Yuxarı

AXCP EQTK-nin mətbuat konfransı

AXCP EQTK-nin mətbuat konfransı

Razi Nurullayev: "”Siyasi məhbuslar hakimiyyətin girovudur” IMG_0447 “Azərbaycanda yeni bir siyasi mərhələnin əsasını qoyuruq” Dünən AXCP Etimad Qurultayı Təşkilat Komitəsi oktyabrın 18-də keçiriləcək qurultayla bağlı mətbuat konfransı keçirib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə AXCP EQTK-nın sədri Razi Nurullayev, Təşkilat Komitəsinin, İdarə Heyətinin üzvləri, KİV təmsilçiləri iştirak edib. Razi Nurulayev 18 oktyabrda keçiriləcək qurultay barədə fikirlərini bölüşüb: “Çox önəmli tarixi hadisə ilə qarşı-qarşıyayıq. Azərbaycan Müstəqillik Aktının qəbul olundugu gün AXCP Etimad Qurultayı keçiriləcək. Bu qurultay Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi daxil olacaq. Biz buna inanırıq. Əminəm ki, ictimai rəydə yaratdığımız dəyişikliklərlə siz də bunun şahidi olacaqsınız. Bu müddət ərzində biz çox acı vəziyyətlə üz-üzə qaldıq. Burada mətbuat nümayəndələri ilə son dəfə 19 avqustda görüşmüşdük. Bu komanda ilə AXCP EQTK-nı elan etmişdik. O gündən mətbuatla görüşümüz olmayıb, bu, ikinci görüşdür. Bu müddət ərzində barəmizdə haqsız olaraq, əxlaqdan kənar ittihamlar səsləndirilib”. “Gənclərin mənəviyyatını korlamaq cinayətdir” Razi Nurullayev bu ittihamlardan bir neçəsi ilə bağlı fikirlərini çatdırıb: “Bu günə qədər Əli Kərimli Ruslan Nəsirlinin bizim yanımıza yerləşdirilməsini siyasi qəhrəmanlıq hesab edib. Mən isə bunu əxlaqsılzlıq, mədəniyyətsizlik, mənəviyyatsızlıq kimi görürəm. Azərbaycanın gələcəyinin mənəviyyatını korlamaq insanlığa qarşı cinayətdir, bəşəri cinayətdir. Necə ola bilər ki, insanlara agent olmağı, “işverənlik” etməyi rəva biləsən? Bu, hansı siyasətçiyə yaraşar? Azərbaycan siyasətində belə insanlar var. Onlar Əli Kərimlinin rəhbərlik etdiyi qrupun keçirdiyi qurultayda Ruslan Nəsirlini tribunaya çağırıb əl çaldırdılar. Gültəkin Hacıbəyli barədə heç zaman sərt danışmaq istəməmişəm. Amma onun etdikləri siyasətə yaraşmayan hərəkətlərdir. Bu hakimiyyətə birbaşa xidmət edən adam Gültəkin Hacıbəyli olub. O, bütün dünyanı gəzəndən, özünə normal həyat qurandan sonra yenidən deputat seçilməyəndə Əli Kərimlinin yanında dayanan şəxsdir. Və bu şəxs uzun illərini hərəkata həsr edənləri ayaqlayaraq başda oturur. Mən bunu cəbhəçilərə təhqir kimi qiymətləndirirəm. Azərbaycan gəncinin əxlaqını pozmaq, Azərbaycan gəncinə siyasi çirkinlikləri, xəyanəti öyrətmək Azərbaycan xalqına qarşı xəyanətdir. Bunun başqa adı yoxdur. Bunlar şeytan ocaqlarıdır”. IMG_0454 “Uduzmaq onları hövsələdən çıxarıb” AXCP EQTK sədri onlar barəsində əxlaqsız ifadələrə yol verən, ailə üzvlərini təhqir edən Eldəniz Quliyev haqqında da danışıb: “Bu adamın bizim ünvanımıza səsləndirdiyi ifadələri mən tək olanda belə dilimə gətirə bimirəm. Eldəniz Quliyev, Əli Kərimlinin şöbə sədrləri də ən əxlasqız ana-bacı söyüşləri işlədirlər. Bu insanlar özülərinə ziyalı deyir, insanları mənəvi terrora məruz qoyurlar. Uduzmaq onları özündən çıxarıb. Biz özümüzü yeni qüvvə hesab edirik, bu gün YAP-ı söymək, kiməsə “rüşvətxor” demək, ailə üzvlərini təhqir etmək, fakta əsaslanmayan fikirlər səsləndirmək, İlham Əlyevin adını çəkib birbaşa təhqirlər söyləmək qəhrəmanlq deyil. Bu, insanları məşəqqətə məhkum etməkdir. Real müxalifətçilik söyüş söymək deyil. Normal siyasətçi nəticə ortaya qoymalıdır. Bu gün Azərbaycanda normal, əxlaqlı, Türkiyə modelli siyasətin, Avropa kübarlığının əsasını qoymuşuq və bu, günbəgün güclənəcək. Sonda demək istəyirəm, Eldəniz Quliyev, mən sənə cavab verməyəcəyəm, səni Allahın ümidinə buraxıram. Sənə çox böyük ayıb olsun! Əli Kərimlinin cangüdəni olmuş Bəhruz Həsənli vicdan məhbusu olmuş, işini itirən Rahib Hacıyevi də ən ağır ittihamlarla təhqir edib. Ona da ayıb olsun! “Azərbaycan saatı” ilə bağlı demək istəyirəm. Onun malliyyələşməsində bizim də hər birimizin rolu olub. Gücümüz çatandan kömək etmişik. Bu gün o, Azərbaycan xalqına, demokratiyaya yox, Əli Kərimliyə xidmət edir. O, 1 saatını ancaq bizim şəxsiyyətimizin alçaldılmasına xidmət edir. Budurmu demokratiya? Qənimət Zahid şantaj və reket yolu ilə maliyyələşmə alır, əgər demokratiyaya xidmət edirsə, orda Sərdar Cəlaloğlunun, Arif Hacılının, Lalə Şövkətin, İsa Qəmbərin də olmalıdır. Amma orda olmaq üçün bizi tənqid etməli, Əli Kərimliyə tərif deməlidirlər. Buna görə də onların iflası qaçılmazdır. Biz bütün faktları toplamışıq. Qurultay uğurla başa çatandan sonra onların, Əli Kərimlinin şöbə sədrlərinin cəmiyyətdən təcrid edilməsinə hüquqi yolla nail olmağa çalışacağıq. Bir neçə nəfər cəmiyyətdən təcrid ediləcək, çünki bu, Azərbaycan insanının mənəviyyatını pozur. Bir neçə nəfərin cəmiyyətdən izolyasiya olunaraq tərbiyələndirilməsinə ehtiyac var. Çünki onların cəmiyyətdə olması insanların tərbiyəsini pozur. Heç bir zaman Əli Kərimlinin şəxsiyyətini təhqir etməyəcəyəm, bəlkə ən yaxşı insan, ən yaxşı dostdur, amma ən yaxşı siyasətçi deyil”. 56 rayon şöbəsində konfranslar  keçirilib Daha sonra söz alan AXCP EQTK üzvü Rafiq Daşdəmirli qurultaya hazırlıq istiqamətində görülən təşkilati işlər barədə məlumat verib: “AXCP Etimad Qurultayı Təşkilat Komitəsi yaranandan bu günə qədər 56 rayon şöbəsində konfranslar keçirilib. Hazırda daha 4 şöbədə bu istiqamətdə iş aparılır. Üzvlərimizin sayı 2500-dən artıqdır. Qurultaya 56 rayondan 240 nəfərə yaxın nümayəndə seçilib. Rayon şöbələrindən 4-5 nəfər qurultaya nümayəndələr seçilib. Qonaqlara da dəvətnamələr göndərilib. Qurultayda 1000 nəfərdən artıq nümayəndənin iştirakı gözlənilir. Bəzi texniki işlər yekunlaşıb. Qurultay tam demokratik şəraitdə keçiriləcək. 18 oktyabr qurultayı Azərbaycan siyasətində yeni forma olacaq”. IMG_0452 Əli Kərimlinin səlahiyyət müddəti 2014-cü il sentyabrın 25-də başa çatıb AXCP EQTK üzvü, hüquqşünas Mehman Muradlı bildirdi ki, Əli Kərimlinin rəhbərlik etdiyi qanadın sentyabrın 27-də keçirdiyi qurultayında baş vermiş qanun pozuntuları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib: “Ədliyyə Nazirliyi bizimlə əlaqə saxlayıb və bizim qaldırdığımız məsələlərlə bağlı maraqlanacaqlar və çox güman ki, ekspertiza təyin olunacaq. AXCP-nin nizamnaməsinə əsasən, qurultay hər 4 ildən bir keçirilməlidir. AXCP-nin sonuncu qurultayı da 2010-cu il sentyabrın 25-də keçirilib. Deməli, Əli Kərimlinin səlahiyyət müddəti 2014-cü il sentyabrın 25-də başa çatıb. Həmin tarixdən sonra qurultay keçirilməyib və 1 ildən artıq müddət keçəndən sonra qurultay keçirmək məcburiyyətində qaldı. Bununla da istədi ki, AXCP Etimad Qurultayının keçirəcəyi qurultayı qabaqlasın. Həmin qurultayı keçirməklə “Siyasi Partiyalar Haqqında” Azəərbaycan Respublikasının qanununu pozub. Bununla bağlı da biz Ədliyyə Nazirliyinə müraciət etmişik ki, nə Əli Kərimlinin, nə Ali Məclisin, nə də Rəyasət Heyətinin qurultay keçirmək səlahiyyəti yoxdur. Onların səlahiyyət müddəti başa çatıb. Qurultayı yeganə olaraq AXCP Etimad Qurultayı keçirə bilərdi. Əli Kərimli də istefa verərdi, əgər sədr olmaq istəsə, yenidən namizədliyini verə bilərdi”. Hüquqşünasın rəyinə görə, Əli Kərimli son 5 il ərzində maliyyə hesabatı verməyib. AXCP-nin gəlirləri və xərcləri barədə partiya üzvləri heç bir məlumata malik deyil: “Əli Kərimli uzun illərdir AXCP üzvü vəsiqəsi, arayışlar satmaqla məşğuldur. Bu dəfələrlə mediada işıqlandırılıb. Avropaya “mühacirət” edən adamların özləri tərəfindən də bu məsələ işıqlandırılıb. Ancaq hüquq-mühafizə orqanları tərəfindən lazımi formada dəyərləndirilməyib. Bu məsələ qurultaydan sonra Ədliyyə Nazirliyi tərəfindən araşdırılacaq və AXCP kimi bizi tanıyacaqlar. Əli Kərimli korrupsiya halları barədə məlumat vermək istəyirəm. 2015-ci ilin əvvəllərində Əli Kərimliyə partiyanın dirçəldilməsi və inkişafı məqsədilə 100 000 dollar verilib. Lakin Əli Kərimli partiyaya özünün biznes qurumu kimi baxdığı üçün həmin vəsaiti Rusiyadakı qohum-əqrəbalarına yönəldib ki, əlavə vəsait əldə etsin. Daha sonra biz “Azadlıq” qəzeti ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Çünki qəzetin təsisçisinin qəzetin kollektivi olduğu göstərilsə də faktiki olaraq, Əli Kərimlidir. Halbuki, Əli Kərimli qəzetin əməkdaşı deyil. Rüb ərzində “Azadlıq” qəzetinə ölkədə söz azadlığının inkişafına dəstək məqsədilə 24 min dollar məbləğində vəsait ayrılıb. Həmin vəsaitin 18 min dollarını özünə nağd götürürdü, yerdə qalan 6 min dollarını qəzetin texniki məsələlərinin həllinə yönəldirdi. Bununla bağlı da biz hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Bundan başqa Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu hər il “Azadlıq” qəzetinə 60 min manat vəsait ayırırdı. O vəsait Əli Kərimlinin cibinə getdiyi üçün kəsildi”. IMG_0531 Əli Kərimli heç zaman legitim sədr olmayıb AXCP EQTK-nin üzvü Rəfail Becanov tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, Əli Kərimli AXCP-ni qəsb edib: “Əli Kərimli heç vaxt Azərbaycan Xalq Cəbhəsi Partiyasının legitim sədri olmayıb. Nə 2000-ci ildə, nə 2002-ci ildə, nə də 2015-ci ildə. Sadəcə olaraq, bu adam AXCP-nin adını mənimsəyib və monopoliyaya alıb. Hər zaman Xalq Cəbhəsinin rayon şöbələri hər zaman 70-in 30-a nisbətində parçalanıb və Əli Kərimlini tərk edib. Belə olan halda AXCP-nin adını daşıyan qurultay heç bir legitimlik daşıya bilməz. Ona görə də 18 oktyabr qurultayı Azərbaycan xalqına bəxş elədiyi müqəddəs günlərdən biridir. Dövlət müstəqilliyi günümüzdür. Hesab edirəm ki, bu qurultay Azərbaycan siyasətinə yeni bir xətt, yeni bir cərəyan gətirə biləcək. Əli Kərimlinin ətrafından bizi təhqir edən adamların da AXCP-yə heç bir aidiyyatı yoxdur. Eldəniz Quliyev həmişə Xalq Cəbhəsinin əleyhdarı olub. Başqa-başqa kəşfiyyatlarla müəyyən rabitədə olan bu adamlar-əlimizdə konkret faktlar var ki, deyirik, indi AXCP-ni təmsil etməyə haqqı çatan insanları təhqir etməklə məşğuldur. Bu baxımdan mən hesab edirəm ki, biz 18 oktyabrda çox möhtəşəm qurultay keçirəcəyik. Əli Kərimlinin yanında qalan AXCP-nin həqiqi üzvlərinə də müraciət edərək demək istəyirəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının 18 oktyabr qurultayına qoşulun və hamımız birlikdə bu yolu şərəflə davam etdirək”.   “Məqsədimiz milli birliyə nail olmaqdır” AXCP EQTK-nin üzvü, deputatlığa namizəd Cavid Musazadə tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində tarixi rol oynamış Xalq Cəbhəsi Əli Kərimlinin idarəçiliyi altına keçdikdən sonra milli ruhunu itirib. Eyni zamanda, AXCP Azərbaycanın dövlət təmsilçiliyindən uzaqlaşdırılıb və düşmən mövqe tutub: “Bizim məqsədimiz dövlət-hakimiyyət- vətəndaş münasibətlərinin normallaşdırılması, milli ruhun təşkilatımıza qaytarılması, bütöv Azərbaycan uğrunda mübarizə, Azərbaycanda hər bir siyasi kəsimi təmsil edən birliyə nail olmaqdır. Yəni AXC-nin devizi bu olub. Biz artıq Azərbaycanda ana müxalifəti formalaşdıqmaq üzrəyik. Bizim rəhbərliyimizlə formalaşdırılmış təşkilat ölkənin bütün coğrafiyasını əhatə edir. Biz Azərbaycanın ən möhtəşəm təşkilatını qurmuşuq. Bu təşkilata, dövlətimizə sahib olmalıyıq, Çünki bu dövləti Azəfrbaycan Xalq Cəbhəsi bərpa edib”.   “Əli Kərimlinin parçaladığı partiyanı biz iki ay ərzində qurduq və xalqa qaytardıq”. Bu sözləri isə AXCP EQTK İdarə Heyətinin üzvü, deputatlığa namizəd Ehtiram Mehtiyev dedi. O, AXCP-nin Əli Kərimli tərəfindən qəsb edildiyini diqqətə çatdırdı: “Biz Əli Kərimlinin diktator siyasətinə etiraz etdiyimizə görə, partiyadan uzaqlaşdırılmışıq. Bizim fəaliyyətimiz göz qabağındadır. Artıq 5 nəfər üzvümüzün deputatlığa namizədliyi qeydə alınıb. Biz bu uğuru Əli Kərimlinin yanında qazana bilməzdik. Hər birinizi də qarşıdan gələn qurultayımıza dəvət edirəm”.   AXCP EQTK-nin üzvü Mikayıl Quliyev isə Əli Kərimlinin tərəfdarı olan Məmməd İbrahim tərəfindən hücuma məruz qalaraq, təhdid edilməsindən söz açdı. Onun sözlərinə görə, avqustun-29-da Məmməd İbrahim dostlarının yanında ona yaxınlaşaraq söyüşlərlə təhqir edib və döymək istəyib. Nəticədə Mikayıl Quliyev özünü müdafiə etmək məqsədilə polisə müraciət etmək məcburiyyətində qaldığını söylədi. Lakin M. Quliyev humanistlik göstərməyə də hazır olduğunu bildirdi: “Məmməd İbrahim elədiyi əməli boynuna alsa, mən onu bağışlayaram. Amma o, mənim dostlarımı, ailəmi təhqir edib. Əgər o, öz ailəsini düşünmürsə, mən onu niyə bağışlamalıyam”. Məsələyə münasibət bildirən AXCP EQTK-nin sədri Razi Nurullayev bildirdi ki, M.İbrahim Əli Kərimlinin müşaviri kimi M.Quliyevdən üzr istəməlidir. AXCP EQTK-nin İdarə Heyətinin üzvü, deputatlığa namizəd Səbuhi Əliyev son dövrlər jurnalist, AXCP üzvü Seymur Həzi ilə bağlı mətbuatda və sosial şəbəklərdə müzakirəyə çıxarılan bir sıra suallara aydınlıq gətirdi: “Seymur Həzi bizim dostumuzdur. Biz heç bir siyasi məhbusun üzərindən siyasi divident əldə etmək istəmirik. Onun kimi dəstəkləyib-dəstəkləmədiyini şəxsən gedib özündən soruşa bilərlər. Biz meydanda ər kimi mübarizə aparırıq”. IMG_0464 “Onlar şərlənərək həbs edilib” Mətbuat konfransının yekununda Razi Nurullayev AXCP Etimad Qurultayının gözlənilən nəticələri barədə məlumat verdi: “Oktyabrın 18-də keçiriləcək qurultaydan sonra Etimad Qurultayı ifadəsi AXCP-nin üzərindən götürüləcək və biz olacağıq Azərbaycan Xalq Cəbhəsi Partiyası. Hörmətli dostlar! Bizim siyasi məhbuslarla bağlı da qətiyyətli mövqeyimiz var. Hər zaman müdafiə etdiyimiz və hər zaman da müdafiə edəcəyimiz dostlarımız həbsdədir. Bizim zamanımızın çoxu konfransların keçirilməsinə həsr olunmuşdu. Amma qurultaydan sonra siyasi məhbusların azadlığı üçün kampaniyaların aparılmasına daha çox vaxt ayıracağıq. Biz bilirik ki, onlar hakimiyyətin girovuna çevriliblər. Onlar apardıqları azadlıq mübarizəsinə, bizim, sizin rahat şəkildə yaşamağımız üçün ciblərinə narkotik atılaraq, şərlənərək həbs ediliblər. Biz onları unutmuruq və onlarla bağlı mübarizə aparacağıq. Azərbaycanda yeni bir siyasi mərhələnin, dövrün başlanğıcını qoyuruq. Bu başlanğıc bizim real, səmimi, xalqa əsaslanan hərəkətlərimizlə özünü büruzə verəcək. Biz real müxalifətik, Yeni Azərbaycan Partiyasına rəqibik. Sadəcə olaraq, bizim siyasi mübarizə metodlarımız bir az fərqlənəcək. Bu gün biz kimlərinsə həbsi üzərində, hansısa ananın-bacının göz yaşları üzərində qəhrəmana çevrilmək fikrimiz yoxdur. Bu gün kimlərisə polisin qabağına verib döydürmək, sonra onların müdafiəsinə qalxmaqla özünü qəhrəman etmək niyyətimiz yoxdur. Bu cür siyasət indiyə qədər nəticəsiz olub. Əgər siyasətdə nəticə olmasa, uğur da olmayacaq. Biz qurultaydan sonra müxtəlif fəaliyyət və proqram şərtlərimizi elan edəndən sonra Yeni Azərbaycan Partiyasına da şərtlərimizi irəli sürəcəyik. Hansı şərtlər altında dialoq qura bilərik, hansı şərtlər altında əməkdaşlıq edə bilərik, hansı şərtlər altında Azərbaycanın beynəlxalq imicinin və Azərbaycan xalqının maraqları uğrunda mübarizə apara bilərik.   Biz bu şərtlərimizi irəli sürəcəyik. Bu gün Azərbaycanda yeni, sivil bir müxalifət obrazı formalaşdırırıq. Biz kübar mübarizə aparırıq, mədəni, ziyalı insanlarıq, eyni münsibəti də YAP-dan gözləyəcəyik. Bu gün biz pisiksə, YAP bizdən də pisdir. YAP yaxşıdırsa, biz ondan da yaxşıyıq. Bu, tezisimiz olacaq. Azərbaycan cəmiyyətində parçalanmaya, qarşıdurmaya yer olmamalıdır. Azərbaycan xalqının maraqları üçün addımlarımızı atacağıq. Bu tezislərimizi daha ciddi şəkildə qurultaydan sonra açıqlayacağıq”.   IMG_0454 Müşfiq Abdulla





Həftənin ən çox oxunanları