Yuxarı

Yeni tarix: Dünya düzəni dəyişir - "Əgər o məxfi qüvvələrin təsiri azalarsa...” - BİZİM ŞƏRH

Yeni tarix: Dünya düzəni dəyişir -

Yeni tarix: Dünya düzəni dəyişir -

Beynəlxalq münasibətlər sisteminin dəyişməsi Birləşmiş Millətlər Təşkilatının da fəaliyyətinə yenidən baxılması zərurətini yaradıb.

Siyasi müşahidəçilər hesab edir ki, BMT-nin passiv rolunun aradan qaldırılması dünyadakı bir çox münaqişələrin və böhranların aradan qaldırılmasında mühüm rol oynaya bilər. Çünki BMT-nin hazırkı strukturu və fəaliyyəti beynəlxalq proseslərə təsir göstərməyə imkan vermir.

Birinci Dünya Müharibəsindən sonra Millətlər Liqasının və 1945-ci ildə isə BMT-nin yaradılması dünya nizamını tənzimləmək məqsədi daşıyırdı.

Xüsusilə də BMT "Soyuq müharibə” dövründə qlobal proseslərin idarə olunmasında aktiv iştirak edib. Lakin BMT müasir dövrdə beynəlxalq siyasi münasibətlərə təsir göstərə bilmir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında fikir birliyi antoqonist rəqabətlə əvəz olunub. ABŞ, Britaniya, Çin, Fransa münaqişələrin həllində ciddi rol oynamır. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Dünya beşdən böyükdür” deməsi artıq bu formatın özünü doğrultmadığını, dünyada yeni iddiaçı dövlətlərin meydana çıxdığını göstərir. Bu həm də BMT-nin böhranı kimi başa düşülə bilər.

Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirib ki, BMT-nin struktururnun yenidən qurulmasına ehtiyac var. Lakin qlobal maliyyə dairələrinin beynəlxalq siyasi proseslərə təsiri bu məsələni realllaşdırmağa maneə törədir:

"XX əsrdə dünya nizamı ilə bağlı ayrı-ayrı dövlətlıərin geosiyasi layihələrə malik olması Birinci Dünya Müharibəsinin başlanmasını qaçılmaz etdi. Bu isə dünyanın geosiyasi mənzərəsini dəyişdi. O zaman Millətlər Liqasının yaradılması təşəbbüsü ilə ABŞ prezidenti Vudro Vilson çıxış etmişdi. Bu da ABŞ-ın Birinci Dünya Müharibəsindən sonra beynəlxalq proseslərdə artan rolu ilə bağlı idi. Ancaq o zaman Vilsonun bu təklifi ABŞ-ın özündə müsbət qarşılanmadı. Çünki Vilson demokrat idi, Senatda isə nümayəndələr Palatasında respublikaçılar üstünlük təşkil edirdi. Onlar Vilsonu Corc Vaşinqtonun vəsiyyətlərinə əməl etməməkdə suçladılar.

Bildirdilər ki, ABŞ Avropanın işlərinə qarışmamalıdır. Amma Millətlər Liqasının özü də qarşısında duran vəzifələrin öhdəsindən gələ bilmədi. Bu da Almaniyanın İkinci Dünya Müharibəsini başlatmasına yol açdı. 1945-ci ildən sonra isə formalaşan yeni dünya nizamı isə Potsdam konfransının və Yalta konfransının qərarları ilə idarə olundu. Amma 1991-ci ildə SSRİ-nin çökməsi ilə dünyanın iki siyasi qütbündən biri kənara çəkildi. Sovet İttifaqı beynəlxalq proseslərə təsir imkanlarını itirdi. Bu da əslində, ABŞ-ın yeni dünya nizamı ilə bağlı fərqli layihələr ortaya qoymasına gətirib çıxartdı. ABŞ dünyada özünün təsir və nüfuz dairəsini genişləndirmək, Rusiyanı sıxışdırmaq və SSRİ-nin ərazisində 15 dövlət yaratmaq imkanından istifadə etdi. 2003-2005-ci illərdən etibarən dünyadakı proseslərin dəyişdiyini görmək olar. Bu, ilk növbədə, Rusiyada Putinin hakimiyyətə gəlməsi ilə bağlıdır. Dünyadakı proseslərə yeni yanaşma nümayiş etdirən Putin neft və qaz resursları hesabına əldə edilən gəlirlərdən istifadə etməklə ölkənin hərbi qüdrətini artırmağa üstünlük verdi. Eyni zamanda, iqtisadi qüdrətini artıran Çin dünyanın ümumi daxili məhsulunun 20-21 faizini verir və ABŞ-ın əsas rəqibinə çevrilib. Ümumdünya məxfi hökumətinin SSRİ-nin dağılmasında maraqlı olması nəticəsində BMT "Soyuq müharibə”dən sonra beynəlxalq proseslərə təsir imkanlarını itirdi. BMT-nin büdcəsinin 65-70 faizini ABŞ ödəyir. Məsələn, prezident Trampın ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxacağı ilə bağlı bəyanatı böyük narahatlıq yaratdı. Çünki ÜST-nin də büdcəsinin əsas hissəsini ABŞ ödəyir. "Soyuq müharibə”yə BMT SSRİ və ABŞ arasında qədər dünyanı idaər etmək üçün qlobal idarəetmə strukturu idi. Ancaq dünya artıq dəyişib. Artıq bir çox ölkələrin beynəlxalq proseslərə təsir imkanları artıb.

"Böyük iyirmiliyin” tərkibində olan dövlətlər müasir dünyadakı hadisələrə münasibətdə öz maraqlarından çıxış edir. O cümlədən, Türkiyə Ərdoğan hakimiyyəti dövründə regional dövlət statusundan kənara çıxıb. Ona görə də Ərdoğan dünyanın beşdən daha böyük olduğunu deyir. Türkiyədən başqa, Almaniya, Yaponiya, BMT-nin Təhlükəsizlik Şurasında və Baş Assambleyasında ciddi struktur islahatlarının aparılmasının vacibliyini bildirir. Çünki dünyada baş verən hadisələri beş dövlətin maraqları çərçivəsində həll etmək effekt vermir. Bu mənada BMT-nin yenilənməsinə ehtiyac var. Avropa Birliyində Almaniya, Yaxın və Orta Şərqdə böyük rola malik olan Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə qəbul edilməlidir. Ona görə də BMT-də islahatlar qaçılmazdır”.

Ancaq ekspert hesab edir ki, bu islahatların həyata keçirilməsi təşəbbüsü ilə çıxış edən dövlətlər hələ də ABŞ-ın, Rusiyanın və Çinin dünya nizamı ilə bağlı siyasətinə ciddi təsir imkanına malik deyil.

"Türkiyə kimi güclü dövlət Yaxın və Orta Şərqdə, Cənubi Qafazdakı geosiyasi oyunlarda iştirak etmək istəyir. Bəs Türkiyənin ABŞ-a, NATO-ya təsir imkanları nə qədərdir? Hələ ki, ABŞ Türkiyəyə sanksiya tətbiq edir. ABŞ 40 ildən artıqdır İranı sanksiyalarla təhdid edir. ABŞ-la Çin arasında ticarət müharibəsinin Tramp dönəmində başlanması əslində, Rokfellerləri kənarlaşdırmaq istəyən qlobalistlərin istəyindən irəli gəlir. ABŞ-dakı son seçkilər istehsalçı burjuaziyanın bankirlərlə əvəzlənməsinə gətirib çıxartdı. Bayden Rotşildlərin nümayəndəsidir. Makron da Rotşildlərin təmsilçisidir. Yəni beynəlxalq aləmdə baş verən proseslərə aparıcı dövlətlər deyil, həmin ölkələrin elitalarını idarə edən ümumdünya məxfi hökumətinin təsiri daha böyükdür. Tramp məhz həmin məxfi hökumətin dünyadakı proseslərdə rolunu heçə endirmək istədi. Əgər pərdə arxasındakı həmin dairələrin təsirini aradan qaldırmaq mümkün olarsa, BMT-də də ciddi dəyişikliklərə nail olmaq olar”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları