Yuxarı

"Qarabağ klanı"nın uğursuz revanş cəhdi: "Türk əsgəri mütləq orada olmalıdır”

"Qarabağ klanı"nın uğursuz revanş cəhdi:

Ordusu, texnikası və iqtisadiyyatı məhv olmuş Ermənistan hələ də işğalçı mövqeyindən əl çəkmək istəmir.

44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətlə üzləşən Ermənistan və özəlliklə də "Qarabağ klanı"nın nümayəndələri Azərbaycana qarşı yenə də revanşist çıxışlar edirlər. Onlar revanş götürəcəklərini və azad etdiyimiz torpaqlarımızı yenidən işğal edəcəklərini bildirirlər. Təbii ki, bu onların ürəyində "Böyük Ermənistan” xülyası kimi mif olaraq qalacaq. Lakin bu çıxışlar bölgədəki kövrək atəşkəsi təhdid edir.

Bu çıxışları edənlərdən biri də Ermənistanın sabiq prezidenti Serj Sarkisyandır. Sarkisyan Ermənistan ordusunun Qarabağı yenidən geri alacağını deyib.

"Ermənistan ordusu yenə də yumruğunun gücünü göstərəcək və düşmənə öz biabırçı keçmişini xatırladacaq”-Sarkisyan belə deyib.

Şübhəsiz ki, Sarkisyan biabırçı keçmiş dedikdə, 90-cı illərdə Azərbaycan xalqının başına gətirdikləri faciələri nəzərdə tutur. Digər tərəfdən Rusiya da son zamanlar müharibə ritorikasına üstünlük verir və status məsələsini qabartmağa çalışır.

Bu gedişatla Ermənistan nəyə nail olmağa çalışır?

Sabiq Prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov "Cümhuriyət”ə açıqlamasında deyib ki, Azərbaycan Ermənistanla qonşu olduğu üçün hər zaman hazırlıqlı olmalıdır:

"Ermənistanda revanşa çağırışlar 10 noyabrdan başlayıb. İlk günlərdə bunu səsləndirən siyasi qüvvələrə noyabr ayında Rusiya prezidentinin cavabı "soyuq duş effekti" bağışladı. Vladimir Putin dedi ki, müharibəyə çağırışlar etmək və ya revanş haqqında düşünmək Ermənistanın özü üçün intihar demək olar. Amma atəşkəsdən təxminən 3 ayadək zaman keçib və həm savaş, həm də ondan sonrakı dövrdə səssiz qalan bir çoxları kimi, səsi çıxmayan Sarkisyanın da səsi eşidilməyə başlayıb. O baxımdan ki, artıq Ermənistanda Rusiyanın regionda möhkəmləndiyini hiss edirlər və buna görə də ermənilər əks-hücum taktikası seçib itirdiklərini bir formada geri qaytarmağa nail olmalıdırlar. Buna da zaman- zaman cəhd edirlər. 28 yanvarda yalnız Sarkisyan deyil, keçmiş müdafiə naziri, Xocalı qatili Sergey Ohanyan da danışmağa başlayıb. Halbuki Ohanyan müharibə vaxtı paltarını dəyişərək mülki maşında döyüş meydanından qaşmışdı. İndi belə birisi də revanşdan dəm vurur. Biz bu çağırışları çox eşidəcəyik. Azərbaycan tərəfi olaraq belə bir işğalçı qonşu ilə yanaşı yaşadığımız üçün hər zaman müharibəyə hazır olmalıyıq. Bunun üçün hökumət ən birinci daxildəki milli birliyi qoruyub saxlamalıdır. Biz savaş dövründə bunu gördük, müşahidə etdik ki, xalq, ordu və hökumət bir yumruq olaraq birləşdi. Eyni zamanda həm diplomatik sahədə, həm də informasiya sahəsində fəallıq artırılmalıdır. Hazırda psixoloji və diplomatik savaş gedir. Burada aktiv olmaq lazımdır. Necə ki savaş dönəmində Azərbaycan düşməni hər sahədə qabaqlayıb ona sarsıdıcı zərbələr vururdu. Eyni hərəkəti təəssüf ki 10 noyabrdan sonra ciddi şəkildə müşahidə etmirik. Bu baxımdan dövlət olaraq bizim üzərimizə düşən hazırlıqlı olmaqdır”.

