Yuxarı

İranda anti-türk siyasəti: Molla rejimi nədən narahatdır?

İranda anti-türk siyasəti: Molla rejimi nədən narahatdır?

İranda anti-türk siyasəti: Molla rejimi nədən narahatdır?

İran İslam Respublikasında qeyri-fars millətlərinə, özəllikə də azərbaycanlılara qarşı şovinist münasibət davam edir.

Azərbaycan Ordusunun Qarabağda uğurlu əməliyyatları, 44 günlük Vətən savaşı İran dövlətinin simasını bir daha göstərmiş oldu. Sözdə islam təəssübkeşliyindən danışan dövlət 44 gün ərzində işöalçı Ermənistana iqtisadi və hərbi yardımlar etdi. Sosial şəbəkələrdə bunu sübut edən videomateriallar yayımlandı. Sonradan Azərbaycanın haqq savaşında qalibiyyətini görən molla rejimi öz siyasətində korrektələr etməyə başladı. Azərbaycan isə hər zaman İrana qarşı mehriban qonşuluq və dostluq mövqeyindən çıxış etdi.

Lakin İranda panfarsist düşüncə, türkə düşmən münasibət hələ də qalmaqdadır. Dünyada demokratik dəyərlərin hər sahəyə nüfuz etdiyi bir zamanda İran 30 milyonluq Cənubi Azərbaycan vətəndaşına öz dilində təhsil almağa belə icazə vermir. İran Azərbaycana, türkçülüyə qarşı çirkin kampaniyaları ilə artıq ibtidai sinif uşaqlarının da beynini yumağa çalışır. Belə ki, İranın Təhsil Nazirliyinin Tədqiqat və Planlaşdırma Təşkilatının məktəblilər üçün üçün buraxdığı "Roşd” ("İnkişaf”) dərgisində Güney Azərbaycan və İranda yaşayan türklərə qarşı panfarsist mərkəzlərin uzun illərdən bəri aparılan təbliğat əks olunur.

Dərgidə azərbaycanlıların "fars dilli azəri olduqları, bir neçə yüz il bundan öncədən dillərinin dəyişərək türkcəyə çevirdikləri” yazılır. Müəlliflərin iddiasına görə "kökənləri fars olan azəri”lər iki Şərqi və Qərbi Azərbaycan əyalətlərində yaşayırlar. Bu böyüklükdə uydurmaya heç uşaq da inanmaz. Çünki texnologiya əsridir və hər kəs nəyin mahiyyətinin nədən ibarət olduğunu tez bir zamanda öyrənir. Bu İranın məktəblilərə panfarsist meyllər aşıladığı ilk dərslik deyil.

İran nə zaman bu yanlış siyasətindən əl çəkib, Azərbaycana həqiqi mənada mehriban qonşu olacaq? Bu yanlış siyasət davam edərsə İranı nələr gösləyir?

"Gec- tez 35 milyonun müqavimət hərəkatı ilə üzləşəcəklər”

Bütöv Azərbaycan Ocaqları (BAO) Mərkəzi Şurasının üzvü, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "Cümhuriyət”ə açıqlamasında bildirib ki, İran Güney Azərbaycanla Quzey Azərbaycanın birləşəcəyi reallığından qorxuya düşdüyü üçün bu cür çirkin kampaniyalar aparır:

"Tarixən şovinst ideyalarla yaşayan dövlətlər məhvə məhkum olublar. İranın fars şovinizmi də onu məhvə doğru aparır. Dünya dəyişir, yeni reallıqlar formalaşır. Lakin fars rejimi dəyişmir. Bunlar yenə də köhnə vərdişlərindən tutublar. Çünki qorxurlar. Qorxurlar ki, gec- tez 40 milyon insanın müqavimət hərəkatı ilə üzləşəcəklər. Bu müqavimət hərəkatı hər gün artır. Onlar özləri yaxşı bilirlər ki, farslar bura gəlmədir. Farsların bu ərazilərə gəlməsi haqqında qədim tarixi mənbələr var. 1925-ci ildən türklərə qarşı həyata keçirilən fars şovinizmi indi özünü lap eybəcər şəkildə göstərir. Azərbaycanın Şuşaya bayraq sancması sanki İrəvana bayraq sancmaq kimidir. Eyni zamanda bu bayrağımızın Təbrizə sancılması deməkdir. Bu gün Azərbaycan yüksəliş dövrünü yaşayır. Həm də bu yüksəliş dövrünü yaşayan Şimali Azərbaycan Cənubi Azərbaycan üçün bir etalon olub. Biz hər zaman vahid olmuşuq və təfəkkürdə də vahidik. Gec-tez Cənubla Şimali Azərbaycan bir araya gələcək və birləşəcək. Molla rejimi bunun qarşısını ala bilməyəcək. Yaxşı olar ki, İran tezliklə bu şovinist siyasətindən əl çəksin. Fars dilinin yaşaması və inkişafına görə, İran türklərə borcludur. İndi İranın bizim dili sonradan yaranma adlandırması və ermənilərlə eyni mövqedən çıxış etməsi, nə demokratiyaya, nə də İslama sığır. İran anlamır ki, elektronika dünyasında yaşayırıq, kimsəni aldada bilməz. Molla rejimi bu addımı atmaqla özünə qarşı müqaviməti daha da artırır”.

"İran çox pis aqibətlə üzləşəcək”

D.Əzimli hesab edir ki, İranın apardığı bu şovinist siyasətin artıq sonu yaxınlaşıb:

"Hesab edirəm ki, İranın apardığı bu şovinizm artıq finiş xəttinə çatıb. Əgər İran baş verənlərdən nəticə düzgün çıxarmasa doğrudan da çox pis aqibətlə üzləşəcək. Görünən odur ki, molla rejimi hələlik baş verənlərdən doğru nəticə çıxara bilmir. İran necə İslam Respublikasıdır ki, insan haqlarını tapdalayır? Demək bütün bunlar İran üçün boş şeydi. Hesab edirəm ki, İran belə davam edərsə, onu da Ermənistanın aqibəti gözləyəcək”.

Əli Bədir





Həftənin ən çox oxunanları