Yuxarı

Ankaranın Suriya siyasəti iflasa uğradı

Ankaranın Suriya siyasəti iflasa uğradı

[caption id="attachment_416" align="alignleft" width="308"]Qabil Ekspert: “Türkiyə NATO ilə birgə hərəkət etməlidir”[/caption] Rusiya Hərbi Hava Qüvvələrinin son günlər Bəşər Əsəd rejiminə qarşı döyüşən müxalifət qüvvələrinin mövqelərinə aviazərbələr endirməsi Suriya prezidentinin siyasi və hərbi gücünü artıracaq. Eyni zamanda, Azad Suriya Ordusunun vurulması müxalifətlə döyüşən İŞİD terror təşkilatı üçün də əlverişli şərait yaradır. Bütün bunlar isə artıq ABŞ başda olmaqla Qərb dövlətlərinin etiraz bəyanatları ilə qarşılanıb. Rusiyanın hərbi əməliyyatlar keçirməsi və Yaxın Şərqin sahibi kimi davranması Suriyanın etnik və məzhəbçi qrupların tabeliyində olan “hibrid dövlətlər”ə parçalanması barədə beynəlxalq rəyləri artırıb. Çünki Rusiya ilkin mərhələdə hərbi kontingentini Suriyanın qərb vilayətlərində və Əsəd rejiminin nəzarətində olan şiələrin yaşadığı ərazilərdə cəmləşdirməklə bu ölkənin parçalanması prosesini sürətləndirdi. İranın da bu məsələdə Rusiya ilə müttəfiqlik nümayiş etdirməsi rəsmi Tehranın Yaxın Şərqə nüfuz etmək imkanlarını artırıb. Ona görə də siyasi ekspertlər hesab edirlər ki, Rusiya-İran hərbi birliyinin Suriyada möhkəmlənməsi çox keçmədən şiələrin kompakt yaşadığı Livana sirayət edə bilər. Bu isə “Hizbullah” terror təşkilatının fəaliyyətinin artması ilə müşahidə olunacaq. Hadisələrin bu istiqamətdə inkişafı artıq İsraili və Səudiyyə Ərəbistanını ciddi narahat etməyə başlayıb. Rusiyanın və İranın Yaxın Şərqdə hərbi üstünlüyü ələ almasından sonra bu dövlətlərin Suriyadan çıxması asan olmayacaq. Ona görə də Rusiya və İran Suriyadakı hərbi iştirakına son qoymasa bu bölgədə maraqları olan siyasi aktorların əks-həmləyə keçəcəyi istisna edilmir. ABŞ-ın Yaxın Şərqi dünyada başlıca siyasi rəqibi olan Rusiyanın öhdəsinə buraxıb çəkilməsi ətrafında suallar indi çox səslənir. Bir sıra analitiklər hesab edirlər ki, Barak Obamanın xarici siyasətində ABŞ-ın Yaxın və Orta Şərqdən imtina etməsi və daha çox Asiya Sakit Okean regionuna nüfuz etmək planı dayanır. Yaxın və Orta Şərqdə baş verənlər ABŞ-ın regiondan çıxması ilə yaranmış siyasi vakuumun nəticəsidir. Bu baxımdan Rusiya və İranın Suriyada yürütdüyü hökmranlıq siyasəti ABŞ-ın güzəşti kimi də dəyərləndirilir. Ancaq məsələni daha qlobal səviyyədə təhlil edən digər politoloqların fikrincə, Ukrayna cəbhəsində Rusiya ilə qarşıdurmanın getdikcə artdığı bir vaxtda ABŞ-ın Yaxın Şərqi Putinə “hədiyyə etmək” barədə deyilənlər inandırıcı görünmür. Əksinə, Rusiyanın Suriyaya müdaxiləsinə göz yummaqla ABŞ şimal imperiyasını dərin siyasi bataqlığa sürükləyib. Digər tərəfdən, Rusiya və İranın bölgədə şiələr yaşayan bölgələrdə hərbi fəallığının artması Səudiyyə Ərəbistanı, Qətər və bu dövlətlərin dəstəklədiyi İŞİD-in də maraqlarına ciddi zərbə vurur. Hazırda yaranmış vəziyyəti ən böyük narahatlıqla izləyən tərəf isə Türkiyədir. Rusiyanın gözlənilmədən Suriyaya daxil olaraq Əsəd rejiminin silahlı müdafiəsini təşkil etməsi Türkiyə üçün siyasi sürpriz olub. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov ordunun yerüstü əməliyyatla cəlb olunmayacağını bəyan etsə də artıq 30-dan artıq Rusiya tankını və xeyli sayda əsgərin Türkiyənin Əskişəhr bölgəsinin cənub sərhəddindəki Türkmən dağına cəmləşdiyi xəbər verilir. Hadisələrin belə inkişafı AKP hökumətinin Suriya siyasətinin iflası da hesab edilir. Uzun müddət Türkiyə Əsəd rejiminin çökdürülməsi istiqamətində Rusiya ilə strateji müttəfiqlik qurmağa çalışsa da prezident Putin nəinki Bəşər Əsddən dəstəyini geri çəkmədi, hətta Türkiyəni son gedişi ilə taym-aut vəziyyətinə salıb. İndi Türkiyə Əsəd rejimini devirmək üçün Rusiya-İran ittifaqından ibarət böyük bir hərbi maneəni aşmalıdır. Bu isə indiki halda rəsmi Ankara üçün qeyri-mümkündür. Ona görə də Türkiyə hakimiyyəti düşdüyü çətin vəziyyətdən çıxış yolu axtarır. Xarici işlər naziri Firidun Sınırlıoğlu da verdiyi açıqlamada dinc insanların öldürülməsindən narahat olduğunu bildirib. Yaranmış durumu şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı aldadıb və gözlənilməz gediş edib: “Hətta ABŞ və NATO da təşviş içərisindədir. Türkiyənin özü isə çox qəzəblidir. Türkiyənin “təhlükəsizlik bölgə” ideyası, Bəşər Əsədi devirmək ideyası sıradan çıxdı. Türkiyə situasiyadan çıxış yolu tapmaq üçün yeni strategiya formalaşdırmalıdır. Fikrimcə, Türkiyə yenidən ABŞ başda olmaqla NATO-nun sıralarına qayıtmalı, onunla birlikdə hərəkət etməlidir”. MüşfiqAbdulla  





Həftənin ən çox oxunanları