O.Qasımov qeyd edib ki, Rusiyanın bölgədəki maraqları və fəaliyyətlərini dəqiq qiymətləndirməliyik:

"Ermənistan müxalifətinin liderlərindən olan Vazgen Manukyan da bu fikri açıq səsləndirdi və dedi ki, bizim Rusiya ilə əməkdaşlığımızın ən həssas həlqəsi Qarabağ məsələsidir. Qarabağ yoxdursa, Rusiya bölgədə yoxdur. Bu, kifayət qədər açıq mətnlə deyilib. Rusiya bölgədə öncəki 27 il kimi öz təsirini qoruyub saxlamaq üçün Qarabağ məsələsini uzatmağa, status-kvo söhbətini gündəmdə saxlamağa çalışacaq. Bununla hər iki tərəfə təsir etməyə çalışacaq. Rusiya bölgədə öz mövqelərinin möhkəmliyini qorumaq üçün status-kvo məsələsini qeyri-müəyyən vaxta uzatmaq istəyir. Bu cəhətdən biz Azərbaycan olaraq təşəbbüskar mövqedən çıxış etməliyik. Həm Qarabağdakı ermənilərlə bağlı, həm Laçın dəhlizinə Ermənistan Laçın sərhəddindəki keçidlə bağlı addımlar atmalıyıq. Həmin sərhəd-keçid məntəqəsində öz nəzarət məntəqəmizi qurmalıyıq. Orada bizim sərhədçilər və gömrükçülər dayanmalıdır”.

Ekspert hesab edir ki, "Qarabağ klanı"nın üzvlərinin çıxışları həm daxili auditoriyaya, həm də xaricə hesablanıb:

"Sarkisyan və Köçəryanın çıxışlarını həm də daxilə hesablandığını düşünmək lazımdır. Çünki Ermənistanın daxilində qeyri-sabitlik hökm sürür. Paşinyana qarşı "Qarabağ klanı"nın qüvvələri birləşiblər. Eyni zamanda Paşinya "Qarabağ klanı"nın üzvlərini həbs edib onlara zərbə vurduğu üçün onlar da hakimiyyətin revanşını alırlar. Yəni stol davası gedir. Bu çıxışlar həm bizə, həm də daxili auditoriyaya hesablanmış addımlardır. Köçəryan çıxışında deyir ki, ordu yox dövlət uduzub. Əslində, Paşinyan onlara cavab vermişdi və demişdi ki, bu ordunu o yox, Köçəryanla Sarkisyan qurub. Köçəryan çıxışında bildirir ki, Ermənistan ordusuna 3 milyarddan artıq ziyan dəyib və onu tez bir zamanda bərpa etmək mümkün olmayacaq. Əslində, bu fikirlər daha praqmatik səslənir. Əslində, Köçəryan dolayısı ilə etiraf etdi ki, reallıqlara əsasən, rəsmi Bakının istəkləri var və bunun qarşısında durmaq çətindir. Onsuz da bu münaqişə hələ uzun müddət davam edəcək və Ermənistan tərəfindən belə çağırışları çox eşidəcəyik. Buna görə də tədbirlər almaq lazımdır. İlk növbədə Laçın dəhlizinə nəzarət etməliyik. Məsələnin həlli bir də bölgədə Türkiyə və Rusiyanın əməkdaşlığından, onların məsələyə baxışından keçir. Ona görə də Türkiyənin Qarabağda iştirakı aktivləşməli və türk əsgəri mütləq orada olmalıdır. Türkiyənin burada olması stabilləşdirici bir faktor kimi dəyərləndirilməlidir. Bu baxımdan, Sarkisyanın çıxışını revanş kimi qəbul edirəm. Lakin o da başa düşür ki, hazırda Ermənistanın əsas sütunlarından olan ordu dağıdılıb, ona ağır zərbə vurulub. Onun torparlanmasına vaxt lazımdır. Azərbaycan da bu vaxtdan düzgün istifadə etməlidir. Ordumuzun müdafiə və idarəçilik qabiliyyətini artırmalı, peşəkarlıq səviyyəsini yüksəltməliyik. Mövcud olan problemlər qısa müddətdə həllini tapmalıdır, ən önəmlisi isə ölkədə qütbləşməyə imkan vermək olmaz. Xalqı müharibə dövründəki kimi vahid yumruq şəklində saxlamaq lazımdır”.

Əli Bədir





Həftənin ən çox oxunanları