Yuxarı

Azərbaycan-Türkiyə-Pakistan: Yeni format ölkəmizə nə verəcək?

Azərbaycan-Türkiyə-Pakistan: Yeni format ölkəmizə nə verəcək?

Azərbaycan-Türkiyə-Pakistan: Yeni format ölkəmizə nə verəcək?

Azərbaycana, Türkiyə və Pakistan arasında birgə əməkdaşlıq intensivləşib.

Hətta siyasi, iqtisadi və hərbi sahələri əhatə edən üçtərəfli əməkdaşlıq formatının yaranacağı istisna edilmir. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib. İslamabadda Azərbaycan - Pakistan - Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü keçiriləcək. Səfər çərçivəsində C.Bayramov həmçinin, Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, bu günlərdə Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Mücahid Ənvər Xanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 11-də Azərbaycana səfər edib. Yanvarın 13-də isə Türkiyə və Pakistan Xarici İşlər nazirləri arasında əlaqələri gücləndirmək məqsədilə 71 maddəlik "yol xəritəsi” imzalanıb.

Tərəflər həmçinin, müdafiə sənayesi sahəsində də əməkdaşlığa dair razılığa gəlib. Son günlər Azərbaycan, Türkiyə və Pakistan arasında strateji sahələrdə əməkdaşlıq və tərəfdaşlığın artması fonunda yeni formatın yaranacağı proqnozlaşdırılır.

Ancaq bu iş birliyinin konkret sahələr üzrə, yoxsa daha geniş müstəvini əhatə edəcəyi elan olunmayıb. Ekspertlərin fikrincə, sözügedən format hər üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir.

"Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Pakistan İslam sivilizasiyasında xüsusi çəkisi və iqtisadi potensiala malikdir. Bu mənada üçlük formatının qurulması böyük perspektiv vəd edir.

"Beynəlxalq təşkilatlarda birgə təmsil olunmağımızı nəzərə alsaq, bura siyasi əməkdaşlığı da aid edə bilərik, yaxud hərbi əməkdaşlığı da qeyd edə bilərik. Çünki Pakistan kifayət qədər hərbi potensiala malikdir və nüvə silahına malik yeganə İslam ölkəsidir. Eyni zamanda Pakistanın çox yüksək hərbi-sənaye kompleksi var. Eyni zamanda, Pakistan iqtisadi nöqteyi-nəzərdən tarixən əhəmiyyətli bölgədə yerləşir. Bu mənada Azərbaycan-Türkiyə-Pakistan formatının ciddi perspektivi var. Həmçinin Pakistanı həm Azərbaycanla, həm Türkiyə ilə mənəvi tellər bağlayır”.

Vüqar Zifəroğlu bildirdi ki, Pakistanın geosiyasi əhəmiyyəti Qərb dövlətləri üçün də yüksəkdir:

"Pakistanın Qərb üçün önəmi Hindistanla münasibətlərdə manevr imkanları qazanmaqdan ibarətdir. "Soyuq müharibə” dövründən etibarən SSRi-Hindistan münasibətlərinin alternativi Qərb-Pakistan əlaqələri olub. Bu gün Qərb-SSRİ rəqabəti bu gün başqa şəkildə davam edir. Ona görə də Pakistan özünün geostrateji əhəmiyyətini itirməyib. Xüsusilə Mərkəzi Asiya amilini vurğulamaq lazımdır. Eyni zamanda, Pakistan İslam aləmində tamamilə fərqli baxışa, düzənə malik ölkədir. Bu da ərəb ölkələrindən fərqlənir. Ümumiyyətlə, Pakistan geosiyasi münasibətlərin qurulmasında ciddi önəm kəsb etməyə başlayıb. Pakistan Qərbin maraqlarına olan təhdidlərin qarşısını almaq üçün mühüm amil kimi çıxış edir. Pakistanın yüksək hərbi potensiala malik olmasının səbəblərindən biri də "Soyuq savaş” dönəmindən Qərbin hərbi dəstəyi olub. Çinin bölgədə təsirinin artdığı bir vaxtda və Hindistan-Rusiya münasibətləri fonunda Pakistanın əhəmiyyəti güclənir. Onu da qeyd edim ki, Pakistanı Yaxın Şərqdə cərəyan edən proseslərdən də kənarda təsəvvür etmək mümkün deyil. Bu baxımdan, Pakistan həm iqtisadi və siyasi nöqteyi-nəzərdən maraqlı dövlətlərtdən biridir”.

Ekspertin sözlərinə görə, Pakistanın Cənubi Qafqazda geosiyasi maraqları yoxdur. Ancaq rəsmi İslamabad Azərbaycanın da daxil olduğu meqalayihələrə böyük maraq göstərir:

"Tarixi İpək Yolu və marşrutların seçilməsində Pakistan həm keçmiş tarixdə, həm də müasir dövrdə xüsusi funksiya yerinə yetirib. Bu mənada Pakistanın Azərbaycan üçün böyük əhəmiyyəti var. Bu layihələrə Pakistanın qoşulması onun şərqə doğru genişlənməsi deməkdir. Bəzi ölkələr bu məsələdə maraqlı tərəf deyil. Buna misal olaraq, Pakistan-İran münasibətlərini qeyd etmək olar. Hər iki ölkə arasında münasibətlərin gərginləşməsi də baş verib. Amma bizim maraqlarımızı Azərbaycan-Pakistan-Türkiyə formatının qurulması təşkil edir. Pakistan regional gücdür. Bu mənada yeni yaradılacaq format bölgədə bir çox iri layihələrin inkişafına töhfə verə bilər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları