Yuxarı

“AXCP-nin qurultayı ölkənin siyasi mühitini dəyişəcək”

“AXCP-nin qurultayı ölkənin siyasi mühitini dəyişəcək”

sebuhi aliyev aslanzade

Oktyabrın 18-də AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin qurultayı keçiriləcək. Bu tədbir Azərbaycanın siyasi həyatında yeni bir mərhələnin başlanğıcı hesab edilir. Qurultayın nəticələri Azərbaycanın siyasi məkanında, o cümlədən müxalifət düşərgəsində yeni siyasi güc mərkəzinin meydana çıxmasını vəd edir. Azərbaycanda hakimiyyət-müxalifət münasibətlərində dəyişikliyə yaranmış ehtiyac da köhnə siyasi şərtlər daxilində mümkün deyil. Ona görə də AXCP EQTK qurultaydan sonra yeni bir siyasi qüvvə olaraq, bu prosesi təmin edəcək təkliflər irəli sürməyə hazırlaşır.

    AXCP EQTK-nin İdarə Heyətinin üzvü, politoloq Səbuhi Əliyev qurultaydan sonrakı siyasi gözləntilərlə bağlı suallarımızı cavablandırır: - Son vaxtlar AXCP EQTK-nin ətrafında baş verən siyasi müzakirələr artıb. Bu da təbiidir. Çünki Azərbaycan Xalq Cəbhəsi Partiyasında intellektli, səviyyəli insanlar siyasətə atılıblar və özlərini hakimiyyətə müxalif etdirməyə cəhd göstəriblər. Lakin partiya rəhbərliyi, başda Əli Kərimov və onun ətrafında olan bəzi adamlar olmaqla, bu dəyişikliyi istəmirlər. Görünür, onların harasa bağlılıqları var. AXCP üzvlərinin sayına görə, Yeni Azərbaycan Partiyasından sonra ikinci ən böyük partiyadır. Bu baxımdan, AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin qurultayı böyük əhəmiyyət daşıyır. Azərbaycan hakimiyyətinə alternativ ola biləcək yeganə siyasi qüvvə də Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. AXCP-də mədəni, sivil formada gedən bu dəyişikliklər Azərbaycan xalqına da bir mesajdır. Biz bu mesajı cəmiyyətə çatdırmaq üçün ciddi hazırlaşmışıq. Bu format yalnız siyasi gündəmi əhatə etməyəcək, digər sahələri də əhatə edəcək. Həm qeyri-hökumət təşkilatları, səfirliklər, beynəlxalq təşkilatlarla işləməklə biz özümüzü güclü, mədəni bir tərəf kimi göstərəcəyik. Bu qurultayın bir əlaməti ondan barət olacaq ki, Azərbaycan cəmiyyətinə yeni siyasi simalar təqdim olunacaq. Xalq köhnə siyasi simalardan bezib və yeni siyasi simalara inam ölkədə dəyişikliklərə və irəliləyişə gətirib çıxaracaq. Son dövrlər mədəni, savadlı gənclərin, ziyalıların AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə müraciətləri onu göstərir ki, doğrudan da ictimaiyyət yeni siyasi simalara tələbat duyur və onların ətrafında birləşib hakimiyyətə qarşı öz müxalif mövqeyini ifadə etmək istəyir. Biz də qurultayda öz çıxışlarımızla, öz mesajlarımızla xalqa lazım olan ismarıclarımızı çatdıracağıq.   - Hazırda Azərbaycan siyasətində yaşlı nəsil yeni siyasi nəslin qarşısında bir maneə kimi dayanıb. Hətta 1990-cı illərin əvvəllərində millət vəkili olmuş elə siyasətçilər var ki, onlar qarşıdan gələn parlament seçkilərində yenidən namizədliyini irəli sürüb. Halbuki, onların deputatlığı dövründə dünyaya gələn uşaqlar artıq bələdiyyə və deputatlığa namizəd olmaq yaşına gəlib çatıblar. Bu baxımdan, AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin qurultayı həmin baryeri aşmaq üçün hansı siyasi kursu ortaya qoyacaq?   - Hazırda bizim cəmiyyətə təqdim etmək istədiyimiz AXCP-dəki insanlar kommunist psixologiyasından uzaqdır. Onlar 1990-cı illərdə böyümüş, 2000-ci illərdə ali təhsil almış, müasir dünyagörüşlü insanlardır. Bizim əqidə yoldaşlarımız ictimai rəyə uyğun fəaliyyətini qurur, cəmiyyətin bütün sosial təbəqələrinə öz mesajlarını yalnız sözlərlə deyil, əməlləri ilə də çatdırmağa qadir şəxslərdir. Çünki onlar savadlı, yüksək intellektə malikdir. Təbii ki, biz fəaliyyətimizi AXCP olaraq təkbaşına qurmayacağıq. Digər təşkilatların da daxilində bizim kimi düşünən gənclər var. Həmin təşkilatların da daxilində dəyişiklik istəyən, həm Azərbaycanda, həm də xaricdə təhsil almış gənc siyasətçilərə, kadrlara rast gəlmək olar. Biz onlarla danışıqlara, əməkdaşlığa hər zaman hazırıq və mənfi, destruktiv hallara yol vermədən, konstruktiv, dialoq formasında müzakirələr aparmağa hazırıq. Hətta, hakimiyyəti də bu dialoqa dəvət etməyə hazırıq. Azərbaycanın milli maraqlarından başqa bütün məsələlərdə hakimiyyətlə dialoq apara bilərik. Məqsədimiz Azərbaycanda müsbət dəyişikliklərə nail olmaq, yeni siyasi mühitin formalaşmasını təmin etməkdir.   - AXCP-nin qurultayı parlament seçkiləri ərəfəsində keçiriləcək. Bu qurultaydan sonra elan ediləcək yeni siyasi kurs dəyişikliyin mühüm şərtlərindən biri kimi seçicilərin seçkilərə itirilmiş inamını özünə qaytara biləcəkmi?   - Azərbaycanda siyasətlə məşğul olan hər bir siyasi təşkilat seçkili orqanlarda təmsil olunmalıdır. Destruktiv fəaliyyətlə məşğul olan bəzi müxalifət partiyaları seçkiləri boykot etməklə, əslinə qalsa, həm özlərinin imicini, həm də xarici qüvvələr qarşısında öhdəlik götürdüklərini nümayiş etdirirlər. Hesab edirəm ki, seçkilərdə mütləq iştirak edilməlidir. Biz də seçkilərə öz namizədlərimizlə qatıldığmız üçün qurultaydan sonra AXCP-nin seçkili orqanlarda təmsil olunmasını istəyirik. Bu, Azərbaycanda bir çox problemlərin, halların qarşısının alınmasında mühüm rol oynaya bilər. Mən əminəm ki, partiyamız seçkili orqanlarda təmsil olunacaq. Hakimiyyət də qarşısında sivil, yeni, hər şeyə qara yaxmayan, gənclərdən ibarət bir müxalifəti görüb demokratik seçki keçirməyə məcbur olacaq. Biz həm güc, həm də siyasi mədəniyyət və intellekt nümayiş etdirəndən sonra hakimiyyət də məcbur olub yaratdığımız bu demokratik zəminlə barışacaq. Əgər biz seçkili orqanlarda təmsil oluna bilsək, parlamentdə iqtidarla yanaşı müxalifətin iştirakı müəyyən dəyişikliklərə gətirib çıxaracaq.   - Seçkili orqanlarda təmsil olunmağın hansı vasitələrini təklif edirsiniz? Bəzi müxalifət partiyaları buna nail olmaq üçün seçki islahatlarının həyata keçirilməsini, yəni qanunvericiliyə dəyişiklik etməyi və ya seçki komissiyalarının paritet əsaslarla formalaşmasını vacib hesab edir.   - Hakimiyyət indiyə qədər seçkiləri saxtalaşdırmaq yolu ilə parlamentdə və seçki komissiyalarında üstünlüyü ələ alıb. Ancaq biz parlamentdə ən azı bir neçə mandata sahib olsaq, o zaman seçki komissiyalarında da müəyyən dəyişikliklərə nail olmağa çalışacağıq. Bu məqsədlə bizim müəyyən təkliflər paketimiz var. Azərbaycanda seçki mühitinin dəyişilməsi vacibdir. Çünki cəmiyyətdə seçkilərə böyük inamsızlıq yaranıb. Beynəlxalq təşkilatların da Azərbaycandan tələb və təzyiq etdiyi ən birinci məsələ seçkilərin azad və ədalətli keçirilməsi ilə bağlıdır. Biz də çalışacağıq Azərbaycandakı siyasi mühiti islahatlar paketimizlə dəyişək. Hakimiyyət də qarşısında qaragüruh deyil, obyektiv müxalifət görsə, seçki islahatlarına gedəcək. Yəni o bizim gücümüzdən asılıdır.   - Qurultaydan sonra AXCP-nin elan etməyə hazırlaşdığı islahatlar paketinin əsas prioritetləri nədən ibarət olacaq?   - Azərbaycanın istər siyasi, istər iqtisadi, sosial və digər sahələrində müəyyən çatışmazlıqlar var. Biz də xalqın içərisində oluruq və bu problemlərin həlli yollarını görürük. Hazırda həmin məsələlərə dair təkliflər üzərində işləyirik. AXCP qurultaydan sonra bu təkliflərini hökumətə də təqdim edəcək, eyni zamanda media vasitəsilə ictimaiyyətə də açıqlayacaq.   - AXCP 1990-cı illərdən üzü bəri ana müxalifət partiyası olub. Lakin AXCP lideri Əbülfəz Elçibəyin vəfatından sonra bəzi müxalifət partiyaları AXCP rəhbərliyinin yol verdiyi siyasi səhvlərdən istifadə edib ana müxalifət statusunu ələ almağa çalışdı. Qarşıdan gələn qurultay bu problemin aradan qaldırılması üçün hansı siyasi təsirə malik olacaq?   - AXCP hər zaman ana müxalifət olub. Əbülfəz Elçibəyin vəfatından sonra Əli Kərimli AXCP-nin adına yiyələndi. Onun səhvləri ucbatından baş verənlər, partiyanın siyasətini özünün şəxsi mənafeyi üzərində qurması digər müxalifət partiyaları arasında AXCP-nin ana müxalifət yerini itirməsinə gətirib çıxardı. 2003-cü ildə Etibar Məmmədova güzəştə getdi. Sonrakı seçkilərdə də yenə iddiasını ortaya qoymadı. Hər dəfə də ölkədə demokratik seçki mühitinin olmamasını bəhanə gətirdi. Deməli, sənin məqsədin ən böyük müxalifət partiyası olan AXCP-nin qarşısını kəsməkdir. Bu, 1995-ci ildə də belə olub, 2000-ci ildə də, sonrakı seçkilərdə də. 2013-cü ildə Rüstəm İbrahimbəyovun, bu ideya baş tutmayanda Cəmil Həsənlinin vahid namizəd irəli sürülməsi də hakimiyyətlə razılaşdırılmışdı. Bütün bunlarının səbəbkarı Əli Kərimlidir.   - Qurultaydan sonra bütün bu oyunlara son qoyulacaqmı?   - Bəli. Artıq bu oyunlara son qoyulduğunu deyə bilərik. Çünki AXCP-yə kifayət qədər yetişmiş yeni simalar gəlir. Bizim mesajlarımız üzdə olacaq. Daxildə heç bir çəkişmələr olmayacaq və mesajlarımızı cəmiyyətə açıq şəkildə çatdıracağıq.   Müşfiq





Həftənin ən çox oxunanları