Yuxarı

Qondarma rejimi kim dirçəldir? - "…həmsədrlərin ziddiyyətli açıqlamaları…”

Qondarma rejimi kim dirçəldir? -

Qondarma rejimi kim dirçəldir? -

Qarabağda qondarma rejminin "rəhbəri”, terrorçubaşı Araik Arutyunyan yenə də özünün qeyri-qanuni fəaliyyəti ilə gündəmə gəlib.

Xəbər verildiyi kimi, qondarma rejimin faktiki başçısı Araik Arutyunyan 18 dekabrda "hökumətin” strukturunu yeniləyib. Yeniliyə görə, hökumət "xarici işlər”,"müdafiə”, "ədliyyə”, "maliyyə”, "iqtisadiyyat və kənd təsərrüfatı”, "əmək, sosial məsələlər və miqrasiya”, "ərazi idarəçiliyi və infrastruktur”, "şəhərsalma”, "səhiyyə”, "təhsil, elm, mədəniyyət və idman” "nazirliklərindən” ibarət olub.

"Maliyyə naziri”nə eyni zamanda, "hökumətə” rəhbərlik hüququ - "dövlət naziri” statusu verilib. Qondarma hökumətdə bu qurumlar da var: "Milli təhlükəsizlik xidməti”, "Polis”, "Fövqəladə hallar üzrə dövlət xidməti”, "Dövlət əmlakı idarəçiliyi və kadastr komitəsi”, "Dövlət gəlirləri komitəsi”. Əslində Arutyunyanın bu addımları 10 noyabrda imzalanmış üçtərəfli saziş nəticəsində əldə edilmiş kövrək atəşkəsə də zərbə vurur. Çünki Azərbaycan torpaqlarında başqa "dövlət” yaratmaq istəyi onun ərazi bütövlüyünün birmənalı şəkildə pozulması və separatçılıq hərəkətidir. Azərbaycan buna heç torpaqlarımızın 30 illik işğalı müddətində razı olmayıb.

Sabiq Prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov "Cümhuriyət”ə açıqlamasında deyib ki, status məsələsini bir sıra Qərb dövlətləri də gündəmə gətirirlər:

"Lakin Azərbaycan bunu birmənalı şəkildə rədd edir və məsələnin həlli istiqamətində addımlar atır. 10 noyabr anlaşmasından sonra Azərbaycan cəmiyyətində belə bir gözlənti var idi ki, artıq Dağlıq Qarabağ problemi bitib və oradakı xunta rejimi də ləğv olunub. Bununla bağlı müəyyən açıqlamaların da verilməsi bizdə o fikri formalaşdırmışdı. O cümlədən üçtərəfli anlaşmadan sonra Rusiya Prezidenti Vladimir Putin mətbuata verdiyi geniş açıqlamada qeyd etmişdi ki, bundan sonra "Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlənməsin. O zaman da bu problemlərin bitdiyi fikri formalaşdı. Hesab olunurdu ki, Dağlıq Qarabağda mövcud olan separatçı rejim də tarixin zibilliyinə atılıb. Amma məlum olduğu kimi, bu məsələnin həlli bir neçə mərhələdən ibarətdir. Bunun birinci mərhələsi savaş, ikinci mərhələsi 3 rayonumuzun- Ağdam, Kəlbəcər və Laçının bizə qaytarılması idi. Bu iki mərhələ demək olar ki, yekunlaşıb. Növbəti mərhələ isə Qarabağa Azərbaycan əhalisinin qaytarılması üçün orada şəraitin yaradılması və bununla bərabər Azərbaycanla Ermənistan arasındakı sərhədlərin demarkasiyası məsələsi öz həllini tapmalıdır”.

O.Qasımov hesab edir ki, həll ediləcək növbəti məsələ Qarabağda erməni hərbi birləşmələrinin ləğvi olmalıdır:

"Bütün bunlarla bərabər bir də bizi narahat edən Qarabağdakı xunta rejimi və onun nəzarətində olan "Artsax özünümüdafiə qüvvələri” adlandırılan terrorçu silahlı birləşmələrin ləğv olunması məsələsidir. O cümlədən 25 minə yaxın Ermənistan silahlı birləşmələrin ərazilərdən çıxarılmasıdır. O ki qaldı Arayik Arutyunyanın addımlarına, bu bizdə təbii ki, qıcıq yaradır. Məlum olduğu kimi, müxtəlif Qərb dövlətləri tərəfindən oradakı legitimliyin tanınmasına və hər gün Dağlıq Qarabağın statusu məsələsinin gündəmə gətirilməsinə cəhd olunur. Bunların başında elə Fransa dövləti gəlir. Hətta Fransa Senatı "Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı tövsiyyə xarakterli qərar da qəbul etdi. Təbii ki, Azərbaycanın reaksiyası buna çox sərt oldu”.

"Separatçılara rəvac verən həmsədrlərin ziddiyyətli açıqlamalarıdır”

Politoloq hesab edir ki, həmsədr dövlətlərin verdiyi ziddiyyətli açıqlamalar Araik Arutyunyanın belə addımlar atmasına rəvac verir:

"Hələlik durum bundan ibarətdir ki, Qarabağda Rusiya sülhməramlılarının arxasında gizlənən hərbi cinayətkar Araik Arutyunyan, sülhməramlıların rəhbərliyi ilə tez- tez görüşüb mətbuatda şəkillər paylaşmaqla belə rəy yaratmağa çalışır ki, guya bu orada hansısa işlər görür. Açığı ona bu addımı atmağa xeyli dərəcədə rəvac verən həmsədr dövlətlərin verdiyi ziddiyyətli açıqlamalardır. O cümlədən, bir neçə gün əvvəl Rusiya prezidentinin il sonunda verdiyi mətbuat açıqlamasında bizim əleyhimizə səsləndirdiyi bir neçə fikiri də qeyd etmək yerinə düşər. Təəssüflər olsun ki, Putin bu açıqlamada da neçə vaxtdır ki, səsləndirdiyi təhrif olunmuş fikirlərini təkrar etdi və bunlardan da biri Dağlıq Qarabağın statusu ilə bağlı olan məsələdir. Putinin orada səsləndirdiyi fikir kifayət qədər narahatedicidir. O qeyd etdi ki, Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılır, bugünki status- kvo olduğu kimi qorunmalıdır və gələcəkdə uyğun şəraitdə həmin məsələyə baxıla bilər. Bu əlbəttə ki, Azərbaycanın maraqlarına cavab vermir və biz onun həll olunmasına çalışırıq. Söhbət ondan gedir ki, Azərbaycan tərəfi öz mövqeyini konkret olaraq ortaya qoyur. Azərbaycan prezidenti də çıxışında dəfələrlə bildirib ki, Dağlıq Qarabağda yaşayan erməni əhalisi Azərbaycan vətəndaşıdır və bizim ölkədə yaşayıb, onun qanunlarına tabe olacaq hər bir şəxs Azərbaycanda təhlükəsiz, firavan həyatla təmin olunacaq. Bu baxımdan da düşünürəm ki, Araik Arutyunyanın nə etməsi bizi qıcıqlandırıb əsəbləşdirsə də öz işimizi görməliyik. Bunun üçün ardıcıl olaraq oradakı erməni əhalisi üçün mütəmadi iş və təhlükəsizliyin Azərbaycandan asılı olduğunu göstərməliyik”.

"O terrorçubaşıya qarşı real addımlar atılmalıdır”

O.Qasımov hesab edir ki, Azərbaycan rəsmi bəyanatlardan daha çox konkret işlər görməlidir:

"Araik Arutyunyanın bu qeyri-qanuni addımlarına münasibətdə rəsmi Bakı bəyanatıla da çıxış edə bilər. Lakin bizə rəsmi bəyanatlardan daha çox konkret iş lazımdır. Azərbaycan hökuməti bu gün terrorçubaşıya qarşı praktiki addımlar atmalıdır. Xunta rejimi Çaylaqqala və Tağlar kəndlərində terrorçuları yerləşdirib təxribat törədərkən Azərbaycan qəti addım atıb anti-terror əməliyyatı apardı və 170-dən çox sihalı terrorçunu zərərsizləşdirdi. Araik Arutyunyana qarşı da elə qəti addımlar atılmalıdır. Bizə danışıqlar yox, konkret addımların atılması lazımdır. Hesab edirəm ki, Azərbaycan hökuməti də əlindən gəldiyi qədər bu addımları atacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları