Yuxarı

Ermənistanda qarşıdurma:Paşinyan iqtidarını qoruya biləcək?

Ermənistanda qarşıdurma:Paşinyan iqtidarını qoruya biləcək?

Ermənistanda qarşıdurma:Paşinyan iqtidarını qoruya biləcək?

Ermənistanın Dağlıq Qarabağ münaqişəsində məğlubiyyəti bu ölkədə siyasi böhrana səbəb olub.

Müxalifət təslimçi mövqe nümayiş etdirdiyinə görə Baş nazir Nikol Paşinyanın istefayasını tələb edir. 17 siyasi partiya N.Paşinyanı istefaya məcbur etmək üçün birgə kütləvi aksiya keçirsə də, hökumət başçısı siyasi müqavimət göstərir. Bir neçə müxalifət partiyasının lideri həbs olunub. Polis gücləndirilmiş iş rejiminə keçirilib. Hökumət və parlament binaları, həmçinin Paşinyanın iqamətgahı polis mühasirəsinə alınıb. Qəzəbli kütlə isə zorakı şəkildə cəzalandırmaq üçün Paşinyanı axtarır. Aksiyaçılar bu gün gecə yarısına qədər Paşinyana möhlət verib. Bu müddətdə Paşinyan istefa verməlidir.

Ona görə də Ermənistanda siyasi qarşıdurma qaçılmaz hesab edilir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin noyabrın 15-də Kəlbəcər, 20-də Ağdam, dekabrın 1-də isə Laçın rayonundan çıxarılacağını nəzərə alsaq, yaxın günlərdə N.Paşinyan hakimiyyətinə qarşı aksiyalar güclənə bilər. Bu baxımdan, Ermənistanda siyasi qarşıdurmanın hərbi müstəviyə keçməsi də istisna edilmir. Yəni Ermənistanda siyasi mübarizədə terror taktikasından istifadə olunması ənənəvi hal aldığı üçün vətəndaş müharibəsinin baş verəcəyinə dair fikirlər səslənir. Ancaq bu daha çox Paşinyan hökumətinin etiraz aksiyalarını silahlı yolla yatırtmağa cəhd etdiyi halda mümkün ola bilər.

Ekspertlərin fikrincə, radikal ermənilərin, xüsusilə "Qarabağ klanı”nın nümayəndələri Paşinyana, digər hakimiyyət nümayəndələrinə terror edəcəyi və ya ordunun köməyi ilə dövlət çevrilişi etməyə çalışacağı da istisna olunmur. Məsələn, 2016-cı ilin aprel döyüşlərində Ermənistanın məğlub duruma düşməsinə etiraz olaraq, "Sasna Tsrer” təşkilatının üzvləri polis bölməsini girov götürərək bir neçə nəfəri qətlə yetrimişdi. İndi də belə hadisələrin, yaxud 1999-cu ildə parlamentin gülləbaran edilməsi kimi terror aktlarının törədiləcəyi ehtimalı yüksəkdir.

Konfliktoloq Əvəz Həsənov Cebhe.info-ya bildirib ki, hazırda Paşinyan Ermənistan cəmiyyətində nüfuzunu tamamilə itirsə də, hakimiyyəti təhvil vermək niyyətində deyil. O, məğlub olmuş baş nazirə çevrilsə də hökuməti əlində saxlamaq üçün siyasi və hüquqi vasitələri itirməyib:

"Hökumətə təzyiq edən partiyaların əksəriyyəti Rusiyayönümlü və vaxtilə Paşinyan tərəfidən korrupsiyada ittiham olunmuş təşkilatlardır. Artıq Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Tsarukyanın həbs olunub və digər müxalifət liderlərinin istintaqa cəlb edilib. Paşinyan özü də siyasi partiyaları ittiham edərək bildirdi ki, siz mənimlə hakimiyyət davasə aparmaqdansa, gedib Qarabağı müdafiə edəydiniz. Paşinyanın özünü kifayət qədər arxayın aparmağının səbəbi Ermənistanın parlamentli respublika olması ilə bağlıdır. Bu sistemdə hökuməti devirib hərbi xunta yaratmaq mümkün deyil. Prezident üsul-idarəsində bu daha asandır. Prezidenti hərbi yolla devirmək olur. Çünki o, bir nəfərdir.

