Yuxarı

AXCP-də demokratik ənənə

AXCP-də demokratik ənənə

vilayet

Oktyabrın 18-də AXCP Etimad Qurultayı keçirildi. Böyük coşqu və həvəslə. Rəqiblər başqa söz desə də, bu əsl AXCP idi. Zala baxanda, iştirakçılar, qurultay nümayəndələrini görmək sadəcə bəs edirdi. Əli Kərimli və qanadının AXCP adına sentyabrın 27-də təşkil etdiyi qurultaydan möhtəşəm, canlı və demokratik bir Qurultay oldu. Sübut olundu ki, AXCP burdaymış və qrup, fərd maraqlarından kənar, milləti düşünən, dövlətçiliyə bağlı bir təşkilat hələ də ayaqdadır.

AXCP-nin qurultayı üçün 18 oktyabrın seçilməsi heç də təsadüfi deyil. 18 oktyabr Müstəqil Azərbaycanın günüdür. Azərbaycanın Müstəqillik Aktının qəbul olunduğu gündür. O gün ki, bunun yaranmasında Xalq Cəbhəsinin müstəsna rolu var, bu təşkilatın üzvlərinin imperiya ilə savaş tarixləri var.

İndi müstəqil Azərbaycan var və inanırıq ki, dünya durduqca o da olacaq. Daha qüdrətli, daha da inkişaf etmiş bir dövlətə çevriləcək və söz sahibi olacaq. Dünya dövlətləri Azərbaycanın iradəsi ilə hesablaşacaqlar.

Növbəti mərhələ demokratiyadır. Hər kəs özündən başlamalıdır. AXCP bu ölkənin tarixində bir çox ilklərə imza atıb. Ona görə də demokratik ənənəni də özü başlamaq qərarına gəldi.

Əvvəla, 18 oktyabr Müstəqillik Günüdür. O müstəqilliyin günüdür ki, qazanılmasında AXC-nin böyük rolu olub. AXC-ni və AXCP-ni çıxdaş edərək Azərbaycan Tarixini yazmaq-oxumaq olmaz. Bu tarixdə, mübarizədə bu təşkilatın xüsusi payı var, izi var... danılmazdır.

Lakin qəhrəmanlar fədakarlıq edənlərdir, tələbkarlıq-sövdəgirlik edənlər deyil.

Əbülfəz Elçibəy o zaman gənc kimi Əli Kərimlini ön sıralara çəkərkən, ondan da eyni addımı gözləyirdi. Gözləyirdi ki, o da nə zamansa gəncliyi eynən irəli çəkəcək. Əlbəttə ki, mən sanksiyasız aksiyalarda gəncləri qabağa verməkdən, feyk profillərlə “qaralanmış hədəflər” üzərinə hücuma keçməkdən danışmıram.

Gənclərin yetişdirilməsi, kadr kimi ortaya çıxarılması, institutlaşmış bir partiyanın formalaşması Elçibəydən sonrakı rəhbərliyin önündə ilk vəzifələrdən idi. Fəqət, olmadı...

Bu mirasın post-Elçibəy dövrü parçalanmalarla davam  etdi. Parçalanan millətin bir Cəbhəsi vardı, o  da parçalandıqca... təkcə elçibəyçilərin yox, narazı olan və ölkədə nəyinsə dəyişəcəyinə inanan hər kəsin ümidləri növbə ilə suya düşdü.

Sonra elə oldu ki, artıq Əli Kərimliyə güvənən, qərargahsız vaxtda da yanından çəkilməyən insanların canı sıxıldı. İntriqabazlıq, dedi-qodu ilə iqtidar ola bilməyəcəkləri faktı çox insanın gözlərini açdı. Aydın oldu ki, ancaq intriqa, dedi-qodu, gənclərin çiyninə çıxıb, onları Məşədi İbadın hambalı bilib siyasi hasardan boy verməklə, iqtidar olmurlar...

Ən əsası, AXCP-nin Etimad Qurultayında bir məqam daha çox qabardı: cəbhəçilər bir insanı “ömür boyu” sədr seçəcəklərsə, onda indiki iqtidarın dəyişməməsini istəyənlər də özlərinə görə haqlı deyilmi? Eləcə də, sədr alternativliliklə, gizli səsvermə ilə, özü də iki dəfədən artıq seçilə bilməz.

AXCP-nin əsl uğuru bu olacaq. Dinamizm və inkişaf..

Müxalifət partiyaları niyə iqtidar olmaq uğrunda yox, müxalifət olmaq naminə mübarizə aparır?

Hansı partiya daha çox “like” toplamaqla daha çox qazanır?

Kim hara xidmət edir?

Allah eşqinə... Azərbaycan müxalifətində “mitinq keçirəcəm”, “demokratik blok quracam” deyib Qərbdən pul alan mənəm? Alanların kim olduğu da məlumdur.

Bu mövzuda çox danışmağa da gərək yoxdur...  Olan oldu, qurultay keçirildi - gerisi təfərrüat.

Razi Nurullayevi yeni ruhla sədr seçilməsi münasibəti ilə təbrik edirəm.

Nəticədən asılı olmayaraq, bütün müxalif partiyalara “gözdağı” oldu. Daha doğrusu, özünü əvəzedilməz sayan partiya sədrlərinə...

Vilayət Muxtar





Həftənin ən çox oxunanları