Yuxarı

“Namizədlərə təzyiqlər edilir...”

“Namizədlərə təzyiqlər edilir...”

Xezer Teyyublu 231010Müxalifət partiyası seçkidə iştirak məsələsinə yenidən baxır

Klassik Xalq Cəbhəsi Partiyası parlament seçkilərində iştirak məsələsinə yenidən baxmaq üçün bu gün müşavirə çağırıb. Bu barədə Cebhe.info-ya KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. Onun sözlərinə görə, müşavirənin keçirilməsi deputatlığa irəli sürülən əksər partiya üzvlərinin, o cümlədən KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyinin qeydə alınmaması ilə bağlıdır:

“Bütün ölkə boyu “Azadlıq-2015” Seçki Blokunun namizədlərinə təqib və təzyiqlər edilir. Dairə Seçki Komissiyaları qanunu pozaraq icra hakimiyyətinin, polisin nümayəndələri ilə imza verən şəxslərin evlərinə gedərək onları təhdid edirlər. Bu da yolverilməz haldır.

Birbaşa demokratiyanın pozulması ilə bağlı olan bu məsələlər “Azadlıq-2015” Seçki Blokunun liderlərinin toplantısında müzakirə olundu. Hazırda isə Klassik Xalq Cəbhəsi Partiyasının namizədliyi qeydə alınan və alınmayan namizədlərinin müşavirəsi keçirilir. Orada son durum müzakirə olunacaq. Hər hansı qərar olacaqsa bloka daxil olan partiya sədrlərinin birgə iclasına təqdim ediləcək. Onu deyə bilərəm ki, seçkilərdə insanlar arasında ruh düşkünlüyü var. Müxalifət bu seçkilərdən sıxışdırılıb, seçki komissiyaları da dəyişmədən əvvəlki qaydada saxlanılıb, müxalifət ödənişsiz efir vaxtından məhrum edilib, namizədlərin təbliğat-təşviqat imkanları məhdudlaşdırılıb. Namizədlərin İctimai Televiziyada təbliğat məqsədilə 1 saniyəsi 20 manata verilən ödənişli efir vaxtı dəqiqə hesabı ilə 5000 manata çatır.

“Azadlıq-2015” blokunun 90 nəfərə yaxın namizədinin böyük əksəriyyətinin də qeydə alınmamasında məqsəd onları efir vaxtından məhrum etmək idi. Ona görə də seçkilərdə iştirak olduqca lazımsız bir vəziyyətə gətirilib çıxarılıb”.

X.Teyyublu deyib ki, məsələ ilə bağlı yekun qərarı “Azadlıq-2015” Seçki Blokuna daxil olan partiyaların rəhbərləri verəcək. “Əgər mövcud situasiya qaneedici deyilsə, Klassik Xalq Cəbhəsi Partiyası “Azadlıq-2015” Seçki Blokundan çıxa bilərmi” sualına cavabında Xəzər Teyyublu bildirdi ki, bu barədə bloka daxil olan partiya sədrlərinin birgə toplantısı qərar verə bilər.

Müşfiq





Həftənin ən çox oxunanları