Yuxarı

Qarabağ ətrafında siyasi şou

Qarabağ ətrafında siyasi şou

Serzh_Sargsyan_and_Vladimir_Putin_-_EDM_September_6__2013Keçmiş SSRİ-nin və Şərq blokunun süqutundan sonra Şərq və Qərb arasındakı ideoloji-siyasi qarşıdurma dünyanın böyük önəm kəsb edən geoiqtisadi, geosiyasi və hərbi-geostrateji regionları, zəngin xammal resursları, strateji əhəmiyyətə malik transmilli nəqliyyat-kommunikasiya dəhlizləri, bazarlar, eləcə də modern texnologiyalar, informasiya və insan resursları ugrunda mübarizə ilə əvəz olundu. Yeni dövrün ən əhəmiyyətli geosiyasi regionlarından biri də Avrasiya, o cümlədən Xəzər və Qara dəniz hövzələrii və onlar arasında mühüm strateji körpü rolunu oynayan Güney Qafqaz regionu çıxış etməyə başladı.

XX əsrin sonundan etibarən aparıcı dünya ölkələrinin geoiqtisadi və geosiyasi mübarizə meydanına çevrilən bu bölgənin zəngin enerji resursları, Şərqü-Qərb əlaqələrindəki bağlayıcı cofrafi mövqeyi,  iki qitəni birləşdirən ən yaxın, ən əlverişli və geosiyasi cəhətdən ən etibarlıl nəqliyyat-kommunikasiya və enerji ixracı dəhlizlərinin üzərində yerləşməsi onu dünya siyasətinin mərkəzi halına gətirmişdir.  Bütövlükdə tarixi Turan ərazisini təşkil edən bu geniş bölgəyə sahiblənmək uğrunda başlanan geosiyasi mübarizə, əslində, Avrasiyanın daha geniş ərazilərinə nəzarət etmək istəyinin tərkib hissəsidir.

2015-ci il, yanvarın 1-dən etibarən bölgənin böyük bir hissəsində Qərb analitikləri tərəfindən «Bölgənin yenidən sovetləşdirilməsi tendensiyası» kimi dəyərləndirilən yeni bir birlik rəsmən qüvvəyə minmişdir. Onun rəsmi sənədlərdə qısaldılmış adı Aİİ olaraq keçir. İlkin mərhələdə isə sadəcə, Avrasiya ittifaqı adlandırılır. Qara dənizdən Xəzər dənizinə qədər uzanan strateji bölgənin bir qismi, daha dəqiq desək, Gürcüstan və Azərbaycan bu birlikdən kənarda qalıb. Və son dövrlərdə ölkəmizin sözügedən İttifaqa daxil olma perspektivləri ətrafında qızğın diskussiyalar getməkdədir.

Erməni müxalifətinin Qarabağ şousu...

Azərbaycanın Rusiya ilə münasibətləri son illərdə bütün sferalarda heç də həmişə yaxşı olmayıb. Xüsusən də Qarabağ problemində Rusiyanın mövqeyi ölkəmizi qane etmir və edə bilməz. Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiyanın nəzarətində olan KTMT-nın, Avrasiya İqtisadi İttifaqının üzvüdür. Moskva Yerevana həmişə müəyyən iqtisadi güzəştlər edilib və bu gün də edir. Səbəb də aydındır Ermənistan Rusiyanın ən etibarlı forpostlarından biridir və bu rolu yarandığı andan həmişə «sədaqət»lə yerinə yetirib. Ermənistanda  Rusiyanın hərbi bazası mövcuddur. Azərbaycan isə bütün rus bazalarını, o cümlədən Qəbələ RLS-i belə ləğv etməyi bacarıb. Amma vəziyyət tədricən dəyişməkdədir.

Bəzi siyasi ekspertlərin fikrincə, «Rusiya öz güclü rəqibləri tərəfindən sıxışdırılır, onun qonşu ölkələrlə münasibətləri pisləşdirilir, maliyyə və ticarət imkanları azaldılır. Belə vəziyyətdə Qafqazdakı siyasətin dəyişməsi mütləqdir. Bu səbəbdən də, Moskvanın bu regionda fəallığının artması müşahidə olunur. Çünki Rusiyanın indi Azərbaycana həmişəkindən daha çox ehtiyacı var. Məhz bu səbəbdən Qarabağ məsələsində Kreml Azərbaycanın xeyrinə bəzi addımlar ata bilər».

Bu kimi sadəlövh fikirlərlə razılaşmaq, əlbəttə ki, mümkün deyil. Əvvəla Rusiyanın istər Gürcüstana, istər Ukraynaya, istərsə də Suriyaya ildırımsürətli hərbi müdaxiləsi bir daha sübut etdi ki, heç bir proqnoza gəlməyən təcavüzkar bir dövlətdir və əgər ona lazım olarsa, ölkəmizə də qoşun yeritməkdən çəkinməyəcək və bunu heç kəsdən soruşmayacaq. Ən pis halda bunu Ermənistanın əli ilə edəcəkdir. Bununla belə, nə qədər gülməli olsa da, Azərbaycan mətbuatında guya Azərbaycanı öz yanına çəkmək istəyən Rusiya Ermənistanın mənafeyinə zidd olaraq, Qarabağı və ya da işğal altında olan torpaqlarımızın bi qismini Azərbaycanı qaytara bilər.

Əslində, bu kimi iddialar daha çox Ermənistanın hakimiyyətə gəlmək üçün ölkədəki vəziyyəti gərginləşdirməyə çalışan müxalif qüvvələrinin dilindən səslənir. Məsələn, Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın keçmiş müşaviri Jirayr Liparityan belələrindən biridir. O, "168 jam" qəzetinə açıqlamasındadeyib ki,  "Mən hesab etmirəm ki, Rusiya Qarabağı özünə götürmək istəyir. Çünki bu Azərbaycanı daimi düşməninə çevirmək mənasına gələr ki, bu da Moskvanın planlarında daxil deyil". Onun sözlərinə görə, Rusiyanın Ermənistana heç bir borcu yoxdur. Çünki bu gün İrəvandan ala biləcəyi heç bir şey yoxdur: "Rusiya burada istədiyi hər şeyə nail olub. İndi isə Moskva Azərbaycanı öz təsir dairəsinə salmağa çalışacaq Əgər Qarabağı öz ərazisi kimi götürsə və ya hazırki statusu tanıyaraq, qanuniləşdirsə, Rusiya buna nail ola bilməyəcək. Moskvaya Dağlıq Qarabağı öz təsirində saxlamaq üçün zaman kəsiyi lazımdır.  Bundan sonra Kreml Bakı ilə danışıqlar aparacaq, lazım olanı alacaq və Azərbaycana da lazım olanı verəcək. Mən artıq uzun illərdir ki, Qarabağ problemini öyrənirəm və belə nəticəyə gəlmişəm ki, Rusiya Laçın və Laçın dəhlizi istisna olmaqla bu əraziləri Azərbaycana qaytaracaq. Bu ərazilərdən isə öz məqsədləri üçün istifadə edəcək».

Ermənistandakı müxalifətin digər tanınmış bir üzvü İqor Muradyanın 22. 11. 2014 tarixində erməni mətbuatında dərc olunmuş məqaləsində də bənzər fikirlər səsləndirilmişdir. O bildirib ki, hazırda Rusiya Ermənistanı öz vassalına çevirmək niyyətini başa çatdırıb. Azərbaycan artıq Rusiyanın önəmli tərəfdaşına çevrilib. “Rusiya Azərbaycan ordusu üçün silah parkı yaratdı və açıq şəkildə erməni dövlətçiliyinin ləğvinə başlayıb. Sonda Qarabağı Azərbaycanın nəzarətinə qaytaracaq”.

Qərb mətbuatı da şouya rəng qatmağa çalışır...

Bənzər iddialar Ermənistan müxalifətini dəstəkləməklə rəsmi İrəvanın mövqelərini zəiflətməyə çalışan Qərb dairələri tərəfindən də səsləndirilməkdədir. Məsələn, «Deutche Welle» dərgisi (Almaniya) yayınladığı məqalələrin birində haqlı olaraq qeyd edib ki, Avropa parlamentinin tənqidi qətnaməsi ilə təhqir olunmuş rəsmi Bakı Aİ-ni "Şərq tərəfdaşlığı" proqramından çıxmaqla hədələyir. Azərbaycanın Avropa İttifaqından uzaqlaşması Rusiyaya faydalıdır. Kreml yaranmış diplomatik boşluğu doldurmağa hazırlığını nümayiş etdirib, axı bu ona dərhal iki xarici siyasət məqsədinə nail olmağa imkan verəcək.

Məqalədə bildirilir ki, bu məqsədlərdən biri tərəflərin "Krım presedentindən" öz xeyrinə istifadə etməkdə maraqlı olduqları üçün dondurulmuş vəziyyətdən çıxmaq təhlükəsi ilə üzləşmiş Qarabağ münaqişəsinin "qızışmasına" yol verməməkdir: "Bakı və İrəvan Krımın Rusiya tərəfindən ilhaqını müxtəlif şəkildə şərh ediblər. İrəvanda Qarabağın Azərbaycanın işğal olunmuş rayonları ilə birgə hazırkı sərhədləri çərçivəsində tanınması imkanı barədə danışırlar. Bakıda isə Krımda öz keçmiş ərazilərinin silah yolu ilə qaytarılması presedentini görüblər. Azərbaycanın ictimai rəyi, yerli mətbuatı təhlil etsək, belə bir fikrə gəlmək olar, "kiçik qalibiyyət müharibəsinə" hazırdır. Sovet dövrünün heç bir inzibati sərhədləri ilə üst-üstə düşməyən və yalnız atəşkəs bağlanıldığı məqamda tərəflərin hərbi vəziyyətini əks etdirən təmas xəttində hər gün yüzədək atışma olur».

Gerçəkdən də Qafqazda genişmiqyaslı müharibə bu gün Moskvanın maraqlarına cavab vermir. Kremlin Ermənistan və Azərbaycanda kəskin artan diplomatik fəallığı məhz bununla izah olunur. Moskvanın ikinci məqsədi Azərbaycanın ərazisi və hava məkanından Suriyaya tranzitə (belə bir tələbat yaranarsa) zəmanət verməkdir. Suriya əməliyyatı tədricən Rusiyanın əsas hərbi-siyasi kozırlarından birinə çevrilir və onu maksimal dərəcədə iflasa uğramaqdan qorumaq lazımdır. Buna görə də, Kreml Azərbaycanın Avropa İttifaqı ilə mübahisəsindən mümkün qədər aktiv istifadə etməklə, Bakını öz təsir dairəsinə qaytarmağa ümid bəsləyir. Qarabağ münaqişəsinin dinc nizamlanması planının təklif olunması və qismən icrası Rusiya üçün bu işdə ideal alətdir.

Sabun köpüyü...

Məqalə müəllifi ortaya belə bir sual qoyur: Rusiya Ermənistan prezidenti Serj Sarkisyanın sentyabrın ortalarında Moskvaya səfəri zamanı ona hansı kompromiss həll variantını təklif edə bilərdi?  Və suala belə cavab verir: «Böyük ehtimalla, son illər resept o qədər də çox dəyiməyib. Söhbət "Qarabağ tərəfinin işğal etdiyi" Azərbaycan rayonlarının qaytarılmasından gedir. Lakin hamısının yox, yalnız beşinin, özü də tədricən. İki rayonu isə Ermənistan daha ciddi zəmanət olmadan qaytarmaqdan imtina edəcək, çünki bu rayonlar Ermənistan və qondarma Dağlıq Qarabağ arasında bir "körpüdür". Bəs əvəzində nə olacaq? Birbaşa və dolayısı kompensasiya, Rusiyadan yeni hərbi zəmanətlər. Ola bilsin, bir variant kimi, təkcə Ermənistan deyil, Azərbaycanda da Rusiya bazalarının yaradılması ilə əlaqədar çətin bir sxemin həyata keçirilməsi - məsələn, Suriyaya yüklərin daşınması üçün tranzit məntəqə şəklində. Moskvada hadisələrin belə inkişafından çox şad olardılar, çünki bu, bütün Cənubi Qafqazı onun nəzarətinə keçirməklə yanaşı, həm də onu Suriya əməliyyatı üçün ideal bazaya çevirərdi. Digər tərəfdən, ABŞ tərəfindən sərt müqavimətlə qarşılaşmamaq üçün Azərbaycanda baza yaradılmasını yalnız bu bəhanə altında təklif etmək olardı».

Əlbəttə, Kreml üçün bu plan demək olar ki, ideal bir həll olardı. Qarabağda münaqişə yenidən dondurulur, lakin həll olunmur, regionda iştirak güclənir, Ermənistana da, Azərbaycana da təsir imkanları artır. Amma hələlik ortada bir şey yoxdur və olması da gözlənilmir. Ayrı-ayrı siyasi dairələrin öz siyasi məqsədləri naminə Qarabağla bağlı ortaya atdıqları təbliğati şounun sabun köpüyündən heç bir fərqi yoxdur və təəssüf ki, ölkəmizdə həmin köpüyün işığın təsiri altında vurduğu bərqdən şövqə gələnlər hələ də tapılır.

Bəxtiyar Tuncay





Həftənin ən çox oxunanları