Yuxarı

Hakimiyyətin “ozünü biabır etmə” ssenarisi

Hakimiyyətin “ozünü biabır etmə” ssenarisi

vusal bayramovHakimiyyətin ölkədə yaratdığı idarəetmə üsulunun novbəti qurbanı Milli Təhlükəsizlik Nazirliyi oldu. Ölkədə hər gün dəyişən maraqlı proseslərlə qarşı-qarşıyayıq. Zaman-zaman hakimiyyət qurduğu bu idarəetmə sisteminə qarşı hansısa təhlükə gördükdə və yaxud da müxtəlif xarici dairələrdən mesajları gördükdə, hiss etdikdə oz sadiq xidmətçilərini düşmən hesab etdirib, həbsxanalara atdırır.

2003-cü ildə o vaxtkı dəyişikliyin qarşısında dayanan və müxalifətlə bağlılığı ilə bağlı şübhələr yaranan müxtəlif məmur-xidmətçilər öz vəzifələrindən azad edildilər. Eyni ssenari 2005-ci ildə yenə gündəmdə idi. Hədəfə rejimin ən güclü və ehtibarlı məmurları - Əli İnsanov və Fərhad Əliyev gəldi. Halbuki bu insanlar bu hakimiyyətin möhkəmləndirilməsində xüsusi xidmət gostərmişdilər. Amma bu dəfə fərqli vəziyyətlə üzbəüz qalmışıq. MTN sıradan bir qurum və yaxud sıradan nazirlik deyil. Bu təşkilatın rəhbərliyinin cinayət xarakterli əməllərini də ölkəmizdə bilməyən yoxdur. Bu illər ərzində sadəcə MTN deyil, digər güc qurumları da xalqın yox, şəxsi və qrup maraqlarına xidmət etdiyi göz qarşısında olub. Hakimiyyətin apardığı daxili siyasətin əsas prioriteti güc strukturlarına daxil olan müxtəlif nazirlik və təşkilatların köməyi ilə orta təbəqə biznesmenlərin fəaliyyətini məhdudlaşdırmaq və yaxud da məhv etməkdir. Cünkü dünya təcrübəsi gostərir ki, belə idarəetmə üsulu olan ölkələrdə idarəetməyə əsas problem yaradan orta və böyük biznes sahibləridir. Azərbaycanda isə MTN kimi qurumların əli ilə belə insanların fəaliyyəti yox etdirilib, potensial təhlükənin qarşısı alınıb. Bu gün MTN rəhbərliyində olan yüksək rütbəli insanların həbsi və faktiki olaraq dünya qarşısında ölkənin düşdüyü acınacaqlı durum hakimiyyətin növbəti potensial təhlükənin qarşısını almağı kimi qiymətləndirilməlidir. Dünənə qədər MTN-nin adı gələndə gizlənməyə yer axtaran bəzi və artıq keçmiş millət vəkillərinin bu gün mətbuata acıqlamalar verməsi də bu acınacaqlı hadisənin xalqa zorla qəbuluna cəhddir. Məgər bu deputatlar və hakimiyyət təmsilçiləri bilmirdilər ki, MTN-i idarə edən rəhbərlik başdan-ayağa cinayət icindədir?

Yox, sadəcə yenidən köhnə oyun oynanılır. Hakimiyyət həm ölkənin daxilində, həm də xaricində özünün və xalqımızın imicinə mənfi bir çalar əlavə edir. Burada qarşıdan gələn, parlament seçkiləri adı ilə keçirilən siyasi şoudan da diqqəti maksimum yayındırmaq məqsədi güdülür. Bütün bunların baş verməməsi üçün vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi gərəkdir. Ölkəmizə sahib çıxmağı bacarmalıyıq.





Həftənin ən çox oxunanları