Bu halda məsuliyyət prezidenti devirən şəxsin üzərinə düşür. Parlamentdə fərlidir. Hətta Paşinyanı istefaya məcbur etsələr belə, parlament bu qərarı təsdiq etməlidir. Parlamentəki 123 deputat yerinin 88-nin Paşinyanın "Mənim addımım” fraksiyasına aid olduğunu nəzərə alsaq bu çətin məsələdir. Həm də onlar Qarabağ klanından, onların talançılıq siyasətindən doymuş insanlardır. Ona görə də Paşinyanın tezliklə devrilməsi inandırıcı deyil. Təbii ki, vətəndaş qarşıdurması olacaq. Qarabağ klanı sakit dayanmayacaq. Onlar Ermənistan hökumətinin Qarabağı belə asanlıqla uduzmasını qəbul edə bilmirlər. Ona görə də vətəndaş qarşıdurması baş verəcək. Ancaq ermənilər ümumilli məsələlərdə problem yarandıqda tezliklə birləşməyi bacarırlar. Buna baxmayaraq, ola bilər ki, hansısa bir lideri terror yolu ilə aradan götürsünlər”.

Qeyd edək ki, Ermənistanda siyasi hərarətin artdığı bir vaxtda eks-prezident Levon Ter-Petrosyan yenidən xalq qarşısına çıxıb. O, televiziya ilə çıxışında hamını birləşməyə, vətəndaş müharibəsindən yayınmağa və problemləri konstitusiyaya uyğun qaydada həll etməyə çağırıb. Əvəz Həsənov bildirdi ki, Ermənistan siyasətinin ağsaqqalı adlandırılan Levon Ter-Petrosyanın yaşı və baxışları artıq köhnəlmiş sayılır. Ona görə də ölkəni idarə etmək üçün yeni kadrlara ehtiyac var. Ekspert hesab edir ki, hazırda Ermənistan siyasi elitasında belə kadrlar çox azdır:

"Ermənistanda təcrübəli siyasətçilər olub. Sabiq xarici işlər nazirləri, Raffi Ovannisyan, Vardan Oskanyan nə isə edə bilərdilər. Lakin onlar Paşinyanın Qarabağdakı məğlubiyyətinin məsuliyyətini bölüşmək istəmir. Hər kəs istəyir ki, məsuliyyəti axıra qədər Paşinyan özü daşısın. Onlar əvvəl xilasetmə komitəsi yaratmaq istədilər. Sonra bu ideyanın Qarabağ klanından gəldiyini görüb imtina etdilər”.

Əvəz Həsənovun sözlərinə görə, hazırda Ermənistanda paradoksal vəziyyət müşahidə olunur. Vaxtilə Paşinyanı devirməyə çalışan Rusiya indi onun mövcud situasiyada hakimiyyətdə qalması üçün maraqlı tərəfə çevrilib.

"Ermənistanda Rusiyaya rəğbət yüksək deyil. Rusiyayönümlü siyasətçilər orada fəal deyil. Ermənistanda oliqarxlar formalaşdıqca siyasi ambisiyalar ortaya qoyur. Bu da Rusiyayönümlü siyasətçilərin kənarda qalmasına gətirib çıxaracaq. Ermənilər maliyyə reusrlarından çox asılı olduqlarına görə siyasətdə oliqarxlara üstünlük verəcəklər. Rusiya Paşinyanı devirməyə cəhd etməyəcək. Çünki indiki halda Paşinyan Rusiyanın regiondakı planlarının reallaşmasına öz zəifliyi ilə rəvac verir”.
Müşfiq Abdulla





Həftənin ən çox oxunanları