Yuxarı

18 oktyabr qurultayı-AXCP yeni tarix yazır

18 oktyabr qurultayı-AXCP yeni tarix yazır

konfrans1

Etimad Qurultayından demokratik cəmiyyətə və Etimad Hökumətinə doğru

“Oktyabrın 18-də AXCP Etimad Qurultayı keçiriləcək”. Bu bir cümləlik xəbər yəqin ki, hələ uzun illər Azərbaycan siyasi proseslərində, ölkə həyatında baş verəcək müsbət hadisələrin və yeni dövrün başlanğıcı sayılacaq. Həmin gün 19 avqust 2015-ci il tarixində Razi Nurullayev və onunla birgə olanların AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin yaranmasını bəyan etməsi prosesin məntiqi tarixi nəticəsi sayılmalıdır.

İki ay öncə - avqustun 19-da  AXCP sədrinin müavini postundan istefa verən və cəmiyyətə Əli Kərimlinin, onun ətrafının iç üzünü açan Razi Nurullayev müasir Azərbaycan tarixində silinməz iz qoyan bir təşkilat AXCP haqda həyəcan təbili caldı. Uzun müddətdir doğma təşkilatının taleyindən narahat olan cəbhəçilər bu çağırışa səs verdilər.  Əli Kərimlinin özünü sədr saydığı AXCP-dən istefalar kütləvi hal almağa başladı. Amma cəbhəçilər öz təşkilatlarını tərk edib meydanı Kərimli və ətrafına buraxmaq niyyətində deyildi. İstefa verənlər bir qayda olaraq, səsləndirdikləri bəyanatlarla AXCP Etimad Qurultayı Təşkilat Komitəsində mübarizəyə davam edəcəklərini bildirirdilər. Nəticədə Əli Kərimlinin cəbhəsi kiçildiyi halda, AXCP Etimad Qurultayı Təşkilat Komitəsində toparlanan cəbhəçilər hüquqi yollarla təmsilçiliyin onlara verilməsi üçün ideal fürsət qazanmış oldular. Beləliklə, AXCP-nin Əli Kərimli yarasından qurtulmasının əsası qoyuldu və müasir Azərbaycan tarixində müstəsna rolu olan bir təşkilat kəmiyyət və keyfiyyətcə özünün yeni mərhələsinə qədəm qoydu. Amma bir gün sonra keçiriləcək qurultay və həmin gündən sonra baş verəcəklər haqda danışmamışdan öncə bu günə gətirib çıxaran proseslərə bir daha ümumi nəzər salmaq vacibdir.

AXCP Etimad Qurultayı Təşkilat Komitəsi niyə yarandı?

Zaman-zaman AXCP daxilində yaranmış bütün problemlərin səbəbkarı Əli Kərimli olub. İstər ötən zamanlarda baş verənlərə, istər indi baş verənlərə görə məsuliyyəti o daşıyır. Əlbəttə, nə vaxtsa bunun təkcə hüquqi deyil, həm də mənəvi cavabını verəcək. Partiyada aparılan siyasətə etiraz edənlər toparlanmalarını səbəbsiz yerə Etimad Qurultayı Təşkilat Komitəsi adlandırmadılar. Məqsəd Azərbaycan tarixində şərəfli iz qoymuş əsil AXCP-ni bərqərar etmək idi. Xalq Cəbhəsi və bu hərəkatın ideyası üçün bütün şüurlu həyatını həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuş, Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən insanları bir şəxsin marağına və ambisiyasına görə təşkilatdan kənarlaşdırmağın bir sonu olmalı idi. AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin yaranma zərurətinin əsas nüvəsi bu idi. Komitənin bəyanatında deyildiyi kimi: “Məqsədimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır. Hər kəsi - hüququ pozulanları, qanunsuz və mənəviyyatsızcasına ləkələnənləri, Elçibəy və Rəsulzadə ideyalarının daşıyıcılarını sıralarımıza dəvət edirik”. İllərlə yığılan etiraz və qəzəb Razi Nurullayevin çağırışı ilə AXCP Etimad Qurultayı Təşkilat Komitəsi  halında toparlandı və partiyanın xilasına başlanıldı. Əvvəlki zamanlardan fərqli olaraq bu dəfə cəbhəçilər AXCP-ni Əli Kərimliyə buraxıb getmədilər, yeni partiya yaranmadı. Əksinə, çox düzgün olaraq AXCP-ni Əli Kərimlidən xilas etmək yolu tutuldu. Ötən müddət ərzində Əli Kərimli və onun xırda dəstəsinin hətta əxlaq qaydalarını aşan çabalarına rəğmən məqsədə nail olundu. Təşkilat Komitəsi Etimad Qurultayıını keçirməklə gerçək AXCP-ni yenidən siyasi səhnəyə qaytarmış olacaq. Bəli ötən zamanlara və Əli Kərimlinin avtoritar rejiminə etiraz edən digərlərindən fəqli olaraq bu dəfə

AXCP parçalanmadı, tarixi AXCP meydana qayıdır

Kərimli və dəstəsinin “partiyanı parçalayanlar” ittihamı beləcə boşa çıxdı. Çünki cəbhəçilər canlarından artıq sevdikləri doğma təşkilatlarının bütövlüyünü qorumaq üçün, demokratik düşərgəyə zərbə vurmamaq naminə yaranmış vəziyyətdən iqtidarın istifadə etməsinə imkan vermədilər. Hətta Etimad Qurultayından sonra qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət də edilməyəcək, sadəcə araşdırma tələb ediləcək. Çünki yeni təşkilat yaranmır, bu AXCP-nin özüdür və bu qurultay Əli Kərimlinin bir müddət öncə təşkil etdiyi şounu ifşa etməklə yanaşı, onun AXCP sədri adlanmasının qeyri-legitimliyini təsdiqləyəcək. Başqa sözlə, bu vaxta qədər AXCP sədri adlanmağı mənəvi baxımdan haqq etməyən Kərimli indi bu statusun hüquqi daşıyıcılığını da itirmiş olacaq.

Digər bir vacib məqam isə AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin yalnız indiki AXCP-dəki narazılardan ibarət olmamasıdır. Burda zaman-zaman təşkilatdan xaric edilmiş, yaxud özləri uzaqlaşmış və ya AXCP-dən ayrılan fərqli partiyalarda təmsil olunan cəbhəçilər toplandı. Başqa sözlə, 2000-ci ildən sonra cəbhəçilər yenidən öz doğma təşkilatlarında bir araya gəlmiş oldular. AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin ilk bəyanatında da bu məqam açıq şəkildə öz əksini tapırdı:  “Biz heç də ikinci AXCP yaratmırıq.

Əsl cəbhəçilərin bu AXCP-də toplanacağına əminik. Biz əsl AXCP-ni qaytaracağıq. Biz birbaşa olaraq Əli Kərimlinin diktəsi və istəyi ilə qanunsuz olaraq partiyadan uzaqlaşdırılmışıq. Hüquqlarımızı bərpa edib partiyaya dönəcəyik. O zaman artıq iki AXCP-yə ehtiyac qalmayacaq. Bu zaman Əbülfəz Elçibəyin də ruhu şad olacaq”. Artıq tam əminliklə deyilə bilər ki, AXCP Etimad Qurultayı Təşkilat Komitəsi öz minimal məqsədinə nail oldu. AXCP-yə cəbhəçilərin sahiblənməsi, partiyanın öz gücü ilə yenidn bərqərar olması 18 oktyabrda baş tutacaq. Yeri gəlmişkən, Etimad Qurultayının keçiriləcəyi gün də bir qədər mistik və tarixi qayıdış xarakteri daşıyır. Çünki

18 oktyabr gününü tarixə AXC yazdı

18 oktyabr və Dövlət Müstəqilliyi. Bu iki anlayış Azərbaycan tarixində bir adla bağlıdır - AXC. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib. Bu tarixi hadisənin mahiyyətini dərk etmək üçün öncə həmin günə qədər qət edilən mübarizə yoluna qısa da olsa nəzər salınmalıdır.

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi hələ 20-ci əsrin əvvəlindən başlayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. 1920-ci ildə Sovet Rusiyası AXC-ni işğal etdikdən sonra da mübarizə açıq və gizli şəkildə davam etdi.

Müstəqilliyimizin yenidən əldə edilməsi üçünsə həlledici mübarizə mərhələsi ötən əsrin 80-ci illərinin sonlarında start götürür. 1988-ci il Meydan hərəkatının nəticəsi olaraq yaranan Azərbaycan Xalq Cəbhəsi cəmi 2 il sonra Dövlət Müstəqilliyinə nail olur. Azərbaycan Dövlət Müstəqilliyinin məhz AXC-nin şah əsəri olduğu inkarolunmaz həqiqətdir. Başqa sözlə, 18 oktyabrı tariximizə AXC yazdı. İndi üstündən 24 il keçəndən sonra Azərbaycan dövlətini və Azərbaycan xalqını əsarətdən qurtararaq ikinci demokratik dəyərlərlə yaşamaq üçün mübarizə yoluna çıxan bir təşkilat özünün ikinci qurtuluş və bərqərar tarixini yazır. Həm də elə bir tarix ki, bu Azərbaycan siyasi mühitində də yeni bir dönəmin başlanğıcın qoyacaq. Başqa sözlə, Azərbaycan müstəqilliyinin müəllifi olan təşkilat cəmiyyətin və iqtidarın “qara siyahı”sından çıxıb öz layiqli yerini tutmaq niyyətindədir. Demək,

AXCP yenidən yola çıxır, qurduğu dövlətin inkişafı üçün

Müxalifət bu gün ac-yalavac, miskin, işsiz, polis tərəfindən döyülən, demaqoq, satqın, əxlaqsız, savadsız və qaragüruh kimi təqdim edilir və əslində bu artıq xalq üçün də bir silinməz steorotipə çevrilib. Amma, müxalifət içində də savadlı və dəyərli kadrlar çoxdur. Müxalifətin qaragüruh və barışmaz, hər şeyi ağ və qara görməsini istəyən qüvvələr var. AXCP Etimad Qurultayından sonra gerçək AXCP steorotipin qırılmasını və müxalifətin savadlı, dünyagörüşlü və dünyada mövcud olan rəngləri də çox yaxşı gördüyünü sübut etmək niyyətindədir. Müxalifət dəyərli və sevgidəyər bir vətəndaşdır. Iqtidarın, beynəlxalq aləmin və xalqın müxalifətə münasibətinin normal olmasına nail olmaq vacibdir və AXCP Etimad Qurultayı Təşkilat Komitəsi də öz fəaliyyətində bu prinsipi əsas tutub.  AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev də bu məsələlər ətrafında öz baxışını belə ifadə edib: “Biz dövlətlə iqtidarın ayrı-ayrı konseptlər olduğunun fərqindəyik. Bu gün beyinlərə dövlətlə iqtidarın eyni olduğu yeridilib. Bu yanlışdır.

Dövlət həmişə var. Iqtidar isə hökumətdir. O tez-tez dəyişə bilər. Dəyişməyən isə dövlətçilikdir. Ərəb baharından sonra Liviya və Suriya ona görə dağılır ki, dövlətçilik yox idi, iqtidar var idi. Biz dərin dövlətimizi qurmalıyıq. Iqtidarlar dövləti dəyişmək gücündə olmamalıdır. Bu gün acı həqiqət ondan ibarətdir ki, iqtidarlar gələn zaman dövləti də dəyişirlər. Elə buna görə də, Azərbaycanın başı problemlərdən açılmayıb. Sabah YAP iqtidarı dəyişərsə, gələn iqtidar dövlətçiliyi də öz maraqlarına uyğun qurmağa çalışacaq. Bu, yolverilməzdir. Dövlət birdir və qalmalıdır. Biz elə bir dövlətçilik yaratmaq istəyirik ki, heç bir gözlənilməz kataklizm zamanı ölkə zərər görməsin. Türkiyə Osmanlı İmperiyasından sonra ona görə yaşadı ki, dövlətçilik var idi.

Dövlətə, bayrağa, himnə və orduya hörmət var idi. Dövlətçilik bayraq, ordu, himn, gerb və torpağa sevgi üzərində qurulur. Bunlara sevgi olmazsa, dövlətçilik də yoxdur. Biz Azərbaycanda dövlətçiliyin olmasının tərəfdarıyıq. Bunun üçün çalışırıq və inşallah, buna nail də olacağıq”. Bu Xalq Cəbhəsinin ənənəvi “Dövlət marağı hər maraqdan üstündür” prinsipinin yenidən təşkilata qaytarılmasıdır. Tarixdə heç nə təsadüfi olmur. 18 oktyabr tarixinin təkrarlanması da bir zərurətə söykənir. 24 il öncə AXC bu dövləti qurub sonra milli hökuməti yaratdı. İndi də Etimad Qurultayı ilə başlanan yolun sonunda Etimad Hökuməti durur...

Ərtoğrul Hüseyn





Həftənin ən çox oxunanları