Yuxarı

Statistika Komitəsi reallığı gizlədir

Statistika Komitəsi reallığı gizlədir

Qadir-Ibrahimli_1 Qadir İbrahimli: “Sosial təlatümlər anbaan yaxınlaşır”   Dövlət Statistika Komitəsi 2015-ci ilin sentyabr ayında istehlak bazarında qiymətlərin necə dəyişdiyini açıqlayıb. Rəsmi məlumata görə, sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz artıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişiklik baş verməyib. Ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlər əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb. Ay ərzində düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkər və şəkər tozunun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, limonun, bananın, pomidorun, badımcanın, göy lobyanın, çuğundurun, kökün, kartofun, baş soğanın, sarımsağın, mineral sular və sərinləşdirici içkilərin, spirtli içkilərin qiymətlərində artım, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, balqabağın, şirin bibərin qiymətlərində isə azalma müşahidə olunub. Sentyabr ayında qeyri-ərzaq məhsullarından parçalar, inşaat materialları, dərmanlarda ucuzlaşma, geyim, minik avtomobilləri üçün ehtiyat hissələri, məişət cihazları, mebel və ev əşyaları, dəftərxana ləvazimatlarında isə bahalaşma qeydə alınıb. Müşahidələrə əsasən, ərzağın növündən asılı olmayaraq qiymətlər arasındakı artım tempi 20-50 qəpik arasında dəyişir. Əsas artım isə yumurtanın qiymətində hiss olunur. Bir neçə gün əvvəl 8 qəpiyə satılan yumurta indi alıcıya 13 qəpiyə təklif olunur. Ümumilikdə ərzaq məhsullarının qiymətində olan dəyişikliyi alıcılar da təsdiq edir. Satıcılar isə deyir ki, topdan satış mərkəzlərindən aldıqları ərzağın qiyməti artdığı üçün mağazada da bu artım müşahidə olunur. Yəni prosses birtərəfli baş verməyib. Hər halda bu qiymət artımı cüzi də olsa alıcının büdcəsində özünü göstərir. Ekspertlər deyir ki, əgər əvvəl 4 nəfərlik ailənin aylıq ərzaq büdcəsi orta hesabla 200 AZN təşkil edirdisə, indi bu rəqəm 210-215 manat arasında dəyişir. Qeyd edək ki, ölkədə dolların da məzənnəsində artım müşahidə olunur. Oktyabrın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib. Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 16-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 15-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0473 manat olub.  Bu isə bahalaşma prosesinin davamlı olacağını deməyə əsas verir. İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə isə bəzi hallarda sahibkarlar qiymətləri süni artırır. Burada isə məqsəd yaranmış vəziyyətdən istifadə edib daha çox gəlir əldə etməkdir. İqtisadçı ekspert Məhəmməd Talıblı isə Dövlət Statistika Komitəsinin açıqlamasını şərh edərkən deyib ki, Statistika Komitəsinin qiymət artımları ilə bağlı göstərdiyi faiz dərəcələri reallığı əks etdirmir: "Əslində faktlara diqqət etmək lazımdır. Yalnız bir neçə ərzaq məhsullarına baxdıqda aydın olur ki, məhsulların qiymətləri nə qədər artıb. Yalnız qarabaşaqda 30%-lik qiymət artımı baş verib. Bu cür məhsulların siyahısını kifayət qədər uzatmaq olar. Bu, çox əhəmiyyətli dərəcədə baş verən artımdır. Eyni zamanda qiymətlərin bu dərəcədə aktiv templərlə artması ciddi tendensiyalardan xəbər verir. Artıq ölkə iqtisadiyyatında müəyyən mənada bahalaşma hiss olunur. Xüsusi ilə nəzərə alaq ki, devalvasiyadan sonra bir çox ticarət mərkəzləri, kiçik dükanlar, kiçik müəssisələr bağlandı. Böyük müəssisələrdə ciddi ixtisarlar aparıldı. Nəticədə məhsul istehsalında müəyyən azalmalar qeydə alındı. Bu isə qiymət artımlarına səbəb oldu. Ölkəyə idxal olunan məhsullar baha qiymətə sənədləşdirilir. Əsas bahalaşma mənbələrinin biri idxal rüsumları və eyni zamanda alınan korrupsiya "vergisi"nin yüksək olmasıdır. Bunun nəticəsində istehlakçılar daha yüksək qiymətli mal və xidmətlərlə üzbəüz qalırlar". Onu da əlavə edək ki, sahibkarın qiymət artımı ilə bağlı addım atmağa məcbur olması həm də qanunsuz vergi yoxlamaları ilə bağlıdır. Sahibkarın işinə qanunsiz müdaxilə, onlardan haqq alınması problemlərə gətirib çıxarır. Sahibkar da itirdiyi vəsaitin yerini doldurmaq üçün çıxış yolunu qiymət artımında görür ki, bu da yenə əhalinin başında çatlayır. İqtisadçı ekspert Qadir İbrahimli öz facebook səhifəsində bildirib ki, həm gəlirlərin azalması, həm də vergi orqanlarının amansızlığı -qeyri-rəsmi ödənişlərin kəskin artırılması nəticəsində demək olar ki, hər gün onlarla kiçik müəssisə qapadılır: “Vergi məmurları heç kimə aman vermək istəmir. Ölkənin sürətlə böhrana doğru getdiyi bir vaxtda vergi məmurlarının bu əməlləri sözün bütün mənalarında cinayət sayılır. Türkiyədə, eləcə də bütün Avropada eyni əməl qatı cinayət sayılır və bunu törədənlər qeyd-şərtsiz həbsxanaya atılır. Azərbaycanda isə vergi məmurları ən bahalı maşınlarda, ən bahalı mənzil və villalarda yaşayır, “boğduqları” hər obyektə görə də rəhbərlikdən təşəkkür və mükafat alır. İnsanlar sürətlə iş yerini, ailəsinin dolanışıq mənbəyini itirirsə, deməli, sosial təlatümlər anbaan yaxınlaşır”. Cavad





Həftənin ən çox oxunanları