Yuxarı

Cəmiyyət üçün gözlənilməz qərar...

Cəmiyyət üçün gözlənilməz qərar...

eldar_mahmudov_190913

Onun pərdəarxası məqamları nədən ibarətdir?

Eldar Mahmudovun Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi ölkə ilə yanaşı, qonşu dövlətlərdə də gündəmi zəbt edib. Keçmiş nazirin həbs olunması və ev dustaqlığına cəlb olunması xəbəri də yayılıb. Amma əsas məsələ nazirin vəzifəsindən hansı səbəblərə görə azad edilməsidir? Ölkə ictimaiyyəti üçün gözlənilməz olan bu addımın arxasında ciddi məsələlərin olması şübhəsizdir.

Bu barədə müxtəlif versiyalar səsələndirilir. Xarici kəşfiyyatla hansısa formada bağlılıq, ölkə rəhbəriyinə daxil olan şəxslərin dinlənilməsi, iş adamlarından külli miqdarda pul alınması və sair iddialar səsələndirilir.

Son proseslər, prezidentin Nazirlər Kabinetinin iclasında sahibkarlara edilən qanunsuz müdaxilə ilə bağlı dedikləri daha çox üçüncü iddianın üzərində dayanmağa əsas verir. Amma bu məsələnin görünən tərəfi də ola bilər. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları, millət vəkilləri, siyasilər və digər şəxslər də məsələ ilə bağlı öz arqumentlərini ortaya qoyublar. “Qafqazinfo” yazır ki, Eldar Mahmudov və bir qrup MTN-in yüksək rütbəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr və bu kimi cinayətlər törədiblər. Onların fəaliyyəti uzun müddət araşdırılıb, dəfələrlə Eldar Mahmudova baş verənlərlə bağlı xəbərdarlıq edilib. Nazirə hətta konkret faktlar üzrə törədilən cinayətlərin arxasında onların durduğu ilə bağlı şübhələr çatdırılıb. Məsələ o yerə çatıb ki, prosesə Azərbaycanın prezidenti şəxsən müdaxilə etməli olub...

Qiyamçı səfirin mülahizələri...   İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov də bununla bağlı açıqlama yayıb. Sabiq səfir Məmmədov özünün Facebook səhifəsindəki 5 bəndlik açıqlamasında Eldar Mahmudovun qəfil işdən çıxarılması səbəbləri barədə öz mülahizələrini və eyni zamanda, ondakı məlumatları bölüşüb. - Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş; lakin həmin zamanlarda cəzalardan birtəhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb - bu işdə ona başqa bir qohumu - “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib; - Eldar Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və qurumsal (təşkilatı vasitəsi ilə) münasibətlər yaradıb və bu münasibətlər çox dərindir. Bu da heç şübhəsiz, son vaxtlar Azərbaycana təsir imkanlarını artıran Rusiyanı narahat etməyə bilməzdi. Sabiq səfir iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa kompromatını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər; - Nazir, əlindəki rıçaqları istifadə edərək, hakimiyyət daxilində ən effektli klan qurub və ona başçılıq edib. Bu klana çox məşhur nazirlər daxil imiş. Mahmudov bu klan vasitəsi ilə Prezident Administrasiyası ilə dirəşir və özü kimi, Administrasiyanı saymayan nazirlərin də “yeyilməməsi” üçün onları müdafiə edirmiş. Səfirin iddiasına görə, 2011-2012-ci illərdə ölkənin siyasi rəhbərliyi - Prezident Administrasiyası onun - Arif Məmmədovun həbs olunmasını istəyən zaman Eldar Mahmudov buna imkan verməyib: “Buna görə ona minnətdaram”. Arif Məmmədov iddia edir ki, belə bir fiqurunu itirmək heç şübhəsiz ki, İsrail xüsusi xidmət orqanlarını narahat edəcək və “onlar buna görə çox sərt cavab verəcəklər”. A. Məmmədov cavabın nələrdən ibarət ola biləcəyini açıqlamayıb. Üsyançı səfir hesab edir ki, E.Mahmudovun vurulması onun klanını çökdürəcək və Administrasiyanın bu qrupu “hoppadan udmasına” gətirib çıxaracaq: “Bu da mövcud hakimiyyətin daha ciddi kollapsına səbəb olacaq”. Səfir hesab edir ki, MTN əsasən qovulmuş nazir Mahmudovun yaxınlarından təşkil olunduğu üçün bu hadisədən sonra bu təşkilat uzun müddət effektli fəaliyyət göstərə bilməyəcək. Yekunda Arif Məmmədov olduqca ilginc bir mülahizə - iddia irəli sürür: “Bəllidir ki, ölkənin bütün səfirliklərində MTN-in çoxsaylı əməkdaşları işləyir. Onlar Eldar Mahmudova şəxsən sadiq kadrlardır və onların bir neçəsi bəzi diplomatlar kimi geri qayıtmayacaqlar və siyasi mühacir statusu üçün müraciət edəcəklər”.   Ölkənin təhlükəsizliyi məsələsi istisna olunmur...   Millət vəkili Fəzail Ağamalı “Qafqazinfo”ya “fikrimcə, milli təhlükəsizlik nazirinin vəzifədən azad edilməsinin səbəbi Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlıdır. Ölkənin təhlükəsizliyinin təmin edilməsində çox ciddi bir struktur olan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin işdən çıxarılması və orada ciddi proseslərin getməsi birmənalı şəkildə göstərir ki, bu sahədə problem yaşanıb”,- deyə bildirib.
  1. Mahmudovun vəzifədən azad edilməsinin səbəblərinə gəlincə isə, F. Ağamalı bu barədə bir neçə versiya səsləndirib:
“Azərbaycana qarşı bu və ya digər terrorun və terror hərəkətlərinin hazırlanması ilə bağlı məlumatların əldə edilməsində buraxılmış olan səhvlər və yaxud belə bir məlumatlar olmasına baxmayaraq, buna göstərilən biganəlik, faktları bilərək susmaq və onu ölkə rəhbərliyinin səviyyəsinə qaldırmamaq kimi hallar ola bilər...”   Köklü islahatların başlanğıcı?   Politoloq Qabil Hüseynli isə deyuib ki, bütün bu islahatlar kifayət qədər ardıcıl və xüsusi bir əzmlə aparılır. Ekspertin sözlərinə görə, islahatların MTN-dən başlaması kifayət qədər düşünülmüş addımın nəticəsidir: “Əslində, ictimaiyyət üçün bir qədər gözlənilməz hadisə oldu. Eldar Mahmudov haqqında indiyə qədər heç bir kompromat, heç bir tənqid səslənməyib. Amma dövlət struktur və kadr islahatlarına artıq start verib. Bu islahatların Milli Təhlükəsizlik Nazirliyindən başlaması ictimaiyyət üçün bir qədər gözlənilməz olsa da, əsassız deyil. Əlbəttə, Azərbaycan təcavüzkar bir ölkə ilə müharibə şəraitində yaşayır, ölkəyə Yaxın Şərqdən müxtəlif terrorçu qrupların sızması halları baş verir. Eyni zamanda ölkəmizin milli siyasi quruluşuna uyğun olmayan baxışları yayan müxtəlif vəhabi təriqətlərin və bu qəbildən olan digər dini təriqətlərin yayılması prosesi gedir. MTN bu istiqamətdə - İŞİD-dən qopub qaçanların, İŞİD-ə adam cəlb edənlərin, eləcə də ölkədə müxtəlif terrorçu qruplaşmaların ifşa edilməsində az rol oynamayıb. Amma görünür, milli təhlükəsizliklə bağlı MTN üzərinə düşən funksiyanı tam yerinə yetirməyib. Burada başqa məqamlar da var”. Korrupsiya və rüşvət hallarının son illər MTN-də də yayıldığını deyən politoloq islahatların davam edəcəyini proqnozlaşdırır: “Prezident son müşavirədə korrupsiya və rüşvətə qarşı mübarizədə qəti iradə ortaya qoyduğunu bir daha nümayiş etdirdi. Etiraf edək ki, hər zaman bu çirkabdan uzaqda olan MTN-nin adı son illər neqativliklərdə hallanır. Rüşvətin MTN sisteminə yayıldığını müşahidə edə bilərik. Hər halda, MTN sistemində müəyyən adamların müxtəlif obyektlər tikdirməsi, Bakının ən səfalı yerlərində böyük villalar ucaltması halları var. Bu da nazirliyin yüksək ranqlı şəxsləri haqqında neqativ fikirlərin formalaşmasına gətirib çıxarıb. Əməliyyat xarakterli məsələlərdə, nazirlikdaxili mənəvi-psixoloji iqlimin təmin edilməsində, kadrların seçilib yerləşdirilməsində və bütövlükdə dövlətin bel sütunu sayıla biləcək bu təşkilatın işinin səmərəli təşkilində ciddi qüsurlara yol verildiyi etiraf olunmalıdır. Bu səbəblər Prezident İlham Əliyevin qəti addım atmasına gətirib çıxarıb”.   “Seks videomu çəkmək istəyirdilər”   MTN-in sabiq əməkdaşı, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Facebook statusunda yazır: “Mən hər şeyi çoxdan unutmuşam: evimə və maşınıma yerləşdirilən dinləyiciləri də, bir əməkdaşın mənə gənclər təşkilatının fəallarından olan agent qızı soxuşdurub seks video çəkmək planını da, 2009-cu il dekabrın 15-də avtoqəzada ölməli olduğumu da. Heç zaman keçmişə baxmağın tərəfdarı olmamışam, Eldar Mahmudov isə artıq bu ölkənin qaranlıq tarixinin keçmiş bir səhifəsidir. Bir daha deyirəm, mən bütün bu məsələlərə nöqtə qoymuşam və xatırlamaq da istəmirəm, amma dövlət orqanları gələcəkdə belə halların təkrarlanmasını istəmirlərsə, Elmar Hüseynovun qətli, 2009-cu il aprelin 30-da ADNA-da törədilən terror aktı və bir sıra digər məsələlər ciddi və əsaslı şəkildə araşdırılmalıdır”.   “Dövlət başçısının seçdiyi kadr var”   Azad Demokratlar Partiyasının sədri, vaxtilə MTN-də nazir müavini vəzifəsində çalışmış Sülhəddin Əkbər isə deyib ki, Eldar Mahmudov xüsusi nəzarət altındadır. O bildirib ki, E.Mahmudovun vəzifəsindən azad olunacağı haqda məlumatlar hələ 3 ay bundan əvvəl yayılmışdı. S.Əkbər qeyd edib ki, hazırda Eldar Mahmudov nəzarət altındadır: "İnformasiyalara görə, MTN-ın bir neçə yüksək rütbəli zabitinin həbs olunması xəbərləri təsdiq olunmaq üzrədir. Hələlik rəsmi açıqlama verilməyib. Əgər bu həbs olunanlar doğrudursa, Eldar Mahmudovun nəzarət altında olması şübhə doğurmur. İndiki halda o, nəzarət altındadır. Həbs məhkəmənin qəbul edəcəyi qərardır. Həbsdən əvvəl bir necə qəti imkan tədbirləri var. Bunlardan biri də ev dustağıdır. Amma onun haqqında heç bir rəsmi qərar yoxdur”. Sədr hesab edir ki, dövlət başçısı qısa zamanda MTN-da müvafiq kadr dəyişikliyi etməlidir: "MTN-in ciddi kadr dəyişikliyinə, təmizlənməsinə ehtiyacı olacaq. Yubatmadan yeni nazir təyin olunmalıdır. Çünki, Eldar Mahmudovun işdən gedəcəyi xəbər 3 ay bundan əvvəl yazılıb. Ona görə də yəqin ki, dövlət başçısının seçdiyi kadr var”.  S.Əkbər yeni nazirin təyin olunacağı vaxta qədər ölkədə hər hansı qarışıqlıq olacağına inanmır. Digər maraqlı bir məqam isə Bəs Prokurorluq orqanlarının xüsusi xidmət əməkdaşlarının qeyri-qanuni hərəkətlərini nə qədər üzə çıxara biləcəkləri ilə bağlıdır?  Eks-baş prokuror Əli Ömərov Hafta.az- bildirib ki, prokurorluq əməkdaşlarının MTN-də araşdırmalar aparması haqda məlumatlar dolaşır: “Əgər prezident belə bir göstəriş veribsə, qurumda bunu araşdıra biləcək kifayət qədər kadrlar mövcuddur. Onların buna səlahiyyətləri də çatır. Hələ dəqiq bilinmir ki, Eldar Mahmudov nəyə görə işindən azad edilib. Bu, onun yarıtmaz işinə görə də ola bilər...” Cavad





Həftənin ən çox oxunanları