Yuxarı

Türk silahı savaşların taleyini dəyişir: Kiyev hücuma hazırlaşır?

Türk silahı savaşların taleyini dəyişir: Kiyev hücuma hazırlaşır?

Türk silahı savaşların taleyini dəyişir: Kiyev hücuma hazırlaşır?

Ukrayna Türkiyə ilə birgə Pilotsuz Uçan Aparat (PUA) istehsalı və digər hərbi-texniki məsələlərlə bağlı anlaşma əldə edib.

Artıq iki ölkə arasında müqavilələrin imzalandığı bildirilib. Açıqlamada bunun hərbi sahədə ilk xarici anlaşma olduğuna diqqət çəkilib.

"Türkiyə ilə əldə etdiyimiz bu iki anlaşma, Ukrayna tarixində hərbi sahədə imzalanan ilk xarici razılaşmadır. Bu anlaşmalar Qara və Azov dənizlərində təhlükəsizliyin gücləndirməsi məqsədi daşıyır”, - Ukrayna müdafiə naziri Andrey Taran qeyd edib.

Əlavə edək ki, Andrey Taran dünən Ankarada Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmirlə görüşmüşdü. Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Ruslan Xomçak bundan əvvəl verdiyi açıqlamada qarşıdakı il ərzində Türkiyədən 5 ədəd PUA-nın satın alınacağını açıqlamışdı. Ötən il Ukrayna və Türkiyə arasında əldə edilmiş 69 milyon dollarlıq anlaşma çərçivəsində Ankaradan Ukrayna ordusu üçün 6 "Bayraktar TB2” və 200 "MAM-L” tipli raket alınıb. Ukrayna Ankaradan hələlik altı ədəd "Bayraktar TB2” PUA-sı, üç nəzarət stansiyası və onlar üçün təxminən 200 yüksək dəqiqlikli sursat alıb. Ukrayna Türkiyə ilə həmçinin, 48 ədəd "Bayraktar akınçı” zərbə PUA-sı almaq barədə razılaşma əldə edib. Mütəxəssislərin hesablamalarına görə, bu silahlar Donbasdakı separatçılara məxsus 400-ə yaxın hərbi texnikanı tamamilə məhv etməyə qadirdir.

Qeyd edək ki, Donbasdakı separatçı rejim noyabr ayının sonlkarından başlayaraq, Ukraynanın Türkiyənin dəstəyi ilə hərbi əməliyyatlara hazırlaşdığına dair məlumat yayıb. Qondarma Donetsk Xalq Respublikasının xalq milis idarəsi adlanan qurumu Dağlıq Qarabağdan sonra Ankaranın Ukraynaya hərbi məsləhətçilər göndərdiyini bildirib. Məlumatda türk generalların Ukrayna Baş Qərargahı ilə birlikdə, özlərini Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası elan etmiş separatçı rejimləri və hətta Krımı da Kiyevin nəzarəti altına qaytarmaq üçün əməliyyat üzərində çalışdıqları iddia edilir. Rusiya mətbuatı da Ukraynanın hərbi əməliyyatlarda Qarabağ müharibəsi ssenarisi üzrə Türkiyədən alınan "Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırdığını yazırdı. Azərbaycanın uğurlarından ilham alan Kiyevin DXR və LXR silahlı birləşmələrinə qarşı mümkün döyüşlərdə əsas qüvvə kimi türk hücum PUA-larından istifadə edəcəyinə dair xəbərlərin sayı getdikcə artır.

Ukraynanı işğal altındakı əraziləri güc yolu ilə azad etməyə sövq edə biləcək digər amil son illər hərbi gücünü xeyli artırmasıdır. Artıq Ukraynanın hərbi arsenalında NATO ölkələrinə məxsus xeyli sayda müasir texnologiyalı silah və sursat var. ABŞ-ın tank əleyhinə "Javelin” raketləri, orta mənzilli və yüksək dəqiqlikli "Neptun” raketləri, eləcə də Türkiyənin PUA-ları Rusiyanın köhnə nəsil silahlarına qarşı mübarizədə çox effektlidir. Ermənistanın Azərbaycanla müharibədə məğlub olmasının əsas səbəblərindən biri də Rusiya zirehli texnikasının Türkiyə, İsrail, Çexiyadan alınmış müasir silahların qarşısında davam gətirə bilməməsi oldu. Xüsusilə də dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Ermənistan ordusundan qənimət kimi ələ keçirilmiş və sıradan çıxarılmış texnikanın nümayiş etdirilməsi Rusiyanın müdafiə sənayesi kompleksinin nüfuzuna ciddi zərbə vurub. Ona görə də Rusiya istehsalı olan silahlara marağın azalacağı istisna edilmir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycandan fərqli olaraq Ukrayna hərbi əməliyyatlara başlasa daha güclü dövlətlə qarşılaşa bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, Ukraynanın hazırkı hərbi potensialı Donbasın və Krımın işğal edildiyi vaxtla müqayisədə xeyli güclüdür. Bu isə rəsmi Kiyevə əraziləri güc yolu ilə azad etmək şansı yaradır.

"Dağlıq Qarabağda və Ukraynadakı münaqişələr arasında oxşar və fərqli cəhətlər var. Oxşarlıqlar hər iki münaqişənin separatçı hərəkatı olması, ərazi bütövlüyünə həmlə olmasıdır. Fərqli cəhət ondadır ki, Azərbaycan Ermənistanla üz-üzə qalıbsa, Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir. Azərbaycan Ermənistanı rahat məğlub edə bildi. Amma Ukraynanın Rusiyaya qalib gəlməsi sual altındadır. O ki qaldı türk pilotsuz uçuş aparatlarına (PUA), onun gücünü bütün dünya gördü. Bundan sonra Ukraynanın PUA-lara marağı artdı və təsadüfi deyil ki, prezident Vladimir Zelenski iki dəfə Türkiyəyə səfər etdi. Bu səfərlər zamanı birgə istehsal haaqında şifahi razılaşma oldu və sonra saziş imzalandı. Onu da nəzərə almaq lazımdır ki, Türkiyənin hərbi sənaye-kompleksi çox inkişaf edib. Ukraynanın da hərbi-sənaye kompleksi Sovet dövründən çox məhşurdur. Ukraynada bir sıra silahların, hərbi təyyarələrin, mühərriklərin istehsalı ilə məşğul olan zavodlar var. Doğrudur, bir sıra zavodlar fəaliyyətini dayandırıb. Amma kreditlər və birgə layihələr yolu ilə həmin müəssisələri yenidən bərpa etmək olar. Türkiyə də bunda maraqlıdır. Artıq Ukrayna Türkiyədən 50-ə yaxın pilotsuz uçuş aparatı alıb və həm də birgə istehsal haqqında razılaşma əldə olunub. Ukraynanın hərbi arsenalında PUA-lar yoxdur. İndi bu boşluğu doldurmağa çalışır.

Donbas probleminin həllində də heç bir irəliləyiş yoxdur. Hər an yenidən toqquşma ehtimalı var. Ukrayna qarşısında Rusiyanın dayanmasına baxmayaraq, öz ərazilərini geri qaytarmaq istəyir. PUA-lar bu gün olmasa da hansısa bir mərhələdə istifadə edərsə, Ukraynaya hərbi üstünlük gətirə bilər. Artıq Türkiyədən alınmış PUA-ların Donbas səmasında göründüyünə dair məlumatlar var. Hətta Ukrayna ordusunun bu yaxınlarda Mariopol ətrafında iki kəndi azad etməsi barədə xəbər yayıldı. Çünki Moriopol strateji əhəmiyyətə malikdir. Separatçılar 2014-cü ildə bu şəhəri ələ keçirib Azov dənizinə çıxış imkanı əldə etmək istəyirdilər. Ona görə də hərbi toqquşmanın baş verəcəyi istisna edilmir. Əgər 2014-cü ildə Rusiya Krımı ilhaq edəndə, Donbasda müharibə yaradıb separaçı rejimlər yaradanda Ukrayna ordusu faktiki olaraq yox idi. Ukrayna ordusuna rəhbərlik edən şəxsin Rusiya pasportu var idi. Nəticədə, ordu və güc strukturları dağıldı.

Yeni gələn hakimiyyət bütün strukturları sıfırdan formalaşdırdı. Ordu yaranana qədər əvvəlcə milli qüvvələr formalaşdırdı. Rusiya isə Donbasla kifayətlənmək istəmirdi və "Novorosiya” layihəsi yaratmışdı. Məqsəd Ukraynanı parçalamaq idi. Xarkov, Dnepr, Xerson, Odessanı işğal etmək və orada Novorusiya adlı qondarma dövlət yaratmaq istəyirdilər. Lakin Ukrayna bu planın qarşısını vaxtında ala bildi. ABŞ-dan güclü silahlar alındı, Türkiyə ilə hərbi əməkdaşlıq quruldu. Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar göstərdi ki, Rusiya istehsalı olan zirehli texnika və artilleriya pilotsuz uçuş aparatlarının qarşısında acizdir. Müharibə başlayacağı təqdirdə, bu üstünlük özünü göstərəcək. Ukraynalılar özləri də deyir ki, 2014-2015-ci illərdə həmin PUA-lara malik olsa idilər Donbasa hakim olacaqdılar. Amma Rusiya da boş dayanmayıb və bu silahların istehsalı ilə bağlı ciddi işlər görür. Rusiya gördü ki, Ermənistana verdiyi texnika, hava hücumundan müdafiə sistemləri darmadağın edildi. Ona görə də Rusiya yaxın illərdə keyfiyyətli PUA-ların istehsalına nail olmaq istəyir. Rusiya nəticə əldə edənə qədər Ukraynanın üstünlüyə malik olacaq”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları