Yuxarı

Əsrimizin vəbası - Miqren

Əsrimizin vəbası - Miqren

miqrenƏgər sizdə də ürəkbulanması, qusma, işığa və səsə həssaslıq varsa...

Məsəl var, deyir: “damdan düşənin halını ən yaxşı damdan düşən anlar”. Miqrenlə bağlı dünya mətbuatında rast gəldiyim yeni müalicə üsulunu görəndə bu problemdən əziyyət çəkənlərdən biri olaraq sevindim. Çünki kritik anda ən az 60-70 saat davam edən, bəzən 10-15 gün dayanmayan şiddətli miqren ağrıları iş performansımı, ən azı, 3 qat azaldır, çəkdiyim ağrı səbəbindən yata bilmirəm, ətrafıma qarşı aqressiv oluram və üstəlik, bu qədər inkişaf etdirilən tibb mənim kimi milyonlarla insanın bu dərdinə çarə tapa bilmir. Bu gün dünya əhalisinin hər 6 nəfərindən biri miqren bəlasının əsiridir...

Tibb onu niyə məhv edə bilmir?

Dünyada indi onu “əsrin vəbası” adlandırırlar. Çünki o sadəcə, başağrısı deyil. Miqren xəstələri çox zaman ağrıların təlqin etdiyi depressiv durumun əsiri olur, cəmiyyətdən təcrid olurlar. Ürəkbulanması, qusma, işığa və səsə həssaslıq bu xəstəliyin birinci əlamətləridir. Düzdür, miqren xəstəliyi xarici görünüşdə heç bir problem, deformasiya yaratmır, amma davamlı baş ağrıları miqrenli insanları səs-küylə, izdihamla qarşılaşmamaq üçün ətrafından təcrid edir, sutkalarla başağrısı çəkən insan həyatından küsür.

Ən az 3 gün, bir çox halda 7 gün, bəzən 15 gün davam edən şiddətli baş ağrıları yuxu sistemini pozur, əsəbləri gərginləşdirir, miqrenli insanı ətrafına qarşı aqressiv edir. Bu gün dünyada miqren müalicəsi üçün çoxçeşidli  dərman istehal edilsə də, bu xəstəliyi kökündən həll edən müalicə üsulu yoxdur.

Əməliyyat, ya botoks?

Bu günlərdə dünya mətbuatında rast gəldiyim bir xəbər miqren xəstələri üçün bir ümid ola bilər. Düzdür, yenə 100 faizli təminat verilmir, amma hər halda ümiddir. Tanınmış rus alimləri hesab edir ki, miqren xəstəliyindən əməliyyat yolu ilə  birdəfəlik xilas olmaq olar. Əməliyyatların 90 faizi uğurlu olur. Tibii araşdırmalar zamanı məlum olub ki, əməliyyat olunan xəstələrin 60 faizinda tamamilə sağalma, 30 faizində tədricən sağalma müşahidə edilir. Alimlər əməliyyatdan qorxan xəstələr üçün alternativ yol da məsləhət görür. Belə ki, kəskin miqren ağrıları olan və həyatı bu səbəbdən kabusa dönən xəstələr botoks tətbiqi ilə bu xəstəlikdən qurtula bilər. Bu günlərdə Türk Nevroloji Dərnəyi açıqladı ki, 2010-cu ildən bəri həyata keçirdikləri müalicə metodu öz nəticəsini verir. 15 gün və daha çox baş ağrısı olan miqren xəstələrinə botoks tətbiq etməklə tədricən sağalmalarına nail olmaq mümkündür. Bu günədək hərəkət pozuqluqlarının, normadan çox qıyılan göz, yığılan boyun əzələlərinin müalicəsində istifadə edilən botoks müalicəsi miqren xəstələrinin də dərdinə dərman olur.  Dərnəkdən verilən açıqlamada bildirilir ki, botoks tətbiqi zamanı xəstələrin ağrılarının azalması, yox olması müşahidə edilir: “Əvvəllər sadəcə bəzi əzələ narahatlıqlarını aradan qaldırmaq üçün istifadə edilirdi, artıq gözəllik sahəsində də geniş tətbiq edilir. Üz əzələlərinin gərilərək daha hamar dəri əldə etdilməsində botoks tətbiqi geniş yayılıb. İndi miqren xəstələri üçün də botoks tətbiq edilir və effektiv olur”.

“Miqren eramızdan əvvəl də olub”

Tibb eksperti Sadiq Həşimov deyir ki, insanın baş ağrıları ibtidai quruluşdan bu yana var: “Araşdırmalar zamanı eradan əvvəldən qalan kəllə sümüyündə bir cihazla dəlik açılması müəyyən edilib. Bu əməliyyata trepanasiya deyilir,  müvafiq nahiyəni, ya da boşluğu əldə etmək məqsədi ilə kəllə sümüyünün dəlilməsidir. Bir çox hallarda bu dəliklər miqren müalicəsi üçün açılırdı. Düzdür, onlar bunu məhz miqren adlandırmırdılar, kəllə sümüyünə girmiş cinin ordan çıxması üçün edirdilər, yəni bu inanca inanırdılar. Amma bu üsulu əks etdirən bəzi şəkillər var ki, bizə o dövrdə də miqren xəstəliyi olduğunu deməyə əsas verir”.

Müsahibimiz deyir ki, bu gün dünyada qadınların 95, kişilərin isə 90 faizinin ildə bir dəfə baş ağrısı yaşadığı məlumdur: “Cəmiyyətdə ən çox rastlanan baş ağrısı isə miqrendir.  İllərdir əsəbdən, sinir problemlərindən müalicə alan elə insanlar var ki, axırda məlum olur ki miqren xəstəsidir. Amma xəstəliyi təyin edilənədək kilolarla dərman içir. Vaxtında təyin edilməyən xəstəliyin inkişafı bir yana, səhv müalicə də neçə cür xəstəlik meydana çıxarır. Miqren ağrıları o qədər sərt olur ki, dözmək mümkün olmur, bir çox hallarda ağrıkəsicilərə də tabe olmur”.

Həyat tərzindən qidalanmayadək...

Nervepotoloq Asif  Sadıqov bizimlə söhbətində bildirdi ki, indi miqren tutmalarına daha çox stress dolu həyatımız səbəb olur: “Başqa faktorlar da var, yuxusuzluq da miqreni oyadır, kəskin qoxular da.  Miqren tutmalarına bir səbəb də düzgün qidalanmamaqdır.  Pivə, qırmızı və ağ şərab miqrenə səbəb olan əsas amillərdən biridir. Bu içkilərin miqreni ortaya çıxarmasının ən böyük səbəbi susuzlaşmaya yol açaraq, baş ağrısı yaratmasıdır. Fikir vermisinizsə, pivə içənlərin əksəriyyəti onu susuzluğunu yatırmaq üçün içir, amma susuzluq çoxalır. Bədəndə su nisbəti azaldıqca miqren oyanır. Yeməklərin tərkibindəki titamin maddəsi də miqren tutmalarına səbəb olur, bu maddə bişmiş yeməklər saxlandıqca daha da çoxalır. Bu səbəbdən də soyuducuda saxladığınız yeməklər miqrenin oynaması üçün dəvətnamə rolu oynayır”.

Həkim deyir ki, miqrenin yaranma səbəbləri fərqlidir. Amma ən çox səbəb olan titamin və ya feniletilamin adlı maddələrdir.  Bu iki maddə şokolad, köhnə pendir, paxla məhsullarında, fındıqda, toxumlarda, turş meyvələrdə və sirkələrdə olur: “Sosiska,  kolbasa nitrit tərkiblidir. Eyni zamanda toyuq və paxla souslarında, qurudulmuş ətlərdə, hisə verilmiş, duzlanmış məhsullarda olan nitrit miqrenə səbəb olur. Çay, sirkə və qırmızı şərabın tərkibindəki tanen maddəsi miqreni artıran amillərdən biridir. Miqreni olan insanlar qida etiketlərini oxumağı vərdiş etməlidirlər. Mononatrium glutamat, maya ekstraktı, natrium kazeinat tərkibli qidalardan uzaq durun. İçkilərdə dadlandırıcı  kimi istifadə edilən aspartam maddəsi də miqrenə səbəb olur.

Həkim deyir ki, qəhvə, qara və yaşıl çay da miqren tutmalarına səbəb olur. Amma bir çox miqren xəstəsi də var ki, məhz qəhvə ilə ağrılarını sakitləşdirir. Buna səbəb beyinə gedən damarların qəhvə sayəsində boşalması və qan dolaşımını sürətləndirməsidir.

Miqren tutmalarını  necə azaltmalı? 

Miqrendən əməliyyatsız, botokssuz xilas olmağın bir yolu da var, amma bu tamamən xilas olmaq demək deyil, sadəcə miqren tutmalarını azaltmaq mümkündür. Əgər sizin miqren probleminiz varsa, rejimlə qidalanın, gün ərzində ən azı 5 saatdan bir yemək yeyin. İdeal çəkinizi qoruyun, miqren bədən indeksi və ideal çəki ilə əlaqəli olaraq tutmalarını artıra bilir.

İdmanı unutmayın, adət edin, müntəzəm şəkildə idmanla məşğul olun. 30 dəqiqə yoqa və gündə ən azı 10-15 dəqiqəlik yüngül qaçışlar təzyiqə təsir göstərib əzələləri gücləndirir, qan dövranını sürətləndirir, baş ağrılarını azaldır və stressi yox edir. Gündə ən azı 2 litr su için. Miqrenlə mübarizə aparan ən vacib qida sudur. İnsan orqanizmi susuz qalanda miqren tutmaları artır.

Həyatınız böyük şəhərlərdə keçirsə, o zaman miqren tutmalarının sayını azaltmaq çətin olacaq, çünki stressli mühit, səs-küylü çevrə sizdən asılı olmayan səbəblər olaraq xəstəliyinizi oyadacaq. Qeyd edək ki, miqren insanların əmək fəaliyyətinə mane olan xəstəliklər siyahısında 19-cu sırada yer tutub. Araşdırmalar nəticəsində düzgün qidalanmağın və sakit mühitin miqreni 25-40 faiz azaltdığı ortaya çıxıb.  Nahaq yerə demirlər ki, böyük şəhərlər bizə mədəniyyət gətirir, amma sağlamlığımız bahasına...

Lalə Mehralı