Yuxarı

“Xalqın istədiyi AXCP-nı yaradacağıq”

“Xalqın istədiyi AXCP-nı yaradacağıq”

[caption id="attachment_1661" align="alignleft" width="325"]rafiq Rafiq Daşdəmirli: “Əli Kərimlinin yanındakı cəbhəçilərin çoxu bizə qoşulacaq”[/caption] “Yeni siyasət, sivil yol, danışıqlar masası və seçkilər- bu bizim siyasi yolumuzdur”   AXCP-nin Etimad Qurultayına hazırlıq prosesi yekunlaşmaq üzrədir. Müsahibimiz AXCP EQTK-nın üzvü Rafiq Daşdəmirlidir. - Bu günə qədər 56 rayon şöbəsində konfranslar keçirdik. Bəzi rayonlarda klassik cəbhəçilərin, köhnə hərəkatçıların, bəzilərində isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərindən ibarət şöbələr yaratdıq. Bəzi rayonlarda tamamilə yeni rayon şöbələri yaradıldı. Konfranslarımız uğurlu oldu. Toplantılar cəbhəçilərin yüksək siyasi fəallığı ilə müşayiət olundu. Konfransın video və audio görüntüləri var. Hər bir rayonda sədr, Ali Məclis üzvləri və qurultay nümayəndələri seçilib. Rəyasət Heyətinin verdiyi qərara əsasən hər rayon şöbəsindən 4 qurultay nümayəndəsi seçilib. Yaratdığımız rayon şöbələri vəziyyəti köhnə cəbhəçilərin rayon şöbələrindən fərqlənir. Yeni  rayon şöbələrində cəbhəçilik ideologiyasını formalaşdırmışıq. Yaradılmış şöbələrdə təmsil olunan gənclərin əksəriyyəti siyasi hazırlıqlı və savadlıdır.  Rayon şöbələrininin konfranslarında qurultay nümayəndələrinin hər biri iştirak edib. 56 rayon şöbəsindən 240 qurultay nümayəndəsi var. 18 oktyabr qurultayında 240 qurultay nümayəndəsi iştirak edəcək. -Etimad Qurultayının ideyası necə yarandı? -AXCP EQTK yaranması əsasən partiyada gənclərin narazılığı ilə baş verən bir proses oldu.  Bu, Nərimanov və Suraxanı rayon şöbələri üzvlərinin partiyadan qovulmasından və mənim də həmin gənclərə dəstəyimdən sonra başlayan prosesdir. Və sonradan bir hərəkata çevrildi. Etimad Qurultayı tam qanuni və legitdimdir. Partiya üzvlərinin əksəriyyəti, əsasən gənclər Əli Kərimlinin avtoritar üsul-idarəsinə, siyasi mübarizədə söyüş və təhqir metodlarına etiraz ediblər. Əli Kərimli onları dinləmək əvəzinə, demokratik prinsipləri pozaraq narazıları partiyadan uzaqlaşdırmaq yolunu tutdu. Ona görə də narazı cəbhəçilərin etimad qurultayı keçirməkdən başqa yolu qalmadı. Əli Kərimlinin yanında olan cəbhəçilərə müraciət etmişik ki, qurultaya qatılsınlar, bizə qoşulsunlar, AXCP-nin yeniləşməsi prosesində iştirak etsinlər. -AXCP EQTK xalqın müxalifətə etimadını bərpa edə biləcəkmi? -Biz bunun üçün çox çalışırıq və bir çox işlər də görmüşük. Gecə-gündüz əziyyət çəkib, bu qədər şöbələr qurub gənclərlə bir araya gəlmişiksə, əminəm ki, xalqın istədiyi AXCP-nı yaracağıq. Əsas odur ki, Əli Kərimlinin dəstəsində olan  qaragüruhçuluq burada yoxdur. Siyasi mübarizədə etika  qorunmalıdır. Biz etikadan kənar hər cür təhqirlərə məruz qaldıq. Buna baxmayaq, gəncləşmə siyasətini davam etdirdik, çox güman ki, saf, təmiz, sivil bir AXCP yaradacağıq. -AXCP-də avtoritar rejimə etiraz edib gedən cəbhəçiləri geri qaytara bilmisinizmi? Bu proses davam edəcəkmi? - AXCP-nin Əli Kərimli qanadı özlərinə uyğun bir qurultay keçirdi, orada da narazılıqlar oldu. Köhnə cəbhəçilərdə narazılıq artıq son həddə çatıb. Cəbhəçilərin bizə olunan müraciətlərindən belə məlum olur ki, onlar bizə qoşulmaq istəyir. Hətta şəxsən məni təhqir edən cəbhəçilər belə zəng edib  üzr istəyirlər. Əsil cəbhəçinin şəxsiyyəti var. Əli Kərimlinin adamları bizi söyür,  təhqir edir. Ancaq köhnə cəbhəçilərdən bizə qarşı bu cür təhqirlər olmadı. İndi onların hər biri bizim tərəfə keçmək istəyirlər. Bizə qarşı münasibət tam dəyişib. Sadəcə bizə qoşulmağa çəkinirlər ki, birdən Əli Kərimlinin adamları onları da söyüb təhqir edərlər. Mən tam əminəm ki, qurultaydan sonra bu münasibət tam dəyişəcək. Onların çoxu bizə qoşulacaq. -AXCP-nin ideoloji xəttində dəyişiklik olamayacaq ki, Elçibəy ideologiyasını Bütöv Azərbaycan məsələsini gündəmə gətirəcəksiz? - Biz hamımız Elçibəyçilərik. Bizim yolumuz Rəsulzadə və Elçibəy yoludur. Bu yolu tutduğumuz üçün həmişə fəxr etmişik. Ancaq çalışacağıq ki, onların ideyalarını yerinə yetirək. -Əli Kərimlinin siyasi perspektivliyini necə görürsüz? -Əli Kərimli heç də göründüyü kimi deyil. Əli Kərimlinin biri var göründüyü, biri də var gördüyü işlər. İnsan gərək yürütdüyü siyasətə baxıb getdiyi yolu müəyyənləşdirsin. Gərək elə bir siyasət yürüdəsən ki, geriyə baxanlar da sənə heyran olsun. İnsanlarımız qorxuya düşüb, siyasətə yaxın gələ bilmirlər. Qorxub müxalifətə baxmayan insanlara gərək müxalifət liderləri dönüb nəzər salsınlar. Bunlar müxalifət liderlərinin yürütdüyü cılız siyasətin nəticələridir. Heç vaxt fikirlərinin deməyi bacarmayan insanlar, hər zaman qorxu içində yaşayıb müxalifətə qoşulmayan insanlardı. AXCP-də mən uzun illər vəzifədə olmuşam. AXCP-nin yaradıcılarından olmuşam. Əziyyət çəkmişəm. Ancaq insanlar bizə-müxalifətə qoşulmağa çəkinirlər. Bu, yanlış siyasətin nəticəsidir. Aparılan siyasət düzgün olsa, qorxusunu boğub içində saxlayan insanlar da bizə qoşula bilərlər. Son zamanları nəzərdən keçirəndə görürük ki, səhv siyasət nəticəsində ziyalılarımızın bizə dəstəyi yoxdur. Ziyalıların dəstəyi olmayan yerdə heç bir müxalifətdən söhbət belə gedə bilməz. Hakimiyyətə gəlməkdən söhbət gedə bilməz. -Yenilənmiş AXCP-nin hakimiyyətə münasibəti necə olacaq? Münasibətlər hansı müstəvidə qurulacaq? -Yeni siyasət, yeni sivil yol, danışıqlar masası və seçkilər- bu bizim siyasi yolumuzdur. İcazəsiz mitinqləri, insanların həbs olunmasını, döyülməsini istəmirik. Döyülən insanların əziyyət çəkməsini istəmirəm. Mənim doslarımdan Seymur Həzi, Asif  Yusifli ağır günlər yaşayırlar. Ancaq mən heç vaxt rəva görməzdim ki, onlar həbsxanaya düşsünlər. Onların həbs olunmağı özü bir səhv siyasətin nəticəsidir. Seymur Həzi mətbuatın  əsas simalarından biri idi. Ancaq bu gün həbsxanada heç nə yaza, demokratik hərəkata dəstək verə bilmir. Bu gün onun heç bir dəstəyi yoxdur, həbsxana həyatı yaşayır. Kimə lazım idi bu? Nə ailəsinə lazım idi bu, nə də partiyaya. Əli Kərimlinin siyasəti budur. Qarabağ qazisi Asif Yusiflinin ailəsi ağır vəziyyətdədir, özü həbsxana həyatı yaşayır. Onun ailəsi hansı əziyyətlərlə yaşayır, mən bilirəm. Biz Əli Kərimli kimi düşünmürük. Hesab edirik ki, insanları güdaza vermək doğru deyil. Qurultaydan sonra Asif Yusiflinin, Seymur Həzinin hüquqlarının müdafiəsi məqsədilə geniş tədbirlərə başlayacağıq. Beynəlxalq təşkilatlarla, hakimiyyət orqanları ilə danışıqlar aparacağıq, geniş dəyirmi masalar təşkil edəcəyik. Axı günahsız insanları həbs etməyin mənası yoxdur, onlar günahsızdırlar. Maksimum dərəcədə çalışacağıq ki, onların azadlığa çıxmasına nail olaq. -Proporsioanal seçkinin bərpasını vacib hesab edirsizmi? -Əgər siyasətdə müxalifət və hakimiyyət varsa proporsional seçki mütləq olmalıdır. Çox təəssüf ki, 2009-cu ildə keçirilmiş  referendumda proporsional seçki sistemi ləğv olundu. Bu da müxalifətin zəifliyinin nəticəsidir. Çoxpartiyalı sistem üçün prorporsional seçki sisteminin olması çox vacibdir. Biz bu sistemin bərpasına çalışacağıq.  Proporsional seçki olanda partiyadaxili mübarizələr də güclənir. -Əli Kərimlinin siyasəti AXCP-ni təcrid vəziyyətinə salmışdı. Bu vəziyyətdən çıxmaq üçün hansı addımlar atılacaq? -Biz cəmiyyətlə, xalqla işləməliyik. Bizim Əli Kərimlinin şəxsiyyəti ilə, özü ilə heç bir işimiz yoxdur. Biz partiyanın yeni formatda qurulmasını istəyirik. İstəyirik ki, partiya xalqla birliyə nail olsun. Xalq AXCP -nin adı gələndə, “çəkil məndən, qaç məndən” deməsin. Deməsinlər ki, siz qoruxulusunuz, sizi həbs edəcəklər. Biz istəyirik ki, xalqın bizə sevgisi artsın. Xalqın bizə sevgisi artdıqca bizə qarşı məhəbbət və hakimiyyətə gəlmək şansımız daha da artacaq. 18 oktyabr qurultayından sonra biz böyük bir dəyirmi masa keçirib, xalqa mesaj verəcəyik. Heç kimi qəbul etməyən, hamını düşmən gözündə görən  AXCP-nin olmadığını, yeni, sivil və modern bir AXCP-nin qurulduğunu bəyan edəcəyik. Sizin yürütdüyünüz siyasətə baxıb, müxalifətçiliyə heyran olan insanlar yoxdursa, o zaman müxalifətçiliyinizi bir daha gözdən keçirin. Məhz yürütdüyünüz cılız siyasətin nəticəsidir ki, bu gün heç kəs müxalif fikirlərini deyə bilmir. Halbuki bu yolu elə getmək olardı ki, bu gün qorxub heç bir partiyaya üzv olmayan yüz minlərlə narazı vətəndaşlar bir səslə meydanlara tökülərdi. Həbsxanada şərlənib həbs olunanlarımız indi yanımızda olardı və hakim iqtidara öz gücümüzü göstərərək onları millətin tələblərinə cavab verməyə məcbur edərdik. -Qorxaq bu sualı sorar-  Etibarlımı? -Mənfəət bu sualı sorar- Faydalımı? -Qürur bu sualı sorar- Populyarmı? Özünə müxalifətçi deyən hər bir kəsə səslənirəm, “qorxaqlığı, mənfəəti, qürunuzu”  qoyun qırağa, vicdanınızın verdiyi suala cavab verin-Ədalətlimi? Dostoyeviskinin bir sözü var- İnsana acı verən şey, xəyal qırıqlığı deyil. Mümkün olduğu halda baş verməyən sevinclərdir. Vilayət Muxtar





Həftənin ən çox oxunanları