyasi strategiya reallaşdırmadı. Türkiyə bürokratiyasında müşavir, erkən təqaüdçü olan təcrübəli bürokrat və hərbiçilər Azərbaycana göndərilə bilərdi. Azərbaycanda müasir demokratik dünyəvi hüquq dövlətinin qurulmasına köməkçi ola bilərdi. Bu mövqeyini digər müstəqil türk dövlətlərində də reallaşdıra bilərdi. Buna zəmin vardı. Rus imperiyası dağılmışdı və heç bir iş görə bilmirdi. Qızıl ordu dağılmışdı. Əllərinə keçirdikləri bir tankı 1000 dollara satırdılar. Azərbaycanla qurulacaq güclü bir birlik Şimali Qafqaz, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Tacikistan və digər türk birlikləri, muxtar türk dövlətləri də qurula bilərdi. Çin Səddinə qədər. 21-ci əsr Türk əsri ola biləcəkdi. Ona görə dünya ölkələrinə bu vəziyyət təsir edəcəkdi. Qafqazdakı türk soylu avtonom dövlət və birliklər müstəqilliklərinə qovuşacaqdılar. Qara dəniz Rusiyaya qapanacaqdı. Rusiya yenidən imperialist əməlləri daşıyan cəhdlərindən, açıq və gizli müdaxilə gücündən məhrum olacaqdı. Türkiyənin İran üzərində daha çox təsiri olacaqdı. Bəlkə də İranın tarixində görüldüyü kimi, 20-30 il içində Türkiyənin şimal-şərqində Türkiyədən sonra ikinci bir türk dövləti qurulacaqdı.

- Sizin fikrinizcə, Türkiyə Respublikası Sovet İmperiyasının dağılmasıyla birlikdə ortaya çıxan tarixi fürsətləri kifayət qədər qiymətləndirə bildimi?

- Sovet İmperiyasının dağılmasıyla birlikdə tarixin önümüzə qızıl nimçəylə təqdim etdiyi bu fürsəti təəssüf ki, qiymətləndirə bilmədik. Türkiyə aktiv siyasət yerinə passiv siyasət yeritdi. Türkiyəni idarə edənlər Qafqaz, Orta Asiya və Orta Şərqdə Rusiyaya qarşı passiv xarici siyasət icra etdi. Əgər Türkiyə 1992-ci ildə xalqının 67 faizinin səsverməsi ilə seçilən Əbülfəz Elçibəyin 5 illik prezidentliyini davam etdirməsi üçün yardım etsəydi, hətta bizim rəhbərliyin başında olanlar Elçibəyin iqtidardan bilvasitə getməsinə kömək olmasaydı, Azərbaycan müasir, demokratik və güclü bir dövlət olacaqdı. Qafqaz və Orta Asiya ölkələrinə nümunə olacaqdı, oralara təsir edəcəkdi. Kommunizm dövründə birinci katibləri olub hələ ölkələrini idarə edənlərin yerinə, öz irqinə, öz ənənələrinə və dilinə bağlı müasir demokratik idarəçilər işbaşında olacaqdı. O zaman 300 milyonluq böyük türk dünyası Rusiyanı da, İranı da, Çini də və digər imperialist ölkələrin əməllərini də təhdidedici, daşındırıcı güc olacaqdı. Amma olmadı. Türkiyə Respublikası rəhbərlərinin iradəsizliyi, qorxaqlığı, kef əhli olmaları, passivliyi, uzaqgörən olmamaları indiki vizəyyətə yol açdı. Bu gün Rusiya, İran və Çini əməllərindən daşındıracaq gücümüz var? Tarixdə türk adıyla qurulmuş, 3-cü böyük türk dövlətinin böyüklüyünə uyğun siyasətlər yürüdülməyib. O idealların əksinə türklüyə, Türkiyəyə xəyanət etmiş, arxadan vurmuş, ASALA-nı, PKK-nı və digər terror təşkilatlarını öyrədib bəsləyərək Türkiyəyə yönəldənlərin əlindən tutmağa, onların şüarlarını türk millətinə qəbul etdirməyə çalışırıq. İranda 38 milyon türk var. Bəluç var, kürd var, erməni var, farslar isə azlıqdadır.

Farslar at oynadır. Zaman - zaman açıq və ya gizli bizi təhdid edir. İçindəki erməni və kürd köklüləri əleyhimizə istifadədən çəkinmir. Azərbaycanı daim hədələyərək içindəki türk gücünü həzm edir. Saxta Türk mənşəli olaraq aldatdığı dini liderləri içindəki və xaricindəki türklərin gözünü boyayır. Biz isə illərdir İrandakı tiranlıq rejimindən qaçıb gələn Türkiyədə yaşayan milyonlarla iranlının, tiranlıq rejimini hədələyici ünsür olaraq istifadə edirik. Artıq bir də dəyərdən düşən qaz və neftiylə, ya da saxta atom təhdidiylə ərazidə rejim yaradır, bizi təhdid edir, terror təşkilatlarını dəstəkləyir, bəsləyir. Halbuki 70 milyonluq İrandakı insanların 90% -i dövrün hər cür imkanından məhrumdur.

Kamal