Yuxarı

“Əli Kərimli bütün əziyyətimizin üstündən xətt çəkdi”

“Əli Kərimli bütün əziyyətimizin üstündən xətt çəkdi”

deyanet Babayev

AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadından haqsız yerə qovulan cəbhəçilər AXCP Etimad Qurultayı Təşkilat Komitəsində birləşiblər. Partiya sıralarından kənarlaşdırılan cəbhəçilərdən biri, AXCP-nın Nərmanov rayon şöbəsinin üzvü Dəyanət Babayev də ona qarşı münasibətin kökündə dayanan səbəblər barədə Cebhe.info-ya danışıb.

- Dəyanət bəy, partiyadan kənarlaşdırılmağınızı nə ilə əlaqələndirdilər?

- Üzv olduğum AXCP Nərimanov rayon şöbəsindən cıxarılmağımda Əli Kərimlinin müşaviri Məmməd İbrahimin əvəzolunmaz rolu var. Məmməd İbrahim partiya üzvü olub-olmayan 15-20 nəfəri Nərimanovda çayxanaya yığaraq, Ehtiram Mehtiyev, Cavid Musazadə və məni partiyadan çıxartdı. Səbəb isə bizim “pozuculuq fəaliyyətimiz” oldu. Qeyd edim ki, Məmməd İbrahim tapşırıqları Fuad Qəhrəmanlıdan alırdı. Biz dəfələrlə partiya rəhbərliyinə bu cür ədalətsizliklər haqda məlumat versək də, heç bir tədbir görülmürdü, bu cür ədalətsizliklərə göz yumulurdu. Bir dəfə mən Əli Kərimlinin telefonuna məni partiyadan əsassiz çıxarmaları ilə bağlı mesaj yazdım. “Siz bu partiyanın sədrisiniz, Fuad Qəhrəmanlı, Məmməd İbrahim kimilər bu partiyanı dağıdacaq” deyə yazmışdım. Əli bəy mənə cavabında bildirdi ki, məsələni araşdıracaq.

- Sizin də iştirakınızla araşdırma aparıldımı? Hər halda siz özünü sədr adlandran şəxsdən partiya üzvü kimi bunu istəmişdiniz.

- Yox, araşdırma apaırlmadı, əvəzində Əli Kərimli mənim yazdığım mesajı Məmməd İbrahimə göndərdi. Məmməd İbrahim məni çağırıb bildirdi ki, Əli bəy yazdığın mesajı mənə göndərib, araşdırmağı tapşırıb. Mən də bildirdim ki, ondan şikayət etdiyim halda mənim şikayətimi necə araşdıracaq?  Bir anlıq düşündüm ki, bunu edən adamın psixoloji durumu yerində ola bilməz. Yəqin Əli Kərimlinin də psixoloji durumu yerində olmayıb.

- Dəyanət bəy, dəfələrlə həbs edilmisiniz. Bu müddətdə Əli Kərimli sizə nə kimi dəstək verib?

- 2009-cu ildən bu vaxta qədər dəfələrlə inzibati qaydada mühakimə olunmuşam. 11 dəfə inzibati qaydada həbs olunmuşam. Dəfələrlə az və çox məbləğdə cərimə edilmişəm. Hər dəfə sutqalıq həbsdən çıxanda kirayə pulunu ödəyə bilmədiyim üçün qalmağa yerim olmayıb. Əli bəy mənə ancaq yazmaqla kömək edib, çünki o, yazmağın qəhrəmanıdır, özü yazsın, ətrafında olan insanlara da tapşırsın ki, paylaşın. Mənim cərimələrimi isə dəfələrlə AXCP-nin Ali Məclisin keçmiş sədri Qulamhüseyn Əlibəyli və Razi Nurullayev ödəyib. Mən Razi bəyi 6 il olar ki, tanıyıram.  Razi bəy sədr müavini olanda inzibati cərimələrimi hətta ev pulunu ödəməyə kömək edirdi. Əli Kərimlidən fərqli olaraq apardığımız mübarizəyə dəyər veriblər. Əli Kərimlidən isə nə maddi, nə də mənəvi dəstək görmüşük. 2012-ci ildə mən sutqalıq həbsdə idim, ordan məni Nəsimi rayon Polis İdarəsinə apardılar. Ağır ittihamla cinayət işi qaldırdılar, 2 gün şübhəli şəxs qismində saxladılar. O zaman siyasi məhbuslar üzrə həmməruzəçilər Bakıda idi. Razi Nurullayev onlarla görüşdü, mənim məsələmi onlara çatdırdı. Məhkəmədə Razi bəyin köməkliyi nəticəsində mənə sanksiya vermədilər. İstintaq müddətində azadlıqda qaldım. AXCP rəhbərliydən Asəf Quluyevdən başqa heç kim məhkəmə zamanı bir dəfə olsun məhkəməyə gəlib mənə dəstək olmadı. Halbuki mən onlara görə həbs olunmuşdum. Məhkəmə 2 il şərti cəza verdi. Cəzanın bitməsinə 1 ay qalıb. Hər gün gedib polis idarəsində izahat verirəm, qol çəkirəm. Əli Kərimli mənim və bir çoxlarının bu qədər əziyyətinin üstündən xətt çəkdi. Nəinki mənim, çox insanların əziyyətini qiymətləndirmədi və bu gün də eyni vəziyyət davam edir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları