Yuxarı

ABŞ-Türkiyə gərginliyi: Kremli Qarabağda güzəştə vadar edə bilər - ŞƏRH

ABŞ-Türkiyə gərginliyi: Kremli Qarabağda güzəştə vadar edə bilər - ŞƏRH

ABŞ-Türkiyə gərginliyi: Kremli Qarabağda güzəştə vadar edə bilər - ŞƏRH

Yanvarın 20-dən sonra ABŞ-Türkiyə münasibətlərində yeni mərhələ başlanacaq.

Yəni Prezident Co Baydenin öz fəaliyyətinə başlaması ilə ABŞ-ın xarici siyasətində müəyyən dəyişikliklər olacaq. Bu baxımdan, Bayden administrasiyasının Türkiyə ilə münasibətlərinin necə qurulacağı siyasi müşahidəçilərin diqqət mərkəzindədir. Vaşinqtonla Ankara arasında gərginliyin artacağına dair rəylərin üstünlük təşkil edilsə də hələ Co Bayden Ağ Evə gəlməmiş ABŞ Maliyyə Nazirliyi Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Yəni Türkiyəyə qarşı belə bir addımın Tramp administrasiyası tərəfindən atılması Baydenlə münasibətlərin gərgin olacağına dair proqnozları çətinləşdirib.

Politoloq Elşən Manafov Cebhe.info-ya bildirib ki, Baydenin qlobalistlərin nümayəndəsi olduğu nəzərə alınarsa, onun prezidentliyi müddətində də Ərdoğan iqtidarı ilə münasibətlərinin soyuq olacağı gözləniləndir. Çünki Türkiyə bəzən ABŞ-ın və NATO-nun Yaxın Şərqlə bağlı siyasətinə alternativ mövqe ortaya qoyur. Bu da Türkiyənin müstəqil regional dövlət olaraq geosiyasi maraqlarından irəli gəlir.

"Hətta Co Bayden seçkilərdən öncə Ərdoğanın siyasətini bəyənmədiyini və hətta onu devirmək üçün Türkiyə müxalifəti və beynəlxalq terror təşkilatları ilə də əməkdaşlığa getməyə hazır olduğunu söyləyib. Lakin o zaman Bayden prezidentliyə namizəd deyildi. Amma Türkiyənin Rusiyadan "S-400” raketlərini almasına ABŞ-ın mövqeyi səbəb oldu. Trampdan əvvəl Barak Obama administrasiyası Türkiyəyə "Patroit” hava hücumundan müdafiə sistemlərini vermək istəmədi. ABŞ-ın və NATO-nun bu mövqeyi Türkiyəni həmin sistemləri Rusiyadan almağa sövq etdi. Bu gün Türkiyəyə münasibətdə tətbiq edilən siyasət ikili standartlardan başqa bir şey deyil. Güman edirəm ki, Baydenin hakimiyyət başına gəlməsindən sonra Türkiyə-ABŞ münasibətlərində yarana biləcək münasibətlərin aradan qaldırılmasında İsrailin və Türkiyənin NATO-dakı rolunun əhəmiyyəti böyük olacaq. Bu gün Türkiyənin İsraillə münasibətlərinə bir sıra kardinal dəyişikliklər edildiyi müşahidə olunur. Türkiyə bu addımı yəhudi diasporunun perspektivdə ABŞ prezidentinə və Senatına təsirini nəzərə alaraq edir. Hesab edirəm ki, İsrail Türkiyə ilə ABŞ arasında yarana biləcək problemlərin həllində vasitəçi qismində çıxış edə bilər. Ərdoğan Bakıya səfəri zamanı qeyd etdi ki, o, xəstə olarkən Bayden onu yoluxmağa gəlmişdi. Ancaq çox güman ki, bu insani münasibətləri özündə ehtiva edir. Çünki Baydenin prezidentliyi dönəmində ABŞ Yaxın və Orta Şərqlə bağlı məsələlərə fərli yanaşdığını nəzərə alsaq, yeni dünya nizamı məsələsində israrlı olacaq və mövqelərini gücləndirəcək. Üstəlik, Baydenin Rusiyanı ABŞ-ın bir nömrəli düşməni elan etməsi Kremli Türkiyəyə müəyyən güzəştlərə getməyə sövq edə bilər. Bu güzəştlər Suriyada, Liviyada və Cənubi Qafqazda ola bilər.

Məqsəd Türkiyənin ABŞ və NATO ilə münasibətlərini gərginləşdirmək və Rusiyanın maraqlarına cavab verəcək bir tendensiyanın yaranmasına nail olmaqdan ibarət olacaq. Bu kontekstdə hesab edirəm ki, Baydenin prezidentliyi dönəmində Türkiyə ilə münasibətlər gərginləşəcək. Əlbəttə, Tramp öz iqtidarının son dönəmində Türkiyə münasibətləri gərginləşdirən daha bir addım atdı. Ancaq belə məsələlər yalnız prezidentin iradəsindən asılı deyil. Hazırda Senatda siyasi qüvvələr nisbəti proporsionaldır. Baydenin nümayəndəsi, yəni vitse-prezident Senatın sədri olacaq. Senatın da demokratların nəzarətinə keçəcəyini nəzərə alsaq, respublikaçıların müqavimət göstərmək imkanı azalacaq. Ona görə də demokratların Türkiyə ilə münasibətlərindəki gərginlik nəinki, səngiməyəcək, əksinə yüksələcək. Amma ABŞ Yaxın və Orta Şərq siyasətini gücləndirmək, Suriya problemini həll etmək istəyirsə, mütləq Türkiyə ilə əməkdaşlığa getməlidir”.

Qeyd edək ki, Azərbaycan da ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını pisləyib.

"Prezident İlham Əliyev "S-400" hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir.

NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir”.

Prezidentin köməkçisi Hikmət Hacıyev belə deyib. Azərbaycan Xarici İşlər Nazirliyi də ABŞ-ın sanksiyalarla bağlı qərarını qınayıb.

"Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir”,-nazirliyin bəyanatında belə deyilir. Azərbaycanın Türkiyəni birmənalı şəkildə dəstəkləməsi paralel olaraq, ABŞ-la münasibətlərdə də özünü büruzə verə bilər. Ona görə də Bayden dönəmində Vaşinqton-Ankara əlaqələrinin səviyyəsini gözdən keçirirkən bunun Azərbaycana təsiri də təhlil edilməlidir.

Elşən Manafov hesab edir ki, ABŞ-ın Azərbaycanla münasibətlərdə əsas üstünlük verdiyi amil beynəlxalq terrorizmə qarşı birgə mübarizə, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlıqdan ibarətdir.

"Amma Demokratlar Partiyası iqtidarda olduğu dönəmdə bir qayda olaraq, münasibətlərə insan haqları və demokratiya nöqteyi-nəzərindən baxdığını görmüşük. Dövlət Departamentinin Azərbaycana ünvanlanmış bəyanatlarında tənqidi fikirlər yer alıb. Demokratlar bu ənənəni davam etdirə bilərlər. Doğrudur, Azərbaycan Vətən müharibəsində öz gücünü xalq-iqtidar birliyi şəklində nümayiş etdirdikdən və regionun lider dövlətinə çevrildikdən sonra şübhəsiz ki, ABŞ bu amili nəzərə alacaq. Hər halda, Azərbaycan-ABŞ arasındakı münasaibətlərə təsir göstərən amillərdən biri də İranla bağlı olub. Azərbaycan bütün hallarda öz ərazisindən İrana qarşı hərbi platsdarm kimi istifadə edilməsinə icazə verməyəcəyini bildirib. Xəzər dənizi ilə bağlı məsələlərdə də Azərbaycanın İran və Rusiya ilə münasibətlərdə mövqeyi üst-üstə düşür. Co Bayden İranla münasibətləri Obama dövründəki kimi quracaqsa, Azərbaycana təzyiqlər olmayacaq. Çünki Bayden Trampdan fərqli olaraq, İranla münasibətləri güc müstəvisində deyil, əməkdaşlıq üzərində qurmağın tərəfdarıdır. Bu halda Azərbaycana maraq daha da arta bilər. Azərbaycanın geosiyasi mövqeyi, "Böyük İpək Yolu”nun üzərində yerləşməsi həm qonşu dövlətlərlə, həm bu bölgədə marağı olan dövlətlərlə münasibətlərdə əməkdaşlığa üstünlük verməlidir. Bu baxımdan, Türkiyədən fərqli olaraq, Azərbaycana ciddi təzyiqlərin olacağı gözlənilmir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları