Yuxarı

Müstəqillik dövrünün ən pis seçkisi

Müstəqillik dövrünün ən pis seçkisi

milli-meclis1 noyabr seçkiləri tarixə belə düşəcək   Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı inamsızlıq mühiti hökm sürür. Hətta seçkiyə qatılan siyasi partiyalar və müstəqil namizədlər də səsvermənin nəticələrinin saxtalaşdırılacağını etiraf edirlər. Müxalifət namizədlərinin əksəriyyəti qeydə alınmayıb, bu isə onların ödənişsiz efir vaxtından məhrum olmasına səbəb olub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərin müşahidəsindən imtina etməklə seçkilərin beynəlxalq hüquqi normalara cavab vermədiyini bəyan edib.   Namizədlər və onların səlahiyyətli nümayəndələri imzatoplama kampaniyası dövründə ciddi təzyiqlərə məruz qalıb. Milli Şura, Azad Demokratlar Partiyası, Azərbaycan Demokrat Partiyası seçkilərin qeyri-şəffaf olduğunu əsas gətirərək iştirakdan imtina edib. Müsavat Partiyasının 39, Klassik Xalq Cəbhəsi Partiyasının 23 namizədi qeydə alınmayıb. AMİP-in 16 nəfər namizədi inzibati müdaxilələrlə üzləşərək seçkilərdən geri çəkilib. Bütövlükdə ölkədə seçki əhval-ruhiyyəsi hiss olunmur. Seçkilərin ölkənin ictimai-siyasi həyatına heç bir dəyişiklik gətirməyəcəyinə dair cəmiyyətdə birmənalı rəy mövcuddur. Bu da seçicilər arasında siyasi passivliyin artmasına səbəb olub. Son vaxtlar siyasətçilər və ekspertlər builki parlament seçkilərini “müstəqillik dövrünün ən pis seçkisi” kimi qiymətləndirən bəyanatlar səsləndirirlər. Proseslərin gedişi isə bu siyasətin hakimiyyət tərəfindən müxalifətsiz parlament formalaşdırmağa hesablandığını göstərir. Ekspertlər hesab edirlər ki, hazırkı amorf vəziyyətin yaranmasının başlıca səbəblərindən biri seçki qanunvericiliyinə edilən əlavə və dəyişkliklərdir. Seçki prosesinin və namizədlərin hüquqlarının məhdudlaşdırılması mövcud anormal vəziyyətin formalaşmasına gətirib çıxarıb. Nəticədə seçkilərə qatılan bir siyasi partiyanın elektorata təsir imkanı mojaritar qaydada bir nəfər müstəqil namizədin seçicilərə təsir imkanından daha azdır. Bütün bunlar isə mərhələli şəkildə Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə bağlıdır. Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, beynəlxalq hüquqi nöqteyi nəzərdən Seçki Məcəlləsinin bir sıra maddələri azad və ədalətli seçkilər keçirməyə uyğun şərait yaratmır. İkincisi, elektron mediada təbliğat-təşviqat kampaniyası aparılmır: “Ötən il elektron mediada təbliğat aparmaq məqsədilə dövlət hesabına 66 milyon manat vəsait ayrılsa da bu xərclər seçki prosesinə aid olunmur. Həm ATƏT, həm də Avropa Şurası iqtidarla müxalifət arasında dialoqun olmaması, ötən seçkilərdə baş vermiş nöqsanların aradan qaldırılmaması və siyasi məhbusların azadlığa buraxılmamasını əsas gətirərək seçkiləri müşahidə etməkdən imtina etdilər. Bu da Azərbaycanda seçkinin standartlardan uzaq keçirilməsi üçün daha passiv və münbit şərait yaratdı. Əksinə, mən düşünürəm ki, onlar seçkini müşahidə etsəydilər, bir az fərqli vəziyyət ola bilərdi. Bu gün biz belə fikirlər oxuyuruq ki, qarşıdan gələn seçkilər müstəqillik dövrünün ən pis seçkiləridir. Çünki seçkidən öncə ortalıqda konkret siyahı var və cəmiyyət də bilir ki, bu deputatlar artıq təyin olunublar. Cəmiyyət də özünü bu prosesə alışdırıb. Xalq arasında bu prosesə müqavimət də yoxdur. Bəzi siyasi təşkilatlar da məhz buna görə seçkidə iştirak etməkdən imtina etdilər. Bu da fəallığa təsir edən məqamlardır. Ona görə də növbəti seçkilər görüntü yaratmaqdan başqa bir şey olmayacaq”. Ekspert hesab edir ki, yaranmış problemin aradan qaldırılması üçün hakimiyyətlə müxalifət arasında dialoqun baş tutması və seçki islahatlarının həyata keçirilməsi başlıca şərtdir. İlk növbədə isə icra hakimiyyəti orqanlarının seçki prosesinə inzibati müdaxiləsinin qarşısı alınmalıdır: “Əks halda demokratik seçki keçirmək mümkün olmayacaq. İnzibati strukturların seçkilərdən kənar dayanması lazımdır. Məsələn, ötən həftə Qırğızıstanda MDB məkanında ilk dəfə olaraq, “biometrik” qeydiyyat yolu ilə demokratik parlament seçkiləri keçirildi. Dünyanın hər bir ölkəsində maddi imkanı çox olan adamlar seçkiyə təsir edə bilir. Ancaq seçki qutusuna müdaxilə etmək yolverilməzdir, cinayətdir. Bizdə qutuya müdaxilə olmasaydı, bu problemi həll etmək olardı. Əgər Qırğızıstan bunu edə bilirsə, deməli, biz daha yaxşı edə bilərik. Azərbaycan bunu “ASAN” Xidmət layihəsinin nümunəsində göstərdi. Biz stereotipləri dəyişdirib daha demokratik idarəçilik formalaşdıra bilərik. Sadəcə olaraq, bunu istəmək lazımdır”. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları