Yuxarı

Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir?

Paşinyan

Paşinyan "dalana dirənir":

Ermənistanda müxalifətlə iqtidar arasındakı gərginlik artan xətt üzrə inkişaf edir.

Müxalifətin Baş nazir Nikol Paşinyanı devirmək gücü olmasa da, etiraz aksiyaları yatmır. Müxalifət liderləri ölkədəki mövcud problemlərin formalaşmasında Paşinyanı günahlandırır, onu istefaya səsləyirlər. Paşinyan isə geri çəkilmək niyyətində deyil.

Hazırda iki barışmaz qüvvə üz-üzə dayanıb: bir tərəfdə arxasında güc strukturları dayanmış Paşinyan, digər tərəfdə meydanlara kifayət qədər aksiya iştirakçıları toplaya bilməyən, lakin etirazları da dayandırmayan müxalifət. Nikol Paşinyan hələlik müxalifət qarşısında güclü olmasına baxmayaraq, qısa zaman ərzində hansısa manevrlərə əl atmaq məcburiyyətindədir.

Çünki hələlik Rusiya da onun hakimiyyətdə qalmasını istədiyi üçün müxalifət Paşinyana qalib gələ bilmir.

Maraqlıdır, Ermənistanda qeyd olunan proseslərin inkişafı nə vəd edir?

"Onlar tezliklə Baş naziri devirməyə çalışırlar”

Politoloq Elşən Manafov "Cümhuriyət”ə açıqlamasında deyib ki, Sarkisyanla Köçəryan barələrində gedən istintaqdan xeyirlərinə olmayacaq qərarlar çıxacağından qorxurlar, ona görə də Paşinyanı tezliklə devirməyə çalışırlar:

"Nikol Paşinyanın ll Qarabağ savaşında uduzması, Ermənistan müxalifətinin Azərbaycana qarşı revanş istəyini daha da artırmış oldu. Təbii olaraq, müxalifət bu müharibədə məğlubiyyətin səbəbini Paşinyanda görür. Onu ordu quruculuğuna kifayət qədər diqqət və vəsait ayırmamaqda suçlandırır, müharibə dönəmində onu Ali Baş Komandan olaraq öz vəzifəsinin öhdəsindən gələ bilməməkdə ittiham edir. Amma bu ordu Sarkisyanla Köçəryanın zamanında formalaşmış ordu idi və Paşinyan hakimiyyətə gəldikdən sonra, öz dediyinə görə, hərbi büdcəni 23 faiz artırıb. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında demişdi ki, biz məhz Sarkisyanla Köçəryanın ordusunu məğlub etdik.

Bu mənada, Paşinyanla yanaşı, Sarkisyan və Köçəryan da birbaşa hüquqi məsuliyyət daşıyan şəxslərdir. Təbii ki, onların revanş götürmək istəyi, müxalifət olaraq korporativ maraqları baxımından anlaşılandır. Amma Ermənistanın maraqları baxımından xəyanətdir. Hesab edirəm ki, Ermənistanda sağlam siyasi qüvvələr bunu gözəl anlayır. ABŞ-ın reytinq institutları, müharibədəki məğlubiyyətinə baxmayaraq Paşinyanın reytinqinin müxalifətdən daha yüksək olduğunu göstərir. Hətta müxalifət cəm halında belə, Paşinyanı devirmək üçün paytaxt küçələrinə kifayət qədər narazı kütlə toplaya bilmir. Paşinyan elə protest elekoratının və SOROS fondunun dəstəyi ilə hakimiyyətə gəlmişdi.

Digər tərəfdən, Paşinyanın opponenetlərinin Ermənistanın sosial iqtisadi bazasında yaranmış problemlərə görə də məsulliyət daşımaları normaldır. Digət tərəfdən Köçəryanla Sarkisyan haqqında başlanmış cinayət işi hələ də bağlanmayıb. Görünür, Paşinyan iqtidarda qaldıqca bu istintaqın Sarkisyan və Köçəryanın xeyrinə olmayan yeni-yeni dəlliləri ortaya qoyacağı, adı çəkilən şəxsləri narahat edir. Ona görə də onlar Paşinyanı qısa zaman ərzində devirməyə çalışırlar”.

"Kommunikasiyanın açıqlaması Ermənistan üçün bir şansdır”

Politoloq hesab edir ki, əgər Paşinyan "Çiçəklənən Ermənistan” Partiyası kimi, fərqli mövqeyə malik olan müxalif qüvvələrlə razılığa gələ bilərsə, varis planı işlənib hazırlana bilər:

"Bir şeydə var ki, Paşinyanın manevr etmək üçün vaxtı yoxdur. Paşinyan bölgədəki geosiyasi reallıqları nəzərə alır. Kommunikasiya xətlərinin açıqlmasında Azərbaycan da, Türkiyə də, İran da və Rusiya da maraqlıdır. Paşinyan keçən ilin noyabr, bu ilin də fevral ayında imzalanmış razılaşmadan əldə edilmiş razılıqların həyata keçirilməsində nəyinki məsul şəxsdir, həm də o, Ermənistanı mövcud durumdan çıxarmaq üçün cəhdlərini gücləndirməlidir. Yəni nəqliyyat- kommunikasiya xətlərinin açıqlaması Ermənistanın inkişafı üçün bir şansdır.

Ermənistan bundan ötrü Azərbaycana qarşı torpaq iddialarından imtina etməli, Qarabağın Azərbaycan torpağı olması faktını etiraf etməli, Sevr müqaviləsinin şərtlərinə yenidən baxılması ilə bağlı Türkiyə Cümhuriyətinə 2019-cu ildə ünvanlanmış məktubdan imtina etməli, Türkiyə və Azərbaycanla münasibətləri hər iki tərəfin maraqlarına cavab verə biləcək müstəvi üzərinə gətirməlidir. Etiraf etmək lazımdır ki, kommunikasiya xətlərinin açılmasında Rusiya da maraqlıdır və onunla da razılaşdırılıb.

Paşinyan 2021-ci ilin may ayınadək zəruri olan addımları atmasa, ölkənin iqtisadiyyatı daha da ağırlaşıb, fəlakət vəziyyətinə çatacaq. "Mənim addımım” partiyası onunla ortaq maraqlar müstəvisinə gələn başqa bir partiya ilə anlaşarsa o zaman Baş nazir hakimiyyətin ötürülməsi planı barədə barədə razılığa gələ bilər. Amma bunun üçün hakimiyyətə gələn yeni komanda da Paşinyanın təhlükəsizliyi ilə bağlı təminat verməlidir”.

Əli Bədir





Həftənin ən çox oxunanları