Yuxarı

AXC-nin qurucularından biri Nəsir Ağayevdən Etimad Qurultayına dəstək

AXC-nin qurucularından biri Nəsir Ağayevdən Etimad Qurultayına dəstək

[caption id="attachment_1664" align="alignleft" width="344"]nesir-agayev-esas “Razi Nurullayevi gənc, enerjili siyasətçi kimi tanıyıram. Onun təşəbbüsünü dəstəkləyirəm”[/caption]

Oktyabrın 18-də baş tutacaq AXCP-nin Etimad Qurultayı cəmiyyətdə ciddi rezonansa səbəb olub. AXCP-də başlanmış yeniləmə hərəkatının bütün siyasi sistemə sirayət edəcəyi söylənilir. Milli Azadlıq Hərəkatının liderlərindən və Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri, Bakı və Kəndlər Birliyinin ilk sədri Nəsir Ağayev də Etimad Qurultayına dəstək verir. “Cümhuriyət”ə açıqlamasında yeniləşmə hərərkatının uğuruna inandığını deyib:

-AXCP-də başlanmış yeniləşmə təbii bir prosesdir. Adətən bu mütəmadi davam edən siyasi, ictimai bir proses olmalıdır. O zaman AXC-nin yaradılmasında da  əksərən gənclər, tələbələr iştirak edirdi. O dövrlər AXC-nin içərisində sağlam, demokratik qüvvələrlə yanaşı, müəyyən məqsəd güdən, müəyyən mənafelərə xidmət edən, ümümxalq maraqlarından  kənarda olan insanlar da işirak edirdilər. Bu böyük və mürəkkəb proses nəhayət etibarı ilə AXC-nin parçalanmasına müxtəlif qanadlarının yaranmasına səbəb oldu. Bu gün AXCP-də yaranan yeni gənclik, gənc qüvvələr birləşərək AXC-nin ideyalarını irəli sürməklə cəmiyyətə layiqli olduqlarını sübuta yetirməyə çalışırlar. Ümumiyyətlə, hər hansı bir ictimai fikir demokratik fikri istinad etməlidir. Gənclikdə məhz bunu nəzərdə tutur. Mən belə düşünürəm ki, ona görə də Etimad Qurultayı keçirməyi qarşısına məqsəd qoyur. Yəni xalq bu təşkilata etimad göstərməlidir. Yəqin ki, bu təşkilat da xalqın etimadını doğruldacaq... O dövrdə müəyyən səhvlərimiz olub. Bunu açıq deyirəm,  o vaxt fikrin təsdiqi,  qəbul edilməsi üçün qışqıranlar daha çox idi. Kim daha yüksəkdən qışqırırdısa ona qulaq asırdılar. Yəni qışqırıqla, bağırtı ilə xalq hərəkatının nəticələrini qəbul etdirmək olmaz. Qanunvericiliyin bazası ictimai fikrə söykənməlidir.  Xalqın iradəsini əks etdirməlidir. Məhz belə olan sürətdə biz ümümbəşəri dəyərlərə nail olub onu yaşada bilərik.

AXCP Etimad Qurultayı təşəbbüsünün müəllifi Razi Nurullayevi gənc, enerjili bir siyasətçi kimi tanıyıram. Onun “siyasətə Tyrkiyə demokratik modelini və Avropa kübarlığını gətirəcəyik” təşəbbüsünü dəstkləyirəm. Söyüz və təhqir kənara atılmalı, sivil mübarizə metodlarına üstünlük verilməlidir. Dövlətə toxunmaq olmaz - o daimidir! Mübarizə hakimiyyətlə müxalifət arasında getməli, bundan dövlət zərər görməməlidir.

- Nəsir bəy, qeyd etdiniz ki, o zaman kim daha yüksəkdən qışqırırdı, onun sözü eşidilirdi. Hal-hazırda da belə bir vəziyyət yaranıb. Belə qaragüruhçu qüvvələr əsasən Milli Şurada toplaşıblar. Onlarla eyni cür düşünməyənləri təhqir edilər. Sizə elə gəlmir ki, bu cür mübarizə metodlarının zamanı keçib?

-Əlbəttə, zamanı keçib. Bir şeyi bilsinlər  ki, orda nə qədər qışqırsalar da, o qışqırığın cəmiyyətə heç bir adiyyatı yoxdur. O qışqırtı ancaq özlərinin şəxsi keyfiyyətlərini üzə çıxarır. O dövrdə Məmməd Əmin Rəsulzadə və digərləri heç zaman qışqırtı ilə parlamentdə qərar qəbul etdirməyiblər. Hətta 11-ci Qızıl Ordu Bakıya daxil olanda, onlara ultimatum verəndə belə soyuqqanlılıqla qərara imza atdılar. Ancaq burda birdən 90 adam da qərar qəbul etsə, bir də görürsən biri çıxır elə qışqırır ki, sonda bu qışqırtı o 90 adama təsir edir, növbəti səsvermədə öz nəticəsini göstərir. Buna görə də cəmiyyətlə həmin o təşkilatların arasında böyük uçurum var. Çox zaman cəmiyyət aldana bilər, lakin əbədilik aldana bilməz. Cəmiyyəti bir -iki dəfə aldatmaq olar. Ona görə də Milli Şura da diqqət mərkəzində olan bir şuradır. Daha doğrusu, orada xalqın iradəsini əks etdirən adamlar olmalıdır. O şəxsi həyatını Milli Şuraya sırıyanlara orada yer olmamalıdır. Şəxsi həyatının nəticələrini ictimai nəticələr kimi təqdim edənlər bu təşkilatda olmamalıdır. Təsadüfi deyil ki, orda elə şəxslər var ki, ancaq söyüşdən asılıb qarayaxmalala  məşğuldur. Bu adamlar xalq içərisində tanınırlar və bunların layiqli qiymətini də xalq verir. Bu cür insanlara öz rayonlarında, yaşayış yerlərində belə yer yoxdur. Buna görə də Milli Şura öz sıralarına diqqətlə yanaşmalı, bu cür mövqedə olan qışqırıq, söyüş, təhqirlə qərar qəbul etdirən adamların fikrini bir kənara qoymalıdır.

-Son illər Milli Azadlıq Hərakatının ideyaları da siyasi gündəmdən kənarda qalıb.  Güney Azərbaycan, Dərbənd, İrəvan, Borçalı sanki unudulub. Necə hesab edirsiz, yenilənmiş AXCP bu ideyaları gündəmə qaytarmalıdırmı?

-Yaxşı olar ki, yeniləşən bu gənclik etimad qurultayında bu kursu müəyyənləşdirsin. Elçibəy kursuna layiq olduqlarını sübuta yetirsin. Hər halda bu millətin bütövləşməsi, bir yerdə olması və ərazilərimizin bütövləşməsi ictimai prosesin ən yüksək nəticəsi ola bilər. Bu ictimai prosesdən imtina etmək olmaz. Heç bir təhdid, hədə-qorxu, şantaj gəncliyi bu yoldan çəkindirməməlidir. Çünki bu bizim millətimizin, xalqımızın arzusu olub. Bu gün də bu arzu ilə yaşayırıq. Güney, Quzey Azərbaycanın bir yerdə olması, tarixən Azərbaycan torpağı olan Dərbəndin, Borçalının, Zəngəzurun, İrəvanın uğrunda mübarizə aparmaq lazımdır. Çünki tarix Azərbaycanın tərəfindədir. Həqiqətən də 1918-ci ilə qədər Dərbənd, İrəvan 1922-ci ilə qədər Zəngəzur və Borçalı Azərbaycanın tərkibində olub. İndi Şura hökuməti yaranandan sonra ərazilərin digər dövlətlər tərəfindən ilhaq edilməsi faliyyət proqramının tərkib hissəsi olmalıdır.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları