Yuxarı

AXCP möhtəşəm qurultay keçirdi

AXCP möhtəşəm qurultay keçirdi

[caption id="attachment_1685" align="alignnone" width="898"]4  Razi Nurullayev: “Xalq lider axtarır, yeni sima görmək istəyir”[/caption]   Oktyabrın 18-də Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında AXCP-nin Etimad Qurultayı (EQTK) keçirildi. EQTK-nın sədri Razi Nurullayev iştirakçıları salamlayaraq, qurultayı açıq elan etdi. Daha sonra dövlət himni səsləndirildi. Razi Nurullayevin təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin, AXC-nin keçmiş sədri, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin, eləcə də torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Razi Nurullayev bildirdi ki, qurultayda 57 rayon təşkilatından 212 mandat sahibi iştirak edir. EQTK sədrinin təklifi ilə 3 nəfərdən ibarət müvəqqəti say və 3 nəfərdən ibarət mandat komissiyası seçildi. Redaksiya heyətinə keçirilən seçkilərdə 2 nəfərə etimad göstərildi. Sədarətə keçirilən səsvermədə 3 nəfərə səs verildi ki,  bunlar da Razi Nurullayev, Rafiq Daşdəmirli və Rəfail Becanov oldu. Gündəliyə əsasən qurultay AXCP EQTK sədrinin məruzəsi ilə başladı.   Razi Nurullayev Etimad Qurultayının məqsədi və tarixi əhəmiyyəti barədə açılış nitqi söylədi və hakimiyyətə və müxalifətə yönəlik ciddi siyasi mesajlar verdi: “İlk öncə bu suala cavab verim ki, biz niyə yarandıq və nə istəyirik? 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatının qarşısına qoyduğu məqsəd və vəzifələr həyata keçirilməyib. Müstəqillik əldə olunub, ancaq sosial-siyasi, hüquqi vədlər yerinə yetirilməyib. Müxalifət olaraq xalqa verdiyimiz sözü tuta bilmədik. Xalqa vəd etdiyimiz ağ günü göstərə bilmədik. Birbaşa olaraq xalqın yanında ola bilmədik. Çox acı haldır ki, onilliklər ərzində xalqın yanında olduğu deyilən insanlar bunu edə bilmədi. Əbülfəz Elçibəyin yaratdığı AXC hər bir ailəni əhatə edirdi. Amma bu gün belə deyil. Elçibəy xalqın adamı idi, səmimi idi, ürəyi xalqla vururdu. Fərqli düşünənlər ola bilərdi, o, çox humanist insan idi. Bu gün belə insanlara ehtiyac var. Zaman-zaman AXC partiyaya çevrildi, ancaq öhdəliklərini yerinə yetirə bilmədi, xalqdan ayrı düşdü. Bunun birbaşa günahkarı kimi Əli Kərimli və digər müxalifət liderlərini görürəm. On illərlə aparılan bir siyasət müsbət nəticələnmirsə, onlar kənara çəkilməli idilər. Bir lider söz verirsə, nəticə ilə bağlı öhdəlik götürürsə, xalqa vəd verirsə, nəticə göstərməlidir. Əks təqdirdə kənara çəkilməlidir. Bu gün 20 ildir nazir postu tutanlar, icra başçısı, nazir müavini olanlar var. Bu, bizə xoş deyil. Xalqın güzaranı yaxşı deyil. Xalqın yarıdan çoxu işsizdir, cibində 1 manatı yoxdur. Budurmu siyasət? Amma bu zülmə qarşı biz necə dayandıq? Xalq ayaqdadır, əslində müxalifət olaraq xalqı aparacaq insan olmadı. Kürsüdə oturmağa üstünlük verdilər. Xalq da nəticə olmadığına görə başsız qalıb, lider axtarır, yeni sima görmək istəyir, həyatının yaxşılaşmasını istəyir, bahalı maşınları görüb ürəyi bulanır, istəyir ki, uşağı yaxşı təhsil alsın, məmur övladı kimi onun da övladı xaricdə oxusun. İqtidarda təmsil olunanların yox, həm də müxalifət adına iddialı olan yalançı liderlərin də övladları xaricdə oxuyur, sosial problemləri yoxdur. Amma hər bir cəbhəçi əzab içində yaşayır, onlar isə boş vədlər verir. Biz ona görə yarandıq ki, buna yox deyək”.   Daha sonra Razi Nurullayev tezislər şəklində bəzi məsələlərə münasibət bildirdi. O, ilk öncə ünvanlarına səsləndirilən ittihamlara cavab verdi: “Bizi günalandırırlar ki, sərt tənqid etmirik. Bəyan edirəm ki, biz müxalifətik, hazırkı iqtidara, İlham Əliyevə, YAP-a qarşı müxalifətdəyik. Amma söyüş söyə, təhqir edə bilmərik. Ən real müxalifətik, qanun çərçivəsində mübarizə aparacağıq. Siyasi məhbusların şəklini burda görmürəm. Biz bu zalda siyasi məhbusların şəklini asmaq istəyirdik. 30-dan çox mətbəə ilə danışdıq, bir necəsi söz versə də,fotolarıçap etməyə söz versə də bunu üzərinə götürmədi. Qorxdular, YAP-dan qorxdular, polis zülmündən qorxdular. Bu, düzgün siyasət deyil.  Mən YAP-a, onun rəhbərliyinə, iqtidara səslənirəm- mənəvi təhdidlə, hüquqi pozuntularla demokratik dövlət qurmaq olmaz. Siz bu yolla insanların ürəyinə yol tapa bilməzsiniz. İnsanların cibinə narkotik atıb, həbs edib, övladlarını universitetdən qovmaqla onları düz yoldan çəkindirməməlisiniz. Biz normal siyasətin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycana normal mədəni siyasət gətirmək iqtidarında olan müxalifət bizik. Hökumətə, YAP-a təkliflərimizi burdan bildiririk. Normal səviyyəli müxalifət yoxdursa, normal hökumət qurmaq mümkün deyil. Bu gün müxalifət olmalıdır ki, qanunsuzlqları iqtidarın üzünə desin. Birhakimiyyətlilik olmaz. Hakimiyyətin qanunsuzluğu olacaqsa, müxalifət bunu deməli, iqtidar da bunu normal qarşılamalıdır. Bu, demokratiyanın, konstitusiyanın tələbidir. Ona görə də deyirik- əgər YAP “biz yaxşıyıq” deyirsə, o zaman biz ondan da yaxşıyıq. Əgər YAP deyirsə, müxalifət pisdir, o zaman YAP və hökumət bizdən də pisdir. Bu, sistem belə qurulmalıdır. Biz qarşlılıqlı hörmət əsasında qurulan siyasətin tərəfdarıyıq. Biz polisin müdaxiləsinə qarşıyıq. Normal dialoqun tərəfdarıyıq. Biz bu gün bir çox məsələlərdən narazıyıq. Biz dialoqa hazırıq və hökumətlə danışıqlara gedə bilərik. Biz təkliflərimizi verə bilərik ki, cəmiyyət üçün  normal olan nədir. Əgər razılaşmayacaqsa, o zaman bunu da xalqa çatdıracağıq ki, Yeni Azərbaycan Partiyası, hökumət razı deyil. Onlar təkhakimiyyətliyin tərəfdarıdır  və istəyirlər ki, özləri təkcə idarə etsinlər, digərilərinə də demokratik hakimiyyətin qurulmasında imkan verməsinlər. Xalqımıza böyük sərvətlər verilib, amma elə rayon var ki, qaz yoxdur, insanlar həyətindəki meyvə ağaclarını kəsib qızınırlar. Qazı dünyaya satırıq, amma öz vətəndaşımızın evində qaz yoxdur. Özünə müxalifət deyən liderlər zamanında buna nail ola bilərdilər. Amma öz kreslolarını düşündülər, heç bir danışığa getmədilər, öz nüfuzlarını məhv etdilər.   Əli Kərimlinin xalqa vəd etdiyi qəhrəmanlıq formulu bilirsinizmi nədir? Hökuməti, bizi, onu tənqid edənləri təhqir etmək. Biz onu təhqir etmədik, onun siyasətini tənqid etdik, onlar isə bizə söyüş söydülər, hətta analarımıza belə söyüş söyməkdən çəkinmədilər. Onların bir çoxu Əli Kərimli ilə çiyin-çiyinə dayanan insanlardır. Bu gün də bu siyasət davam edir. Belə sistem yaradılıb ki, hər cümlənin başında İlham Əliyevin, Ramiz Mehdiyevin, YAP-ın adını çəkmək qəhrəmanlıq sayılır. Amma bu, qəhrəmanlıq deyil. Bu insanlarda ikrah hissi yaradır. Bu gün deyim, gəlib bizi burda döysünlər, sizi həbsxanaya aparsınlar. Mən qəhrəman olacağam. Hər yerə şəkillərim vurulacaq. Nə baş verəcək? Mənə investisiya qoymaq istəyənlər artacaq, mən normal yaşayacağam, sizlər isə problemlərlə üzləşəcəksiniz. Mən belə yalançı qəhrəmanlıq istəmirəm. Zorla insanları polislə qarşıdurmaya göndərilir. Gənclər ömrünün 7-8 ilini həbsdə çürüyür, valideynlər həbsxana qarşısında boynu bükük dayanırlar. Budurmu siyasət? Biz güclənərək hökumətə təkliflərimizi qəbul etdirə bilərik. Xalq 100 minlərlə ayağa qalxanda, İlham Əliyevə və komandasına təkliflərimizi qəbul etdirə bilərik. Amma bu zalı dağıtmaq üçün bir polis alayı kifayət edər. Biz buna getməyəcəyik. Xalqın firavanlığı bizim üçün əsasdır”.   Digər tezislərini də qısa şəkildə çatdıran Razi Nurullayev siyasətə yeni simaların gəlməsinin vacibliyini qeyd edib: “Xalqın ləyaqətli, savadlı insanları çoxdur. Xalqın adından danışa biləcək kifayət qədər gənclər var və onlar burdadır. O gənclər Etimad Qurultayındadır. Bu insanlar Azərbaycanın yeni tarixini yaradacaqlar. Dəyənək siyasətindən, ancaq fərdi maraqlar üzərində qurulan siyasətdən fərqlənəcək. Bütün idarələrdə, PA, MM-də gəncləşməyə ehtiyac var. O insanlar bu partiyadan çıxacaq. Bunun şahidi olacaqsınız. Bizim siyasətimiz nəticəsi, səviyyəsi, kübarlığı ilə fərqlənəcək”. Siyasi məhbuslar məsələsinə münasibət bildirən Razi Nurullayev deyib: “Onların günahı hakimiyyəti tənqid etmək olub, bu gün həbsdədirlər, hətta biz onların şəkillərini burdan asa bilmədik. Amma onlar bizim ürəyimizdədir, onların azadlığı üçün çalışacağıq. Bizim dostlarımız olan Seymur Həzi, Akif Yusifli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, onlarla digər insanlar həbsxanadadır. Onlara azadlıq arzulayırıq, hökumət özündə güc tapıb, şər və böhranla həbs etdirdiyi bu insanları azad etməldiir. Valideynlərin göz yaşına yol vermək olmaq. Sabahdan daha çox zamanımızı buna sərf edəcəyik”.   Dağlıq Qarabağla bağlı mövqeyini çatdıran Razi Nurullayev “Biz heç bir zaman Qarabağ üzərindən çirkin oyuna gedə bilmərik. Hər qarşı torpağımız əzizdir. Heç bir zaman, heç bir şərt altında Qarabağla bağlı bir kompromisə gedə bilmərik. Ərazi bütövlüyümüz ata-anamızdan, canımızdan, övladımızdan da müqəddəsdir”, deyə vurğulayıb.   Avropaya inteqrasiyaya münasibətini bildirən Razi Nurullayev “İnsanlar yaxşı həyat üçün Avropaya üz tutur” deyib: “Bu gün yüzlərlə Azərbaycan vətəndaşı viza almaq üçün Avropa ölkələrinin səfirlikləri qarşısında növbədə dayanıb. Onlar daha yaxşı iş tapmaq, gözəl həyat üçün Avropaya getmək istəyirlər. Avropada şəffaflıq, iş, gözəl təhsil, demokratiya, ən vacib isə insan şəxsiyyətinə hörmət, qanun və qanunçuluq var. Ona görə də düşünürük ki, Azərbaycan Avropanın bir hissəsi olmalıdır. Azərbaycanda saf, sivil, kübar bir dövlət yaratmalıyıq. Azərbaycan vətəndaşlarının hər biri Azərbaycanın varidatının, büdcəsinin səhmdarıdır. Bu varidat hər kəs arasında bərabər bölünməlidir. Bu, heç kəsin şəxsi mülkü deyil.  Ona görə də biz elə bir cəmiyyət yaratmaq istəyirik ki, Avropaya inteqrasiya edək. Həyatınız 100 faiz dəyişəcək. Bu gün Azərbaycan qaçqınları ona görə Avropaya gedir ki, onlar orada hər bir ailə üzvünə görə 800 avro müavinət alır. Amma Azərbaycan hökuməti qəpik-quruşla xalqın başını aldadır. Azərbaycanın qazı var, nefti var. Bu, Azərbaycan xalqı arasında bərabər bölünməli idi. İnsanlar hiss etməlidir ki, neft gəlirlərindən onların da ciblərində artım var. Bu yoxdursa, ədalətli cəmiyyət deyil. İnsanlar YAP hökumətinə “hə” deməyəcək, “yox” deyəcək. On minlələ gəncimiz ev növbəsindədir, evləri yoxdur. İpoteka krediti ilə bağlı düzgün siyasət yeridilmir. Azərbaycan vətəndaşlarının yarıdan çoxu  banka borcludur və adamlar bankların girovuna çevrilib, gəlirini aparıb banklara verirlər. Biz bu siyasətə “hə” deyə bilmərik. Hesab edirik ki, bankların və Azərbaycan hökumətinin xalqa daha güzəştli şərtlərlə kredit vermək imkanı olub. Bu gün Azərbaycan xalqı bankların girovuna çevrilməməli idi. Mən səhiyyə barəsində də danışmaq istəyirəm. Bu gün Azərbaycan vətəndaşları tibb pulsuz olsa da pullu müalicə alırlar. Bu gün hər bir Azərbaycan ailəsində dünyaya gələn övlad rüşvətlə dünyaya göz açır. Rüşvətsiz doğulan körpə yoxdur. İnsanlar dünyasını dəyişən zaman da rüşvətlə dəfn olunurlar.   Sonda mən dövlətçiliklə bağlı danışmaq istəyirəm. Azərbaycanda iqtidarlar hakimiyyətə gəlir və dövləti dəyişirlər. Hakimiyyətlər gəlir-gedir, amma dövlət qalır. Biz dövlətçiliyin oturuşmasının tərəfdarıyıq”.   Qonaqlar qurultaydan razı qaldı IMG_0601 Məruzədən sonra Qurulataya qatılan qonaqlardan Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin siyasi partiyalar üzrə köməkçisi Qriqoriy Kuçava təbrik nitqi söyləyib: “AXCP-nin Azərbaycan siyasi həyatında bundan sonra daha fəal mübarizəyə qoşulacağına inanıram. İnanıram ki, gələcək parlament və prezident seçkilərində partiya qələbə qazanacaq”.   Qurultayın qonaqlarından daha biri, İberiya Televiziyasının prodüsseri Tina Şavadze də qurultay barədə təəssüratlarını bölüşüb. Siyasi mübarizədə AXCP-yə uğurlar arzulayan Tina Şavadze Azərbaycan-Gürcüstan dostluğunun davamlı olacağına əminliyini ifadə etdi. Qonaqlardan sonra məruzə ətrafında çıxışlar dinlənilib. Qonaqlardan sonra məruzə ətrafında çıxışlar oldu.   Arif Qafarov: “Məqsədimiz xalqın inamını özünə qaytarmaqdır” Sonra AXCP EQTK-nin Abşeron rayon şöbəsinin sədri Arif Qafarov çıxış etdi. O, qurultayda gənclərin aktivliyindən xüsusi zövq aldığını bildirdi: “Sevindirici haldır ki, bu möhtəşəm qurultayda iştirak edənlərin içində gənclərimiz də var. Bununla fəxr edirik.  Biz gəncləri saflaşdırmaqla saglam cəmiyyət qurmaq niyyətindəyik. Onların narkomaniyadan, terrorçu təşkilatlara qoşulmasından uzaq tutmağa çalışmalıyıq. Bu gün ölkədə həbs olunan siyasi məhbusların çoxu da gənclərdir. Onların müdafiəsi üçün birgə səy göstərilməlidir.  İqtidarımıza və radikal sözünü özünə damğa kimi götürmüş müxalifətə nümunə olmalıyıq. Bu damğa həqiqətlərin, haqq ədalətin bərpa olunmasına, haqsızlıqların aradan götürülməsinə yönəlməlidir.  Bu gün ən ümdə problemimiz Qarabağ münaqişəsidir. Mən özüm də Qarabağ müharibəsi iştirakçısı olmuşam və zabitəm. Əgər Daglıq Qarabağ siyasət yolu ilə həll olunmazsa, torpaqlarımızın azad olunması naminə müharibədə iştirak etməyə hazırıq. Bütün gənclərimizi AXCP-nin ideyasının daha demokratik oladuğuna inanaraq, Razi bəyin dediyi kimi xalqın inamını özünə qaytarmağa çağırıram”.   “Əli Kərimli heç zaman AXCP-nin legitim sədri olmayıb”   AXCP EQTK-nın üzvü, “Cebhe.info” xəbər portalının və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov öz nitqində AXCP sədri kimi təqdim olunan Əli Kərimlinin sədrliyinin  qeyri-legitimliyi məsələsinə toxunub: “Azərbaycan Xalq Cəbhəsi heç zaman korporotiv maraqların daşıyıcısı və iştirakçısı olmayıb. Amma təəssüf ki, AXCP-nin adına iddia edən və bu adı monopoliyada saxlayan Əli Kərimli və onun tərəfdarları AXCP-ni korporativ maraqlara, şəxsi qisasçılıq hisslərinə əsir etmək istəyirlər və neçə illərdir əsir ediblər. Əslində, 2001-ci ildə Əli Kərimli etiraf etdi ki, mən "Yurd"am və AXCP olmamışam. Özü də deyirdi ki, bu adı bizə Əbülfəz Elçibəy verib. Doğrudan da belə idi. Onlar Xalq Cəbhəsinin tərkibinə bir qol kimi qoşulmuşdular, özlərinin bir təşkilatı var idi. Sonradan Xalq Cəbhəsinin bütün qollarına yeriyərək təşkilatı özəlləşdirmək istədilər. Amma bu məsələlər hələ də mübahisə predmeti olaraq qalır. 2000-ci ildə AXCP-də böyük parçalanma oldu, 70 faiz Əli Kərimlinin yanında qalmadı. Amma müəyyən təsir və təzyiqlər vasitəsilə Əli Kərimli AXCP adını özündə saxlaya bildi, monopoliya yaratdı.  2002-ci ildə eyni vəziyyət təkrar olundu,  70 faiz AXCP adına qurultay keçirdi, müəyyən təzyiqlər və imtiyazlar hesabına isə Əli Kərimli yenə də AXCP adına yiyələndi.  2015-ci ildə də eyni situasiya yaranıb. 19 avqustda Etimad Qurultayı Təşkilat Komitəsi elan olundu və AXCP-nin 40-dan çox rayon şöbəsi EQTK-nı dəstəklədi, 27 rayon şöbəsi isə Əli Kərimlinin yanında qaldı. Ona görə də  onun sentyabrın 27-də keçirdiyi qurultay legitim ola bilməz. Əli Kərimli AXCP-nin legitim sədri olmayıb. AXCP-nin legitim qurultayı bu gün keçirilir. AXCP öz fəaliyyətini korporativ maraqlar əsasında deyil, dövlət maraqları əsasında quracaq”.   Nizamnamədə dəyişiklik - AXCP-də sədr ikidəfədən artıq seçilə bilməz   Sonra gündəlikdəki məsələlərə baxıldı və açıq səsvermə yolu ilə 5 nəfərdən Nəzarət Təftiş Komissiyası seçildi.   Qurultayda təşkilati məsələyə baxıldı və AXCP sədrliyinə üç nəfər namizəd irəli sürüldü. Gündəliyə uyğun olaraq, AXCP-nin Nizamnaməsinə dəyişikliklər edildi.  Qurultayın qərarı ilə AXCP sədrinin səlahiyyət müddəti  iki dəfəyə qədər endirildi. Həmin dəyişikliyə əsasən  AXCP sədri  4 ildən bir olmaqla maksimum  iki dəfə sədr  seçilə bilər.  Razi Nurullayev bu dəyişikliyin əhəmiyyətini vurğulayaraq onu “tarixi qərar” adlandırdı.  Bundan başqa qurultay AXCP-nin nizamnaməsinə Avrointeqrasiya ilə bağlı ayrıca müddəanın əlavə edilməsi barədə təklifi səsverməyə çıxararaq qəbul etdi.   AXCP sədrliyinə namizədlər IMG_0574 Qurutayda partiya sədrliyinə səsvermənin gizli keçirilməsi qərara alındı. AXCP Etimad Qurultayında  Razi Nurullayev, Mehman Muradlı və Səbuhi Əliyevin  partiya sədrliyinə namizədliyi irəli sürüldü. Namizədlərə özlərini qurultay iştirakçılarına tanıtması üçün şərait yaradıldı.   AXCP sədrliyinə namizəd Səbuhi Əliyev onun namizədliyini irəli sürən qurultay nümayəndələrinə təşəkkür etdi vəbunu böyük məsuliyyət adlandırdı: “17 il əvvəl AXCP üzvü olarkən, inanmırdım ki, sədrliyə namizədliyim irəli sürüləcək. Onsuz da mənim səsim Razi Nurullayevə olacaq. Amma mənə etimad göstərən bütün dostlara təşəkkürümü bildirirəm. Hər birinizi sivil, mədəni, inamlı hakimiyyət uğrunda mübariz olmağa səsləyirəm”.   Sədrliyə digər namizəd Mehman Muradlı da özü barəsinə qurultay iştitrakçılarına məlumat verdi: “Azərbaycan Xalq Cəbhəsi yarananda onun rayon şöbəsində gənclər təşkilatını yaratmışam. Qarabağ müharibəsi veteranıyam. Mən sədr seçilsəm, növbəti parlament seçkilərində partiyanı Milli Məclisə aparacağıma söz verirəm”.   AXCP-də şəffaf və gizli səsvermə IMG_0514 Hesablama Komissiyası yaradıldıqdan sonra  qurultay nümayəndələrinə gizli səsvermə üçün yaradılan şəraitlə bağlı məlumat verildi. Bildirildi ki, səsvermə üçün 4 kabina və 2 şəffaf qutu təşkil olunub.Partiya sədrliyinə seçki 14:00-da baslayıb və gizli səsvermə yolu ilə keçirildi. Bir saat çəkən səsvermə prosesindən sonra səslər sayıldı. Hesablama Komissiyasının sədri Xətai Qasımlı Qurultaya səsvermənin nəticələri ilə bağlı məlumat verdi. Səslərin sayılmasından sonra Razi Nurullayev 165, Mehman Muradlının 24, Səbuhi Aslanbəylinin isə 14 səs topladığı məlum oldu. Beləliklə,  Razi Nurullayev AXCP sədri seçildi. Razi Nurullayev AXCP sədri seçildikdən sonra rəqibləri olan Mehman Muradlı və Səbuhi Əliyevi kürsüyə dəvət edərək, onların əlini sıxdı və bundan sonra da birgə olacaqlarını bəyan etdi: “Biz bu gün demokratik seçki keçirməklə yeni tarix yazdıq. Hər biriniz zaman gələcək bu şərəfli tarixi yazdığınıza görə fəxr, qürur duyacaqsız. Bu andan etibarən bununla fəxr etməyinizi istəyirəm”.   Razi Nurullayev tribunadan Əli Kərimlini istefa verməyə çağırdı   Daha sonra AXCP sədri kimi çıxış edən Razi Nurullayev daim xalqın yanında olacaqlarını bildirdi: "Çətinliklərimiz olacaq. Ancaq lap Himalayı qarşımıza atsınlar, biz yol tapıb təmas quracağıq, xalqımızın və onun nümayəndələri olan sizlərin yanında olacağıq. Heç bir zaman sizlərin əziyyəti, əməyiniz üzərində qəhrəman olmaq istəməyəcəyik. Azərbaycanda dəyişiklik olacaqsa, bunun sonunda xoşbəxt həyat olacaqsa, bu, sizin əməyiniz, sizin qəhrəmanlığınız olacaq.  Biz parlament seçkisində iştirak etmədik, çünki saxtakarlıqda iştirak etmək istəmədik. Çünki saxta seçkidə iştirak edərək, xalqın vəkili olmaq mümkün deyil. Təyinatla olan mandata “yox” deyirik. Bizə sizin seçdiyiniz vəkil daha dəyərlidir. Sizin seçiminiz nəticəsində sizin hər birinizin vəkiliyik. Elçibəyin istədiyi AXCP budur. Biz bunu qurduq və bərpa etdik. Bunun sonunda AXCP-ni zəbt edən, nəticəsiz siyasətə imza atan, Azərbaycan gənclərini həbsxanaya göndərən və bunun nəticəsində xalqı təqiblərə məruz qoyan Əli Kərimliyə deyirəm: Əsl AXCP burdadır. Azərbaycana xidmətin bu andan etibarən istefa verməyin ola bilər. Qoy sənin yanındakılar da bizim yanımızda, Elçibəyin qurduğu partiyada yer alsınlar".   Qurultay Azərbaycan xalqına və AXCP üzvlərinə müraciət etdi   Bu gün keçirilən AXCP Etimad Qurultayı Azərbaycan xalqına və AXCP üzvlərinə müraciət edib. Müraciətdə qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günündə  Azərbaycan Xalq Cəbhəsi Partiyası Etimad Qurultayının keçirilməsi müasir tariximizdə yeni səhifə açır. Azərbaycan Milli Azadlıq Hərəkatının aparıcı və bayraqdar təşkilatı, ikinci müstəqilliyimizin müəllifi olan Xalq Cəbhəsi bu gün öz tarixi simasında yenidən ictimai-siyasi həyata qayıdır: “Zaman-zaman AXCP daxilində yaranmış bütün problemlərin səbəbkarı Əli Kərimli olub. İstər ötən zamanlarda baş verənlərə, istərsə də indi baş verənlərə görə məsuliyyəti o daşıyır. Əlbəttə, nə vaxtsa o, bunun təkcə hüquqi deyil, həm də mənəvi cavabını verəcək. Partiyada aparılan siyasətə etiraz edərək, iki ay öncə AXCP Etimad Qurultayı Təşkilat Komitəsini yaratdıq. Məqsəd Azərbaycan tarixində şərəfli iz qoymuş əsl AXCP-ni bərpa etmək idi. AXCP-nin ötən illər ərzində öz ideoloji xəttindən, siyasətə əxlaq normalarını gətirən təşkilat kimi bir prinsipdən kənara çıxması, təşkilatdaxili demokratiyanın pozulması tək partiya üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyəti üçün mənfi fəsadlara yol açdı. Biz bu gedişata “yox” dedik və tarixi AXCP-nin yenidən bərqərar olunduğunu bəyan edirik. Məqsədimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib, partiyaya qaytarmaqdır. Hər kəsi- hüququ  pozulanları, qanunsuz və mənəviyyatsızcasına ləkələnənləri, Elçibəy və Rəsulzadə ideyalarının daşıyıcılarını sıralarımıza dəvət edirik. Azərbaycan dövlətini və Azərbaycan xalqını əsarətdən qurtararaq, ikinci istiqlal dönəmini başladan bir təşkilat özünün, eləcə də dövlətimizin ikinci qurtuluş və bərqərar tarixini yazır. Həm də elə tarix ki, bu, Azərbaycanın siyasi mühitində də yeni bir dönəmin başlanğıcını qoyacaq. Başqa sözlə, Azərbaycanın müstəqilliyinin müəllifi olan təşkilat cəmiyyətin və istidarın “qara siyahı”sından çıxıb, öz layiqli yerini tutmaq niyyətindədir. Əziz həmvətənlər! Dəyərli AXCP üzvləri! Biz müxalifətdə olduğumuzu bəyan edirik. Müxalifətçi dəyərli və sevgidəyər bir vətəndaşdır. İqtidarın, beynəlxalq aləmin və xalqın müxalifətə münasibətinin normal olmasına nail olmaq vacibdir və biz öz fəaliyyətimizdə bu prinsipləri əsas tutaraq, Azərbaycanda siyasi barış və milli birlik yaratmaq iddiasındayıq. Azərbaycan istiqlalının aparıcı qüvvəsi olan Xalq Cəbhəsi bu gündən ərazi bütövlüyümüzün bərpası, demokratik idarəçilik, azad iqtisadi münasibətlər sisteminin qurulması üçün fəal mübarizəyə başlayacaq. Hakimiyyət xalqın bütün hüquqlarına hörmətlə yanaşmalıdır. Azərbaycan xalqı dünyanın ən xöşbəxt xalqlarından biri olmağa layiqdir və hesab edirik ki, xalqımız bu xoşbəxtliyi öz həyat tərzində hiss etməlidir. Təəssüf ki, hələ bundan danışmaq mümkün deyil. Sosial hüquqlar, iqtisadi hüquqlar, seçki hüquqlarının pozulması adi normaya çevrilib. Ölkənin iqtisadi sərvətlərindən gələn gəlirlər xalqa çatmalıdır. Bu vəsaitlər kimlərsə deyil, xalqın sosial-iqtisadi şəraitinin, gün-güzəranının yaxşılaşdırılmasına xidmət etməlidir. Bizim mübarizəmiz xalqımızın azad, demokratik bir cəmiyyətdə yaşamasına nail olana kimi davam edəcək. İnanırıq ki, sizin, üzvlərimizin dəstəyi ilə buna nail olacağıq. Əziz Xanımlar! Hörmətli Bəylər! Azərbaycan azad, demokratik bir dövlət olaraq inkişafı üçün fəal siyasi mübarizəyə hazır olan hər bir soydaşımız üçün AXCP ən layiqli qurumdur. Biz zaman-zaman siyasi eqoizmin, məkrin nəticəsi olaraq, hərəkatdan uzaqlaşan cəbhəçi əqidədaşlarımıza da müraciət edərək, onları yenidən meydana çağırırıq! Yolumuz Rəsulzadə-Elçibəy yoludur!” IMG_0602 Üzeyir Hacıbəylinin “Koroğlu” üverturası səsləndirildikdən sonra qurultay bağlı elan olunub.   Elnarə Kərimova Müşviq Abdulla





Həftənin ən çox oxunanları