Yuxarı

Hakimiyyət islahata getmək istəmir

Hakimiyyət islahata getmək istəmir

Ramil Huseynov

Noyabrın 1-də beşinci çağırış parlament seçkilərinə start veriləcək. Seçki mühitinin yaxşılaşdırılması və müxalifətdaxili birliyin gücləndirilməsi istiqamətində demək olar ki, heç bir iş görülmür. Ölkənin siyasi sferasında bir durğunluq müşahidə olunur. Seçki mühitinin təkmilləşdirilməsi baxımından siyasi mübarizə nəzərə çarpmır.

Seçicilərin və müxalif partiyaların seçki ərəfəsində passivliyi özünü daha qabarıq şəkildə büruzə verir. Cəmiyyəti narahat edən problemlər müzakirəyə çıxarılmlır, diqqətdən kənarda qalır. Ənənəvi siyasi fəaliyyət davam edir. “Ağ Blok” idarə heyyətinin üzvü Tural Abbaslı “Cumhuriyət” qəzetinə siyasi durğunluğu yaradan səbəblər barədə danışıb.

Onun qənaətinə görə, siyasi durğunluğun kifayət qədər çox səbəbi var: “Başlıca səbəb hakimiyyətin anti-demokratikliyi, uzun illərdir istər sərbəst toplaşmaq hüququ, istər siyasi partiyalara münasibət, istərsə də vətəndaş cəmiyyətinin formalaşması məsələsində hakimiyyətin represiyalarının artan xətlə davam etməsidir. Bu, birbaşa hakimiyyətin fəaliyyətindən asılıdır. Siyasi aktivliyin bu dərəcədə sönük vəziyyətə düşməsi və xalqın siyasi proseslərdən çəkinməsinin səbəblərindən biri də müxalifətin yanlış siyasi addımlarıdır-müxalif cəbhənin zaman-zaman atmalı olduğu, amma atmadığı, atmamalı olduğu, amma atdığı addımların nəticəsidir.

Biz hakimiyyəti ittiham edirik. Zatən, bunu heç kim inkar etmir ki, burada hakimiyyətin günahı 70 faizdir. Müxalifət olaraq öz yanlışlıqlarımızı da görməyi bacarmalıyıq. 23 ildir nəticəsiz bir mübarizə apardıqda düşünmək lazım idi ki, xalqın siyasi proseslərə etimadı itəcək və xalqın müxalifətin yanından çəkilməsi prosesi başlayacaq. Nəticədə müxalifətlə hakimiyyət meydanda təkbə-tək qalacaq. Hakimiyyətin inzibati resurslarını, milyonlarını, represiya aparatını nəzərə alsaq, rəqabətdə hakimiyyətin qalib gəlməsi təbiidir. Bu durğunluqda hakimiyyət nə qədər səbəbkardırsa, bundan nisbətən az müxalifətin də payı var. Təəssüfləndirici tərəfi odur ki, müxalifət bu situasiyanı düzəltməyə də cəhd etmir. Yəni necə gəlib, elə də getməyin tərəfdarıdır. 20 ildə hansı metodlardan istifadə etmişik, yenə o metodlardan istifadə edir. Proseslərə hansı düşüncə tərzi ilə yanaşmışıqsa, yenə o tərzlə yanaşırıq və fərqli nəticə olacağını gözləyirik. Əlbəttə, belə bir şey yoxdur. Nə qədər ki, proseslərə eyni metodla, eyni düşüncə tərzi ilə yanaşacağıqsa, nəticə də eyni olacaq. Əminəm ki, bu tendensiya davam etsə, siyasi durğunluq daha da artacaq. Ümumiyyətlə, Azərbaycanda siyasi mübarizə, siyasi mühit adında nəsə qalmayacaq”.

Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov parlament seçkisindən sonra hakimiyyətin islahatlar aparmasının mürəkkəb göründüyü qənaətindədir: “Amma ola da bilər ki, parlament seçkisindən sonra hakimiyyət islahat aparsın. Müəyyən namizədlərin YAP tərəfindən irəli sürülməsi onu göstərir ki, hakimiyyət tərəqqiyə doğru islahatlara getmək istəmir. Ola bilər ki, bu seçkidən sonra siyasi şərait dəyişsin, dünyada baş verən proseslər hakimiyyəti məcbur eləsin ki, normal siyasi islahatlara getsin.Müsavat Partiyası müxalifət partiyalar arasında boykot qərarında daha çox israrlıdır. Ola bilər ki, bu seçkilərdə Müsavat Partiyası digər partiyalarla birlikdə boykota getsin. Bu, gözlənilən ehtimaldır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları