Yuxarı

Gürcüstanda hakimiyyət böhranı: Nə baş verəcək?

Gürcüstanda hakimiyyət böhranı: Nə baş verəcək?

Gürcüstanda hakimiyyət böhranı: Nə baş verəcək?

Gürcüstan müxalifəti oktyabrın 31-ə parlamentə keçirilmiş seçkilərin nəticələrini boykot edib.

Deputat yeri qazanmış 9 siyasi təşkilat səsvermənin nəticələrinin saxtalaşdırıldığını iddia edərək mandatdan imtina edib. Həmin partiyalar noyabrın 21-də 16 birmandatlı dairə üzrə keçiriləcək seçkilərdə iştirak etməyəcəyini bəyan edib. Bu isə Gürcüstanda hakimiyyət böhranına səbəb ola bilər. Çünki hakim Gürcü Arzusu Partiyası 48,15 faiz səslə qalib gəldiyini elan etsə də 150 yerlik parlamentdə 75 deputat kürsüsünə sahib ola bilib.

Hökuməti formalaşdırmaq üçün "Gürcü Arzusu”na isə minimum 76 mandat lazımdır. Əgər müxalifətin namizədləri noyabrın 21-də keçiriləcək seçkilərə qatılmasa, o zaman hakim partiya 76 səs qazana bilməyəcək. Bu isə hökuməti formalaşdırmağa mane olacaq. Üstəlik, müxalifətin iştirak etmədiyi parlamentin legitimliyi şübhə altına düşəcək.

"Biz, seçkilərdə saxtakarlığa məruz qalan müxalifət partiyaları parlament mandatından imtina edirik. Biz de-yure və de-fakto bu qondarma parlamentin işində iştirak etməmək üçün bütün qanuni siyasi addımları atacağıq. Qanunsuz hərəkətlər nəticəsində seçildiyinə və xalqın iradəsini əks etdirmədiyinə görə bu parlamenti legitim hesab etmirik!”-müxalifətin birgə bəyanatında belə deyilir. Səsvermənin nəticələrinə etiraz edən siyasi qüvvələrin oktaybrın 31-i axşam saatlarından başlanan etiraz aksiyaları isə davam edir.

Müxalifət yeni seçkilərin kerçirilməsini tələb edir. Əks təqdirdə, ölkədə kütləvi nümayişlərə və mitinqlərə başlanacağı bildirilir. Hakimiyyət isə hələlik güzəştə getmək fikrində görünmür. Ona görə də Gürcüstanda siyasi anlaşma baş tutmasa siyasi qarşıdurma inqilabi proseslərə qədər gətirib çıxara bilər.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstanda keçirilmiş parlament seçkiləri Bidzina İvanişvilinin rəhbərlik etdiyi hakim düşərgə ilə Saakaşvilinin liderlik etdiyi müxalifət qüvvələri arasında qarşıdurmanı daha da dərinləşdirib:

"Mixeil Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyası ilə İvanişvilinin rəhbərlik etdiyi Gürcü Arzusu Partiyası arasında ciddi fərqlər var. Hakimiyyət saxtakarlığa əl atsa da Saakşavilinin partiyası ciddi səs toplaya bilməyib.

Gürcüstan vətəndaşlarının da artıq Saakaşviliyə olan ümidi aradan qalxıb. Saakaşvilinin Ukraynada dövlət vəzifəsi ilə məşğul olması, uzun müddətdir ki, Gürcüstandan kənarda olması artıq xalqın İvanişvili hakimiyyətinə loyallığına gətirib çıxarıb. Doğrudur, Gürüstandakı hazırkı vəziyyət Saakaşvilinin hakimiyyəti dövründən çox fərqlənir. Ölkədə siyasi və hüquqi azadlıqlar boğulur. İqtisadi inkişaf yoxdur. Ona görə də hakim partiya proporsional və mojaritar sistem üzrə keçirilən seçkilərdə hökuməti formalaşdırmaq üçün lazım olan çoxluğu əldə edə bilmədi. Noyabrın 21-də birmandatlı sistem üzrə təkrar seçkilər keçiriləcək. Lakin Vahid Milli Hərəkat Partiyasının mandatdan imtina etməsi həlledici deyil. Artıq gürcü xalqı meydanlara çıxıb müxalifətin etirazlarına dəstək verməyəcək. Bu etirazlar spontan şəkildə müəyyən qruplarla davam edə bilər. Lakin Gürcüstanda inqilabın baş verəcəyi inandırıcı görünmür. Qərb də bu məsələdə maraqlı deyil. Çünki Qərb Gürcüstanda siyasi böhranın olmasını istəmir. 2021-ci ildə Gürcüstanın NATO üzvlüyünə qəbul edilməsi planlaşdırılır. "Gürcü Arzusu” hakimiyyəti də Rusiya ilə müəyyən münasibətlərinin olmasına baxmayaraq, Qərblə də tarazlığı saxlayır. Görünür, bu həm Qərbi, həm də Rusiyanı qane edir. Ona görə də Gürcüstanda güclü mərkəzi hakimiyyət formalaşdıran İvanişvilinin yeni seçkilərə gedəcəyini düşünmürəm. Müxalifətlə danışıqlara gediləcəyi istisna olunmur. Ancaq onun seçkilərin nəticələrini ləğv edib yenidən səsverməyə getməsi onun hakimiyyətini təhdid edir. Ona görə də İvanişvili aksiyaların qarşısını güc yolu ilə almağa və növbəti dörd ildə hakimiyyəti nəzarətində saxlamağa çalışacaq”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları