Yuxarı

Siyasi məhbus Əli İnsanovun ümidinə qalıb

Siyasi məhbus Əli İnsanovun ümidinə qalıb

10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən vicdan məhbusu Sirac Kərimlinin atası Müsavatın Məclis üzvü Raqif Kərimli Cebhe.info-ya oğlunun durumu barədə məlumat verib. O bildirib ki, oktyabrın 13-də oğlunun qarın nahiyyəsində ağrılar başlayıb:

eli insanov“Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasından müəssisəyə həkim çağırıblar. Sirac yediklərini qaytarırmış. Qan analizlərindən sonra məlum olub ki, oğlumun qanında leykositlərin sayı həddindən çoxdur, böyrəyində duz var, kor bağarsağı da partlayıb. Dünən əməliyyat edən həkimlə görüşdüm. Həkim bildirdi ki, çirklənmə sol tərəfinə yayılıb, Siracı son məqamda əməliyyat etdiklərini dedilər. Çox çətin əməliyyat olub. Vəziyyəti orta ağırdır, qanı yuyulub təmizlənir. Oğlumu görməyə icazə vermədilər. Dedilər ki, sistem qoşulub, burnundan maye çəkilir. Siracın övladlarının atasının əməliyyat olunmasından xəbərləri var. Bu gün Siracın oğlu Atillanın doğum günüdür, onun 6 yaşı tamam olur”. Rafiq Kərimli 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən digər oğlu Fərəc Kərimlinin qardaşının əməliyyat olunmasından xəbərsiz olduğunu deyib: “Özü zəng vursa, xəbər verəcəyik. Məlumat ona başqa yerlərdən çatsa, narahat olar. Oktyabrın 12-də Fərəcin doğum günü idi, həbsxanada birlikdə keçirdik. Vəziyyəti, əhval-ruhiyyəsi yaxşı idi. Fərəc Hepatit C xəstəliyindən əziyyət çəkir. Gedərkən ona dərmanlarla yanaşı, təbii şirələr də apardıq. Oğlum keçmiş səhiyyə naziri Əli İnsanovla bir yerdə cəza çəkir. Sağ olsun, Əli İnsanov onun sağlamlığına nəzarət edir”. Sirac Kərimli 2014-cü il iyulun 17-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə təqsirləndirilir.

2015-ci il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sirac Kərimli 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onun qardaşı Fərəc Kərimov da iyulun 23-də narkotik ittihamı ilə həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərəc Kərimli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu kimi tanınıb. Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. 18 avqust 2014-cü ildə “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Fərəc və Sirac Kərimlini “vicdan məhbusu” elan edib.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları