Yuxarı

“Müxalifətin ən güclü təşkilatını qurmuşuq”

“Müxalifətin ən güclü təşkilatını qurmuşuq”

[caption id="attachment_1023" align="alignleft" width="368"]cavid musazade Cavid Musazadə: “Biz ana müxalifət missiyasını üzərimizə götürdük”[/caption] AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin fəaliyyəti cəmiyyətin diqqət mərkəzindədir. AXCP EQTK üzvləri çıxışlarında bildirirlər ki, onlar yeni sivil müxalifət yaradacaq və xalqın müxalifətə inamını geri qaytarmağa nail olacaqlar. Müsahibimiz AXCP EQTK-nin üzvü Cavid Musazadənin mövqeyini oxucularımızın diqqətinə çatdırırıq. -18 oktyabr qurultayı xalqın müxalifətə inamını qaytarmaq üçün tarixi fürsətdi. Cəbhəçilər buna nail ola biləcəkmi?   -AXC-nin tarixi Əbülfəz Elçibəylə başlayıb. Əbülfəz Elçibəy şəxsiyyət olaraq hər bir insanın onun ətrafında vahid şəkildə birləşə biləcəyi yeganə bir şəxs idi. Elçibəy rəhmətə getdikdən sonra Əli Kərimli AXCP-na rəhbərlik edib. Ancaq buna baxmayaraq, Əli Kərimlinin kübarlıqdan kənar xarakter sahibi olması, intriqant olması Elçibəyin ətrafında  toplanmış minlərlə insanın, ziyalının cəbhədən getməsinə səbəb oldu. O zaman Ə.Kərimli hakimiyyətlə dialoqa gedərək Milli Məclisdə 6 deputat yeri almışdı. Bu mandat hesabına siyasətə yeni gəlmiş insanları öz ətrafında birləşdirə bildi. Ancaq daha sonra hər dönəmdə yanlış qərarların nəticəsində AXCP yenə itirə-itirə gəldi. Sonra AXCP Milli Şurada fəalliyyət göstərməyə başladı. Əli Kərimli çalışdı ki, bu layihəni də mənimsəsin, divident əldə etsin. Ə.Kərimlinin fəaliyyəti daim maddi vəsaitə köklənib. Bu da onun mənəm- mənəmlik xarakterindən irəli gəlir. Kərimli prinsipi bundan ibarətdir, maddi vəsait və öndə olan mənim adamım olsun. Onun dövlət, xalq, təşkilat marağı yoxdur. Bu gün Əli Kərimlinin rəhbərlik etdiyi qanad fiasko səviyyəsindədir. AXCP-də elə şöbələr var ki, demək olar ki, orda heç cəbhəçi qalmayıb. Əli Kərimlinin keçirdiyi rayon şöbələrinin iclasları yalan üzərində qurulub. Köhnə konfransların şəkillərini göstərməklə sübut etməyə çalışırlar ki, guya partiya yerindədi. Partiyada 65 rayon şöbəsi var. Partiyada cəbhəçilərin hamısı prosesdən bezib. 20 ildir artıq kim nəyə xidmət edir, kim necə siyasət aparır hər kəs bunu görür.  Mən bir misal göstərəcəm. Asif Yusifli həbs olunub. Onun evinə ziyarətə gedən dostlar bildirirlər ki, Asif bəyin yetkinlik yaşına çatmış xəstə qızı var. Asif Yusifli tutduğu mövqeyə görə ailəsini o qədər baxımsız vəziyyətdə saxlayıb ki, artiq qızı deyir ki, mən Əli Kərimlini qəbul etmirəm. Hazırki YAP hakimiyyətini qəbul edirəm. Əli Kərimli bizə əziyyətdən, zülmdən başqa heç nə verməyib. Əli Kərimli heç kimə heç nə vermədi. Söhbət burda maddiyyatdan getmir, ümumiyyətlə, heç nə vermədi. Bizim indi məqsədimiz Elçibəy ideologiyasını bərpa etmək, xalqın müxalifətə inamını bərpa etməkdir. Biz artıq bütün respublikanı əhatə edən rayon şöbələrini yaratmışıq. Müxtəlif zamanlarda olan bölünmələrdə cəbhədən uzaq düşən fəalları geri qaytarmışıq. AXCP EQTK keçirəcəyi 18 oktyabr qurultayı xalqda müxalifətə inamı geri qaytaracaq. Bizim məqsədimiz, yolumuz budur. 18 oktyabr qurultayını cəbhənin qələbəsi kimi qiymətləndirmək lazımdır. Bunu bayram kimi qiymətləndirmək lazımdır ki, cəbhəçilik bərpa olunur. Dağıdılmış, iflasa uğradılmış M.Ə.Rəsulzadə, Ə.Elçibəy idelogiyasının bərpası üçün bir məqamdır.   - Partiya nizamnaməsində və proqramında ciddi dəyişiklik gözlənilirmi?   -Elçibəydən sonra yeni AXCP rəhbərliyi partiya nizamnaməsində dəyişiklik edib. 2000-ci ildə AXCP-nin yeni məramnaməsi və nizamnaməsi qəbul olunub. 2000-ci ildən əvvəl Elçibəyin qurduğu AXC nizamnaməsi və məramnaməsinə Əli Kərimlinin rəhbərliyə gəldiyi zaman dəyişikliklər edib. Elçibəyin rəhbərliyi heç bir şəxsi marağa xidmət etmirdi. Kərimli dönəmində cəbhə dövlət, xalq maraqlarından çıxdı, şəxsi maraqlara xidmət etməyə başladı. Kərimli dönəmində milli ruh cəbhədən alındı. Biz bayrağı, milli ruhu verdik hökumətə. Dividenti hökumət götürdü. YAP hakimiyyəti bu gün bayraq qaldırır, deyir bayraq mənimdi, ancaq bayrağı biz gətirmişik. İndi dövləti YAP təmsil edir, əslində, bunada haqqı çatır. Biz isə Avropadan nəsə gözləyirik. Belə siyasət olmaz, siyasətdə milli ruh olmalıdır. Biz milli ruhu bərpa edəcəyik. Azərbaycan dövlətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadədir. Dövlətçiliyin bərpası Elçibəylə bağlıdır. Azərbaycanda dövlətçiliyi yaradan Heydər Əliyevdir. Biz Heydər Əliyevin dövlətçiliyi yaratdığını etiraf etməliyik, onlar da müstəqilliyi bizim qazandığımızı etiraf etməlidirlər. Hər zamanın öz lideri olur. O zaman üçün lider Elçibəy və Heydər Əliyev olub. Biz kimisə qaralamaqla heç nəyə nail ola bilmərik. Dövlətdən idarəçilikdən kənarda qalmaq olmaz. Biz müxalifət olaraq dövlətin təmsilçisiyik. Dövlətin iqtidar təmsilçisi var, müxalifət təmsilçisi var. Müxalifət də dövlətin idarəedici orqanlarında təmsil olunmalıdır. Hazırkı vəziyyətinin günahkarını nə iqtidarda nə də müxalifətdə görə bilmərik. Çünki dialoq yoxdu. İqtidarla müxalifət hər hansı bir şəkildə dialoqa getmir. Bir masa ətrafında hər hansı bir məsələni müzakirə etmir, cəmiyyətdə günahın kimdə olduğunu görmür. Ölkə niyə uçuruma gedir, bunun günahı kimdədi, bunun tapa bilmirik.   -Başladığınız işin uğuruna inanırsınızmı?   -İnsan özü inanmayanda heç kimi inandıra bilməz. Biz getdiyimiz yola ilk növbədə özümüz inanırıq. Biz bu yola çıxmışıq, bu yolda xalqımızdan ciddi dəstək qazanırıq. İndi ətrafımızda 60-a yaxın şöbə var və eyni zamanda bu şöbələrin üzvləri, partiya üzvləri, ziyalılar. Cəmiyyətdən bizə ciddi dəstək var. Bu prosesi başlamağımızdan 2 ay müddət keçib, mən artıq sosial şəbəkə vasitəsi ilə onlarla insanın müraciətini qəbul edirəm. Bizə rəğbətlə yanaşırlar.   Biz bunu düşünməliyik ki, xalq niyə illərlə müxalifətə dəstək olmadı? Mitinqlər azalan xətlə getdi. Hər dəfə xalq gördü ki, bunlar səhv edir. Artıq vəziyyət o yerə gəldi ki, Milli Şura mitinq keçirdi, mitinqə gələn olmadı. Son mitinqə təxminən, 800 adam gəlmişdi və bundan sonra mitinqlər dayandı. Bu, yanlış siyasət idi.   Bizi dəstəkləyən potensiallı gənclər, ziyalı insanlar bölgələr üzrə rəhbərliyin məsuliyyətini öz üzərlərinə götürüblər. Biz məqsədimizə nail olacağıq. Cəmiyyətində tələbi, məhz budur. Cəmiyyət onun istəyini yerinə yetirən təşkilat istəyir. Biz o təşkilatı cəmiyyətə təqdim edəcəyik. Elçibəyin bir devizi var: AXC öz ətrafında demokratları, respublikaçıları da və digər partiyaları da birləşdirə bilər. O halda ki, Azərbaycanın demokratiyasına bəşəriyyətin tərəqqisinə zidd deyil. Biz bu prinsipi əsas götürürük. Biz xalqın təşkilatı olmağa çalışırıq. İnsanların əzmini qırmaq olmaz. Mən daim icazəsiz aksiyaların əleyhinə olmuşam. İcazəsiz aksiyanı o halda keçirmək olar ki, sənin gücün olsun. Beləolmadığı halda insanları günaşırı meydana çıxarıb döydürüb, mübarizə əzmini qırmaq düzgün addım deyil. Bu cür səbəblərdən xalqın müxalifətə inamı itir. Biz bu psixogiyanı dəyişəcəyik. Bu qarşıdurma aradan qalxmalıdır, sivil mübarizə olmalıdır. Biz bu yolda addımlayırıq ki, sivil müxalifət quraq.   - AXCP olaraq hansı  partiyalarla əməkdaşlıq edəcəksiz?   -Biz müxalifət olaraq ən güclü təşkilat qurmuşuq artıq. Son illər müxalifətin yanlış siyasət aparmasından müxalifət artıq iflic vəziyyətə gəlib. Biz bunu bərpa edəndən sonra ən güclü siyasi təşkilat  olacağıq. Biz ana müxalifət missiyasını öz üzərimizə götürüb iqtidarla barışığı təmin edəcəyik. Dövlətin bərabər idarə edilməsini təmin edəcəyik. Müxalifət hakimiyyətin güzgüsüdür. Hakimiyyət bu güzgüyə baxmalı, öz səhvlərini görməlidir və eyni zamanda bu güzgüdən qorxmalıdır. Biz onu yaratmaq istəyirik ki, müxalifətə sivil yanaşma olsun. Biz artıq işin böyük bir hissəsini görmüşük, biz buna nail olacağıq. Qurultaydan sonra cəmiyyətə bir açılım olacaq, bu açılım nıticəsində digər təşkilatlardan qopmuş insanlar, gənclər, siyasi bloklar tərəfindən bizə olunacaq müraciətlər dəyərləndiriləcək.   -Bütöv Azərbaycan məsələsi gündəmdən kənarda qalıb. Qurultaydan sonra AXCP bu məsələni gündəmə gətirə biləcəkmi?   - Bütöv Azərbaycan məsələsi Əbülfəz Elçibəydən sonra ümumiyyətlə, unudulub. Əli Kərimli deyirdi ki, biz Bütöv Azərbaycandan danışsaq İran, Rusiya bizimlə düşmən olacaq. Bu cür arqumentlərlə Bütöv Azərbaycan ideologiyasının üstündən xətt çəkdilər. Ancaq bu, yanlış siyasətdir. Bütövlük xalqın istəyidir. Biz xalqın istəyini həyata keçirən təşkilat olmalıyıq. Bütöv Azərbaycan məsələsinin təbliğatı hansı coğrafiyada mümkündürsə, biz orada bu təbliğatı aparacağıq. Biz demirik ki, her yerdə bunu edəcəyik, təbii ki, mümkün olan yerlərdə Bütöv Azərbaycan məsələsinin təbliğatını aparmağa borcluyuq. Bizim məqsədimiz Azərbaycanı bütövlüyünü bərqərar etməkdir. Məqsədimiz Qarabağın, Cənubi Azərbaycanın azadlığıdır.   -Qurultayı niyə məhz “Etimad Qurultayı” adlandırdız?   -Biz inamı bərpa edirik. Cəbhəçilərin, cəmiyyətin inamını, Əbülfəz Elçibəy ideologiyasını bərpa etməyə çalışırıq. Etimad elə inam deməkdir. Etimad Qurultayı ona görə adlandırmışıq ki, bizim məqsədimiz xalqın inamını bərpa etməkdir. Xalq bizə etimad edib, bu təşkilatın fəaliyyətini dəstəkləyir. Reallıq bundan ibarətdir biz artıq ölkəni əhatə etmişik.   -AXCP-də gənclər siyasətini necə quracaqsız?   - Bizdə gənclər təşkilatı struktur olaraq hələ ki, yoxdur. Təşkilatın ümumi yığıncağı olacaq, nizamnaməyə əsasən gənclər təşkilatı formalaşacaq. Bu gün bizi dəstəkləyən daha çox gənclərdir. Kontingentimizin demək olar ki, 80 faizini gənclər təşkil edir. Əli Kərimlinin bir devizi var idi “Gənclərlə mübarizə aparan məğlubiyyətə məhkumdur”. Əli Kərimli özü gənclərlə mübarizə apardı və məğlubiyyətə məhkum oldu.   Vilayət Muxtar





Həftənin ən çox oxunanları