Yuxarı

“Normal seçki keçirilməsə, dövlətçilik böhrana sürüklənə bilər”

“Normal seçki keçirilməsə, dövlətçilik böhrana sürüklənə bilər”

[caption id="attachment_1378" align="alignleft" width="204"]taliyet eliyev Taliyət Əliyev: “Seçkilərə siyasi və hüquqi müstəvidə əngəllər yaradılıb” [/caption] Azərbaycanda deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, seçicilərin sayı 0, 8 artaraq 5 093 289 nəfərə çatıb. Ancaq ölkədə seçici fəallığı hiss olunmur. Ona görə də seçki kampaniyasının qızğın keçəcəyi inandırıcı görünmür. Qeyd edilən problem bir sıra səbəblərlə izah edilir.  2010-cu ilin parlament və 2013-cü ilin prezident seçkilərindən ötən dövrdə seçki qanunvericiliyinə məhdudlaşdırıcı əlavə dəyişikliklər edilib, vətəndaş cəmiyyəti təsisatları və müstəqil media seçkilərə ictimai nəzarət prosesindən tamam kənarlaşdırılıb. Hüquq müdafiəçilərinin əksəriyyəti ya həbsdə, ya da mühacirətdədir. Hakimiyyət demokratik seçki islahatları keçirmək istiqamətində bütün təkliflərdən birmənalı şəkildə imtina edib. Bütün bunları müşahidə edən cəmiyyət artıq seçkilərin nəticələrinin bəri başdan məlum olduğu qənaətindədir və passivlik nümayiş etdirir. Amma  mövcud vəziyyətin daha dərin təhlili seçici passivliyinə sadalanan siyasi şərtlərlə yanaşı, əlavə amillərin də təsir göstərdiyini üzə çıxarır. Burada ilkin səbəblərdən biri kimi  hakimiyyətin bütün qollarında, o cümlədən seçkili orqanlarda siyasi yeniləşmənin baş verməməsi diqqəti cəlb edir. Azərbaycan cəmiyyəti uzun illərdir siyasi kürsülərdə, parlamentdə ciddi dəyişikliyin şahidi olmur. Siyasi varislik ənənəsi Azərbaycanda sanki tıxanıb və gənc nəslin siyasətə gəlişi problemə çevrilib. Azərbaycanda hakimiyyətin formalaşması mexanizminin siyasi münasibətlərdə təkrar istehsalı  baş vermir. Yəni bu, həm nəzəri, həm də praktiki cəhətdən anomal situasiya hesab edilə bilər. Elə deputatlar var ki, onun mandatı bu gün səsvermə hüququ qazanan yeniyetmə ilə həmyaşıddır. 1995-ci ildə anadan olan gəncin hazırda 20 yaşı var və o, ya tələbədir, ya da hərbi xidmətini başa vurub. Yaxud 2000-ci ilin parlament seçkiləri dövründə anadan olmuş uşaq bu gün həddi-buluğa çatıb. Onun “keçmişin qalığı”,  müasir dövrün siyasi reallıqlarından uzaq  hesab etdiyi həmin deputat isə 5-ci dəfə millət vəkili olmağa hazırlaşır. Hətta məhşur millət vəkillərindən birinin 2010-cu ilin parlament seçkilərində “Mən ölənə qədər deputat olmaq istəyirəm” ifadəsi mətbuatda yer almışdı. Ömürlük deputatlıq iddiasında olanların hamısı qocalardan ibarət deyil. Onların arasında orta yaşlı nəslin nümayəndələri də var. Ancaq məsələ yalnız yaşda deyil. Azərbaycan seçicisi həmin şəxslərin nəyə qadir olduqlarını, siyasi potensialı və fəaliyyət imkanlarına kifayət qədər bələddir. Ona görə də Azərbaycan seçicisi onun problemlərini həll etməyə qadir olmayan, görüşə bilmədiyi, səsini eşitmədiyi insanlara yenidən səs verməkdə maraqlı deyil.  Seçkilərə münasibətdə “Onsuz da heç nə dəyişməyəcək” tezisinin formalaşmasında məhz bu presedent mühüm rol oynayıb. Bu mənfi siyasi ənənə yalnız hakimiyyətə deyil, müxalifətə də aiddir. Hər iki siyasi düşərgədən 1990-cı illərdə deputat olmuş şəxslər bu gün yenidən mandat qazanmaq uğrunda gənclərlə eyni dairədən namizədliyini irəli sürüb onlara rəqiblik edir. Reallıqda isə siyasi elitada innovativ dəyişiklik olmadığından rəqabət baş vermir. Nəticədə siyasi inkişaf dayanır və bu həm cəmiyyətdə, həm də siyasi  münasibətlər sferasında durğunluq yaradır. Bu cür vəziyyətdən çıxmaq üçün ən optimal yol yaşlı nəslin siyasi varisliyi könüllü surətdə gənc nəslə ötürməsidir. Çünki yeni siyasi nəsil özü ilə yeni idarəetmə texnologiyası, qanun yaratmaq və icra etmək üsulu gətirəcək. Əks halda,  seçkiyə getməkdən imtina edən cəmiyyət bu dəyişikliyə nail olmaq üçün daha sərt vasitələrə əl ata bilər. Azərbaycan Demokrat Partiyası sədrinin müavini, hüquqşünas Taliyət Əliyevin fikrincə, ölkədə seçicilər arasında inamsızlığın formalaşması bir neçə səbəblə izah oluna bilər. Burada ilk növbədə, seçkilərin saxtalaşdırılması təsiredici rol oynayıb. İkincisi, seçicilər səs verdikləri insanların hər hansı faydalı fəaliyyətini görməyiblər. Ona görə də həmin insanların yenidən onların həyat tərzində heç bir dəyişiklik yaratmayacağını bildiklərindən seçkilərə də maraq göstərmirlər: “Amma seçkinin bu cür keçirilməsi  prosesində hüquqi bazanın problemləri mövcuddur. Seçki kampaniyası müddəti əvvəl 120 gün idisə,  sonra 75 günə, daha sonra isə 60 günə endirildi. Hakimiyyət seçkilərə hüquqi və siyasi müstəvidə əngəllər yaratdı və Seçki Məcəlləsi mürtəceləşdirildi. Sonuncu 120 günlük seçki kampaniyası 2005-ci iilin parlament seçkilərində olub. O vaxt seçici fəallığı indikindən qat-qat yüksək idi. Baxmayaraq ki, həmin seçkilərdə saxtalaşdırma ehtimalı böyük idi, amma cəmiyyətin özündə fəallıq yüksək idi.  2003-cü ilin prezident seçkilərində də, 2005-ci ilin parlament seçkilərində insanlar seçici siyahılarında öz adlarını axtarırdılar, tapmayanda isə məhkəmələrə üz tuturdular. Amma sonradan seçici fəallığının qarşısının alınması istiqamətində məhdudlaşdırıcı addımlar atıldı. Eyni zamanda, seçicilər on illərlə parlamentdə təmsil olunan deputatların onların həyatında yeniliyə nail olmadığını, problemlərini həll etmədiyini gördükdən sonra ciddi inamsızlıq yarandı. Hətta mənim özüm elə deputatlar var ki, ötən 5 ildə onun adını eşitməmişəm. Milli Məclisdə cəmi 5-10 faiz deputat var ki, qanunvericilik təşəbbüsü ilə çıxış edir, hansısa məsələləri qaldırır, seçicilərin problemləri ilə məşğul olur. Qalanları isə özünün biznesinə təminat və ya toxunulmazlıq statusu olmaq üçün bir vasitə kimi baxır. Hətta deputatlardan biri 3-4 il bundan öncə belə təkliflə çıxış etmişdi ki, seçki keçirməyə ehtiyac yoxdur. 2009-cu ildə keçirilmiş referendumdan sonra bundan bir presedent kimi istifadə etməyə başladılar.  Əgər ölkədə normal seçkilər keçirilməsə bu Azərbaycan dövlətçiliyini böhrana sürükləyə bilər. İnsanların seçkilərə inamını bərpa etmək üçün normal seçki keçirilməlidir. Seçki institutu hakimiyyətin formalaşmasında vətəndaşların əlində ən son konstitusion vasitədir. Bu konstitusion demokratiya da əldən getsə, ölkə xaosa sürüklənə bilər”. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları