Yuxarı

Paşinyan devrilə bilər: "Ermənistanda qütbləşmə artacaq, müdafiə qabiliyyəti zəifləyəcək" - Tofiq Zülfüqarov

Paşinyan devrilə bilər:

Paşinyan devrilə bilər: "Ermənistanda qütbləşmə artacaq, müdafiə qabiliyyəti zəifləyəcək" - Tofiq Zülfüqarov

Dağlıq Qarabağ münaqişəsinə son qoyulması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış bəyanatın icrasına başlanılıb.

Artıq Rusiya sülhməramlıları münaqişə bölgəsinə gəlməyə başlayıb. Noyabrın 15-dən etibarən isə işğal altındakı ərazilərin bir qisminin geri qaytarılmasına başlanacaq. Hərbi əməliyyatların dayanması ilə proses diplomatik müstəvidə davam etdiriləcək.

Bu razılaşmanın perspektivdə münaqişənin nizamlanmasındakı rolu və mümkün nəticələri ilə bağlı Cebhe.info-nun suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırdı:

-Tofiq müəllim, bu saziş Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın milli maraqlarına tam cavab verirmi?

- Bu razılaşma saziş deyil, bəyanatdır. Ona görə də imzalanmış məsələlər tezis şəklində ifadə olunub. Amma bəzi məqamları artıq şərh etmək olar. Birincisi, həmin sənədin nəticəsində Azərbaycandakı məcburi köçkünlərin 99 faizi öz evlərinə qayıtmaq imkanı əldə edəcəklər. Mühüm məsələrlərdən biri ondan ibarətdir ki, təminatçı ölkələr tərəfindən tərtib olunmuş sənədin əsasında bir neçə rayonumuz və Qazax rayonundakı anklav ərazimiz Azərbaycana qaytarılacaq. Bu proses itkisiz və qan tökmədən baş verəcək. Həmçinin, xüsusi vurğulamaq istərdim ki, artıq Ermənistanın bu prosesdə iştirakına son qoyulacaq. Çünki Laçın dəhlizində Rusiya Federal Təhlükəsilzik Xidmətinin Ermənistandakı sərhədçiləri yerləşdiriləcək. Lakin onların mandatı və səlahiyyətlərinin nədən ibarət olacağı dəqiq məlum deyil.

- Münaqişə bölgəsinə yerləşdiriləcək Rusiya sülhməramlılarına və Türkiyənin müşahidəçi missiyasına beynəlxalq təşkilatlar tərəfindən mandat veriləcək, yoxsa buna ehtiyac qalmır?

- Bu, açıq məsələdir. Çünki mandat vermək səlahiyyətinə BMT malikdir. Bu və ya digər münaqişə zonasında sülhməramlı qüvvələrin, müşahidəçilərin yerləşdirilməsinə xüsusi səlahiyyət verilir. Bu baxımdan, təbii ki, BMT tərəfindən xüsusi qətnamə ilə sülhməramlı mandat verilməsə, deməli, həmin səlahiyyət də, sənəd də müvəqqəti xarakter daşıyır. İkincisi, mandat da müzakirə olunmalı, sülhməramlıların səlahiyyətini müəyyən edən saziş olmalıdır. Bu baxımdan, sülhmərmalılar məsələsi sual altındadır.

-Amma Rusiya qoşunları bölgəyə gəlib…

-Hər halda mandatı gözləmədən gəliblər. Amma Ermənistanın bu sənədin həyata keçirilməsindən imtina edəcəyinə dair şübhələr var. Ermənistanda baş verən hadisələr buna işarədir. Digər bir məqam ondan ibarətdir ki, Laçın, Kəlbəcər rayonları, Ağdam rayonunun bir hissəsi və Qazax rayonun işğal altındakı kəndlərinin qaytarılmasına təminatı Rusiya və Türkiyə prezidentləri verib. Bəzi reallıqları nəzərə alaraq hesab edirəm ki, bu təminat sözdə qalmayacaq.

- ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyətini necə görürsünüz? Bu formatın vasitəçiliyinə ehtiyac qalırmı?

- ATƏT-in Minsk Qrupunun fəaliyyəti ümidverici olmayıb. Ona görə də vasitəçiləri yada salmaq üçün ciddi bir əsas yoxdur. Minsk Qrupunun prosedurları o qədər bürokratik şəkildə qurulub ki, onlardan nə isə xeyir gözləmək düzgün olmaz. Fikrimcə, münaqişənin hansı format çərçivəsində həll olunmasından asılı olmayaraq, Türkiyənin burada təminatçı kimi iştirakı çox vacibdir.

- Rusiya sülhməramlı kontingentinin yaratdığı təmas xəttinin digər tərəfində, yəni işğal altındakı qalan Azərbaycan torpaqlarının statusu ilə bağlı nə deyə bilərsiz? Xankəndi, Ağdərə, Xocalı, Xocavənd kimi ərazilərin adı bəyanatda çəkilmir.

- Bu prosesə mərhələli proses kimi baxmalıyıq. Yəni hərbi əməliyyatlar mərhələsindən sonra indi siyasi mərhələ başlanır. Siyasi mərhələdə start üçün mövqelərimiz xeyli möhkəmlənib. Onu da nəzərə almalıyıq ki, həll olunası məsələlər çoxdur. Münaqişə hələ bitməyib, ermənilər öz mövqelərindən tam şəkildə geri çəkilməyib. Mübarizə hələ qabaqdadır. Amma indiki mərhələ üçün nəticələr çox yaxşıdır. Mən də deyə bilərəm ki, Xankəndinin üzərində bayraq olmasa, bunu qələbə saymayacağam. Bu isə reallıqdan uzaq səslənir. Azərbaycan rəhbərliyinin və xalqın iradəsi əməliyyatların gedişində açıq şəkildə nümayiş etdirilib. Bu, ən vacib amillərdən biridir. Ermənistan açıq şəkildə məğlub olub.

-Biz döyüş meydanında qalib gəldik. Bəs siyasi müstəvidə də qələbə qazana bildikmi?

-Prosesin sonu deyil. Ona görə qəti fikir söyləmək çətindir. Bu, saziş deyil, bəyanatdır. Bu səbəbdən deyə bilmərik ki, mübarizə yarımçıq dayanıb, yaxud ən böyük məqsədimiz olan Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Hazırkı hadisələr mübarizənin hansısa mərhələsidir. Əgər biz bir sıra ərazilərimizi qansız, itkisiz azad etməyə nail oluruqsa, bu, böyük qazancdır.

-Bəzi proqnozlara görə, məğlubiyyəti ilə barışmayan mühafizəkar Ermənistan cəmiyyəti Paşinyanı devirə bilər və hakimiyyətə gələn yeni qüvvə üçtərəfli razılaşmadan imtina edə bilər. Hadisələrin belə istiqamətdə inkişafı mümkündürmü?

-Mən bunu istisna etmirəm. Bu cür hadisələrin baş verməsi Ermənistanın zəifləməsinə gətirib çıxaracaq. Yəni Ermənistanda daxili siyasi qüvvələr arasında qütbləşmə artacaq, idarəetmə, ölkənin müdafiə qabiliyyəti zəifləyəcək. Azərbaycan isə vəziyyətə uyğun davranmalıdır. Ona görə də mən bu bəyanata müsbət, müvəqqəti və ümidverici sənəd kimi baxıram.

- Bundan sonra danışıqlar masasında Azərbaycanın irəli sürəcəyi şərtlər nədən ibarət olmalıdır?

-İlk növbədə, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası irəli sürülməlidir. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin identifikasiyası və Azərbaycan ərazilərindən tam şəkildə çıxarılması əsas şərtlərdən biri olmalıdır. Əgər Ermənistan danışılarda Dağlıq Qarabağdakı ermənilərə hər hansı statusun verilməsi şərtini irəli sürsələr, cavabında rəsmi Bakı Ermənistan qovulmuş azərbaycanlılara eyni şəkildə statusun verilməsini tələb etməlidir. Azərbaycan Ermənistanın təzminat ödəməsi məsələsini də qaldırmalıdır.

Buna ciddi hazırlaşmaq lazımdır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları