Yuxarı

İranın şübhəli "dəhliz oyunu”: Tehranın məqsədi nədir?

İranın şübhəli

İranın şübhəli

İran Qarabağ ətrafında baş verən proseslər zamanı oyundan kənarda qalsa da, indi bütün ciddi cəhdlə quruculuq işlərində iştirak etmək istəyir.

Lakin Azərbaycan hakimiyyəti və ictimaiyyəti İranın 44 günlük Vətən müharibəsinin ilk günlərində və müharibədən öncə də işğalçı Ermənistana dəstək verdiyini unutmayıb. İran sonradan ll Qarabağ müharibəsində Azərbaycanın mütləq qələbə çalacağı qənaətinə gəldiyi üçün xarici siyasətində korrektə etdi.

Lakin bununla da məkrli üzünü gizlədə bilmədi. İran rəsmiləri sonradan ərazi bütövlüyümüzlə bağlı səsləndirdikləri gecikmiş bəyanatları ilə də Azərbaycan ictimaiyyətini inandıra bilmədilər. İndi İran yenə də yeni təkliflərini işə salıb ki, Qarabağa girə bilsin. Belə ki, İran Xudafərindən Naxçıvan və Türkiyəyə dəhliz təklif edir.

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın fikrincə, İran çalışır Qarabağla bağlı hansısa məsələdə iştirakı olsun. Politoloq məsələ ilə bağlı "Cümhuriyət”ə açıqlamasında deyib ki, Tehran oyundan kənarda qalmaq istəmir:

"İranın bundan əvvəl də Dağlıq Qarabağ məsələsində oyundan kənarda qaldığını bildirmişdik. İndi əlavə olaraq Xudafərin dəhlizinin yaranmasına nə ehtiyac var? İran Naxçıvan və Türkiyə ilə əlaqə saxlamaq istəyirsə, Culfada gömrük məntəqəsi var. Hətta Culfada bazar da var. Bundan başqa Biləsuvarda, Astarada gömrük məntəqələri var. Sadəcə olaraq, İran bütün variantlardan istifadə edərək Qarabağa girmək istəyir. O çalışır ki, Qarabağla bağlı hansısa məsələdə iştirakı olsun. Ona görə də müxtəlif təkliflər irəli sürür. Xudafərində yaranan dəhlizin Azərbaycana nə xeyri olacaq? Halbuki Azərbaycan İranla daha yaxın əlaqə məsələsini Aslandüz-Horadiz sərhəd-keçid məntəqəsində həll edə bilər. Horadizdən Xudafərinə məsafə 50 kilometrdən azdır. Belə kiçik bir məsafədə ikinci bir dəhlizə nə ehtiyac var? İran boş və səmərəsiz işlərlə məşğuldur. Bunun da səbəbi zamanında ermənilərlə iş birliyini ört-bas etməkdir. Torpaqlarımız işğal altında olanda İran həmin Xudafərin ərazisindən ermənilərlə əməkdaşlıq edirdi. İndi həmin vəziyyətdən çıxıb, münasibətləri düzəltmək üçün müxtəlif məntiqsiz təkliflərlə çıxış edir”.

"Onlar səmimi olduqlarını sübut etməlidirlər”

Politoloq hesab edir ki, İran səmimidirsə, ilk növbədə ermənilərlə iş birliyinə görə hansısa formada Azərbaycandan üzr istəməli və Qarabağ məsələsində səmimi olduğunu sübut etməlidir:

"Azərbaycan hakimiyyəti və ictimaiyyəti İranın Qarabağ məsələsində tutduğu mövqeyə görə ona etibar etmir, inanmır. İran Qarabağdakı quruculuq və ya hansısa işlərlə bağlı fəaliyyət göstərsə, Azərbaycan ictimaiyyətində narazılıq yaranacaq. Bizdə qardaş Türkiyəyə qarşı narazılıq yaranmır. Səbəb isə çox sadədir. Türkiyə hadisələrin başlanğıcından sonunadək bizim yanımızda oldu, təcavüzkarı pislədi və işğalçı ilə sərhədləri bağladı. Əsl haqq tərəfdarlığı və səmimi mövqe budur. İran isə əksinə etdi. İşğalçı Ermənistana yardımlar etdi. Tehran hakimiyyəti nə iş görübsə Azərbaycanın ziyanı ilə nəticələnib. Ötən əsrin 90-cı illərində torpaqlarımız işğal olunanda guya İran problemin həllində vasitəçi idi. Ali Sovetin o zamankı sədri, ölkə Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov İrana gedib- qayıdandan sonra Şuşa işğal olundu. Zəngilan işğal olunanda azərbaycanlılar İrana keçməyə çalışdılar və özlərini Araz çayına atdılar. Onların yarısı çayda boğuldu, bir hissəsi isə İran ərazisinə keçdi. Orada da Güney azərbaycanlıları Quzey Azərbaycandan didərgin salınmış qardaşları ilə görüşməyə qoymadılar. Həmin qaçqınları bir neçə gün ərzində Azərbaycana daşıdılar”.

"O dəhlizə lüzum yoxdur”

S.Soltan qeyd edib ki, Xudafərin dəhlizinə heç bir halda lüzum yoxdur:

"İran Qarabağın azad olunması ilə bağlı heç bir əməli iş görməyib. Tehran Azərbaycanın xeyrinə ola biləcək cüzi iş görübsə, onu dünyaya car edib. Amma Ermənistanla gördüyü yüzlərlə qanunsuz işləri ört-bas etməyə çalışıb, təkzib edib. İrana Qarabağdakı quruculuq işlərində və digər məsələlərdə iştirakı üçün jest etməyə heç bir əsaslı səbəb yoxdur. Elə bir müsbət addım atmayıb ki, deyəsən buna görə güzəşt edilə bilər. İran Qarabağda hansı işi görsə, mütləq Azərbaycan ictimaiyyətinin dalağı sancacaq ki, onun burda nə işi var. İran bundan sonra da müxtəlif ideya və təkliflərlə çıxış edəcək. Lakin hamısı boş və cəfəngiyatdır. Azərbaycanla İran arasında kifayət qədər gömrük məntəqəsi var. Perspektivdə də Naxçıvan dəhlizi vasitəsi ilə əlaqələr qurulacaq. Daha başqa dəhlizə nə ehtiyac var. İran Naxçıvanla Türkiyə arasında belə işləmək niyyətindədirsə, Astara dəmir yolu xəttinin tikilməsini sürətləndirsin və gəlib Bakı-Qars dəmir yolu xətti ilə istədikləri qədər ticarət etsindən. Bəs nəyə görə Xudafərindən dəhliz istəyir? Çünki məqsədi yalnız Qarabağa girməkdir. Deməli nəsə xoş olmayan niyyəti var. Son olaraq deyim ki, Xudafərin dəhlizinə heç bir ehtiyac yoxdur və İranı Qarabağdakı quruculuq işlərinə qəti şəkildə buraxmaq olmaz”.

Əli Bədir





Həftənin ən çox oxunanları