Yuxarı

Saakaşvili "döyüşə” yeni komanda ilə gedir

Saakaşvili

Saakaşvili

Gürcüstanda ana müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri dəyişib.

Xəbər verildiyi kimi, VMHP-nin 2017-ci ildən sədri olan Qriqol Vaşadze dekabrın 15-də istefa verib.

Partiya lideri Mixail Saakaşvilinin də iştirakı ilə yeni sədr Nika Meliya seçilib.

Sədr dəyişikliyi Saakaşvilinin liderlik etdiyi partiyaya nə qazandıracaq?

"Borçalı" İctimai Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli "Cümhuriyət”ə açıqlamasında deyib ki, Gürcüstanda partiya rəhbərlərinin demokratik yolla dəyişməsi normal siyasi prosesdir:

"Demokratik hakimiyyətlər, o cümlədən siyasi partiyalar da dinamikanı kökləyəcək bir model üzərində qurulur. Yəni hakimiyyət dəyişkən, yenilənən, siyasi mübarizədə dinamik olmalıdır. Bu mübarizənin içərisində siyasi mədəniyyət formalaşmalıdır. Siyasi partiyalar uğur qazana və ya uğursuzluğa düçar ola bilər. Bu zaman istefalarla müşahidə oluna bilər. Hətta növbədənkənar qurultaylar da keçirilə bilər. Azərbaycan cəmiyyəti bir az avtokratiyaya meylli olduğu üçün bu cür hallar bizə təəccüblü görünə bilər.

Amma bu Gürcüstanda normal demokratik proseslərdir. Hər halda müxalifət parlamentdə iştirak etmir və bu parlamentə qarşı ana müxalifət olaraq Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının (VMHP) çıxış edir və kifayət qədər də səsləri var. Ümumiyyətlə hər partiya lideri özündən sonra onu əvəz edəcək bir neçə nəfər lider yetişdirməlidir. Gürcüstanda hələlik proseslər çox normal gedir. Qriqol Vaşadze də dekabrın 15-də istefa verdi. İstefa da inciklik və ya hansısa məsələ ilə bağlı deyil, sadəcə siyasi prosesdir.

Gürcüstanda artıq siyasi sistem dəyişib, yenilənib və indiki zamanda avtokratiyanı bərpa etmək üçün bəzi meyillər olsa da, cəmiyyət buna müqavimət göstərir. Ona görə də mən bu dəyişikliyi normal təbii proses kimi qəbul edirəm”.

Z.Məmmədli ana müxalifət partiyasının gələcək taleyinin partiya daxilində gedən fikir birliyindən asılı olacağını bildirib:

"Müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) yeni sədri Nika Meliyanın necə siyasət yürüdəcəyini zaman göstərəcək. Hazırda müxalifət növbədənkənar parlament seçkiləri tələb edir. Və mövcud parlamenti tanımır. Bu mövqeyi nə qədər davam etdirəcəklər, bunu zaman göstərəcək. Lakin hazırkı prosesin özü də müxalifət partiyaları üçün siyasi stimuldur. Əgər müxalifət vahidliyini qoruyub saxlasa və iddialarını davam etdirsə, fərqli bir vəziyyət ola bilər. Ancaq 27 dekabrda hökumət rəsmiləri "müxalifət yaxın zamanda parlamentdə iştirak edəcək” məzmunlu bir bəyanat verdi. Bu da fərqli bir siyasi stuasiya yaradır. Ona görə də nəticələr prosesin gedişatından asılıdır. Həmin çıxışın özü partiyaların siyasi proseslərdə iştirakını bu və ya digər şəkildə stimullaşdıracaq. Əgər müxalifət birliyini qoruyub saxlasa proseslər müsbət istiqamətdə hərəkət inkişaf edəcək. Yox, müxalifətin bir hissəsi hakimiyyətə tərəf getsə, digər hissəsi mübarizəyə davam etsə, bu müxalifətdaxili gərginliyi artıra və cəmiyyətdə mənfi əhval- ruhiyyəni körükləyə bilər. Bunun özü də siyasi partiyaların gələcək inkişafına və siyasi taktikalarına çox ciddi dərəcədə təsir edən faktordur”.

Əli Bədir





Həftənin ən çox oxunanları