Yuxarı

Hakimiyyət daxilində Rusiyapərəstlər fəallaşıb

Hakimiyyət daxilində Rusiyapərəstlər fəallaşıb

[caption id="attachment_620" align="alignleft" width="302"]Arastun Orujlu Ərəstun Oruclu: “Qərb  Azərbaycanla əməkdaşlıq etmək istəmir”[/caption]

Moskvadakı Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında Azərbaycan tərəfdən komissiyanın həmsədri, baş nazirin müavini Yaqub Eyyubov çıxışı zamanı Rusiyanın ünvanına xeyli isti mesajlar verib. “Mənim xalqım və prezidentim həmişə başa düşüblər ki, Rusiya həmişə bizimlə olub. Biz Rusiyadan çox şey almışıq və bu haqda açıq danışmaq lazımdır.

Hesab edirik ki, Azərbaycan xalqı ona göstərilən qayğını həmişə yaxşı və düzgün qiymətləndirib”, - deyə Yaqub Eyyubov bildirib. Baş nazirin müavini onu da deyib ki, böyük sayda azərbaycanlılar Rusiyada işləyir və bu zaman heç kim onları sıxışdırmır, əksinə, onlar üçün şərait yaradılır.

Xatırladaq ki, Yaqub Eyyubov ötən il də Rusiyanı müdafiə edən bəyanatla çıxış etmişdi. Baş nazirin müavini bildirmişdi ki, Qərbin sanksiyaları Rusiyaya təsir etməyəcək.

Həm Baş nazirin müavininin Rusiyada bu cür bəyanatla çıxışı, həm də Rusiyanın Xəzər dənizində İŞİD-ə qarşı mübarizə adı altında hərbi fəallığının artması rəsmi Bakının siyasi mövqeyinin Kremllə daha da yaxınlaşdığını göstərir. Yəni Rusiyanın Xəzər regionunda və Cənubi Qafqazda hərbi-siyasi mövqelərinin güclənməsi Azərbaycan hakimiyyətində Moskvaya yaxın məmur korpusunu hərəkətə keçirib. Ekspertlər yaxın müddətdə Azərbaycanın Rusiyaya meylli siyasi addımlarının artacağını proqnozlaşdırır. Ancaq Azərbaycanın bundan siyasi divident əldə edib-etməyəcəyi məlum deyil.

“Şərq-Qərb” Strateji və Siyasi Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu “Cumhuriyət” qəzetinə mövcud durumu şərh edib.

O bildirib ki, Yaqub Eyyubovun dövlət rəsmisi kimi verdiyi bəyanat təəssüf ki, siyasi normalardan çox uzaqdır: “Birincisi, adam iddia edir ki, onun prezidenti indi başa düşüb ki, Rusiya dostdur. Bunu özləri bilərlər. İkincisi mən düşünmürəm ki, kimsə ona konkret xalqın adından danışmaq mandatı verib. Üçüncüsü, Rusiyanın Azərbaycan siyasətinin nədən ibarət olduğunu bilmək üçün dönüb 200 illik tariximizi oxumaq lazımdır. Təbii ki, söhbət oxuya bilənlərdən gedir. Kim üzünəoxuyub dərk edə bilirsə, belə adamlar Rusiyanın Azərbaycana nə verdiyini məktəb dərsliyindən oxumaqla kifayətlənəcək”.

Azərbaycanda Rusiyapərəstliyin, meylliliyin artması məsələsinə gəlincə, Ərəstun Oruclu bildirib ki, bu tendensiya cəmiyyətdə yoxdur və ola da bilməz: “Çünki Rusiyanın separatçı Qarabağ siyasətinin nəticəsində, bu cəmiyyət 1 milyon qaçqın və 25 min şəhid qazanıb. Bu gün də o şəhidlərin sayı durmadan artır. Buna görə də Yaqub Eyyubovun bu bəyanatını ciddi qəbul etmirəm və deyirəm ki, onun bu konteksdən danışmağa heç haqqı da yoxdur. Çünki xalq ona mandat verməyib. O, uzaqbaşı öz hökuməti adından danışa bilər.

Nəhayət, bir şey aydın deyil ki, bunlar Xəzər dənizindən imtina etdilər. Sonra çalışırlar ki, Qərblə münasibətləri yaxşılaşdırsınlar. Amma bu, alınmır, durmadan pisləşir. Artıq Qərb Azərbaycanla əməkdaşlıq etmək istəmir. Görünən budur ki, heç Rusiya ilə də münasibətləri alınmır. Əgər Rusiya ilə münasibətləri alınırsa, niyə Rusiya gəlib Azərbaycanın yaxınlığından İŞİD-ə raket atır? Belə olan halda Rusiyaya bu dərəcədə qabarıq şəkildə yarınmağın nəyə xidmət elədiyini anlamaq çətindir. Buna görə də bu, siyasi tutumu, mahiyyəti olmayan bir bəyanatdır. Belə bir bəyanatı ciddi şərh etməyə də dəyməz.

Adam bir neçə dəfə ağzını açıb danışıb, hər dəfə danışdıqları da bundan ibarət olub. Ümid edək ki, bu, hakimiyyətdə hamının mövqeyini ifadə eləmir. Uzaqbaşı özünün və özünə yaxın olan bir neçə nəfərin. Amma hər halda Azərbaycan dövlətinin baş nazirinin müavinidr. O, bir qrupu təmsil edir. Rusiya onları sevməsə belə, Rusiyanı sevəcək bir qrupun təmsilçisidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları